"Elmi işlərimə iyirmi
mindən çox istinad olub"
Böyük
Britaniyada çalışan həmyerlimiz
Qərib
Mürşüdov rubrikamızın qonağıdır
Xarici ölkələrin təhsil və elmi-tədqiqat
müəssisələrində çalışan həmvətənlərimiz
haqqında yazıların dərcini davam etdiririk. Bu silsilədən növbəti yazımız
Böyük Britaniyanın Kembric şəhərində yerləşən
Molekulyar Biologiya Laboratoriyası (MBL) Tədqiqat İnstitutunun
Hesablama Kristalloqrafiyası qrupunun rəhbəri Qərib
Mürşüdov haqqındadır.
"Niyyətin
hara, mənzilin ora"
Qərib müəllimin həyat hekayətini
vərəqləməyə başlayanda ilk yada düşən
bu atalar sözü oldu. Çünki "Necə oldu ki, Böyük
Britaniyaya getdiniz" sualını verəndə onun cavabı
belə oldu: "Mən həmişə Böyük
Britaniyada işləmək fikri ilə
yaşayırdım". Məhz bu niyyət Qərib
Mürşüdovu işləmək üçün müxtəlif elmi mərkəzlərdən
ona olan çoxlu təklifin içindən Böyük
Britaniyanı, buradakı məşhur universitetin adı ilə
tanınmış Kembric şəhərini seçməsinə
səbəb olub. Bu barədə o özü belə deyir:
- Mən Böyük Britaniyanın Kembric
şəhərində yaşayır və
çalışıram. Asprianturanı
qurtarıb, fizika-riyaziyyat elmləri namizədi (PhD) dərəcəsini
aldıqdan sonra elmi-tədqiqatla məşğul olmaq üçün
Böyük Britaniyaya gəldim. Aspirantura
vaxtı mən bir neçə beynəlxalq konfransda və
kurslarda iştirak etmişdim və məni bizim sahədə məşğul
olan dünya səviyyəli alimlər tanıyırdılar.
Mənə bir neçə elmi mərkəzdən
orada işləmək üçün təkliflər var idi.
York Universitetinin kimya fakültəsindən olan
təklif məni daha çox maraqlandırdı. Bunun əsas səbəbi o idi ki, 1990-cı illərdə
York Universitetinin kimya fakültəsi riyaziyyatın və
hesablama üsullarının eksperimental biologiyaya tətbiqi
üzrə aparıcı universitetlərdən biri
sayılırdı.
Tərcümeyi-haldan
sətirlər
Qərib Mürşüdov 1962-ci ildə
Şəmkir rayonunun Dəllər-Cəyir kəndində
anadan olub. 1980-ci ildə orta məktəbi
bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin tətbiqi
riyaziyyat fakültəsinə qəbul olub. Özünün
qeyd etdiyinə görə, onda riyaziyyat istiqamətinə
marağın yaranmasında orta məktəb müəllimi
Valeh müəllimin çox təsiri olub: "Onun
özünəməxsus tədris üsulları var idi və
bir neçə istedadlı uşaqla ayrı məşğul
olurdu," - deyə Qərib müəllim xatırlayır.
1985-ci ildə tətbiqi riyaziyyat fakültəsini fərqlənmə
diplomu ilə bitirdikdən sonra Q.Mürşüdov AMEA-nın
indiki Molekulyar Biologiya İnstitutunda (o vaxt bu, Fizika
İnstitutunun nəzdində Biotexnologiya Mərkəzi idi və
bu mərkəzin rəhbəri akademik Cəlal Əliyev idi)
iki il işləyib. 1987-ci
ildə Moskva şəhərindəki Kristalloqrafiya
İnstitutuna ikiillik təcrübə keçmək
üçün gedib. O vaxt artıq Qərib müəllim
iki elmi işin həmmüəllifi idi. 1989-cu
ildə həmin institutda aspiranturaya qəbul olub və
1993-cü ildə müvəffəqiyyətlə dissertasiya
müdafiə etdikdən sonra York Universitetinin kimya fakültəsinə
elmi işçi kimi üçillik kontraktla işə qəbul
olunub.
2001-ci ildə biologiya və tibb elmləri sahəsində
Böyük Britaniyada ən prestijli qrantlardan birini - Wellcome
Trust aparıcı elmi işçisi qrantını alan Qərib müəllim 2011-ci ilə qədər
bu qrantdan istifadə edərək öz elmi qrupunu yaradıb. 2011-ci ildə ona dünyanın molekulyar biologiya sahəsində
ən məşhur olan tədqiqat institutlarından birində
- Tibb Tədqiqatları Şöbəsinin Molekulyar Biologiya
Laboratoriyasında (MBL) qrup rəhbəri olmaq təklifi edilib.
Hazırda institutda qrup rəhbəri kimi
çalışır.
İndiyədək
Q.Mürşüdovun elmi
işlərinə 20.000 dəfə istinad olunub
"Mənim qrupumda 5 elmi işçı və iki
doktorant çalışır", - deyə Qərib müəllim
bizimlə söhbətini davam etdirir: "Mənim elmi qrupumun əsas
işi riyaziyyat və hesablama üsullarının bir neçə
bioloji eksperimentlərini analiz etmək üçün software
inkişafından ibarətdir. Bizim işlərimizin
nəticələrindən dünyanın struktur biologiya ilə
məşğul olan elmi işçiləri istifadə edirlər.
Bizim işlərə, adətən, çox
istinadlar olur. Məsələn, google
scholar-a görə, mənim işlərimə indiyədək
20.000-dən çox istinad olub".
Onun rəhbərlik etdiyi qrup
dünyanın müxtəlif ölkələrində elmi
kurslar hazırlayır və birhəftəlik elmi kurslar, əsasən,
gənc alimlər və doktorantlar üçün nəzərdə
tutulur. Bu kurslar Böyük Britaniyada,
ABŞ-da, Yaponiyada və Cənubi Amerikada təşkil olunur.
Qrupun planına əsasən müvafiq kursların Hindistanda və
Çində də həyata keçirilməsi nəzərdə
tutulur. Bundan başqa, qrupun üzvləri elmi işlərin nəticələrinin
müzakirəsi üçün hər il
bir neçə konfranslara gedir.
Qərib müəllim özü bu kurslar və
konfranslar üçün 25-dən çox ölkədə
səfərdə olub.
"Böyük
Britaniyada diplom ancaq
karyeranın birinci mərhələsi üçün lazım
olur"
"İxtisasınız üzrə işləmək
üçün nə etmiş, hansı mərhələlərdən
keçmisiniz" sualı ilə Qərib müəllimə
müraciət etdikdə o dedi:
- Mən Böyük Britaniyaya öz elmi
işimin davamı üçün getmişəm. Diplom və ya digər sənədlərin
tanınması ilə bağlı heç bir problemim
olmayıb. Ümumiyyətlə,
Böyük Britaniyada diplomlar və digər sənədlər
ancaq karyeranın birinci mərhələsi üçün
lazımdır. İşə
başladıqdan sonra ancaq elmi və idarəetmə nəticələri
qiymətləndirilir. Bunu qeyd etmək lazımdır ki,
elmi müəssisələrdə daim iş çox azdır.
İşə davam etmək və yeni iş yeri tapmaq
üçün daim tədqiqatlar aparıb elmi nəticələr
almaq lazımdır. Elmi nəticələr isə beynəlxalq
səviyyədə
tanınan alimlər tərəfindən qiymətləndirilir.
Mənim hazırda işlədiyim
Molekulyar Biologiya Laboratoriyası dünyada aparıcı alimlərin
sərbəst elmi işlə məşğul olması
üçün yaradılan bir tədqiqat institutudur. Bu laboratoriyada Nobel
mukafatı alan 14 alim işləyib. Bundan əlavə,
bu laboratoriyada təlim keçən alimlər hazırda
dünyanın müxtəlif ölkələrində
aparıcı institutlara və elmi laboratoriyalara rəhbərlik
edirlər.
Elmi
axtarışların nəticələri:
70-dən
çox elmi məqalə
Qərib Mürşüdovun rəhbərlik
etdiyi qrup riyaziyyat və kompüter elmlərini, kristalloqrafiya və
elektron mikroskop, eksperimental verilənlərin analiz edilməsı
üçün yeni üsulların və bu üsullara əsaslanan
kompüter proqramlarının inkişafı ilə məşğuldur. Qrup
dünyanın müxtəlif aparıcı tədqiqat
institutlarında çalışan tanınmış alimlərlə birgə
işləyir. Laboratoriyanın əldə etdiyi
üsullardan minlərlə laboratoriyada və dərman
hazırlayan kompaniyalarda istifadə edilir.
Qrupun bu sahədəki fəaliyyətini məhsuldar
hesab etmək olar. Belə ki, onun rəhbəri
Qərib Mürşüdovun 70-dən çox elmi məqaləsi
var. Qrupdan olan elmi işlərin sayı isə 100-dən
çoxdur.
Qərib Mürşüdovun fəaliyyətinin
bir istiqaməti də Azərbaycanda elmin inkişafına
kömək etməklə bağlıdır. Bunun üçün AMEA-nın
Molekulyar Biologiya İnstitutunda Hesablama Biologiyası
laboratoriyası açılmışdır. Həmyerlimiz institutun
gələcəkdə dünya səviyyəsində elmi nəticələr
verməsini gözləyir.
Onun sözlərinə görə,
ümumiyyətlə, dünya səviyyəli elmi nəticələr
almaq üçün elmi işçilərin seçilməsi,
onların təcrübə alması vacib şərtdir.
Hazırda istedadlı gənclərin elmə cəlb
edilməsində müəyyən çətinliklər
olduğunu deyən tədqiqatçı bu çətinliklərin
gələcəkdə aradan qaldırılmasının
mümkün olacağına inanır. Bu istiqamətdə artıq ciddi addımlar da
atılır ki, onlardan da biri
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin
İnkişafı Fondunun yaradılması və fondun bu istiqamətdə
gördüyü işlərdir. Bu işləri
ancaq alqışlamaq olar.
Söhbətimizdə Böyük Britaniyada müəllimlərin
səviyyəsi məsələsinə də toxunan həmyerlimiz
bu ölkədə müəllimlərin səviyyəsinin,
onların öz üzərlərində daim işləməsinin
məktəblərdən asılı olduğunu dedi. Bildirdi
ki, məktəblərin səviyyəsi onların harada yerləşməsindən
asılıdır. Onun fikrincə, Britaniya təhsil sistemi heç də
ideal deyil.
Böyük Britaniyada hər il məktəblərin
nəticələri qiymətləndirilir. Bunu qiymətləndirmək
üçün bir neçə üsullardan istifadə
edilir:
1. Yüksək qiymət alan tələbələrin
sayı. Qeyd etmək lazımdır ki,
Böyük Britaniyada orta məktəbin son imtahanları əsas
institutlara qəbul ilə sıx bağlıdır. Ona görə də məktəbi yüksək qiymətlə
qurtaran şagirdlər, adətən, nüfuzlu universitetlərə
qəbul olunurlar.
2. Digər bir üsul, şagirdlərin, tələbələrin
nə qədər inkişaf etməsidir.
Azərbaycançılıq ideyasının təbliği
xaricdə çalışan hər bir azərbaycanlı
üçün şərəf məsələsidir
Müsahibimizin nöqteyi-nəzərincə,
Azərbaycanın təbliğinə ən böyük
töhfə xaricdə işləyən hər kəsin öz
işini yaxşı görməsidir. "Bizim
elmi sahəmizdə mənə müəyyən qədər
hörmət var və mənim azəri olduğumu hamı
bilir. Hansı bir mübahisə və ya
söhbət olanda, əlbəttə ki, mən Azərbaycanın
nöqteyi-nəzərini müdafiə edirəm. Yenə də qeyd etmək istərdim ki, əgər
biz səsimizin eşidilməsini istəyiriksə onda öz
sahələrimizdə yaxşı mütəxəssis,
mümkündürsə hətta səviyyəli ekspertlər
olmalıyıq. Adətən müvəffəqiyyət
qazanan mütəxəssislərin səsini və
sözünü diqqətlə dinləyirlər.
Yusif
ƏLİYEV,
"Azərbaycan
müəllimi",
əməkdar jurnalist,
Almaz
HƏSRƏT,
Təhsil
Problemləri İnstitutunun
şöbə müdiri,
əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.5.