2015-ci il Gənclər
üçün
Prezident mükafatçıları
"Sevinc,
qürur və həyəcan
hisslərini
yaşadan bir mükafat"
Zafiq
Xəlilov,
Heydər Əliyev Mərkəzinin Heydər
Əliyev
irsinin tədqiqi və elmi araşdırmalar
departamentinin
aparıcı mütəxəssisi, hüquq
üzrə fəlsəfə doktoru
1987-ci il sentyabrın 9-da Rusiya
Federasiyasının Tolyatti şəhərində anadan olub. İlk təhsilini Xətai rayonundakı 95 nömrəli
tam orta məktəbdə alıb. 2005-2010-cu illərdə
Milli Aviasiya Akademiyasında (MAA) hüquqşünaslıq
ixtisası üzrə ali təhsil
alıb. Ali təhsilini fərqlənmə
diplomu ilə başa vurub. 2014-cü ildə
"Beynəlxalq hava hüququnda "hava
azadlıqları"nın nəzəri və praktiki problemləri"
mövzusunda yazdığı dissertasiya işini uğurla
müdafiə edib, ona hüquq üzrə fəlsəfə
doktoru elmi dərəcəsinin verilməsi haqqında qərar
qəbul edilib. 2014-cü ildən etibarən Heydər Əliyev Mərkəzinin
Heydər Əliyev irsinin tədqiqi və elmi
araşdırmalar departamentinin aparıcı mütəxəssisi
vəzifəsində işləyir.
Təhsil aldığı müddətdə
Milli Aviasiya Akademiyasının Tələbə Gənclər
Təşkilatının sədri olub. Onun rəhbərlik
etdiyi qurum 2010-cu il üçün Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsi tərəfindən ən
fəal Tələbə Gənclər Təşkilatı
seçilib. Onun
ölkədaxili və beynəlxalq məcmuələrdə
20-dən artıq elmi əsəri dərc olunub. O, Kanada,
Almaniya və Hollandiyada yerləşən "Hava və Kosmos
hüququ institutları" ilə mütəmadi elmi
müzakirələr aparır. 2014-cü ilin
noyabr ayından dünyanın hava və kosmos hüququ sahəsində
tanınmış hüquqşünas alimlərini
özündə birləşdirən "Aerohelp - Hava və
Kosmos hüququ İnstitutu"nun rəsmi internet saytında
ilk azərbaycanlı alim kimi beynəlxalq alimlər
sırasına daxil edilib və tərcümeyi-halı, elmi
araşdırmaları müvafiq qaydada yerləşdirilib.
Təhsil sahəsində əldə etdiyi yüksək
nailiyyətlərə görə ölkə Prezidenti cənab İlham
Əliyevin sərəncamına əsasən Gənclər
üçün Prezident mükafatına layiq
görülüb.
- Öncə Gənclər
üçün Prezident mükafatına və göstərilən
yüksək etimada görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bununla yanaşı, elm və təhsil
sahəsindəki fəaliyyətimi bu cür yüksək səviyyədə
və obyektiv şəkildə qiymətləndirdikləri
üçün Milli Aviasiya Akademiyasının rektoru, akademik
Arif Paşayev başda olmaqla rəhbərlik heyətinə və
Təhsil Nazirliyinə təşəkkür edir və minnətdarlığımı
bildirirəm. Müstəqil və yüksək inkişaf tempi ilə
irəliləyən Azərbaycan Respublikasının gəncləri
kimi bizlər daima ölkəmizin elmi potensialının daha da
yüksəldilməsi üçün var gücümüzlə
çalışacağıq. Ulu öndərin
tövsiyəsinə əsasən ölkəmizin bu
günü və gələcəyi haqqında
düşünərək elmi nailiyyətlərimizin
artırılması istiqamətində fəaliyyətimizi
davam etdirəcəyik. Gənclər üçün Prezident
mükafatı - sevinc, qürur və həyəcan hisslərini
bir gəncə yaşadan və onu ucaldan bir mükafatdır. Təbii ki, bizlər
bundan sonra da bizə göstərilən yüksək
etimadı doğruldaraq elm və təhsil sahəsində
böyük səylə çalışmalıyıq.
"Sevinc
hissi ilə yanaşı, üzərimə böyük
məsuliyyət düşdüyünü dərk etdim"
Elnur Həsənov,
AMEA-nın Gəncə Bölməsinin doktorantı,
Gənc Alim və Mütəxəssislər
Şurasının sədri
Həsənov Elnur Lətif oğlu 1987-ci
ildə Gəncə şəhərində ziyalı ailəsində
anadan olub. Gəncə şəhəri Məhəmməd
Hadi adına 10 nömrəli tam
orta məktəbi fərqlənmə
attestatı ilə bitirib. Ali məktəblərə
qəbul imtahanlarında yüksək bal
toplayaraq Gəncə Dövlət Universitetinin tarix fakültəsinə
daxil olub. Prezident
təqaüdünə layiq görülüb. GDU-nu fərqlənmə
diplomu ilə bitirib, daha sonra təhsilini
bu universitetin magistratura pilləsində davam etdirib. Təhsil
aldığı illərdən universitetin YAP Gənclər
Birliyinin sədri vəzifəsini icra edib, həmçinin Azərbaycan
Milli Elmlər Akademiyasının Gəncə Bölməsinə
işə qəbul edilib. Ölkəmizlə yanaşı,
ABŞ, Almaniya, Yaponiya, İsveç, Böyük Britaniya,
Avstriya, Kanada, Hindistan, Pakistan, Rusiya, Fransa, İtaliya və digər
ölkələrin yüksək impakt faktorlu elmi nəşrlərində
ingilis, alman, fransız, italyan, rus dillərində 100-dən
artıq məqalə, eləcə də 3 monoqrafiyası çap olunub. Hazırda
AMEA Gəncə Bölməsinin doktorantı olan Elnur Həsənov
2014-cü ilin yanvar ayında elmi tədqiqat işlərinin
uğurlu nəticələrinə görə İsveç
Kral Akademiyasının Rəyasət Heyətinin qərarı
ilə bu Akademiyanın müxbir üzvü seçilib. Bu diplom Elnur Həsənova
2014-cü ilin 10 oktyabr tarixində Almaniyanın Frankfurt şəhərində
təqdim edilib.
Hazırda AMEA-nın Gəncə Bölməsinin Gənc Alim
və Mütəxəssislər Şurasının sədridir.
O, elmi-tədqiqat işlərinin
uğurlu nəticələrinə və çoxsaylı beynəlxalq
elmi nəşrlərdə əsərlərinin
çapına görə Çexiyanın "Dünya və
elm" beynəlxalq nəşrinin redaksiya heyətinin, həmçinin
İtaliyanın "İtaliya Elmi Xəbərləri" nəşrinin
və Yaponiyanın "Elm"cəmiyyətinin redaksiya heyətlərinin
üzvü seçilib. Eyni zamanda, gənc tədqiqatçı
2014-cü ilin may ayında İsveçrə Konfederasiyası
və sentyabr ayında Rusiya Təbiət Tarixi
Akademiyasının "Elm" mükafatına layiq
görülüb. O, 2014-cü ilin iyul ayından etibarən
Dünya Gənc Alimlər Forumunun vitse-prezidenti vəzifəsini
də icra edir.
Elm sahəsində əldə etdiyi yüksək
nailiyyətlərə, elmin zənginləşdirilməsi və
inkişafına xidmət edən fəaliyyətinə görə
ölkəmizin Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Gənclər
üçün Prezident mükafatına layiq
görülüb.
- Prezident mükafatı ilə təltif edildiyimi biləndə
sevinc hissi ilə yanaşı, üzərimə böyük
məsuliyyət düşdüyünü dərk etdim,
çünki ilk dəfədir ki, dövlətimizin bu cür
yüksək mükafatı paytaxt deyil, region təmsilçisinə
təqdim edilib. Bu mükafatın sahibi kimi bundan
sonra daha əzmlə çalışmalı olduğumu düşünürəm,
çünki mənə və təmsil etdiyim Gəncə
şəhərinə göstərilən etimadı
doğrultmaq çox vacibdir. Ümumiyyətlə,
elmi tədqiqatla məşğul olan insan təkəbbürdən
uzaq olmalı, uğurları ilə öyünməməlidir,
əksinə onun üzərində haqqı olan hər kəsə
minnətdarlıq hissini unutmamalıdır. 2 fevral
tarixində "Buta Palas"da keçirilmiş
mükafatlandırılma mərasimində Azərbaycan Milli
Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədən bu dəyərli
mükafatı qəbul edərkən bir daha əmin oldum ki,
uğursuzluğuna təəssüflənməmək,
uğurlarınla qürrələnməmək həqiqi
müvəffəqiyyətin formuludur.
"Sevincimin
hədd-hüdudu yox idi"
Xədicə
Novruzova,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin tələbəsi
Xədicə Sahib qızı Novruzova 1995-ci il iyunun 23-də
Bakıda anadan olub. 2002-ci ildə 102 nömrəli tam orta məktəbin
birinci sinfinə gedib, 2010-cu ilin sentyabrından, IX sinifdən
orta təhsilini Yasamal rayonundakı
219 nömrəli tam orta məktəbdə davam
etdirib. 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq
fakültəsinə daxil
olub. Hazırda
ADMİU-nun II kurs tələbəsidir.
Səhnə
həyatı ilə
tanışlığı 15 il bundan əvvəl baş verib. 2000-ci ildə hələ 5
yaşında ikən Milli Dram Teatrında Elçinin əsəri
əsasında rejissor Azərpaşa
Nemətovun səhnələşdirdiyi "Mənim ərim dəlidir"
tamaşasında səhnəyə çıxıb və orada ilk rolunu (Qonşu
qız) ifa edib. Müxtəlif illərdə M.F.Axundzadənin "Müsyö
Jordan və dərviş Məstəli şah"
komediyasında Gülçöhrə, H.Həsənovun
"Brüsseldən məktublar" əsərində Dilənçi
uşaq, B.Vahabzadənin "İkinci səs"
dramında İradə,
T.Minnulinin "Alın
yazısı" əsərində İlisu, H.Mirələmovun
"Xəcalət" əsərində Fəridə,
E.Filipponun "Kabuslar" pyesində İbnə bacı,
A.Şaiqin "Qaraca qız" əsərində Tutu,
"Danışan gəlincik" əsərində Gəlincik və Tıq-Tıq
xanım, ərəb xalq
nağılı motivləri əsasında hazırlanmış "Əlibaba
və qırx quldur" tamaşalarında Mərcan kimi
obrazlar yaradıb. 2002-2011-ci illərdə
"Lider" telekanalında hazırlanmış "Dan ulduzu" yarışmasının
aparıcısı olub, "Qonşular"
teleserialında Pərvanə rolunda
çıxış edib,
AzTV kanalının "Aztelefilm" departamentinin çəkdiyi "Kinli, xəsis, səfeh" bədii filmində Dəcəl
qız rolunu oynayıb. 2012-ci
ildə Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyinin təsis etdiyi "İlin ən gənc
aktrisası" adına
layiq görülüb. Mədəniyyət
sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamına əsasən Gənclər
üçün Prezident mükafatına layiq
görülüb.
- Adımı Gənclər üçün Prezident mükafatçıları
arasında görəndə sevincimdən
ağladım. Bu xəbəri mənə anam verdi.
Mükafatın təqdimolunma mərasimi çox möhtəşəm
keçdi, çox gözəl anlar idi, o anları yaşamaq
lazım idi. Sevincimin
hədd-hüdudu yox idi. Bu mükafat mənə daha yaxşı
çalışmağa və ölkəmizə layiqli gənc
kimi yetişməyə böyük
stimul oldu. Yüksək etimada və mükafata layiq
görüldüyüm üçün möhtərəm Prezidentimiz cənab İlham
Əliyevə təşəkkür
edirəm.
"Mənə
göstərilmiş etimada
layiq
olmağa çalışacağam"
Seymur
Hüseynov,
Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli Şurasının baş
katibi
Seymur Hüseynov 1990-cı il avqustun
5-də Gəncə şəhərində anadan olub. 2007-ci
ildə Gəncə şəhər M.Mehdizadə adına 4
nömrəli orta məktəbi bitirib, elə həmin il
iqtisadi kibernetika ixtisası üzrə Azərbaycan Dövlət
İqtisad Universitetinə daxil olub, 2011-ci ildə bakalavr dərəcəsini
alıb. 2013-cü ildə Azərbaycan Dövlət
İqtisad Universitetində Biznesin İdarəolunması (MBA)
Proqramı üzrə magistr dərəcəsini qazanıb.
2014-cü ildə Türkiyə Cümhuriyyətinin
aparıcı ali təhsil müəssisələrindən
olan Boğaziçi Universitetinin Qlobal Liderlərin
İnkişafı Proqramının məzunu olub.
İctimai fəaliyyətə orta məktəbin
yuxarı sinif şagirdi olarkən başlayıb. Azərbaycan Dövlət
İqtisad Universitetində (ADİU) təhsil almağa
başladığı vaxtdan bu günədək fəal
ictimai fəaliyyətlə məşğuldur. Universitetin "Debat Klubu"nun fəal üzvlərindən
biri olub. 2012-ci ildə "Vətəndaş
Cəmiyyətində Debat" İctimai Birliyinin sədri vəzifəsinə
seçilib. Elə həmin ildə ölkənin
vahid gənclər platforması olan Azərbaycan Respublikası
Gənclər Təşkilatları Milli Şurasının
baş katibi vəzifəsinə təyin olunub. 2012-ci ildə
Eurovision mahnı müsabiqəsinə dəstək məqsədi
ilə yaradılmış "Step İn!" Gənclərin Təşəbbüs Qrupunun
siması və koordinatoru olub.
Eyni zamanda, 2013-cü ildə keçirilən prezident
seçkilərində ölkə başçısı cənab
İlham Əliyevin namizədliyini dəstəkləmək məqsədi
ilə həyata keçirilən "Mənim Prezidentim"
kampaniyasının təşəbbüskarlarından
biri olub. Seymur
Hüseynov bu günə qədər 20-dən artıq ölkədə
həyata keçirilən beynəlxalq səviyyəli rəsmi
tədbirlərdə iştirak edib. Avropa Şurası Gənclərlə
İş üzrə Məşvərət
Şurasının, Avropa
Şurası Gənclərlə İş üzrə Proqram
Komitəsinin, Avropa Gənclər Fondunun Müşahidə
Şurasının, MDB ölkələri Parlamentlərarası
Gənclər Assambleyasında
Azərbaycan nümayəndə heyətinin
üzvüdür. BMT Qərargahında Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının nümayəndəsidir. Dünya İqtisadiyyat Forumunun gənclər
icmasının üzvüdür. İctimai fəaliyyət sahəsində əldə etdiyi yüksək
nailiyyətlərə görə ölkə Prezidenti cənab
İlham Əliyevin sərəncamına əsasən gənclər
üçün Prezident mükafatına layiq
görülüb.
- Gənclər
üçün Prezident mükafatının verilməsi - 9
illik ictimai fəaliyyət yolumun nəticəsidir,
Prezidentimizin gənclərin fəaliyyətinə göstərdiyi
qayğı və diqqətin nümunəsidir. Ölkə
Prezidenti cənab İlham Əliyevə məni bu yüksək
mükafata layiq gördüyü üçün dərin
minnətdarlığımı bildirirəm. Bu uğur yalnız mənim deyil, mənimlə
çiyin-çiyinə çalışan komandamızın
da uğurudur. Bu günə qədər məni
öyrədən, inkişaf yolunu göstərən, dəstək
olan və yanımda olan hər kəsə təşəkkür
edirəm. Mənə göstərilən
etimada layiq olmağa çalışacağam, Azərbaycanın
inkişafı üçün daima xidmət göstərməyə
davam edəcəyəm.
"Dövlətimizi
bütün dünyada
var
qüvvəmlə tanıtdıracağam"
Ceyla Seyidova,
Bakı Musiqi Akademiyasının III kurs tələbəsi
Ceyla Uran qızı Seyidova 1995-ci il
avqustun 20-də Bakı şəhərində ziyalı ailəsində
anadan olub. 6 yaşından musiqi ilə məşğul
olur. 2001-ci ildə Bülbül adına
Orta-İxtisas Musiqi Məktəbinə skripka ixtisası
üzrə daxil olub. İlk çıxışı 8 yaşında, 2003-cü ildə
Azərbaycan Dövlət Filarmoniyasının zalında əlil
uşaqlara həsr olunmuş xeyriyyə konsertində olub.
2003-cü ildən
Uşaq Kamera Orkestrinin solistidir. 2005-ci
ilin iyununda Tbilisi şəhərində keçirilən
"Uşaqların Beynəlxalq Müdafiəsi
Günü"nə həsr olunmuş beynəlxalq
festivalın laureatı olub. 2006-cı ildə
Bakı Uşaq Musiqi Məktəbinin seçilmiş
şagirdlərinin istedadlar sertifikatına layiq
görülüb.
2006-cı ildə ABŞ-ın Vaşinqton şəhərində
ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Mədəniyyət
Fondunun xətti ilə təşkil etdiyi konsertdə, daha
sonra Moskva şəhərində
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən
Dünya Azərbaycanlılarının Həmrəylik
Gününə həsr olunmuş tədbirdə
çıxış edib.
14 iyun 2007-ci ildə Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə layiq
görülüb və adı Azərbaycanın gənc
istedadlarının "Qızıl kitab"ına
yazılıb. Həmin ilin
oktyabr ayında
Üns Yaradıcılıq Mərkəzində
görkəmli şərqşünas alim Aida İmanquliyevanın
xatirəsinə həsr olunmuş konsertdə
çıxış edib. 2008-ci ilin mart ayında
İtaliyanın Fasano şəhərində I Beynəlxalq
musiqi müsabiqəsındə laureat adına
(mükafat və medal) layiq görülüb. 2008-ci ilin may
ayında Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş
solo ifası olub. Bundan başqa, həmin ildə Fransanın Paris
şəhərində UNESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın təşəbbüsü ilə
keçirilən "Azərbaycanın Xoşməramlı Mələkləri"
adlı konsert proqramında, daha sonra Strasburq, Brüssel,
Stokholm şəhərlərində xalq artisti Teymur
Göyçayevin dirijorluğu ilə Gənc Simfonik Orkestrin tərkibində
çıxış edib.
2010-cu ilin mayında Spivakov adına VII Beynəlxalq
Musiqi Festivalının laureatı adına, 2011-ci ilin mart ayında
Belçikanın Nəmur şəhərində keçirilən
"Bravo" IV Beynəlxalq müsabiqəsində 1-ci yerə
layiq görülüb. 2013-cü ildə Heydər Əliyev
Fondunun xətti ilə Almaniyanın Köln, İtaliyanın Roma və
Florensiya, Fransanın Strasburq, Reyms və Muluz şəhərlərində
keçirilən konsert proqramlarında çıxış
edib. 2014-cü il
iyul ayında Yunanıstanın Rodos şəhərində VII
Beynəlxalq Musiqi müsabiqəsində 1-ci yerə layiq
görülüb.
Hazırda Bakı Musiqi
Akademiyasının ifaçılıq fakültəsinin
skripka ixtisası üzrə III kurs tələbəsidir. Mədəniyyət
sahəsində əldə
etdiyi yüksək nailiyyətlərə görə ölkə
Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama
əsasən Gənclər üçün Prezident
mükafatına layiq
görülüb.
- Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin bir qrup gəncə Prezident mükafatının
verilməsi haqqında sərəncamı biz gənclərə diqqət və
qayğının bariz nümunəsidir. Təqaüd alan
altı gəncin arasında adımı görmək mənim
üçün xoşbəxtlikdir.
Sevincimin hədd-hüdudu yoxdur. Bu möhtəşəm mükafata
görə çox sevdiyimiz Prezident İlham Əliyevə və biz gəncləri
daima öz xeyirxahlığı, diqqəti və
qayğısı ilə əhatə edən Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Əmin olun ki, elm, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində
daim çalışacaq və dövlətimizi bütün
dünyada var qüvvəmlə tanıdacağam.
"İnam
və dəyərin bariz nümunəsi"
Fərid
Sadıxlı,
"ASAN Könüllüləri" Gənclər
Təşkilatı İctimai Birliyinin sədri
Fərid
İlqar oğlu Sadıxlı 1995-ci il iyunun 4-də Bakı şəhərində
anadan olub. 2012-ci ildə 43 nömrəli liseyi bitirib. Elə həmin il də "ADA"
Universitetinin beynəlxalq münasibətlər fakültəsinə
qəbul olub.
F.Sadıxlı ictimai fəaliyyətə hələ orta məktəb
illərində iştirak etdiyi layihələrlə
başlayıb. 2012-ci ildə Şəki
şəhərində həyata keçirilən
"Tariximizi bilək və irsimizi qoruyaq" adlı layihədə
iştirak edib. Orta təhsilini
uğurla başa vurduqdan sonra ictimai fəaliyyətini təhsil
aldığı "ADA" Universitetində də davam
etdirərək bir sıra tədbir və layihələrdə
könüllü kimi fəaliyyət göstərib. 2013-cü ilin oktyabrında Heydər Əliyev Sarayında
"ASAN xidmət"in təşkilatçılığı
ilə həyata keçirilən "Sən Azərbaycanlısan"
konsertində könüllü gənclərin qrup rəhbəri
kimi fəal iştirak edib.
2013-cü ilin noyabında "ASAN Könüllüləri"ni bir
araya toplamaq və "ASAN xidmət" mərkəzlərində
fəaliyyət göstərmiş minlərlə gənci
vahid bir təşkilatda birləşdirmək məqsədi ilə
təşəbbüs göstərən könüllü
qrupunun rəhbəri olub.
2013-cü ilin dekabrında isə "ASAN Könüllüləri"
Gənclər Təşkilatı
İctimai Birliyinin sədri seçilib. Birlik bir il ərzində 40-dan çox yerli və 1 beynəlxalq
layihə həyata keçirib. Layihələrin
icrasına 2000-dən çox gənc cəlb olunub.
"ASAN akademiya", 13 ölkədən olan 70 gənci
əhatə edən "Avropa Gənclər Parlamenti Azərbaycan"
nümayəndəliyinin ilk beynəlxalq forumu - Gəncə
2014", "1 Gənc - 1 Hekayə
- "Nə? Harada?
Nə zaman?", "Vüqar Həşimovun
xatirəsinə həsr olunmuş şahmat turniri",
"Bilik yarışması", "Xəmsə"
intellektual oyunları, müsabiqələr
reallaşdırıb. "Təhsil açarı" mükafatı ilə
təltif olunub.
İctimai fəaliyyət sahəsində əldə
etdiyi yüksək nailiyyətlərə görə Fərid Sadıxlı ölkə
Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən
Gənclər üçün Prezident mükafatına layiq
görülüb.
- Bu gün aldığım Gənclər
üçün Prezident mükafatı bir Azərbaycan gəncinin
ala biləcəyi ən qürurverici və şərəfli
mükafatdır. Bu mükafat mənim simamda
bütün ASAN ailəsinə məxsusdur və Prezidentin gənclərə
göstərdiyi inam və dəyərin bariz nümunəsidir.
Bu mükafatda hər bir ASAN
Könüllüsünün öz əvəzsiz rolu var.
İlk gündən bütün çətinliklərdə mənə
dəstək göstərən, yol yoldaşı olan və bu
sevinci mənimlə bölüşən hər kəsə dərin
minnətdarlığımı bildirirəm.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.3.