Müəllim-şagird
münasibətləri
dərsin məqsədlərini reallaşdırmaq
üçün zəruri amildir
Ənənəvi dərsdə
olduğu kimi, müasir, fəal dərs də təlim-tərbiyə
və inkişaf vəzifələrini
özündə ehtiva edir
və müəllim bunların hər birini
diqqətdə saxlamalıdır.
Mən də
şagirdləri sadəcə olaraq öyrətmirəm,
onları öyrədə-öyrədə inkişaf
etdirib tərbiyə etməyə
çalışıram. Digər
tərəfdən, şagirdlər
inkişaf etdikcə və tərbiyə olunduqca onların təhsil məqsədlərinə (dərsə, müəllimə, özlərinə) münasibətləri dəyişir. Dərsin tərbiyə vəzifələrini
reallaşdırarkən ulu öndər
Heydər Əliyevin həyat və fəaliyyətinə dair faktlardan və kadrlardan yeri gəldikcə
tez-tez istifadə edir,
şagirdləri muzeylərə, Fəxri xiyabana,
Şəhidlər xiyabanına ekskursiyaya
aparıram.
İstedadlı və
qabiliyyətli şagirdləri aşkara
çıxarmaq üçün ilk növbədə şagirdlərin idrak fəaliyyətlərinin
xüsusiyyətlərini, inkişaf səviyyəsini
və fərdi xüsusiyyətlərini öyrənirəm.
Dərsdə
şagirdlərin diqqəti əsasdır. Diqqətin
paylanması qavramada böyük
rol oynayır. Ona
görə diqqətin tərbiyəsinə xüsusi
fikir verirəm. Çünki
psixoloqların apardıqları
tədqiqata görə, şagirdlərin eşitdiyinin10, oxuduğunun 20, görüb
eşitdiyinin 50, müstəqil işlədiyinin
90 faizi yadda qalır. Ona görə də görmə və
eşitmə qavrayışından birgə istifadə edərək
onlarda müstəqillik yaradır, dərsdə
emosional təsirlərə
geniş yer verirəm.
Diqqətin keyfiyyətinə
təsir edən amillərdən biri də
maraqdır. Maraqsız dərsdə diqqəti yığmaq çox çətindir. Buna
görə də didaktik oyunlara
daha çox yer verirəm. Oyunda
uşağın əqli, ürəyi, qəlbi
formalaşır. Onların diqqəti bir
yerə yönəlir, müstəqil düşünür,
yadda saxlayır, özlərinə
çıxış yolu tapırlar. Didaktik oyunlarda şagirdlər mövcud
biliklərindən istifadə edərək yeni
biliklər qazanmaqla, təhlil, müqayisə
və nəticə çıxarma bacarıqlarına yiyələnir, tədris prosesində
şagirdlər üçün dəstəkləyici və əməkdaşlıq mühiti yaranır.
Müasir təlim nəzəriyyəsində
müəllim-şagird, şagird-şagird
münasibətləri mühüm rol oynayır. Buna görə
də Təhsil Qanunundan irəli gələn
məktəbin demokratikləşdirilməsi vəzifəsi təlim
və tərbiyənin humanistləşdirilməsini tələb
edir. Bu isə öz növbəsində müəllimlərlə
şagirdlər arasında münasibətlərin demokratikləşdirilməsini
və xüsusən müəllim-şagird münasibətlərinin
humanist xarakterdə olmasını zəruriləşdirir.
Deməli, müasir məktəbin yenidən
qurulması həm də müəllim- şagird
münasibətlərinin humanistləşdirilməsi ilə əlaqədardır.
Mən
kiçikyaşlı məktəblilərlə
apardığım gündəlik dərslərimdə, sinifdən
və məktəbdənkənar tədbirlərdə müəllim-şagird,
şagird-şagird münasibətlərinin
humanistləşdirilməsinə xüsusi
diqqət yetirirəm.
Şagirdlərə
münasibətimdə onların çatışmayan cəhətlərini,
buraxdıqları səhvləri bağışlamağa, maraq və meyillərini nəzərə almağa çalışıram. Bu məqsədlə münasibətimdə nəzakətə,
aşkarlıq və səmimiyyətə üstünlük
verirəm. Şagirdlərlə ünsiyyətdə səs tonumda mehribanlığa, səmimiyyətə,
yumşaqlığa fikir verirəm.
Lazım gəldikdə fərdi,
üzbəüz ünsiyyət forması ilə yanaşı
frontal və ya şagird qrupu ilə
ünsiyyətdən, yazılı və vasitəli ünsiyyət
formasından da istifadə edirəm.
Şagirdlərə humanist münasibətin səmərəsi, birinci növbədə hər bir
şagird haqqında ətraflı məlumatın
olması ilə əlaqədardır. Bu məlumatları
şagirdlərin şəxsi işindən, onların müxtəlif
vəziyyətlərdə müşahidə edilməsindən,
valideynlərlə əlaqədən və nəhayət, onlarla ünsiyyətdən toplayıram.
Bu zaman
aşağıdakı psixoloji-pedaqoji sxemi əsas götürürəm:
1. Şagird
haqqında ümumi məlumat, ailənin tərkibi,
sosial və iqtisadi vəziyyəti,
ailədə qarşılıqlı münasibət, ailədə
ünsiyyətin xarakteri.
2. Şagirdin
xarici əlamətləri: boyu,
köklüyü, fiziki
çatışmazlığı və ünsiyyətə mənfi
təsir edən başqa amillər.
3. Hərəki fəallığı.
4. Nitqinin
xüsusiyyətləri.
5. Xarici
görkəminə münasibəti.
6. Əqli qabiliyyətinin
xüsusiyyətləri.
7. Şəxsiyyətinin
əməli keyfiyyətləri.
8. Emosional
hissi xüsusiyyətləri.
9. Dünyagörüşü,
həyat məqsədi, marağı, hadisələrə
münasibəti, insani dəyərləri,
fəal həyat mövqeyi, beynəlmiləlçilik
və vətənpərvərlik hissləri, ideya
mətinliyi.
10. Şəxsiyyətin
mənəvi keyfiyyətləri.
11. Təlimə (əməyə),
müxtəlif vəzifələri yerinə yetrməyə
münasibəti.
12.Asudə vaxtın
keçirilməsində fəallığı.
13. Şagirdin
başqa insanlara
münasibəti.
14.
Özü-özünə münasibəti.
Bu sxem əsasında hər
bir şagirdin xarakterini müəyyənləşdirir və
onlarla ünsiyyətdə nəzərə
alıram.
Müəllimin
şagirdlərlə ünsiyyəti bir-biri
ilə əlaqədar olan və bir- birini şərtləndirən,
müxtəlif formalarda və müxtəlif
vəziyyətlərdə (şəraitlərdə) yerinə
yetirilən birgə fəaliyyətlərdə meydana çıxır. Bunların içərisində
müəllimin tədris etdiyi fənn xüsusi yer tutur. İstənilən fənn öz məzmununa görə tərbiyəvi,
mənəvi təsirlər, fikir
mübadiləsi, həyat haqqında müsahibə üçün geniş imkanlara malikdir. Lakin hər bir dərsin məzmununun
müəllim-şagird münasibətlərini fəallaşdırması
üçün daim
dərsin keyfiyyətinin yüksəldilməsinin üzərində
işləmək tələb olunur. Tədrisin
keyfiyyəti yalnız elmə olan
marağın deyil, həm də müəllimə
olan hörmətin, sevgi
və inamın formalaşdırılması ilə
bağlıdır.
Dərs şagird üçün
o zaman cəlbedici və
maraqlı olur ki,
müəllim şagirdlərə düşündürücü,
maraqlı, həyati əhəmiyyətli suallarla
müraciət etsin, onlarla
diskussiya aparsın. Bunun
üçün müəllim ünsiyyət
psixologiyasını nəzərə almalıdır. Böyük yazıçı və pedaqoq L.N.Tolstoy deyirdi: "Fənninlə şagirdini
tərbiyələndirmək istəyirsənsə öz fənnini sev, onu bil, onda
uşaqlar səni də sevər, fənnini
də. Yox, əgər fənnini bilmirsənsə,
onda dediyin fənnin heç bir tərbiyəvi
təsiri olmayacaq".
Əgər müəllim
yeri gəldikdə şagirdlərlə
ünsiyyət formasını dəyişdirmirsə, hər dəfə
eyni üsulla dərs
aparırsa, onda dərs həm uşaqlar, həm də müəllim üçün maraqsız, hətta yorucu olacaq. Bunu nəzərə alaraq
müxtəlif fəal təlim metodlarına, işgüzar
oyunlara (hekayənin rollarla
oxunuşu), didaktik oyunlara, nəqletməyə, diskussiyaya,
ekskursiyaya geniş yer verirəm. Bu zaman müəllim-şagird ünsiyyəti üçün böyük
imkanlar açılır və humanist münasibətlərin
formalaşması üçün şərait
yaranır.
Dərs müəllimlə
şagirdlərin birgə fəaliyyəti ilə cərəyan
etməlidir.
Hətta deyərdim ki, şagirdlər müəllimdən də fəal
olmalıdırlar. Bu məqsədlə eyni bir dərsdə bir neçə dəfə bütün
siniflə, bir neçə dəfə də
fərdi və qruplarla məşğul olur və onları düzgün
növbələşdirməyə səy edirəm. Eyni bir dərsdə
ünsiyyəti həm bütün şagirdlərlə,
həm də onlardan hər biri ilə yaratmaq mürəkkəb
işdir. Bunu mən qabaqcadan - dərsə hazırlaşarkən nəzərə
alır, dərsdə kollektivin, uşaqlar qrupunun və
ayrı-ayrı uşaqların funksiyalarını bir- birindən ayırd edirəm. Belə ki, riyaziyyat
dərsində toplamanın yerdəyişmə xassəsini özüm izah etdikdən
sonra (müəllimin bütün
şagirdlərlə münasibəti) lövhəyə dörd variantdan (hər
birində 8 misal) ibarət misal
yazır, cərgələrarası "kim
tez hesablayır!"
yarışını keçirirəm (müəllim-şagird
qrupu
münasibəti). Dərsin sonunda
ayrı-ayrı şagirdlərə sual verib (müəllim- şagird
münasibəti) cavab alıram. Bu üsulla ana dili, fiziki
tərbiyə, əmək hazırlığı və s. dərslərini də təşkil edirəm.
Dərslərin belə
formada aparılmasında həm müəllimlə
şagirdlər, həm də şagirdlərin özləri
arasında işgüzar ünsiyyət
yaranır və dərsdən-dərsə inkişaf
edir.
Mən həmişə
bu və ya digər
sinifdənxaric, məktəbdənkənar tədbirləri
planlaşdırarkən
şagirdlərin arzu və istəklərini
əsas götürürəm. Məktəbdə keçirdiyim bir neçə
tərbiyəvi tədbirlərin müəllifi şagirdlər olmuşdur.
Belə olduqda uşaqlar
tədbirin ssenarisinin qurulmasında, vəzifələrin
bölüşdürülməsində öz
qüvvə və bacarıqları zəminində fəal iştirak edir və tədbirlərin
tərbiyəvi təsiri yüksəlir. Bütün
bunlara görədir ki,
işlədiyim siniflərdə şagirdlər bilik və bacarıqları,
dünyagörüşləri, istedadları, tərbiyəlilik səviyyələri ilə digər
şagirdlərdən seçilirlər.
Qəmər TAĞIYEVA,
Bakı şəhəri 291 nömrəli "Ekologiya" liseyinin ibtidai sinif müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.11.