14 yaşlı Rüfətin
küçə həyatı
Siz də, mən də şəhərin küçələrində, xüsusilə mərkəzində onlara tez-tez rast gəlirik. Amma nədənsə
həmin günə qədər bir çoxları kimi mən
də bu
uşaqların açılan əllərinə pul qoyub
yanlarından keçməklə kifayətlənmişəm.
Küçədə yaşayan bu uşaqların bəziləri
kimsəsizlikdən, bəziləri isə valideynlərinin,
yaxud onları qazanc məqsədilə himayə edən insanların təkidi
ilə dilənir, küçələrdə, binaların girişində
yatırlar. Bu dəfə mən o
uşaqlardan biri ilə söhbətləşməliydim. İşdən sonra rəfiqəmi də yanıma
alıb şəhəri dolaşmağa başlayıram.
"İçərişəhər"
metrostansiyasının qarşısından İstiqlaliyyət
küçəsi ilə üzüaşağı
düşəndə yanında qız uşağı dilənən
bir xanıma gözüm sataşır. Ona
yaxınlaşıb kim olduğumu, məqsədimi
deyirəm. Amma qadın razılaşmır,
qızının dilənmədiyini, məktəbdə, III
sinifdə oxuduğunu deyir.
Sağollaşıb şəhərimizin məşhur
"Tarqovı"sına yollanırıq. Gözümüzə bir yerə toplaşan, hər
hallarından küçədə yaşadıqları bəlli
olan bir neçə qız və oğlan dəyir. Yaxınlaşıram, gözəl bir qız
uşağını yanıma çağırıram.
Mənimlə getməyə və
danışmağa razılaşsa da, anasının onun şəklini
hardasa görəcəyindən qorxur. Amma ondan bir
neçə cümlə də olsa kim
olduğunu öyrənə bilirəm:
- Gülnara Abbasova,
14 yaşım var. Anam var, atam yoxdur. Atam rəhmətə
gedib. Bir bacım, bir qardaşım var.
İkisi də məndən böyükdür. Anam xəstədir. Məni
qonşularımızla dilənməyə göndərir.
Ona görə də heç vaxt məktəbə
getməmişəm.
Bu qorxu təkcə anası ilə
də bağlı deyil. Balaca qızdan qonşusu olduğunu öyrəndiyim
və ondan xeyli böyük olan bir qız gəlib onun qolundan
tutub aparır. İstəmir ki, bizimlə
danışsın.
Bu zaman yanımıza iki oğlan
yaxınlaşır. Biri mənə çox tanış
gəlir. Mən səni hardasa görmüşəm deyirəm:
- Gülərək cavab
verir ki, internetdə. "Happy
Baku"ya çəkilən oğlanam.
Səni də
danışdıracağam,-
deyirəm.
Rüfət Səlimov,
bu oğlan heç
bir tərəddüd etmədən bizimlə
danışmağa razılıq verir. Yanında bir yerdə
dayana bilməyən, adını soruşanda gülə-gülə,
Hüseyn, - deyən bir oğlan da var.
- Uşaqlar, parkda
oturub, danışaq? - deyirəm.
Rüfət, çox
səmimi şəkildə:
- Heç bir
problem yoxdur, - deyir.
Şəhər
əhalisinin içərisində
Malakan bağı adı ilə tanınan
yerə gedirik. Deyirəm ki, şəkillərinizi
də çəkəcəyəm. Hüseyn
qəti etiraz edir. Sərt səslə deyir
ki, mənim şəklimi çəksən bir də o telefonu
görməyəcəksən.
Rüfət onu
sakitləşdirir:
- Narahat olma, heç nə etməyəcək, youtube-a
qoyacaq (hər ikimiz də gülürük).
- Hüseyn, sənin
neçə yaşın var?
- 13 yaş.
Hüseyni
də, Rüfəti də götürüb Malakan bağında
bir oturacaqda əyləşirik. Bu an
bayaq qorxub qaçan, dəstənin digər üzvləri də
başımıza toplanır. Amma lap balaca, təxminən 3-4
yaşlarında bir qız deyir ki:
- Ay bacı, pulu
ver də.
- Hansı pulu?
- Yol pulunu.
- Bəs siz bütün günü yol pulunu
yığmamısınız?
Uşaq
sualıma nə cavab verəcəyini bilmir və qəribə
baxışlarla məni izləyir.
Bilmirəm niyə,
amma mən diktofonu
Rüfətə uzadıram:
- Səlimov Rüfət.
14 yaşım var.
- Valideynlərin hardadır?
- İkisi də rəhmətə
gedib. Təxminən 8-9 yaşım var idi onda.
- Sonra harda yaşadın?
- Uşaq evində.
Hüseyn
isə ətrafımızda
fırlanaraq durmadan qəribə səslər
çıxarır, qəribə hərəkətlər edir.
- Uşaqlar, xahiş
edirəm sakit olun,-
deyirəm və Rüfətlə söhbətimi davam etdirirəm
- Sən valideynlərinlə
yaşamamısan?
- Yox, kiçik
yaşlarımdan nənəmlə
qalmışam. Evin tək uşağı idim.
Atam içki içirdi. Anamı
da, məni də döyürdü. Elə
onların ayrılığına da onun içki içməyi
səbəb oldu. Mən də 4 yaşımdan
nənəmlə yaşayırdım. Atam
arada gəlib-görüb gedirdi.
- Səni kim uşaq evinə
göndərdi?
- Valideynlərim öləndən
sonra nənəm tək
yaşayırdı, amma məni "detdom"a (uşaq evinə) göndərdi.
Orda qala bilmədim, qaçdım.
- Niyə?
- Çünki ürəyim
sıxılırdı.
- Nənəni axtarmamısan,
qohumların yoxdur?
- Yox, axtarmamışam.
Bəlkə də var, mən bilmirəm.
- Sən təhsil
almısan?
- Yox, məni məktəbə göndərməyiblər.
- Bəs savadsız
oğlana oxşamırsan, axı?
- Oxuya bilirəm,
yaza bilirəm.
- Harda öyrənmisən?
- Uşaq evində.
- Harda yaşayırsan?
- Parklarda, bloklarda.
Bayaq Gülnaranın qolundan tutub aparan qız,
sakitcə, hətta bir az qorxaraq mənə
yaxınlaşır.
- Bacı, mən
üzr istəyirəm, bu nəyə
lazımdır?
- Rüfət özü
bilir,- deyirəm.
- Mənim də
anam həbsdədir, küçələrdə
yaşayıram,-deyir həmin qız. Açıq-aşkar
nəsə istəyəcəyi bəllidir.
Amma
yanımda Rüfət
əyləşib, onunla olan söhbətimi
yarımçıq saxlamaq fikrim yoxdur.
- Rüfət, maraqlıdır
ki, sən özün mənə
yaxınlaşdın, təklifimi rədd etmədin. Bu qədər əziyyət çəkirsən,
amma insanlarla yaxşı ünsiyyəti necə qurursan?
- İnsanları deyəndə ki, baxır
hansı insana. Sənə baxanda məndə
adi insan təəssüratı yarandı. Anladım ki, səndən mənə pislik gəlməz.
- Bəs necə
ayırd edirsən ki, hansı insandan sənə
pislik gələr?
- Baxışından, xasiyyətindən. Ümumiyyətlə,
insana baxanda bilirəm necə insandır.
- Rüfət, küçədəki
uşaqların zərərli vərdişləri
olur, səndə
də var o vərdişlər?
- Bir dəfə
kley iyləmişəm.
- Nə hiss etmisən?
- Başım gicəllənib,
yıxılmışam yerə.
- Bəs siqaret,
ya da digər?
- Siqaret aradabir.
Amma başqa heç bir zərərli vərdişlə
məşğul deyiləm. Çünki
ziyan olduğunu bilirəm.
- Rüfət, özün
üçün nəsə etmək istəmirsən?
Elə küçədə yaşayacaqsan?
- Köməklik olsa
nəsə edərəm. İnanırsan,
hələ özümə peşə seçməmişəm.
Mənim əlimdən hər şey gəlir, hər
şey bacarıram. Arzum kinoloq olmaqdır.
Təəccüblü
baxışlarla rəfiqəmə
baxıram və yenidən Rüfətə
tərəf dönürəm.
- Kinoloq?
- Hə də. İtlərə baxan. ( red:
Kinoloq- kynos (it) və loq (iş) sözlərindən
götürülüb, itlərin təlim-tərbiyəsi ilə
məşğul olan şəxsdir).
- Belə terminləri
harda öyrənmisən?
- Çöllərdə.
Yenə
Gülnaranı qolundan
çəkib aparan qız Rüfətin
qulağına nəsə pıçıldayır. Rüfət yenə yaxşı deyib,
başını sallayır. Amma
anlayıram qız ona deyir ki, məndən pul istəsin.
Amma Rüfət bunu qəbul etmir.
- Rüfət, sənin
gözlərində kədər var, niyə
atmırsan o kədəri?
Üzünü
digər tərəfə
çevirir, gözlərinin dolduğu hər-halından
bəllidir. Cavabı qısadır.
- Nə bilim.
- Küçələrdə yaşayırsan, nədənsə
qorxursan?
- Heç nə,
soyuqdan ölməkdən çox qorxuram.
- Donmusan?
- Hə, o qədər,
bu yaxınlarda qar yağırdı, bloklarda titrəyə-titrəyə
yaşadım.
- Rüfət, kimisə
qoruduğun zamanlar olub?
- Hə, o qədər.
- Məsələn, elə
bu bağda çox olur. Hansısa
bir qız əyləşir. Kimsə gəlib
sataşanda, tez gəlirəm. Həmin
adama ağzıma gələni deyirəm. Elə
də olur ki, uşaqları yığıram başıma, gəlib
o uşağı döyürük.
- Davalara qarışırsan?
- Hə. Düzü, haqlı
olanın tərəfini tuturam.
- Amma kiməsə
zərər verməzsən?
- Təbii ki, Allahın verdiyi canı mən niyə
alım? Məndə elə şey yoxdur.
- Küçədə yaşadığın müddətdə
oğurluq eləmisən?
- Yox. Niyə
oğurluq edim? Mənə həbsxanada
oturmaq lazımdır? Allah görür.
Bəlkə biri o pulu min bir əziyyətlə
qazanıb. Mən onun halal zəhmətini
niyə götürüm?
- Oğurluq görmüsən?
- Görmüşəm. Həmin an da ordan uzaqlaşmışam.
- Rüfət, təhsilini
davam etdirmək, işləmək fikrin
yoxdur?
- O qədər istəmişəm,
müraciət etmişəm ki. Deyirlər
balacasan.
- Bəs niyə
heç bir yerdə usta şagirdi
olmamısan?
- Orda işləsəm,
harda qalacağam? Hər
gün belə təmiz vəziyyətdə olmuram.
- Bəs harda yuyunursan?
- Jurnalistlər olur,
kömək edirlər. Gedib
onların, ya da dostlarının evində yuyunuram. Feysbukda yazıram ki, evsizəm. Kiminsə
evində yuyunmağa icazə var? Ordan
köməklik edənlər olur.
- Feysbukdan necə
istifadə edirsən?
- Arada-bir axşamlar
gedib internet-klubda girirəm.
- Geyimləri hardan
alırsan?
- Keçiddən (28 may
stansiyasındakı ticarət yerini nəzərdə tutur),
vosmoydan (8-ci kilometr bazarı). 28-in keçidində
tək-tük verirlər. Amma vosmoyun
bazarında tez-tez verirlər.
- Kitab oxuyursan?
- Hə, tapsam, maraqlı kitab olsa oxuyuram.
- Məsələn?
- Məsələn, zoologiya.
- Sən heyvanlara,
bitkilərə bu qədər həvəskarsan?
- Həvəsim var. Özüm
küçədəki sahibsiz itlərə də baxıram. Yemək verirəm, gəzdirirəm. Onları sevirəm.
- Sevdiyin yazar,
film var?
- Nizami Gəncəvinin kitabı
var idi məndə, onu oxumuşdum. "Arşın mal alan" filminə baxmışam.
- Rüfət, siz
küçədə yaşayan
uşaqlar üçün dostluq nədir?
- Heç nə
(üzünü çevirir).
- Heç xoşuna
gələn qız olub?
- O qədər olub
ki (gülür).
- Rüfət, küçə
uşaqlarının sevgisinə hə deyən
qızlar olur?
- Çox az.
- Küçə uşaqlarından
evlənib xoşbəxt olanlarını
görmüsən?
- Hə, var.
- Sağlamlığını necə qoruyursan?
- Xəstə oluram,
elə xəstə-xəstə də gəzirəm
(əlimi alnına qoyuram, gülərək deyirəm ki,
qızdırman yoxdur).
- Mehriban ailə
görəndə nə hiss edirsən?
- Heç nə,
pis vəziyyətə düşürəm.
O qədər kənara çəkilib ağladığım
vaxtlar olub ki. Camaatın ailəsinə baxıram.
Görürəm ki, məndən yaxşı
geyinib, gülürlər-danışırlar. Heç
kimdən əskik deyiləm, amma...
- Təbii ki, heç kimdən əskik deyilsən. Mübarizə apar. Kimdənsə
pul istəməklə həyat davam etməz.
- Necə mübarizə
aparım? Harda işləyim.
Yaşım azdır deyə heç bir yerdə
işə götürmürlər.
- Niyə sığınacaqlarda
qalmırsan?
- Öyrəşə bilmirəm. Amma ev şəraiti
olsa elə yaxşı yaşayaram ki. Bu dəqiqə
şansım olsa gedib oxuyaram.
- Rüfət, gələcək
üçün başqa nə
planların var?
- Belə davam etsə mənim gələcəyim olmayacaq. Arada olur ki, özüm-özümlə
danışıram. Deyirəm, belə
yolla hara gedəcəyəm. Əlimdə
imkanım yox, bir şey yox.
Rüfətə
təşəkkür edirəm
və ayrılırıq.
Rəfiqəm
deyir ki, necə yaxşı uşaqdır, o birilərindən
çox fərqlənir. Təsdiqləyirəm.
- Gözəl gözləri
var, ondan film qəhrəmanı da olar.
Olar. Niyə də olmasın. Amma təəssüf
ki, o, kənardan küçə uşağı kimi
tanınır. O hələ ki, küçə
uşaqlarının qəhrəmanı ola
bilər. Gerisini isə zaman göstərər.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.-
2015.- 7 fevral.- S.16.