İstedadlı yeniyetmə
iyirmidən
çox
musiqi əsərinin müəllifidir
Arzu Abbasova 1999-cu ildə Bakıda
anadan olub. Heydər
Əliyev adına Müasir Təhsil Kompleksində ingilis qrupu
üzrə X sinifdə təhsil alır. 5 yaşında Heydər
Əliyev adına MTK-nın nəzdində olan 39 nömrəli
musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub,
2010-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib.
Hazırda Bakıdakı G.Şaroyev adına 35 nömrəli
onbirillik musiqi məktəbinin bəstəkarlıq şöbəsində
musiqi təhsilini davam etdirir. 12 yaşında olarkən
"Bahar gəldi", "Yeni gün", "Zarafat"
"Rəqs fantaziyası" kimi fortepiano üçün
kiçikhəcmli pyeslər yazıb. Bəstəkarlıq
üzrə rəhbəri Pikə Axundova ilə
tanışlıqdan sonra musiqiyə marağı daha da
artıb və yeni-yeni əsərlər yazmağa
başlayıb. Müəllif
2012-ci ildə iki - "Xoş arzular", "Bayram
sevinci" fortepiano üçün və "Nağıllar
aləmində" (fleyta və
fortepiano üçün) instrumental,
"Dalğaların rəqsi" (skripka və fortepiano
üçün) kimi
bir-birindən
maraqlı əsərləri
nota alıb.
2012-ci ildə Bəstəkarlar
İttifaqının "Azərbaycan uşaq musiqisi problemlər
və perspektivlər" adlı elmi-praktik konfransında
Arzunun bəstələdiyi "Nağıllar aləmində"
fleyta və fortepiano üçün əsəri səsləndirilib. Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor Firəngiz
Əlizadə müəllifin əsərini bəyənərək
yüksək qiymətləndirib. Yeniyetmə ruhlanaraq daha
mürəkkəb xarakterli, tarixi və fəlsəfi əsərlər
yazmağa başlayıb. Belə ki, müəllifin
yaradıcılığında xüsusi yer tutan fortepiano
üçün "Mövzu və variasiyalar", "Anamın
laylası", "Vida valsı", "Xatirələr"
əsərlərini yazıb və görkəmli xalq şairi
Bəxtiyar Vahabzadənin
"Bayraq" şeirinə uşaq xor kollektivi
üçün musiqi bəstələyib.
2013-cü ildə Azərbaycanın
görkəmli bəstəkarları müəllifin bəstələdiyi
əsərlərlə hərtərəfli tanış
olduqdan sonra onlara yüksək
qiymət verərək həmin əsərlərin məcmuə
şəklində çap olunaraq uşaq musiqi və incəsənət
məktəblərində tədris vəsaiti kimi istifadə
olunması məqsədəuyğun hesab edilib.
2013-cü ildə Mədəniyyət
və Turizm Nazirliyi müəllif tərəfindən bəstələnmiş
"Xoş arzular" musiqi əsərlərinin uşaq musiqi
və incəsənət məktəblərində tədris
vəsaiti kimi çap olunmasına icazə verib. Gənc
müəllifə göstərilən diqqət və
qayğı onun məsuliyyətini daha da artırıb. Xeyli vaxt tarixi məlumatlar
topladıqdan sonra o, 2013-cü ildə "Pamukkale"
proqramlı suitasını (fortepiano, skripka və
violençel) qələmə alıb.
Artıq müəllif
bütün insanları düşündürən fəlsəfi
və maraqlı mövzulara müraciət etməyə
başlayıb və ilk olaraq uşaq xor kollektivi
üçün "Sülh nəğməsi"
(sözləri Gülzar İbrahimovanındır) əsərini yazıb.
"Cənnət lövhələri"
haqqında qələmə aldığı proqramlı suita kvintet formasında
5 musiqi aləti (fortepiano, arfa, 2 fleyta və skripka)
üçün nəzərdə tutulub.
2014-cü ildə müəllif
tərəfindən "Pamukkale" proqramlı
suitasının simfonik orkestr üçün partiturası
hazırlanıb.
İstedadlı yeniyetmənin
ən böyük xobbisi Azərbaycan, dünya klassiklərinin
əsərlərini daim mütaliə etməkdir. 2013-cü ilin sonunda o, ingilis
şairi Kristen Rollanderin "To my dearest Mother" (mənim əziz
anama) əsərinə müəllifin razılığı
ilə uşaq xor kollektivi üçün musiqi bəstələyib.
Uşaq və gənclər
arasında istedadlı bəstəkar və pianoçu
olduğu nəzərə alınaraq Arzu Abbasova 2013-cü ildə
Bakı Şəhər Mədəniyyət və Turizm
İdarəsinin nəzdində yaradılan "İstedadlar mərkəzinə"
üzv qəbul edilib. Dəfələrlə "İstedadlar
mərkəzi"nin təşkil etdiyi tədbirlərdə
Arzunun bəstələdiyi musiqi əsərləri ifa olunub və
maraqla dinlənilib. 2014-cü ildə Arzunun bəstələdiyi
musiqi əsərlərinin bir qismi ayrı-ayrı ölkələrdə
keçirilən bəstəkarların beynəlxalq müsabiqələrinə
göndərilib. Bu əsərlərdən biri olan "Nağıllar aləmində"
fleyta və fortepiano üçün əsəri Rusiyanın
"İstedadlı Gənclər və Uşaqlar"
Dövlət Fondu tərəfindən keçirilən gənc bəstəkarların XVII
beynəlxalq müsabiqəsinə təqdim olunub. Əsər
münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və I yerə layiq
görülüb.
A. Abbasova dərs əlaçısıdır.
Bir neçə xarici dildə sərbəst
danışır. Təhsildə göstərdiyi uğurlara
görə o, ayrı-ayrı vaxtlarda onlarla fəxri fərmana
və diploma layiq görülüb. Arzusu gələcəkdə
diplomat, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə peşəkar səviyyədə məşğul
olaraq, müstəqil Azərbaycanın ən layiqli vətəndaşı
olmaqdır.
Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.