15 ilə
5000 kitab oxuyub
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin
tələbəsi Rübabə
Qasımova ilə söhbət
Son
günlər bir çoxları 26 yaşlı azərbaycanlının
təqribən 5 min kitab oxumasından danışır. Tovuz
sakini olan Rübabə Qasımovanı mən də tanımaq
və onun kitablara olan sevgisindən danışmaq istəyirəm.
Rübabə xanımla əlaqə yaradıram. Tovuzda
olduğunu biləndə bir anlıq təəssüf hissi
keçirirəm. Amma məni sevindirən məqam
müsahibimin Bakıya gəlməsi barədə verdiyi məlumat
olur:
-
Hazırda Tovuzdayam, amma sabah "Gənc ədiblər" dərnəyinin
görüşü və universitetdəki bəzi tədbirlərlə
bağlı Bakıya gəlirəm.
- O
zaman sizi redaksiyamızda gözləyirik, - deyirəm.
Budur Rübabə xanım artıq redaksiyamızın qonağıdır. Onunla əvvəlcə Tovuzdan, sərhəd bölgəsindəki məktəblərdən, təhsildən söhbət edirik. Müsahibim deyir ki, sərhəd bölgəsində yaşayan insanlar nə güllə səsindən, nə ermənidən, nə də başqa bir şeydən qorxurlar. Onlar belə qorxuları çoxdan geridə qoyub.
Razılaşmamaq mümkün deyil, dediklərində haqlıdır.
Müsahibimə sualları ünvanlamağa başlayıram.
- Rübabə xanım, sizi tanıyaq.
- Ədəbi aləmdə Rübabə Sahib kimi tanınıram. Azərbaycan Dövlət Pedaqoji Universitetinin, "Azərbaycan ədəbiyyatı" ixtisası üzrə magistrantıyam. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvüyəm. Bir kitab müəllifiyəm. Əslən Tovuzdanam. Tovuz rayonu Elxan Məmmədov adına şəhər tam orta məktəbini bitirmişəm. Bakalavr təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində almışam. Müəllim olmaq uşaqlıq arzum olub. 11 yaşımdan əlimə qələm almışam, mənim üçün ədəbiyyatın və sənətin yeri başqadır. İşimlə əlaqədar olaraq Bakıda yaşayıram. Anam rayonda yaşadığı üçün ora tez-tez gedib-gəlirəm.
- Niyə müəllimliyi seçmisiniz?
- 5 yaşımdan müəllim olmaq istəyirdim. Həmişə "nəçi olacaqsan" sualına, "akademik olacağam" cavabını verirdim. Əslində müəllimlikdən müqəddəs bir peşə görmədim. Müəllimlərim o qədər humanist, qayğıkeş, diqqətcil olublar ki nəticədə mən müəllim ruhunda tərbiyələnmişəm. Artıq orta məktəbin son siniflərində bir müəllim nitqi ilə izah verirdim. Uşaqları çox sevirəm. Onlar mənim üçün bir dünyadır. Onları öyrətmək, hər dəfə təbaşirli əllərlə çevrilib onların gülən gözlərini görmək bir ömrə dəyər. Və onlar üçün oxumuşam. Oxumuşam ki, dünyaya pəncərə kimi açılanda, ölkəmi təmsil edəndə millətim, xalqım qürur duysun (Bu an Məmməd Arazın şeirindən iki misra xatırlayır).
Vətən daşı olmayandan,
Olmaz ölkə vətəndaşı.
Vətənin daşı, torpağı, havası, suyu, hər şeyi olmağı bacarmalısan. Müəllim olmaq asandır, amma sənətinin fədaisi olmaq çətindir. Müəllimlərimin məni yetişdirdiyi, məndə həvəs oyatdığı kimi, mənim də şagirdlərimə bilik vermək, onları sevmək borcumdur.
- Biz sizi 5000 kitab oxuyan xanım kimi tanıdıq. Kitab oxumağa maraq hardan yarandı, ilk oxuduğunuz kitab hansı idi?
- Mən bir az nənə-baba uşağı olmuşam. Anamın ana tərəfi də müəllim olub. Anam ara-sıra yazan, ədəbiyyatı-sənəti sevən xanımdır. Həmçinin nənəm də. Mən körpə idim. Nənəm yaxşı şeirlər bilirdi. Oranın insanları əksərən sinədəftər olurlar. Körpəlikdən layladan daha çox şeirlərlə yatıb qalxmışam. Çox yaxşı yadımdadır, 3 yaşımdan sonrakı həyatım. Nənəm mənə təmsillər danışardı. Təbii ki, o zamanlar onların təmsil olduğunu bilmirdim. Mənim yatmağım üçün mütləq mənə hekayə və nağıllar danışardılar, ya da uzun bir şeir oxumalıydılar. Babam müəyyən əsərlərdən sitatlar gətirərdi. Beləcə tərbiyələndim, beləcə böyüdüm. 6 yaşım olanda nənəm "Koroğlu" dastanından "Həmzənin qıratı qaçırması" qolunu danışmışdı. Düşündüm ki, məktəbə gedib, yazıb-oxumağı öyrənən kimi, özüm oxuyacağam. Əlifbanı bitirən kimi nənəmdən ilk istəyim mənimlə birlikdə Koroğlu dastanını oxuması olub. Daha sonra nənəmin mənə danışdığı nağılları oxudum. Görüm nənəm mənə nəyi təhrif edərək danışıb? Uşaqlıqdan belə bir xüsusiyyətim var idi. Öyrənməyə çalışırdım ki, kim mənə nəyi səhv deyib, gedib özünə deyim. Nağıllardan sonra, "Dədə Qorqud" dastanını oxudum. Beləcə oxumaq istəyi, arzusu genişləndi.
- 5000 kitab oxumağınızın statistikasını necə aparmısınız?
- Oxumaq mənim amalımdır. Və çox sürətli oxuyanam. Nəzərə alsaq ki, ilk kitab oxumağa başladığım zamandan 18-19 il keçir. Amma ortalama olaraq 15 ilini götürürəm. Orta məktəbdə demək olar ki, bütün ədəbi əsərləri oxumuşdum. Biz oxuyanda ədəbiyyat fərqli tədris olunurdu. Hər dövrü ayrı-ayrılıqda öyrənirdik. Ədəbiyyatı ardıcıl və sistemli öyrəndiyimiz üçün əsərləri də elə oxuyurduq. Çox qəribədir ki, sinifdə 25 nəfərə yaxın şagird var idi. Müəllimlərim üçün yerim belə idi: Rübabə mütləq oxuyacaq və oxumalıdır. Bu tendensiya idi sanki. Və mən də oxumasam günahkar sayılardım. 3-cü, 4-cü sinifdə oxuyanda nənəm Məmməd Araz, Hüseyn Arifdən şeirlər deyirdi. Mən də gedib o şeirləri tapıb oxuyurdum. Yaxşı xatırlayıram, 6-cı sinfi bitirmişdim "Qabusnamə"ni oxuyanda. Daha sonra "Tutinamə"ni, Nizam-əl-Mülkün "Siyasətnaməsi"ni oxudum. Hansı ki, bunlar orta məktəb səviyyəsində deyildi, bunları oxumaya bilərdim. Bəlkə də ailəmin mənə verdiyi təkan, onların məni düzgün istiqamətləndirməyi, düzgün mühitdə tərbiyələnməyim, ustad müəllimlərdən təhsil almağım, bütün bu amillər öz bəhrəsini verib. Artıq ali məktəbə gələndə bir oxuma vərdişi qazanılmışdı. Universitetdə müəllimlərimin mənə etimadı var idi. Slavyan ədəbiyyatından bizə dərs deyən, eyni zamanda elmi rəhbərim Təranə Turan Rəhimli auditoriyaya girəndə deyirdi ki, Rübabə, bilirəm ki, bilirsən. O sözdən o qədər qorxurdum ki.
- Birdən bilmərəm, bunu düşünürdüz?
- Bəli, birdən bilmərəm. O elə bir qorxu, vahimə idi. Əslində gözəl qorxu idi. Amma məsuliyyətli, yükü ağır idi. Demək olar ki, həm bakalavr, həm də magistr təhsilimin hamısı Axundov kitabxanasında (Mirzə Fətəli Axundov adına Milli Kitabxana) keçdi. Amma ali məktəbdə daha çox nəzəri ədəbiyyatlar oxudum, ədəbiyyatın nəzəri hissəsini, tənqidşünaslıq, dilçilik, türkologiya ilə bağlı kitablar oxudum. İmtahanlararası məsafələr az olduğuna görə sürətlə oxumalı idim. 5000 kitab oxumaq deyəndə, bunu tam olaraq müəyyənləşdirməmişəm. Sadəcə soruşdular və ifadə etdim ki, bir gündə nə qədər kitab oxuyuram. Hər gün 3 kitab oxuya bilmərəm. Çünki ailə-məişət qayğılarımız, bundan başqa ictimai mövqeyim, işlərim var. 3 kitab oxuduğum vaxtlarım çox olub, 24 saatın 18-19 saatını dayanmadan oxumuşam. Gün ərzində 3 ədəd ingilis dilində kitab oxumaq çətindir, ağırdır. Tələbəlik vaxtı 3 kitabı çox rahatlıqla oxuya bilirdim, çünki işimin adı kitab oxumaq idi. 5000 kitab olmasını isə təxmini hesablamalara görə jurnalistlər dedi. Rayon kitabxanasında illərdir ard-arda ən aktiv oxucuyam. Bakıdakı kitabxanalarla mütəmadi işləyirəm. Magistr dissertasiyamda 82 ədəbiyyatdan istifadə etmişəm. 82 ədəbiyyatı iki aya oxudum. Tək oxuyan mən deyiləm, oxuyanlar var. Onların da üzə çıxarılmağa haqqı var.
- Xarici ədəbiyyatla aranız necədir? Daha çox kimləri oxumağı sevirsiniz?
- Son
dövr ən çox sevdiyim Paulo Koelhodur.
-
Hansı əsəri ilə sevdirdi özünü sizə?
- "Əl-Kimyagər", "Zahir"lə.
- "Kimyagər"in sonluğunda yenidən başa
qayıtmaq diqqətinizi çəkdi?
- Heyrətləndirdi.
Sənətkarın qüdrəti, məncə,
odur. Həyat mənim üçün heyrətdir.
Əgər heyrətlənmirəmsə,
yaşamıram.
-
Rübabə xanımın ən sevdiyi yazar kimdir?
-
Ümumiyyətlə, sevirəmsə oxuyuram. Oxumadıqlarım
var, açmışam kitabı, bir neçə səhifə
oxumuşam və həmin səhifələrdə heç nə
ifadə etmədiyini görmüşəm. Kitab məni çəkməyib. Sənətkarı ümumilikdə analiz edirəm.
Bəzən bir misra sənətkarı
yaşatmağa yetir. Bir bənddə əsər
yaradanlar var. Bu mənada həyat idealım İsmayıl
Şıxlı olub.
- Bəs
İsmayıl Şıxlıdan sonra?
- Ondan
sonra Mirzə Ələkbər Sabirin
yaradıcılığını sevirəm.
Çağdaş dövrdə İsi Məlikzadə, İsa
Hüseynov, Bəxtiyar Vahabzadə...
-
Onları sevməmək olarmı?
-
Doğrudan da (sevdiyi yazarların adını sadalamağa davam
edir). Məsələn, Nigar Rəfibəyli. O qədər həssas,
o qədər həzin olub. Nigar Rəfibəyli
qadınlığın ən üst nöqtəsində olan
Azərbaycan xanımlarından biridir. Bunu
biz Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Fatma
xanım Kəminə üçün də deyə bilərik.
Onlar da mənim üçün əziz
insanlardır. Ona görə ki, onlar bizim gənclərimizin,
körpələrimizin tərbiyələnməsi
üçün didaktik əsərlər yaradıblar. Məhsəti Gəncəvinin hansısa rübaisindən
bir körpəyə nəsə öyrədə bilirəmsə
bununla qürur duyuram.
-
Neçə ildir, AYB-yə üzvsünüz?
- Bir il. Əslində hansısa birliyə
üzv olmaq, tanınmaq, bunları sevmirəm. Oxumağım barədə kütləvi informasiya
vasitələrində məlumatlar yayıldı.
-
Çox qısa idi. Sadəcə 5000 kitab
oxuduğunuz vurğulanırdı.
-
Çünki özüm barədə danışmağı
sevmirəm. Yəni ilk sizinlə belə
açıq danışıram. Şou
üçün oxumamışam ki. Tərifi
sevmirəm, tənqidi sevirəm. Mən
türk qızıyam. Oxumaq əzəli və
əbədi vəzifə borcumdur. Mahmud
Kaşğarlı "Divani lüğətit-türk" əsərinin
əvvəlində Məhəmməd Peyğəmbərdən
(s.a.s) bir sitat gətirir ki, türkün dilini öyrənin,
çünki onun uzun sürən səltənəti olacaq.
O ərəblərə, digər millətlər deyirdi ki,
öyrənin. Mən
türkəm, bu cür gözəl Azərbaycan
dilim var. Axıcı, rəvan, musiqili, ahəngdar.
- Və
bu qədər gözəl əsərlərim var.
Başı ilə təsdiqləyir.
-Xarüqüladə
yaradılmış sənət əsərləri. Əsərlərin dili necə gözəldir. Xarici ədəbiyyatlarda dilin dəb-dəbəsinə
fikir verirlər. Deyirəm ki, Anarı əbədiyaşar
edən bilirsiniz nədir? O qədər lakonik yazır. Az sözdə çox məna ifadə edir. Artıq dağın-daşın gözəlliyini tərənnüm
etmir. Belə tərənnümlərə
bir zaman ehtiyac var idi. Ötən əsrin
ortalarında 60-cılar nəsli yarandı. Yenilikçi olmaqla yanaşı gördülər
ki, ölkədəki qlobal şəraiti, insanların psixoloji
yorğunluğu uzun əsərlərə marağı
azaldır. Artıq onlara həcmi az,
mənası geniş əsərlər lazımdır. Dilimizin gözəlliyi, imkanları belə əsərlər
yazmağa imkan verirdi.
- Bu qədər
çox oxumaq səhhətinizə problem yaratmır?
- Təkcə ötən ilin son
üç ayında 150-dən çox kitab oxudum. Təxminən dekabr ayının sonlarında səhhətimdə
problem yaşadım. İki dəfə
üst-üstə damaq əməliyyatı keçirdim.
Üç ay əvvəldən güclü
keyləşdiricilər vurdular. Təxminən
bir ay yaddaş pozğunluğu yaşadım. Soyadım, ixtisasım yadımdan çıxdı.
Evdən çıxıb evin yerini
xatırlamadığım zamanlar oldu. Çox sağ olsun həkimlər, səhhətimdəki
problemi aradan qaldırmağa çalışdılar. İndi də müayinə olunuram. Həddindən ziyadə oxumaq partlayış
yaratmışdı. Beyni bu qədər də
yükləmək olmaz. Amma sizə bir
söz deyəcəyəm. Kitablar
insanı günahlarından arındırır. İnsanı səhv etməyə qoymur. Hansı gün ki, özümü kitablara həsr
edirəm, o gün qəlb qırmıram. Bir
qıyğacı baxışla baxmıram, çox rahat
oluram. Bunun üçün nəyə
borcluyam? Kitablara.
- Sərhəd
zonasında yaşayan biri kimi, güllə səslərində
kitab oxuduğunuz zamanlar olub?
- Rayon mərkəzində
yaşayıram. Ona görə o səslərdən bir az uzağam. Güllə səslərini
eşitmək istəyim də olub, kəndə getmişəm.
Amma mən gedəndə sakitlik olur həmişə. Amma
uşaqlığımı da xatırlayıram. Yeraltı səngərlərə girmişik,
başımı qaldıranda güllələrin
işığın görmüşəm.
- Siz nədən
yazırsınız?
- Şairəm demək günah olar. Bu sözü
ifadə etmək üçün cəsarətli deyiləm.
Bəlkə 30 il sonra. Bu
gün yeri gələndə qələmim kağıza
toxunur. Lirik şeirlə başladım, sonra lirik-romantik
şeirlər öz yerini ictimai şeirlərə, onlar da qəzələ
verdi. Elə məqam gəldi
ki, fikirlər məqalələrdə, esselərdə cəmləndi.
Amma düşünürəm ki, elmi dərəcəmi
artırmaq istəyən biri kimi mənim borcum şeiri
yazmaqdan çox, onu tənqid etmək, təhlillər
aparmaqdır.
- Siz
deyirsiniz ki, telefonumu sataram, ac qalaram, kitab alaram. Belə
bir fikir var ki, kitab oxuyanların sayı azalır. Necə düşünürsünüz, kitab oxumaq,
onu sevmək üçün nə etmək lazımdır?
- Xatirə
üzüyümü satıb, onun puluna 5 kitab
almışdım. Kitab oxumaq, onu sevmək
üçün ilk növbədə genetik amillər rol
oynayır. Uşağın qanı, geni,
daha sonra ailəsi və mühit. Bunlar birləşir
və bir dairə yaradırlar. Sən o
dairənin içində kitabla tərbiyələnmisənsə,
elə onunla da qalacaqsan. Psixoloji durumu ağır olan
insanlara kitab oxumaq məsləhət görürlər ki,
onlar bir az sakitləşsin. Ən
gözəl müalicə üsulu, mənəvi qidadır
kitab.
- Yalnız
kitab oxuyursunuz, yoxsa digər maraqlı məşğuliyyətləriniz
də var?
- At
sürməyi çox sevirəm. Xüsusilə
də at sürəndə "Sarı gəlin"i, ya da
"Dədə Qorqud"da Beyrəyin söylədiyi
"İncə bellim"i oxuyuram. Tennis
oynamağı, üzməyi sevirəm. Mən
uşaqlıqdan ata Burla xatun, Selcan xatun, Sara xatun kimi minmək
istəmişəm. At belində mahnı bəstələmişəm.
Bir də mətbəxi, şirniyyatlar bişirməyi
və anama yedirtməyi sevirəm.
- "5" ala bilmisiniz?
- Bəyənir.
Amma anamdan "5" almaq çətindir.
Məsələn, mən nə qədər
oxusam, anam deyir ki, oxumalıdır da. Onun mətbəxinə
girib, uğur qazanmaq çox çətindir. Ona "mətbəx şahzadəsi" deyirəm.
Mənim yanımda olmasa da, "5" verdiyi
vaxtlar olub.
- Gələcək
planlarınız nədir?
- Əgər ömür vəfa etsə, ictimai
reallıq arzularımla tərs mütənasib olmasa və mən
bu əzmdə qala bilsəm, müəllim ömrü
yaşamaq istəyirəm. Ensiklopedik bir bilik
sahibi olmaq istəyirəm. Poliqlot (çox
dil bilən) olmaq, dünyanı gəzmək, bütün
dünyada Azərbaycandan bir iz qoymaq, Azərbaycanın elm məbədi
olmasını görmək istəyirəm. Gözəl tələbələr yetişdirmək,
onlar mənimlə qarşılaşanda, müəllimlərimə
duyduğum sevgini mənə duysunlar istəyirəm. Gözəl bir ailə başçısı olmaq,
ziyalı, müəllim tərbiyəsi ilə övlad
yetişdirmək istəyirəm. Bu gün
bu torpaq üstündə dururuqsa, minillər boyu qurub-yaradanlara
borcluyuq. Bəs biz nə qoyacağıq,
qarşıdakı minilliklərə?
-
Sonları sevmirəm. Amma söhbətimizi
yekunlaşdırmaq üçün nə demək istəyirsiniz?
- Son
olaraq ifadə etmək istədiyim (xəyala dalır),
bilirsiniz göydə Allah, yerdə anadır qibləgahımız.
Kədərli olanda ana qoynuna
sığınıb, zəif pıçıltı ilə
Allaha yalvarırıq. Bunların hər
ikisini bütünlüyü ilə dərk etmək, duymaq
üçün bir vasitəçi var. O elmdir, ziya
işığıdır. Elmin
işığı isə kitablarla mümkündür. Kitabları oxuyanda düyünlər
açılır. Düyünlər hər
açılanda Allahla anamız arasında daha böyük bir
vəhdət yarada biləcəyik. Sonluqda ana, Allah və
insan ali varlığını
bütünləşdirə bilərik. İnsan
sonsuzluğun ta ötəsinə gedə bilər. Biz ona elmi aləmdə kamilliyin zirvəsi deyirik.
Mən hər kəsə o zirvəyə nail olmağı arzu
edirəm.
O zirvəni
görmək hər birimizə nəsib olsun,-deyib, müsahibimə
təşəkkür edirəm. Mənə
kitabını hədiyyə edir. Diktofon
sönür, amma bizim müzakirələrimiz bitmir. Çünki kitab elə bir dəryadır ki, sən
yalnız onun bir damlasını əldə edə bilərsən.
Dəryanı əldə etməyə isə zaman, səbr və ən
əsası kitaba olan sevgi lazımdır.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 14
fevral.- S.10.