Əziz Əfəndizadə məktəbinin
davamçısı
Pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov XX əsr Azərbaycan pedaqoji
fikrinin inkişafında böyük
xidmətləri olan görkəmli alim, professor Əziz Əfəndizadənin
layiqli davamçılarındandır. Elbəyi Sadıq oğlu Maqsudov 16 fevral 1955-ci ildə
Naxçıvan Muxtar Respublikası Babək
rayonunun sərhəd bölgəsində
yerləşən Gərməçataq kəndində anadan olub. İbtidai
təhsilini doğma kəndlərində
almış E.Maqsudov qazandığı
nailiyyətlərin təməlini qoyan unudulmaz sinif müəllimi
Əvəz Hüseynovun, Azərbaycan
dili müəllimi Adilə
Əliyevanın adlarını həmişə böyük
hörmət və məhəbbətlə
xatırlayır. O,
ibtidai sinifdə oxuyarkən Azərbaycan dili müəllimi olmaq arzusu ilə yaşayıb. 1972-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialının qiyabi
şöbəsinə daxil olub, həmin ildən də 17 yaşlı gənc
məktəbdə müəllimə ciddi
ehtiyac olduğu üçün doğma
kəndlərində ana dili müəllimi işləyib.
"Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında maraqlı metodik məqalələrlə müntəzəm çıxışlar edib. 1980-1990-cı illərdə Azərbaycan, eləcə də VIII Ümumittifaq pedaqoji mühazirələrində maraqlı çıxışları ilə fərqlənib. Bütün pedaqoji fəaliyyəti boyu qabaqcıl iş təcrübəsi ilə fərqlənən, dil tədrisi jurnallarında, bülleten və qəzetlərdə çıxışlar edən Elbəyi müəllim bir çox dilçi tədqiqatçılar kimi Azərbaycan Respublikasının əməkdar müəllimi, görkəmli metodist alim, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadənin diqqət və qayğısından da yayınmayıb. Mərhum professor Ə.Əfəndizadənin təklifi ilə ucqar kənd müəllimi 1986-cı ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun) aspiranturasına daxil olub.
1992-ci ildə "Azərbaycan dili dərslərində fənlərarası əlaqədən (rus dili fənni ilə) istifadənin imkanları və səmərəli yolları" (V-IX siniflər) mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb.
Metodist alim kimi bir neçə il Gərməçataq kənd orta məktəbində, Naxçıvan şəhərindəki "Xanım qızlar","Türk oğlanlar liseyi"ndə və 3 nömrəli rus məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Hələ orta məktəbdə işləyərkən namizədlik dissertasiyası müdafiə edən Elbəyi müəllim haqqında, onun elmi-pedaqoji fəaliyyəti barədə həmişə xoş sözlər, ürəkaçan fikirlər səslənib. Gərməçataq kəndindən Naxçıvan şəhərinə müəllim işləməyə gəlməsi heç də asan başa gəlməyib. Rus məktəbinə üç müəllim götürülməli idi. Bu yerlərə elan edilmiş müsabiqəyə 30-dan çox müəllim sənəd təqdim edib. Müəllimlərin seçilməsi üçün müsabiqə komissiyası bir ay ərzində onların "açıq dərs"lərini dinləyib. Komissiya ilə yanaşı, müsabiqəyə sənəd təqdim etmiş müəllimlərin özləri də bu "açıq dərs"ləri dinləyiblər. Müsabiqə olduqca obyektiv və ciddi keçirilib, həmin müsabiqədə Elbəyi müəllimin komissiya və müsabiqə iştirakçıları tərəfindən dinlənilən bütün dərsləri əla qiymətləndirilib.
1988-ci ildə VIII Ümumittifaq pedaqoji mühazirələrində fəal iştirakına görə Babək rayonu Gərməçataq kənd orta məktəbinin müəllimi E.Maqsudov Azərbaycan Pedaqoji Cəmiyyətinin, SSRİ Təhsil Nazirliyi və Pedaqoji Elmlər Akademiyasının fəxri fərmanları ilə təltif olunub.
2008-ci ildə "Azərbaycan və türk dilinin müqayisəli tədrisinin tələbələrin linqvistik təfəkkürünün inkişaf etdirilməsinə təsiri" (ali məktəblərin filologiya fakültələrində) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
E.Maqsudovun elmi tədqiqatları Azərbaycan dilinin mükəmməl öyrədilməsini, onun qohum və qohum olmayan dillərlə qarşılıqlı-müqayisəli tədrisini, şagird və tələbələrin linqvistik təfəkkürünün inkişafını, dilimizin qrammatik qayda-qanunlarının şüurlu dərk etdirilməsini və uzunmüddətli yadda qalmasını; fənlərarası və dillərarası əlaqənin təlimdəki əhəmiyyətini, onlardan istifadənin imkan və yollarının metodik sistemini, öyrəncilərin məntiqi təfəkkürünün formalaşdırılmasının müxtəlif aspektlərdən işıqlandırılması məsələlərini əhatə edir.
E.Maqsudovun tədqiqatları Azərbaycan dilinin türk dilləri ailəsindəki yerini, onun dərindən və incəliklərinə qədər öyrənilməsinin əhəmiyyətini, ana dilimizin digər dillərlə müqayisə, qarşılaşdırma zəminində hərtərəfli mənimsədilməsinin səmərəliliyini təmin edir.
Elbəyi Maqsudovun "Poetik-praktik Azərbaycan dili" adlı dərs vəsaiti dövlət dilinin tətbiqi sahəsində poetik dillə yazılmış ilk fundamental əsərdir. Əsər məktəblilər, abituriyentlər, müəllimlər və xaricdə yaşayan həmvətənlərimiz üçün əvəzsiz mənbədir. Vəsait Təhsil Nazirliyi tərəfindən nəşr olunaraq məktəb kitabxanalarına göndərilib. Azərbaycan dili qrammatikasının tarixində ilk müəllifdir ki, poetik- praktik qrammatika yaradıb. Bu əsərdə dilin bütün bölmələri elmi, bədii və təcrübi şəkildə poetikləşdirilib.
"Poetik-praktik Azərbaycan dili" kitabı böyük intellektual düşüncə ilə ciddi elmi təfəkkürün vəhdətindən yaranmış mükəmməl bir əsərdir. O, Azərbaycan dilini həm sevdirəcək, həm də asan mənimsədə biləcək bir elm nümunəsidir. Müəllifin bu əsəri 2014-cü ildə Azərbaycan Respublikasının Elm üzrə Dövlət Mükafatı Komissiyasına təqdim olunanlar siyahısında idi.
"Poetik-praktik Azərbaycan dili" kitabının 9 aprel 2012-ci il tarixdə geniş şəkildə təqdimatı keçirilib. Keçirilən ilk təqdimatda akademik İsa Həbibbəyli əsər haqqında öz fikirlərini belə ifadə edib: "Mən deyərdim ki, "Poetik-praktik Azərbaycan dili" kitabı Elbəyi Maqsudovun yaratdığı dil abidəsidir. Ana dili abidəsidir, ana dili çırağıdır. İşıq saçır ana dilinə - bütövlükdə ana dilimizin mühitinə, incəliklərinə, dərinliyinə, zənginliyinə işıq saçır. Bu, çox böyük zəhmətin nəticəsidir. Azərbaycanda, eləcə də dünyada ana dili elminin qrammatikasını poetik dillə yaratmağa girişən adamlar, ümumiyyətlə, azdır və ya yoxdur. Dünyada barmaqla sayılacaq qədər azdır elmi poeziyaya gətirənlər. Bu, çox ciddi bir işdir. Mən bunu universitetimizin, dilçiliyimizin, metodikamızın, bizim elmi mühitimizin böyük nailiyyəti hesab edirəm. Bu, Azərbaycan dili elmində böyük nailiyyətdir".
E.Maqsudovun "Sözlər də insan kimidir" şeirlər kitabı, "Cümlələrin söhbəti" adlı qrammatik poeması, "Durğu işarələri" adlı birpərdəli mənzum pyesi və poetikləşdirilmiş digər qrammatik nümunələri bədii düşüncə ilə elmi-metodik təfəkkürün vəhdətindən yaranmış, ana dilimizi sevdirə biləcək mükəmməl elmi, bədii və praktik nümunələrdir. Belə poetik nümunələr təhsilalanların dərin marağına səbəb olur, onları yorğunluqdan qoruyur, bədii və məntiqi təfəkkürlərini inkişaf etdirir, dərsdə gərəkli elmi diskussiya üçün situasiya yaradır, motivasiya üçün əsas baza olur .
24 iyun 2002-ci ildən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Elbəyi (Sadiq) Maqsudov "Ürək bir dünyadır", "Poetik türkəçarələr", "Təmsillər" və s. kimi dəyərli poetik kitabların müəllifidir.
Professor Əziz Əfəndizadə məktəbinin yetirməsi olan E.Maqsudov 30 ildən çoxdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi" jurnalında müəllimlərə kömək edə biləcək, şagirdlərdə maraq doğuran, dil təlimi üçün aktual olan çox maraqlı elmi-metodik məqalələrlə çıxış edir, qabaqcıl iş təcrübəsini həmkarları ilə müntəzəm bölüşməyi bacarır.
O, Türkiyə Cümhuriyyəti Kültür Bakanlığının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, pedaqoji cəmiyyətlərin müxtəlif fəxri fərmanları ilə təltif olunub. 1984-cü ildən metodist müəllim kimi pedaqoji fəaliyyət göstərir. Müntəzəm olaraq öz üzərində çalışan Elbəyi müəllim Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı tədqiqatların müəllifidir. "Ana dili dərslərində dillərarası əlaqədən istifadənin ümumi məsələləri", "XXI əsrin öyrənciləri üçün Azərbaycan dili və ədəbiyyatdan testlər", "Azərbaycanca-türkcə, türkcə-azərbaycanca qarşılıqlı dilçilik terminləri lüğəti" , "Dillərarası əlaqə təliminin metodikası", "Dillərin müqayisəli tədrisi: imkanlar və vasitələr", "Sözlər də insan kimidir", "Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əlaqəli tədrisi üçün çalışmalar", "Azərbaycan dilinin tədqiqi və tədrisi məsələləri", "Poetik-praktik Azərbaycan dili" kitablarının, "Cümlələrin söhbəti" adlı qrammatik poemanın, "Durğu işarələri" adlı birpərdəli mənzum pyesin və s. elmi-metodiki, bədii əsərlərin müəllifidir.
2007-ci ildə "Azərbaycan Pespublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
Görkəmli alim müntəzəm olaraq beynəlxalq və respublika miqyaslı elmi tədbirlərdə çıxışlar edir. Türkiyə, Rusiya, İran, Özbəkistan və Pakistanda keçirilən qurultay, konfrans və simpoziumlarda ana dilinin tədrisi ilə bağlı elmi-metodik çıxışları yüksək səviyyədə qarşılanıb.
Həmişə öz üzərində çalışan Elbəyi müəllim Azərbaycan dilinin tədrisi metodikası ilə bağlı maraqlı tədqiqatların müəllifidir. Onun 150-dən çox elmi məqaləsi, 15 kitabı və 4 proqramı (magistr və bakalavr hazırlığı üçün) nəşr edilib.
Elbəyi Maqsudovun dərin məzmunlu, həzin, lirik şeirlərinə tanınmış bəstəkarlar tərəfindən bəstələnmiş musiqilər müxtəlif dövlət tədbirlərində ifa edilib. Bəstəkar Kamal Əhmədovun "Vətəndir", "Anacan", "Rekviyem", "Zəfər marşı", Şəmsəddin Qasımovun "Ata", Nazim Quliyevin "Naxçıvanlılar", Əqidə Ələkbərovanın "Həbibə" və s. mahnıları belə uğurlu əsərlərdəndir.
Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 17 yanvar 2008-ci il tarixli qərarı ilə "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru Elbəyi Sadıq oğlu Maqsudova 2007-ci ildəki elmi nailiyyətlərinə görə "İlin alimi" fəxri adı, 2014-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib.
E.Maqsudov
10-dan çox doktorant və dissertanta elmi rəhbərlik edir.
Metodist dilçı-alim, pedaqoq-şair
Elbəyi Sadıq oğlu Maqsudovu 60 illik yubileyi münasibətilə təbrik
edir, ona yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Ənvər ABBASOV,
Təhsil Problemləri İnstitutunun
direktor müavini
Azərbaycan müəllimi.-
2015.- 14 fevral.- S.9.