"Vətənə
yaxşı mütəxəssis
kimi
dönməliyəm"
Avstraliyanın Macquariye Universitetinin
tələbəsi Rüstəm Əkbərli ilə söhbət
Rüstəm Fəxrəddin oğlu Əkbərli 1990-cı il sentyabrın 1-də Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. Orta təhsilini həmin rayonun M.F. Axundov adına 1 nömrəli məktəbində alıb. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra Türkiyə Cümhuriyyətinin təşkil etdiyi təqaüd proqramı müsabiqəsini uğurla keçərək İstanbul Universitetində təhsilini davam etdirib. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Avstraliyanın Sidney şəhərində yerləşən Macquariye Universitetində beynəlxalq biznes və beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alır. Beləliklə də rubrikamızın budəfəki qonağı Rüstəm Əkbərlidir.
Orta məktəb illəri
Orta məktəb illərindən humanitar fənlərə üstünlük vermişəm və təhsilimin ilkin güclu bazası üçün Yardımlı rayonunun 1 nömrəli orta məktəbinin müəllimlərinə borcluyam. Öz növbəmdə, müəllimlərin mənə göstərdiyi bu etimada layiq olmağa çalışmış və orta məktəbi
əla qiymətlərlə bitirmişəm. Məktəbdə oxuduğum illərdə rayon
səviyyəsində keçirilən bir çox ictimai tədbirlərdə fəal
iştirak etmişəm. Musiqiyə xüsusi
həvəsim olduğu üçün Yardımlı rayon musiqi məktəbində tar aləti üzrə təhsil almışam. Orta məktəb illərindən ən böyük arzum respublikanın qocaman və nüfuzlu təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində və xaricdə güclü təhsil sisteminə malik olan universitetdə oxumaq olub.
Universitet həyatı
Məhz orta məktəbdə aldığım güclü təhsil mənə sonradan Bakı
Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasi üzrə ali təhsil almağıma imkan yaratdı. Orta məktəbdə oxuduğum kimi universitetdə də əla
qiymətlərlə oxuyub ali məktəbi
fərqlənmə diplomu ilə bitirdim. Eyni zamanda universitet tələbə təşkilatının üzvü olaraq kütləvi tədbirlərdə aparıcı rol oynamışam. Bakalavr təhsili müddətində bir
sıra beynəlxalq təlim və seminarlarda iştirak etmiş, təhsilimi və dünyagörüşümü artırmaq üçün bu təlimlərin əvəzsiz rol oynayacağına inanmışam. Məhz bu səbəbdən tələbə mübadiləsi proqramı çərçivəsində Amerika Birləşmiş
Ştatlarına səfər etmişəm və orada yaşayaraq
öyrəndiklərimi bu sahədə atılan ilk addımım kimi qeyd edə bilərəm.
Universiteti uğurla bitirdikdən sonra əmək fəaliyyətimə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentində başlamışam. İşlədiyim müddətdə öz ixtisasıma
uyğun olaraq bir sıra beynəxalq təşkilatların keçirdiyi təlim və tədbirlərdə iştirak etmişəm. Avropa Komissiyası tərəfindən Rumıniyada təşkil olunan "Gələcəyin iş
adamları
və beynəlxalq mədəni əlaqələr" təlimində iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişəm. Bununla yanaşı, Türkiyə
dövləti tərəfindən təşkil olunan müsabiqədən uğurla keçərək Türkiyə Cümhuriyyətinin təqaüd proqramına qəbul edildim və təhsilimi İstanbul Universitetində davam etdirdim. İstanbul Universitetində oxuduğum müddətdə Boğaziçi Universitetində keçirilən Marka Zirvə Toplantısı və "Branding" təlimlərinə qatılmış
və müvafiq sertifikat əldə etmişəm. Bu ilin fevralında Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Komissiyası tərəfindən keçiriləcək tədbirdə iştirak edəcəyəm.
"Dövlət Proqramında iştirak
etmək qərarına gəldim"
Təhsildə
əldə etdiyim bütün
bu nailiyyətlərlə kifayətlənməyərək daha yüksək
zirvələr qət etməyi qarşıma məqsəd qoymuşdum və bu fikrimi reallaşdırmaq üçün
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət
Proqramı"nda iştirak etmək qərarına
gəldim. Avstraliyanın təhsil sistemi və Sidneydə yerləşən
Macquariye Universiteti
beynəlxalq biznes və beynəlxalq
münasibətlər ixtisası üzrə reytinq
cədvəlində ön sıralarda olduğu üçün
həmin universitetə müraciət edərək qəbul olundum. Sənədlərimi toplayaraq
Təhsil Nazirliyinin müvafiq
komissiyasına müraciət etdim.
Müsahibə çox obyektiv
və şəffaf keçirildi, digər
tələbələrlə olduğu kimi, məni də diqqət və qayğı
ilə qəbul edərək ixtisasıma uyğun suallar verdilər.
Təhsil Nazirliyinin veb
səhifəsində qəbul olunmuş tələbələr
siyahısında adımı görərkən sevincimim hədd-hüdudu yox
idi. Müsahibənin şəffaf və obyektiv
keçirilməsində yaradılan şəraitə görə
təhsil nazirimizə təşəkkürümü bildirirəm.
Avstraliyada tələbəlik həyatı
Ümumiyyətlə,
Avstraliya cənub yarımkürəsində
yerləşdiyi və iqlim şəraiti bizim ölkənin iqlim
şəraitinin əksinə olduğu üçün tədris ili
fevral ayında başlayıb noyabr ayının
sonunda bitir. Dərslər çox
səmimi, sərbəst və
özünə inam şəraitində təşkil
olunub. Professor-tələbə münasibətinin
səmimiyyəti dərsdənkənar özünü
daha yüksək şəkildə
büruzə verir. Məsələn,
professorların tələbələri yeməyə dəvət
etməsi, müəllimlərin tələbələrlə
birgə dərsə velosipedlə gəlib-getmələri və
s. Fənlərin seçimi
və dərs cədvəlinin təşkili zamanı tələbələrin
təklifləri nəzərə alınır. Dərslər
tələbələrlə sorğu-sual
və müəyyən hadisələrin analizi və fikir mübadiləsi əsasında
aparılır. Lakin dərslərin belə
səmimi şəkildə təşkilinə baxmayaraq,
professor-müəllim heyəti tədris prosesində çox ciddi və tələbkardir.
Avstraliyanın təhsil sistemi
öz mükəmməlliyi ilə beynəlxalq səviyyədə
tanındığı üçün
universitetdə bizdən əlavə digər ölkələrdən-Almaniyadan,
İtalityadan,
Cənubi Amerika ölkələrindən,
Çindən və digər ölkələrdən gələn
minlərlə tələbə təhsil alır. Oxuduğum
universitetdə tələbələrin dərsləri daha yaxşı mənimsəməsi və
yüksək nailiyyətlər əldə etməsi üçün hər cür
şərait mövcuddur. 126 hektar ərazini əhatə edən və
yaşıllıqla əhatə olunmuş
universitet şəhərciyində hər
bir tələbənin yüksək
təhsil alması üçün
lazım olan bütün
şərait yaradılmışdır. Buna 5 mərtəbədən
ibarət kitabxana, üçmərtəbəli idman zalı,
müxtəlif ölkələrin mətbəxini təmsil edən
yeməkxana, oxu zalları ilə
yanaşı istirahət otaqları, tamamilə
elektronlaşmış universitet-tələbə məlumat
mübadiləsi sistemi, hər bir tələbənin istənilən vaxt limitsiz olaraq internetə sərbəst qoşulmaq imkanı və sair
daxildir.
Oxuduğum universitetdə bir çox ölkələrdən tələbələrin
olması Azərbaycan haqqında məlumatları daha çox insanla bölüşməyə şərait
yaradır. Universitetdə hazırda təhsil
aldığım ixtisas Azərbaycanı daha yaxşı tanıtmağım üçün öz
müsbət töhfəsini verir. Belə ki, dərs
müddətində təqdimat mövzusu
seçərkən Azərbaycanla, o
cümlədən regionla bağlı aktual mövzulara üstünlük verirəm. Azərbaycanın
Avstraliyadakı səfirliyi tərəfindən
Sidney şəhərində təşkil
olunmuş tədbirlərdə digər azərbaycanlı
tələbələrlə birgə fəal olaraq
Qarabağ həqiqətləri
haqqında məlumat verilməsındə iştirak
etmişik. İxtisasımla yanaşı,
universitetdə "Global Liderlik
Proqramı" çərçivəsində təşkil
olunan treninqlərdə iştirak
etmiş və orada
ölkəmiz haqqında məlumatları proqram
iştirakçılarına çatdırmışam.
Gələcək planlar
Ən böyük
arzum,
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
xaricdə təhsil almaq baş
tutdu. Bu proqramın qəbuluna
və minlərlə azərbaycanlı gəncə nüfuzlu xarici universitetlərdə
təhsil almaq imkanı
yaratdığına görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü
və minnətdarlığımı bildirirəm. Mən də
öz növbəmdə universiteti
yüksək qiymətlərlə bitirmək, savadlı bir kadr kimi
yetişərək ölkəmizin inkişafı naminə
xidmət etməyi qarşıma məqsəd qoymuşam.
Vətənə yaxşı mütəxəssis kimi dönməliyəm.
Oruc
MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 7 fevral.- S.8.