Gərəkli dərs vəsaiti
Bakı Slavyan Universitetinin Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi "Azərbaycanşünaslıq etüdləri" seriyasından ikinci kitabını təqdim etdi. 2014-cü ilin sonlarında işıq üzü görmüş nəşr bu qəbildən respublikamızda buraxılmış nadir kitablardandır. Düzdür, son illər Azərbaycanşünaslıq və onunla bağlı anlayışlar elmi-nəzəri müstəvidə diskurs və elmi diskussiyalara fəal cəlb olunur, bununla belə, bu istiqamətdə işlərin daha çox tədris-təbliğat, praktik yönümdə intişarına da ehtiyac duyulurdu. BSU Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzi əməkdaşlarının tərtib etdiyi "Azərbaycanşünaslığa giriş" dərs vəsaiti məhz bu zərurətdən gerçəkləşən, real tədris-təlim ehtiyaclarını ödəməyə yönəldilən, dil, mədəniyyət, ədəbiyyat, mətbuat, yaşayış, davranış və düşüncə tərzimizi təqdim və təbliğ edən oçerklər toplusudur. Bu, adi, sıradan bir dərs vəsaiti deyil, mühüm ictimai-siyasi, kulturoloji və tədris-metodik hadisədir.
Haqqında
danışdığımız bu dərs vəsaiti
böyük bir ideyanın işığından və bu
ideyanın reallaşması istiqamətində görülən
vacib işlərin icrasından doğan nəşrdir.
İdeyanın müəllifi,
kitaba ön söz yazan AMEA-nın həqiqi üzvü, Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə dövlət
müşaviri Kamal Abdullayev burada iki cəhəti xüsusi
vurğulayır ki, bu da geniş mündəricəyə malik
dərs vəsatinin aktuallığını təsdiqləməklə
yanaşı, həmin istiqamətdə və məzmunda
yazılacaq gələcək tədris-təqdimat, eləcə
də elmi-tədqiqat materiallarının prioritetlərini
müəyyənləşdirir. Birincisi, Azərbaycançılıq
ideologiyasının qaynaqlandığı mənbə, prinsip
və ideyalara, böyük mütəfəkkirlərimiz Mirzə
Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Həsən
bəy Zərdabi, İsmayıl bəy Qaspıralının
(yəqin ki, bu cərgəyə "Üç mədəniyyət"
kitabının müəllifi Əhməd bəy Ağayev də
əlavə edilməlidir) adı ilə bağlı fikirlərə
əsaslanan ön söz müəllifi milli özünüdərkimizin
ana xəttini təşkil edən Azərbaycançılıq
ideologiyasının müasir tariximizdə aktuallaşması,
postsovet dövrü Azərbaycanının əsl milli-mədəni-etnik
və siyasi-ictimai inkişaf və tərəqqisi
üçün möhkəm bir ideoloji platformaya çevrilməsini
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlayır. Elə ikinci cəhət də buradan irəli
gəlir. Azərbaycanşünaslığın elmi-nəzəri,
Azərbaycançılıq ideologiyasının tədris-təbliğ-təqdimat
istiqamətləri kimi inkişafına xidmət edən
bugünkü Bakı Slavyan Universitetinin keçmiş Rus Dili
və Ədəbiyyatı Pedaqoji İnstitutu bazasında
"profili genişləndirilərək" formalaşdırılması,
nəzdində "Azərbaycanşünaslıq" tədris-mədəniyyət
mərkəzinin yaradılması, eyni adlı ixtisasa bakalavriat
və magistratura səviyyələrində tələbə qəbulu,
yaxın və uzaq xaricdə Azərbaycan dili və mədəniyyəti
mərkəzlərinin təşkili və onların fəaliyyətinin
təmin olunması, "Müasir Azərbaycanşünaslığın
aktual problemləri" ənənəvi beynəlxalq elmi
konfranslarının keçirilməsi və ən nəhayət,
bu işlərin nəticəsi olaraq dərslik, dərslik vəsaitləri,
elmi, elmi-metodik topluların, lüğət və sorğu
kitablarının hazırlanması məsələləri
ön sözdə öz əksini tapır.
Ön sözdə o cəhət
də vurğulanır ki, "Monomillət şəraitində
yaşayan Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda
dini və milli tolerantlıq hökm sürür. Bu gün Azərbaycanda
müxtəlif millətlər siyasi dözümlülük və
tolerantlıq şəraitində yaşayır. Pravoslavlar, yəhudilər,
katoliklər azad şəkildə öz dinlərinə
sitayiş edirlər. Lakin bu insanları birləşdirən
vahid bir nöqtə - AZƏRBAYCAN və vahid bir ideya -
AZƏRBAYCANÇILIQ ideyası var".
430 səhifəlik dərs
vəsaitində təqdim olunan tədris materiallarının
BSU Azərbaycanşünaslıq tədris-mədəniyyət
mərkəzi əməkdaşları tərəfindən
hazır-lanması və buraya dil, tarix, coğrafiya, ədəbiyyat,
mədəniyyət, incəsənət, sənətkarlıq,
xalq bayramları, oyun və əyləncələri ilə
bağlı yığcam və lakonik oçerklərin daxil
edilməsi vəsaitin elmi-metodik potensialından xəbər
verir.
Vəsaiti Azərbaycanşünaslığa
aid bu vaxtadək çap olunmuş kitablardan fərqləndirən
başlıca cəhət onun praktik yönümü və əhəmiyyətidir.
Azərbaycanşünaslığa aid bu tipli vəsaitlərin
xaricdə fəaliyyət göstərən dil və mədəniyyət
mərkəzləri, Bazar günü məktəbləri, Azərbaycan
etnomədəni komponentli ümumtəhsil ocaqları
üçün vacibliyini bir daha vurğulamaq istəyirəm.
Dərs vəsaiti kimi tərtib
olunmuş "Azərbaycanşünaslığa
giriş" məcmuəsi son on ildən bir az artıq zaman kəsiyində
Azərbaycanşünaslığa dair yazılan əsərlərdən,
dil, ədəbiyyat, tarix, mədəniyyət və sair elm sahələrimizə
aid saysız-hesabsız kitablardan hasil olmuş ideya, fikir və
mülahizələrin məhsuludur. Bu, yaxşı
düşünülmüş və uğurla icra olunmuş
bir layihədir. Daim tamamlanmasına, yeni-yeni materiallar əlavə
edilməsinə ehtiyac var. Növbəti nəşrlərdə
"Azərbaycan ədəbiyyatı" fəslinin (müəllif
filologiya elmləri doktoru Tehran Mustafayev) genişləndirilməsinə,
kitaba mətbəximiz,
arxeologiya, etnoqrafiya və arxitekturamız barədə
bölmə və ya paraqrafların əlavə olunmasına,
fəsillərdəki materialların illüstrasiyalarla izlənməsinə
və s. ehtiyac var. Kitabın elektron nəşrinin hazırlanması,
layihənin kompleks halına salınması və nəşrin
BSU-nun Təhsil portalında yerləşdirilməsi zamanı
bu təkliflər nəzərə alına bilər. Nəşrin
ən azı rus və ingilis dillərinə çevrilməsi
də həllini gözləyən aktual məsələdir.
Cari tədris ilinin ikinci
semestrindən başlayaraq Təhsil Nazirliyi respublikanın ali
təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində "Multikulturalizmə
giriş" və "Azərbaycan multikulturalizmi" fənlərinin
tədrisini tövsiyə edib. Bir sıra nüfuzlu xarici universitetlərdə
də göstərilən fənlərin tədrisinə
başlanılıb. Bu fənlərin proqramlarına Təhsil
Nazirliyi tərəfindən qrif verilib. Həmin proqramlar əsasında
tədris vəsaitləri yazılanadək tələbələrə
"Azərbaycanşünaslığa giriş"
oçerklər toplusunu təklif etmək olar.
Fikrimizcə, xaricdə
Azərbaycan məktəbləri açıldıqca biz bu
tipli dərs vəsaitləri haqqında daha çox
düşünməliyik. Belə dərs vəsaitləri
bazasında xaricdəki orta məktəblərimiz
üçün adəptə olunmuş dərslik və tədris
vəsaitləri hazırlamaq məsələsi
aktuallaşır. Bizdə məsafədən təhsil nəzərdə
tutulduğu üçün xaricdə yaşayan və
övladlarının Azərbaycandakı universitetlərdə
təhsil almasını istəyənlərin də sayı
artacaq. Deməli, bu tipli tədris vəsaitlərinin
materialları müəyyən təhsil standartlarına
uyğunlaşdırılmalıdır və s.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin qrifi ilə çap
olunmuş "Azərbaycanşünaslığa
giriş" dərs vəsaiti böyük praktik əhəmiyyət
daşıdığından bu istiqamətdə atılan
çox ciddi addımdır. Tədris, təqdimat və təbliğatımız
üçün bu tipli yeni tədris vəsaitlərinin
yaranacağına ümid edirik.
Telman CƏFƏROV,
Bakı Slavyan Universitetinin
tədris işləri
üzrə
prorektoru, filologiya elmləri
doktoru, professor
Azərbaycan müəllimi.-
2015.- 14 fevral.- S.14.