Azərbaycanlı müəllim
Zigen
Universitetində mühazirə
oxuyub
Alman tələbələri ADİU-nun kreditini qazanıblar
Azərbaycan
Dövlət İqtisad
Universitetinin (ADİU) müəllimi
Anar Rzayev fevralın 2-dən 6-dək, bir
həftə müddətində
Almaniyanın Zigen Universitetində "Beynəlxalq
nəqliyyat əməliyyatları"
fənnini tədris edib.
ADİU-nun beş,
Zigen Universitetinin isə on üç tələbəsinin iştirak
etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin
tədris edəcəyi
fənni tələbələr
özü seçib.
Dərsləri
uğurla bitirən alman və azərbaycanlı
tələbələrə sertifikatlar təqdim olunub. Onlara həmçinin ADİU-nun kreditləri veriləcək.
Biz də alman tələbələrin seçdiyi
müəllimi sizinlə
tanış etmək istədik.
Anar
Rzayev Xəzər Universitetinin beynəlxalq münasibətlər və
hüquq elmləri fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində
təhsil alıb və orada "Dekanın şərəf
siyahısına" daxil
edilib. Magistr dərəcəsini isə fərqlənmə
diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur.
Azərbaycan, rus, ingilis və fars dillərini
bilir.
- Almaniyaya getmək üçün hansı mərhələlərdən keçmisiniz?
- Səfərimiz ADİU-nun Zigen Universiteti ilə əməkdaşlığı
çərçivəsində həyata keçirilib. Universitetimiz tərəfindən
həmin ali
məktəbə bir neçə fənn tədris olunması üçün təklif
edilib və Zigen Universiteti beynəlxalq nəqliyyat əməliyyatları fənnini
seçib. Sonra isə fənnin
sillabusu və mənim CV-ım alman tələbələrə
təqdim edilib. Bilirsiniz ki, alman tələbələri
fənləri seçməkdə
azaddırlar və çoxlu sayda fənlərdən seçim
aparırlar. Onlardan 13-ü ADİU-nun təklif etdiyi fənni seçib. Həmin tələbələrə
və eyni zamanda ADİU-nun ingilis dilində təhsil alan beş
tələbəsinə bu
fənn tədris olundu və onlar ADİU-nun kreditlərini
əldə etdilər.
Zigen Universiteti ADİU-nun verdiyi
kreditləri öz tələbələri üçün
tanıyır.
- Almaniyadakı fəaliyyətiniz
nələri əhatə
etdi?
- Bu səfərimiz yalnız
tədrislə bağlı
idi. Qeyd etmək lazımdır
ki, ADİU ilə Zigen Universiteti arasında birgə elmi araşdırmalar aparmaq barədə danışıqlar olacaq və o zaman inanıram ki, bu da baş
tutacaq.
- Almaniyadakı təhsil sistemi, tələbə həyatı ilə bizdəki arasında hansı fərqləri müşahidə etdiniz?
- Əsas fərq ondan ibarətdir ki, tələbələr özləri
öz fənlərini
seçirlər və
universitetin tələb
etdiyi proqramı qrup formasında yox, fərdi qaydada yerinə yetirirlər. Qruplar tələbələrin
hansı fənni seçməsindən asılı
olaraq formalaşır.
Tələbələrin davamiyyəti yoxlanmır.
Sadəcə olaraq imtahanı
vermək o qədər
çətinləşdirilib ki, dərsə gəlmədən imtahanı
vermək, demək olar ki, mümkün
deyil. Elmi iş yazan almanlar
öz elmi məsləhətçisinin assistenti
olmaq məcburiyyətindədir
və buna görə yarım ştat maaş
alırlar. Bu sistem elmi rəhbərə
öz tədris və elmi fəaliyyətini
genişləndirməyə və daha effektiv
qurmağa şərait
yaradır. Məsələn,
keçən il ADİU-da dərs demiş professor
Petra Mooqun altı assistenti var və o, onların elmi rəhbəridir. Ümumiyyətlə, fərqlər barəsində
çox danışmaq
olar. Alman tələbələri üçün ingilis dilini bilmək məcburidir. Bu da müəllimlərə
kitab tərcüməsini,
ümumiyyətlə, ədəbiyyatla
bağlı bütün
problemləri həll etməyə imkan yaradır. Onlar heç düşünmədən
ingilis dilində olan kitabı tələbəyə verirlər.
Təsəvvür edin, bu təhsilin keyfiyyətini nə qədər artırır və universitetləri nə qədər əlavə xərcdən azad edir.
- Tədrisi hansı metodlarla aparırsınız?
- Tədrisi yalnız interaktiv metodlarla aparıram. Ümumiyyətlə, ADİU-da ingilis
dilində təhsil demək olar ki, interaktiv metodlar üzərində qurulub. Burada əsas məsələ
seminarların qurulmasıdır.
Seminarda tələbəni
hər hansı bir problemi müzakirə
etməyə həvəsləndirməkdən
savayı onların özlərinin praktiki bir iş görərək
bunu mənimsəməsi
çox mühümdür.
Məsələn, beynəlxalq nəqliyyat
əməliyyatları fənnində
tələbələrin beynəlxalq
daşımalarda istifadə
edilən sənədlərin
əllə doldurulmasını
öyrənmələri yüksək
qiymət almaq üçün şərtdir.
Tələbələrin kiçik də
olsa layihə işləri və onu qrup şəklində
təqdim etmələrinə
çox böyük önəm verirəm.
Layihələr, onların təqdimatları,
praktiki işlər və tələbələrlə
mühazirələrdə təmas
qurmaq həvəsi onları tədris edilən fənnin aləminə aparır və çox maraqlı bir ahəng yaradır.
- İştirak etdiyiniz
proqramı necə dəyərləndirirsiniz?
- Bu proqramı çox
yüksək dəyərləndirirəm.
Hesab edirəm ki, belə proqramlar son vaxtlar təhsil sistemimizdə gedən islahatların məntiqi ilə uyğundur və nəticələrindəndir.
Əminəm ki, təhsil
sistemimizdə çox
sayda xarici universitetlərdə dərs
deyə biləcək
müəllimlərimiz var. Belə proqramların genişlənməsi təhsil
sistemimizin beynəlxalq
arenada nüfuzuna müsbət təsir göstərir. Bu proqram
nəticəsində ADİU və Zigen Universiteti
arasında əməkdaşlığın
daha da genişlənməsinə
yeni bir təkan ola
və daha da yüksək pillələrə qalxa bilər.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 7 fevral.- S.5.