Səkkiz
yaşlı ifaçı beynəlxalq
müsabiqənin qalibi olub
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin III sinif şagirdi, 8 yaşlı pianoçu Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub. O, "Fortepiano" dərəcəsi üzrə 180 iştirakçı arasında M.Klementinin 4-cü Sonatası (1-ci hissə) və S.Prokofyevanın "Tale" əsərinin ifasına görə 3-cü yerə layiq görülüb.
Müsabiqə-festival
2007-ci ildə "Ümumrusiya Musiqi Cəmiyyəti" və
"Rusiya Bəstəkarlar İttifaqı" tərəfindən
təşkil olunub və hər il keçirilir. Müsabiqənin
əsas məqsədi uşaqların və gənclərin
musiqi ifasına cəlb olunması, yeni istedadların
aşkarlanması, onların ustalıqlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, bu Röya
Hüseynovanın musiqi sahəsində ilk uğuru deyil. Ötən il də o, V Beynəlxalq İnternet Musiqi
Müsabiqəsində ("İnternet Music Competition 2014")
fəxri diploma layiq görülüb. Həmin
ilin aprelində
isə Bolqarıstanda
keçirilən VIVAPIANO pianoçular
müsabiqəsində iştirak
edərək iki medala layiq görülüb
və laureat diplomu ilə təltif edilib.
Sənət yolunda ilk addımlarını atan yeniyetmə qızın gələcəkdə
daha böyük uğurlar qazanacağına
ümid bəsləyirik.
Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.