Beynəlxalq uşaq kino

məktəbinin açılışı olub

Bakı Avropa Liseyi Yaponiyanın  "TokyoCinema" studiyası ilə birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbi layihəsinə başlayıb.

Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbinin açılışı  münasibətilə tədbir keçirilib.

Tədbirdə  Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova  çıxış edərək bildirib ki, kino məktəbin yaradılmasının əsas məqsədi uşaq və yeniyetmələrdə kinematoqrafiya sənətinə marağı artırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır.   Gələcəkdə  liseyin şagirdləri ilə yanaşı, digər məktəblərin də şagirdləri layihədə iştirak edəcəklər. Qeyd edilib ki, kino məktəbə uşaqlar birinci sinifdən qəbul olunacaqlar. Burada  Azərbaycanın tanınmış kino xadimləri, kinematoqrafçıları ilə yanaşı, yaponiyalı mütəxəssislər də  balacalara kinonun sirlərini öyrədəcək, yeni ideyalar verəcək, kino haqqında məlumatlarını genişləndirəcəklər.

Sonra tədbirdə çıxış edən  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali məktəbin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən  söz açıb.  Rektor  bildirib ki, layihə çərçivəsində açılan beynəlxalq uşaq kino məktəbi səmərəli fəaliyyəti ilə məktəblilərin zövqünün, dünyagörüşlərinin   formalaşmasında  əhəmiyyətli rol oynayacaq. Bu kino məktəbə  ADMİU-nun kino sahəsi üzrə böyük təcrübəsi olan müəllimləri cəlb olunacaq və şagirdlərə ustad dərsləri keçəcəklər.  Layihəyə azərbaycanlı mütəxəssislərlə bərabər xarici mütəxəssislər də cəlb olunacaqlar.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanda belə bir məktəbin yaradılması təşəbbüsünü yüksək  qiymətləndirib.  Qeyd  edib ki, kinematoqrafiya plastik sənətdir, gəncləri erkən yaşdan bu sənətə yönəltmək, onlarda bu sahəyə məhəbbət aşılamaq olduqca təqdirəlayiq haldır.

Çıxış edənlər  kino məktəbin fəaliyyətinə uğurlar arzulayıblar və  Azərbaycan kinosunu beynəlxalq miqyasda tanıdacaq kinematoqrafçıların yetişəcəyinə əminliklərini  ifadə ediblər.

Sonda  məktəblilərin kino haqqında fikir və düşüncələri, mahnılar dinlənilib, liseyin şagirdləri barədə videoçarx nümayiş olunub.

Sifai SƏFƏROVA

Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.3.