Humanist pedaqogikanın prinsipləri
əsasında qurulan qeyri-standart dərslər
Müəllim
şagirdin mənəvi-əxlaqi
dünyasına nüfuz
edə bilən ən güclü şəxsiyyətdir. Bütün dövrlərdə
o öyrədən, həm
də özü öyrənən, tərbiyə
edən, cəmiyyət
üçün layiqli
vətəndaş yetirən
şəxsiyyət olmuşdur.
Müəllimin gərgin əməyi
hesabına şagirdin
diqqəti, yaddaşı,
təfəkkürü inkişaf
edərək formalaşır.
Azərbaycan Respublikası
Təhsil Problemləri
İnstitutunun ötən
il dekabrın əvvəllərində Bakıda
təşkil etdiyi dünyada
humanist pedaqogikanın yaradıcısı
kimi tanınan Rusiya Elmlər Akademiyasının akademiki,
psixologiya elmləri doktoru, professor Ş.Amonaşvilinin
iştirakı ilə
keçirilən "Təhsil
prosesində şagirdlərə
şəxsiyyətyönümlü -
humanist yanaşmanın əsasları"
mövzusunda
müəllif seminarının
iştirakçısı olmuşam.
Novator pedaqoq
olan Ş.Amonaşvilini
çoxdan tanıyıram,
onun neçə-neçə
pedaqoji kitablarını
oxumuş, internetdən
söhbət və məsləhətlərini dinləmişəm.
Rəğbət bəslədiyin
bir insanı real həyatda görüb, müvəffəqiyyət və
çətinliklərindən söhbət etmək, onunla diskussiyada olmaq, ustad dərslərində
iştirak etmək, yəqin ki, hər bir
müəllim üçün
fərəhli haldır. Belə müəllimlərdən biri də mənəm.
Təlimin
təşkili formalarından
biri də qeyri-standart dərslərdir. Belə dərslər mahiyyət
etibarilə standart struktura malik olmurlar. Başqa sözlə, qeyri-standart dərslər strukturu olmayan improvizə edilmiş tədris məşğələləridir (dərs-ekskursiya, dərs-oyun,
dərs-konfrans, kompüter-dərs,
dərs-nağıl, dərs-yarış, dərs-kosmos
və s.). Bu tədris məşğələlərinin
yaranması təhsilin
demokratik əsasda qurulmasının nəticəsidir.
Ş.Amonaşvilinin Bakı məktəbliləri
ilə apardığı
belə dərsləri
gördüm. Bir
daha inandım ki,
müəllim dərsin
strukturunu müəyyənləşdirməkdə
sərbəstdir. Bu zaman şagirdlərin inkişaf səviyyəsini,
onların meyil və marağını əsas götürür.
Şagirdləri öyrənməyə həvəsləndirmək üçün
forma və struktur müəyyənləşdirir, seçdiyi vasitə və üsullarla onu zənginləşdirir.
Əvvəllər mən belə
dərsləri təşkil
edərkən narahat olurdum ki, metodikada
belə üsul və struktur yoxdur. Daha doğrusu, bundan narazı olan kolleqalarım da az deyildi. Halbuki, konkret
təlim standartlarının
reallaşmasına yönəlmiş
bu dərs nümunələrinin hər
birinin ayrılıqda
xüsusi təlim məqsədlərinin həyata
keçirilməsinə xidmət
etdiyinin şahidi olduqdan sonra belə dərslərin keçilməsinə həvəsim
daha da artdı.
İnformasiyaların
çoxaldığı, uşaqların
məlumatının artdığı
hazırkı şəraitdə
dərsləri daha mütəhərrik və
dinamik şəkildə
qurmaq, onu maraqlı fəaliyyət obyektinə çevirmək
tələb olunur. Bu baxımdan qeyri-standart
dərslərin imkanları
böyükdür.
Yanvarın 29-da 5-ci sinifdə riyaziyyatdan
"Onluq kəsrin
natural ədədə vurulması"
mövzusunda
harmonik şəxsiyyətin
inkişafını təbliğ
edən "açıq
dərs" keçdim.
Fəal
təlimin mərhələləri
ilə keçilən
dərsdə ənənəvi
olmayan elementlər çox idi. Dərsdə şagirdlər
iştirak edirdilər
və onların valideynləri ilə yanaşı, məktəbin
müəllimləri, dəvət
olunmuş qonaqlar da var idi.
Dərsin iş
forması cütlərlə
işi şagirdlərdən
deyil, şagird və valideynindən təşkil etdim. Şərtə
görə, valideynlər
öz övladlarına
çalışmaların həllində məsləhətlər verməli,
əyani tapşırığı yerinə
yetirməkdə köməklik
etməli idilər. Bu zaman mən həm də valideynlərin evdə öz övladlarına riyaziyyatdan necə
kömək etmələrini
bilmək istəyirdim.
Dərs
kompüterlərin köməyi
ilə təqdimat formasında slaydlarla keçirildi. Motivasiya
olaraq "yeddi" və "bir" sözləri
"gizlədilmiş" "Yeddi dəfə ölç, bir dəfə biç" atalar sözündən istifadə
etdim. Şagirdlər kiçik diskussiyadan sonra qərara gəldilər ki, onlar əvvəl fikirləşib sonra cavab verməlidirlər.
Məntiqi, əyləncəli,
oyun xarakterli əvvəlki
dərslərə aid olan
çalışmaları şagirdlər
özləri kompüterdən
proyektor vasitəsi ilə göstərir, həllini valideynləri ilə birgə axtarırdılar.
Şagirdlərə arxasında valideynlər üçün "Evinizdə beşinci sinif şagirdi varmı?" adlı psixoloji
məsləhətlər olan
işçi vərəqələr
(A4) və işıqfor
düzəltmək üçün
üçrəngli sahəsinin
ölçüləri arxasında
yazılmış dairəcik payladım. Rəngli dairəciklər
işçi vərəqələrinə
yapışdırılmışdı. Sonra problem sualı qoyuldu: vərəqənin
rənglənməyən hissəsinin
sahəsi tapılmalıdır
(rəngli dairəciklərin
birinin sahəsi 3,19
sm2, işçi
vərəqənin ölçüləri
isə 21x29 sm şərt kimi verilmişdi).
Eyni toplananlarin cəminin (rəngli dairəciklərin
sahələrinin cəmi), onların sayının (3) birinin sahəsinə (3,19sm2) olan
hasili ilə əvəz edilərək
tapılmasının daha
asan üsul olduğunu başa düşən şagirdlər dərsin növbəti mərhələsində
tədqiqatları müzakirə
edərək nəticə
çıxardılar. Mən
şagirdlərlə yanaşı
valideynlərinin onlara
necə kömək etmələrini də izləyir, çaşqınlıqla
qarşılaşanda isə
onların köməyinə
gəlirdim. Şagird və valideynlər
dərsin bu mərhələsində həzin
klassik musiqinin sədaları altında işləyirdilər.
Növbəti mərhələdə şagirdlərdən
yorğun olub-olmadıqlarını
soruşdum. Gözlər üçün
bədən tərbiyəsi dəqiqəsi adlanan
hissədə şagirdlər gözləri yumulu
halda dediklərimə qulaq
asdılar (Gözlərinizi yumaraq ulduzlu səmanı təsvir edin. Qaranlıq səma. Ətraf sakitlikdir. Kiçik
parıldayan bir nöqtə
yaxınlaşaraq böyüyür, böyüyür və Yer
kürəsinə çevrilir. Bu zaman ikinci bir
nöqtə əmələ gəlir. Bu
nöqtə isə böyüyürək Sizə çevrilir. Siz Yer planetinin üzərində
uçursunuz. Siz sakitsiniz, yüngülsünüz.
Ətrafınızda çoxlu sayrışan
ulduzlar parıldayır. Siz
gözlərinizi açırsınız. Təzə enerji və
qüvvə ilə dərsin yeni mərhələsinə
başlayırsınız).
Dərsin nəticə
və ümumiləşmə mərhələsində
şagirdlərin öz fotoşəkillərindən
düzəldilmiş kollajı göstərərək tərtib
etdiyim məsələni ekranda
onlara təqdim etdim. Məsələ
belə idi: C vitamini
insanın 1 kq-lıq kütləsi üçün
0,0015q hesablanmışdır. Sizin hər
birinizə ... gün, həftə, ay ərzində nə qədər vitamin qəbul
etmək lazımdır? Nöqtələrin yerinə
şagirdlərin fotoları göründükcə hər kəs
öz valideynləri ilə birgə
özünə tələb olunan vitaminin
miqdarını hesablamağa
başladı.
Refleksiya mərhələsində şagirdlər
ekranda gördükləri mövzunun
qiymətləndirilməsi mərhələsinə aid olan yarımçıq cümlələri
tamamladılar.
(1.Mən
dərsi ... başa düşdüm.
2.Mən bu dərsdə ... öyrəndim.
3.Belə
dərs forması mənim ...).
Ev tapşırığı olaraq şagirdlərə dərslikdən və metodiki vəsaitdən
tapşırıqlar verdim.
Valideynlərə
verilən ev tapşırığı isə
övladlarına M.Lomonosovun dediyi aforizmi izah etmək oldu: "Riyaziyyat
ağlı sahmana salır".
Keçdiyim dərs
şagirdlərimin ürəyindən olduğundan öz işimə
yaradıcı yanaşaraq belə qeyri-standart dərslər keçməkdə
israrlıyam. Belə dərslərin keçilməsinə isə
məni ilhamlandıran, dəstək olan Ş.Amonaşvilidir.
Ona və bu
seminarı təşkil edən Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutuna təşəkkürümü
bildirirəm.
Şəfəq FAZİLOVA,
Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli
tam orta məktəbin riyaziyyat müəllimi
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.11.