Bərdə şəhəri
akademik Zərifə Əliyeva
adına texniki fənlər təmayüllü məktəb-lisey
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Bərdə rayonu
akademik Zərifə Əliyeva adına şəhər orta məktəbi
adı altında 10 sentyabr 2004-cü il tarixindən fəaliyyətə
başlamışdır. Təhsil Nazirliyinin 21 iyul 2008-ci il
tarixli 939 nömrəli əmri ilə məktəb texniki fənlər
təmayüllü məktəb-liseyə çevrilmişdir.
Məktəbin açılışında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
iştirak etmişdir. Dövlət
başçısı İlham Əliyev 2004-cü il
sentyabrın 10-da yeni dərs
ilinin başlanması ilə əlaqədar olaraq Bərdə
şəhər akademik Zərifə Əliyeva adına texniki
fənlər təmayüllü məktəbdə
olmuşdur. Prezident məktəbin qarşısındakı Zərifə
xanım Əliyevanın
büstü önünə gül dəstələri
qoymuş, müəllim kollektivi, şagirdlər və
valideynlərlə görüşmüş, onların
qarşısında çıxış etmişdir. Ölkə
Prezidenti məktəbin fənn kabinetləri və
laboratoriyalarını gəzmiş, kompüter zalı və
linqofon kabineti ilə yaxından tanış olmuş və təhsil
ocağı haqqında xoş fikirlər söyləmişdir.
Maddi-texniki bazası
Məktəb-lisey
1,8 hektar ərazidə yerləşir.
Üçmərtəbəli tədris binasının ümumi sahəsi 5200 m2-dir. Şagirdlərin hər
bir fənni daha dərindən
mənimsəmələri üçün
məktəbdə hər cür şərait
yaradılmış, tədris ocağı müasir
avadanlıq, cihaz və vasitələrlə təchiz olunmuşdur.
Burada 14 xüsusi təlim
otağı və laboratoriya, müxtəlif
ədəbiyyatlarla zəngin olan kitabxana, fənn kabinetləri ilə birlikdə
31 sinif
otağı var. Sinif
otaqlarında səsli və görüntülü
kameralar
quraşdırılmışdır. Liseydə şagirdlərin
sağlam böyüməsi üçün də hər cür
şərait yaradılmışdır. Belə ki, liseydə bütün
lazımi idman avadanlıqları ilə təchiz
olunmuş örtülü
gimnastika və əl oyunları
zalları, voleybol və basketbol
meydançaları şagirdlərin ixtiyarına verilmişdir.
"2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı" çərçivəsində
"Elektron məktəb" pilot layihəsində iştirak
edən 20 məktəb sırasında Bərdə şəhər
akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey də vardır. Bununla
əlaqədar liseyə yüksək optik
ötürücülüyə malik
kabellə sürətli internet xətti
çəkilmiş, 28 sinif otağı,
2 kompüter zalı, direktor və müavinlərin otaqları,
qəbul otağı internet xəttinə qoşulmuşdur.
"Elektron məktəb" sisteminin tam tətbiqi üçün liseyin
müəllimləri ilə xüsusi
treninqlər keçirilmişdir. Kabinet və laboratoriyaların
qarşısında həmin fənnə aid
stendlər asılmışdır ki, bu da şagirdlərin bu fənnə aid əlavə
məlumatlar almasına kömək edir.
Məktəb-liseyin
kitabxanasında 17637 nüsxədə kitab
var ki, bunlardan
14632-si dərsliklərdir. Bununla bərabər,
liseydə geniş qiraət zalı da mövcuddur. Tədris
zamanı istifadə olunan 47 ədəd kompüter, 11 ədəd noutbuk,
21 ədəd proyektor, 3 ədəd printer, 3 ədəd surətçıxaran
aparatı və 2 ədəd skayner
vardır.
Tədris
ocağında Zərifə xanım Əliyevanın həyat
və fəaliyyətini əks etdirən fotoşəkillərdən
və kitablardan ibarət guşə
yaradılmışdır ki, bu da şagirdlərin görkəmli alim
haqqında daha geniş
məlumat əldə etmələrinə kömək göstərir.
Tədrisin təşkili
Hazırda liseydə
1409 şagird təhsil alır. Onların
təlim-tərbiyəsi ilə 129 müəllim məşğuldur.
"Təhsil haqqında" Qanuna uyğun olaraq, məktəb-liseydə
ümumi təhsil üç
pillədən ibarətdir: ibtidai təhsil
pilləsi - I-IV siniflər, ümumi orta təhsil pilləsi - V-IX siniflər, tam orta təhsil pilləsi-
X-XI siniflər. VIIbc, VIIIa
c, IXbç, Xac, XIac sinilfəri isə
lisey siniflərdir. Təhsil müəssisəsinin I sinfinə şagird
qəbulu müsahibə (şifahi sorğu) yolu ilə, II-X siniflərə
isə müsabiqə (yazılı testlə) əsasında
aparılır. Bu məqsədlə "Şagird qəbulu üzrə müsabiqə
komissiyası" yaradılır və bir
tədris ili müddətində fəaliyyət
göstərir. Müsabiqə Təhsil Nazirliyinin
müəyyən etdiyi müddətdə
keçirilir. Ümumi
təhsilin hər üç pilləsində
şagird şəxsiyyətinin
formalaşdırılması "Azərbaycan
Respublikasının ümumtəhsil məktəblərinin
Nümunəvi Əsasnaməsi"nə uyğun
aparılır. Liseyin I-VII siniflərində
tədris prosesi ümumi
əsaslarla, VIII-XI siniflərdə isə təmayüllü
siniflərdə aparılır. Təlimin keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə məktəb-liseydə
müntəzəm olaraq "dəyirmi masa"lar, seminarlar, müsahibələr,
"açıq dərs"lər, bilik
yarışları keçirilir.
Müəllimlər dərslərində
yeni təlim texnologiyalarından istifadə
edirlər.
Nailiyyətləri
Məktəb-lisey iki dəfə, 2008 və 2013-cü illərdə
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşdur.
Tədris ocağı fəaliyyətə
başladığı 2004-cü ildən ali məktəblərə
qəbulun nəticələri ilbəil artmışdır. Belə ki, təhsil müəssisəsini
bitirən məzunlardan 2005-ci
ildə 6 nəfər, 2006-cı ildə 9 nəfər, 2007-ci
ildə 16 nəfər, 2008-ci ildə 24 nəfər, 2009-cu ildə
32 nəfər, 2010-cu ildə 49 nəfər, 2011-ci ildə 51
nəfər, 2012-ci ildə 57 nəfər, 2013-cü ildə
61 nəfər, 2014- cü ildə isə 63 nəfəri respublikamızın
və müxtəlif ölkələrin nüfuzlu
ali məktəblərinə daxil olmuşdur. Məzunlardan Pərvaz İbrahimli
2007-ci ildə, Nəriman Knyazlı isə 2012-ci ildə Prezident təqaüdünə layiq
görülüb. 2014-cü ildə isə
respublikamızın təhsil tarixində ilk
dəfə olaraq bir
sinifdən 3 nəfər - Səbinə İsmayılova, Mədinə
Şükürlü və Kənan Eminov bir ildə Prezident təqaüdünə
layiq görülüblər. Təkcə
2014-cü ildə tədris ocağını bitirən 68 nəfər
məzundan 63-ü tələbə adını qazanıb. Bunlardan 22 nəfəri 500-dən, 12 nəfəri
isə 600-dən çox bal
toplayıb. Hazırda Azərbaycan Tibb
Universitetində məktəb-liseyi müxtəlif illərdə
bitirən 32 tələbə təhsil
alır. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının ali və
orta ixtisas məktəblərinə
tələbə qəbulunun nəticələri ilə
bağlı apardığı elmi statistik təhlildə liseyin
məzunlarının nəticələri yüksək qiymətləndirilmişdir.
Məktəb-liseyin
şagirdləri respublikamızda və beynəlxalq miqyasda keçirilən bir
çox müsabiqə və
yarışlarda uğurla iştirak
etmişdir. Belə ki, təhsil müəssisəsinin dörd nəfər şagirdi
ulu öndər Heydər Əliyevin anadan olması ildönümləri ilə
bağlı müxtəlif illərdə keçirilən
inşa-yazı müsabiqələrinin Respublika
turunda müvəffəqiyyətlə iştirak edərək uğurlu
nəticələr əldə etmişdir.
Bundan başqa, məktəbin
məzunu Pərvaz İbrahimli 2007-ci ildə keçirilən Televiziya Muğam
Müsabiqəsinin qalibi olmuşdur. Pərvaz həmçinin "Biz qayıdacağıq" bədii filmində
baş rolda
oynamışdır. Bundan başqa,
məzunlardan Yaşar Qasımov 2006-cı
ildə Latviyada keçirilmiş
sərbəst güləş
üzrə Avropa
çempionatında gümüş medal qazanmışdır. Məktəbin
şagirdləri beynəlxalq rəsm müsabiqələrində
də fəal iştirak edirlər. Belə ki, 2010-cu ildə Çexiyada 36 dövlətin məktəblilərinin
iştirakı ilə keçirilən rəsm müsabiqəsində
tədris ocağının şagirdi Fərhad Məhərrəmov I yeri tutaraq qızıl medal almış, Rauf
Baxşəliyev isə həvəsləndirici diplomla
mükafatlandırılmışdır.
Məktəb-liseyin pedaqoji kollektivi tədris
ocağının uğurlarının təminatçısıdır.
Tədris ocağının müəllimləri daim öz üzərlərində
çalışaraq müasir texnologiyalardan və təlim üsullarından
bacarıqla istifadə edirlər. Bütün
bunların nəticəsidir ki, məktəb-liseyin
bir çox müəllimi
müxtəlif mükafatlar əldə
etmişlər. Məktəbin keçmiş
direktoru Rzaqulu Şərifov,
coğrafiya müəllimi Rəna Həsənova,
ibtidai sinif müəllimi
Püstə Mehdiyeva müxtəlif illərdə
"Əməkdar müəllim" fəxri adına, Mehriban Hacıyeva isə "Tərəqqi"
medalına layiq görülmüşlər.
Bundan başqa, məktəbin müəllimlərindən
Könül Kazımova, Rəna Həsənova,
Püstə Mehdiyeva, Flora
Əliyeva, Mehriban Hacıyeva, Adib Salmanov, İradə
Baxşəliyeva müxtəlif illərdə keçirilən
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri olmuşlar. Məktəbin
ibtidai sinif müəllimi
Püstə Mehdiyeva 2012-ci ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşkil
etdiyi "Elektron təhsil"
respublika müsabiqəsində iştirak edərək II nominasiya
üzrə ölkə birincisi olmuşdur.
Kiçik Akademiya
Məktəb-liseydə
xüsusi istedada malik şagirdləri aşkara
çıxarmaq, onlarda sadə tədqiqatçılıq
bacarıq və vərdişləri formalaşdırmaq,
istedadlarını düzgün istiqamətləndirmək
məqsədi ilə "Kiçik Akademiya" (KA) fəaliyyət göstərir. KA-ya məktəb-liseyin
tədris işləri üzrə
direktor müavini Firdovsi Məmmədov rəhbərlik edir. Fənn metodbirləşmə rəhbərləri
KA-nın münsiflər heyətinin üzvləridirlər. KA-nın üzvləri liseyin psixoloqu və uşaq birliyi rəhbəri tərəfindən seçilir və ayrı-ayrı fənlər
üzrə mövzuların siyahısı oktyabr
ayında elan guşəsindən
asılır. Şagirdlər işləmək istədikləri mövzunu sərbəst
seçir, həmin mövzunu daha geniş və əhatəli araşdırmaq üçün fənn metodbirləşmə
rəhbərlərindən məsləhət və tövsiyələr
alır. Sonra müxtəlif elmi ədəbiyyatlardan və internet
resurslarından istifadə edərək həmin mövzular üzərində tədqiqat işləri
aparırlar. Fənn metodbirləşmə rəhbərləri
isə öz fənninə aid mövzuları işləmək üçün şagirdlərə elmi rəhbər kimi
müxtəlif elmi və metodiki
köməkliklər göstərirlər. Şagirdlər
ayrı-ayrı fənlər üzrə referatlar
və məruzələrlə KA-da
münsiflər heyəti qarşısında
çıxış edirlər. "Kiçik Akademiya"nın yekun
iclası may ayının ilk
öngünlüyündə keçirilir.
Ən yaxşı referat və məruzələr
KA rəhbərinin təqdimatı ilə liseyin
direktoru tərəfindən fəxri fərmanla
və qiymətli hədiyyələrlə
mükafatlandırılır. Bu,
şagirdlərə KA-nın xətti ilə daha
məzmunlu və yaradıcılıqla işlənmiş referatlar hazırlamaq üçün
bir stimul yaradır.
Məktəbdə şagird özünüidarə orqanı
yaradılıb. Belə ki, hər bir sinifdə dövləti təmsil edəcək
vəzifələr - Prezident, baş nazir və nazirlər
təyin olunub. Hüquq
sistemi, prokuror və məhkəmə
üzvləri yaradılıb ki, bunlar şagirdlərdə məsuliyyət hissini, dövlətçiliyə erkən
yaşlarında marağı daha da artırır.
Məktəb-liseyin bir
sinifdən olan 3
Prezident təqaüdçüsünün təəssüratları
Səbinə İsmayılova, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının I kurs tələbəsi:
- Mən 692 balla
DİA-ya qəbul olmuşam. Adımın Prezident təqaüdçüləri
sırasında görməyimin
sevincini indi də yaşayıram.
Bu uğurum üçün
Bərdə şəhər
akademik Z.Əliyeva adına texniki
fənlər təmayüllü
məktəb-liseyə, onun
bütün müəllim
heyətinə sonsuz minnətdaram. Bu məktəbi
bitirsəm də bütün dərsləri,
tədbirləri ömrüm
boyu unutmayacağam.
Çünki biz elmi biliklərə
yiyələnməyi, fəal
ictimaiyətçi və
əsl vətəndaş
olmağı burada öyrəndik. Bir sinifdən
3 nəfər Prezident
təqaüdçüsü olmağı şəxsən
mənim sevincimi ikiyə qatladı. Düşünürəm ki, bu, ölkəmizdə ilk dəfə
olan bir hadisədir.
Mədinə Şükürlü, Ali
Neft Məktəbinin I
kurs tələbəsi:
- Mən 690 balla
Prezident təqaüdünə
layiq görüləndə
oxuduğum Bərdə
şəhər akademik
Z.Əliyeva adına
texniki fənlər təmayüllü məktəb-liseyə
qaçdım. Çünki bu tək mənim
yox, doğma məktəbimin uğuru idi. Müəllimlərim
məni inandırmışdı
ki, sən hökmən 700 bal toplamalısan. Biz bir sinifdə 3 Prezident təqaüdçüsüyük.
Bu bizim daim
sinifdə birgə oxumağımızın, birgə
dərslərdə, elmi
müzakirələrdə istədiyimiz
sualın cavabını
axtardığımızın nəticəsi idi. Liseyimizin bütün müəllim
və rəhbər heyətinə minnətdarlığımı
bildirirəm.
Kənan Eminov, ATU-nun I kurs tələbəsi:
- Səbinə və Mədinədən sonra adımın Prezident təqaüdçüləri sırasında
olması məni də sevindirdi. 680 balla ATU-ya
qəbul olundum.
Bu uğura görə
bütün müəllimlərimə
və sinif yoldaşlarıma minnətdaram.
Çünki biz birgə çalışdıq,
birgə öyrəndik.
Bu şəraiti bizə
doğma liseyimiz, adını fəxrlə daşıdığımız Bərdə şəhər
akademik Z.Əliyeva adına texniki
fənlər təmayüllü
məktəb-liseyin müəllimləri
yaratmışdır. Liseyimiz mənim
üçün bir ziyarətgah, məbəddir.
Niyazi
RƏHİMOV
Azərbaycan müəllimi.-
2015.- 7 fevral.- S.9.