"Azərbaycan müəllimi" qəzetinin
redaksiyasında dərsliklərin
müzakirəsi
Son
illər ölkəmizdə ümumi təhsil sahəsində
aparılan məzmun islahatlarının nəticəsi olaraq
meydana gələn yeni dərslik komplektləri cəmiyyətimizdə
ümumən müsbət qarşılansa da onlardan, eləcə
də digər dərsliklərdən giley-güzarlar da
eşidilməkdədir. Müəllimlərin
bir çoxu yeni dərslikləri təqdir edib onlar
haqqında müsbət fikirlər
səsləndirsələr də bəziləri əksinə,
dərslikləri qaneedici saymır, onların çətin
olduğunu, şagirdlərin səviyyəsinə uyğun gəlmədiyini
söyləyirlər. Dərsliklərin
bəzilərinin mükəmməl olmadığını,
onlarda müəyyən səhvlərə, qüsurlara yol
verildiyini, hətta müəlliflər də etiraf edirlər.
Məhz bu səbəbdəndir ki, dərsliklər son illər
cəmiyyətdə ciddi müzakirə obyektinə
çevrilib. Aparılan müzakirələr isə sonda bu qənaətlə
yekunlaşır: yeni dərsliklər daha mükəmməl hazırlanmalı, mövcud olanlar
isə təkmilləşdirilməli, onlara ünvanlanan
haqlı iradlar yeni nəşrlərində nəzərə
alınmalıdır. Dərslik
məsələsini təhsil islahatlarının ən
prioritet istiqamətlərindən biri sayan Təhsil Nazirliyi
artıq son iki ildə bu sahədə bir sıra ciddi
addımlar atıb. Dərsliklərin hazırlanması və
tətbiqi prosedurlarında dəyişikliklər edilib. Dərslikləri
Qiymətləndirmə Şurasının yeni tərkibi
formalaşdırılıb, dərsliklərin monitorinqini
aparmaq, müəllimlərin dərsliklər haqqında fikirlərini,
irad və təkliflərini öyrənmək
üçün işçi qrupları yaradılıb. Qəzetimiz də bu mövzunu daim
diqqətdə saxlayır, bu həssas məsələ ilə
bağlı düzgün ictimai rəyin formalaşmasına
çalışır. Bu nömrəmizdən etibarən
başladığımız yeni layihədə də məqsəd
məhz müəllimlərin ayrı-ayrı dərsliklər
haqqındakı fikirlərini öyrənib onları
redaksiyamıza dəvət olunmuş müəlliflərə
çatdırmaqla dərsliklərin
təkmilləşdirilməsinə kömək göstərməkdir. Bu məqsədlə
redaksiyamızın əməkdaşları Bakı şəhərinin
ən yaxşı ümumtəhsil müəssisələrindən
sayılan Bakı Avropa Liseyində, 132-134 nömrəli təhsil
kompleksində, 6 nömrəli məktəb-liseydə və
"Elitar" gimnaziyada olub burada çalışan
tanınmış ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat,
tarix, fizika müəllimləri ilə
görüşüblər.
Müəllimlərin ibtidai siniflər üçün
"Riyaziyyat", eləcə də
"Azərbaycan dili", "Tarix", "Fizika"
dərslikləri barədə fikirləri, irad və təklifləri
öyrənilərək ümumiləşdirilib. Bu günlərdə
adıçəkilən dərsliklərin müəlliflərindən
Nayma Qəhrəmanova, Rafiq İsmayılov, Hafiz Cabbarov və
Mirzəli Murğuzovla redaksiyamızda görüş
keçirilib və onlar müəllimlərin dərsliklərlə
bağlı fikirlərinə, irad və təkliflərinə
münasibət bildiriblər. Nəzərə
çatdıraq ki, redaksiya müxtəlif formatda belə
müəllim-dərslik müəllifi diskussiyasının
mütəmadi olaraq keçirilməsini
planlaşdırıb.
Aşağıda ayrı-ayrı dərslik müəlliflərinin
qaldırılan məsələlərə münasibətini
dərc edirik.
Müəllimlərin
irad və təklifləri
Aygün Məcidova, Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor müavini:
- Dərslikdəki mövzuları uşaqlar çox çətin qavrayır, verilən çalışmalar onların yaş dövrünə uyğun deyil. Çalışmaların sualları çox qəliz qoyulur. Ev tapşırıqlarında şagirdlərə kömək edən ali təhsilli valideynlər belə II-III siniflərdə çətinlik çəkirlər. Yeni dərslə əvvəlki dərslər arasında bağlılıq, əlaqə demək olar ki, yoxdur və ya çox azdır. Statistika və ehtimal məzmun xətti üzrə mövzular çox ağırdır.
Gülnarə Gülməmmədova, Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi:
- IV sinif
"Riyaziyyat" dərsliyində çalışmalar
sistemsizdir. Məsələlərin
suallarını uşaqlar dərindən dərk etmirlər.
Esmira
Ağayeva, "Elitar" gimnaziyanın ibtidai sinif müəllimi:
- Çətin
mövzular olduqca çoxdur. I sinifdə elektron
saatlarla bağlı mövzu var. Bu yaşda şagirdlər hələ
gecə vaxtı ilə gündüz vaxtını bir o qədər
dərk edə bilmirlər.
IV sinif dərsliyində onluğa və yüzlüyə
qədər yuvarlaqlaşdırma mövzusu ilə
bağlı cədvəllərdə aydınlıq yoxdur.
Raziyə
Ağayeva, 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimi:
- Dərsliklərdə
keçilən mövzuların təkrarı yoxdur. Nəzərə almaq lazımdır ki, sinifdə
olan şagirdlərin qavrama qabiliyyəti eyni deyil. Bir neçə mövzudan sonra ümumiləşdirici
suallar verilir. Lakin uşaqlar
üçün onları yada salmaq çətin olur.
Südabə
Səfixanova, 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimi:
-
"Riyaziyyat" dərsliklərinin müəllifi - Nayma Qəhrəmanovanın
dediyinə görə,
bizim adıçəkilən dərsliklər dünyanın
inkişaf etmiş ölkələrinin dərsliklərinə
uyğun hazırlanıb. Müsbət təcrübənin
bizim dərsliklərimizə tətbiqini
alqışlayırıq, ancaq onlar hazırlanarkən Azərbaycan
uşaqlarının düşüncə tərzi, qavrama
qabiliyyəti, yaş xüsusiyyətləri nəzərə
alınmalıdır. Dərsliklərə
salınmış məntiqi suallar valideynlərin özlərini
belə çaş-baş salır, onlar bizə müraciət
edirlər. IV sinif "Riyaziyyat"dərsliyi
şagirdlərdə çətinlik yaradır. Məntiqi tapşırıqlar onların bilik və
bacarığına uyğun deyil. Elə mövzular
salınıb ki, əslində onların yuxarı sinifdə
keçilməsi daha məqsədəuyğundur.
Elnarə
Xəlilova, Tofiq İsmayılov adına 6
nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:
- Mən
I, II, III siniflər üçün "Riyaziyyat" dərsliklərindən
çox razıyam. Burada verilən
tapşırıqlar düşündürücü,
inkişafetdiricidir. Ənənəvi dərsliklərdən
müsbət mənada çox fərqlənir. Ancaq IV
sinfin "Riyaziyyat" dərsliyi şagirdlər
üçün çox çətindir. Məntiqi
tapşırıqlar uşaqların yaşına uyğun
deyil.
İradə
Cəlalova, Tofiq İsmayılov adına 6
nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:
- IV sinfin
"Riyaziyyat" dərsliyinə elə məntiqi suallar
salınıb ki, onlar nəinki 5-6-cı sinif, hətta 7-ci
sinif şagirdi səviyyəsində həll oluna biləcək
tapşırıqlardır. IV sinif şagirdi tək,
müstəqil olaraq o sualları həll edə bilmir.
Xuraman
Şabani, Tofiq İsmayılov adına 6
nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:
- IV sinif
şagirdini, məncə, bu qədər yükləmək
olmaz. IV sinif "Riyaziyyat" dərsliyində
"Tam hissə modeli" mövzusu var ki, həmin sinif
şagirdinin mənimsəyə biləcəyi bir mövzu
deyil.
Kəmalə
Yusufova, Tofiq İsmayılov adına 6
nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi:
- Rus
bölməsi üzrə ibtidai siniflər üçün
hazırlanmış "Riyaziyyat" dərsliklərinin tərcüməsindən
narazıyam. Burada verilən tapşırıqlarda cümlələr
səhv tərcümə olunub, üslub səhvləri misal və məsələlərin
həllində çətinlik yaradır.
Nayma Qəhrəmanova,
ibtidai siniflər üçün "Riyaziyyat"
dərsliklərinin müəllifi
Öncə qəzetinizin dərsliklərin müzakirəsi
ilə bağlı belə bir təşəbbüsünü
alqışlayıram. Məhz paytaxtın sayılıb-seçilən məktəblərinin
tanınmış müəllimlərinin dərsliklərimizlə
bağlı fikirlərini, təkliflərini öyrənməyiniz, redaksiyada
keçirilən bugünkü görüşümüzdə
onları bizə təqdim etməyiniz
təqdirəlayiqdir. Mən burada iştirak edən dərslik müəllifləri
adından belə bir mövzunu diqqətdə
saxladığına görə
qəzetin yaradıcı kollektivinə təşəkkürümü
bildirirəm.
Keçək
konkret riyaziyyat dərslikləri ilə bağlı müəllimlərin
fikirlərinə. Bizim olduqca savadlı, peşəkar, öz
işinə yaradıcı yanaşan riyaziyyat müəllimlərimiz var. Təbii ki, onlar riyaziyyatı
çox gözəl bilirlər və riyazi bacarıqların
nə olduğunu da yaxşı anlayırlar. Amma təəssüf
ki, hələ
də bəzi müəllimlərimiz
şəxsiyyətyönümlü təhsilin tələblərinə
uyğun olaraq lazımi fəaliyyətləri
riyazi məzmunla birləşdirməkdə çətinlik
çəkirlər.
Müəllimlərin
riyaziyyat dərslikləri
ilə bağlı fikirləri, irad və və təklifləri
ilə tanış olduqdan sonra özüm üçün
onları
qruplaşdırdım. 1-ci qrup bu dərsliklərdən
tamamilə narazı olanlardır. Məsələn,
Bakı Avropa
Liseyinin müəllimləri dərsliklərdəki
mövzuları uşaqların çox çətin
qavradığını, əsasən də riyaziyyat dərsliklərində
verilən çalışmaların uşaqların yaş səviyyəsinə
uyğun olmadığını bildirirlər. Onlar habelə
çalışmaların suallarının çox qəliz
qoyulduğunu, ev
tapşırıqlarında şagirdlərə kömək
edən ali təhsilli valideynlərin belə II, III siniflərdə
çətinlik çəkdiklərini, bundan başqa, yeni dərslə
əvvəlki dərslər arasında
bağlılığın, əlaqənin demək olar ki,
olmadığını və ya çox az olduğunu,
statistika və ehtimal məzmun xətti üzrə
mövzuların çox ağırlıq təşkil
etdiyini qeyd edirlər.
Gəlin məsələyə müqayisəli baxaq. Bakı Avropa Liseyində (həmçinin
bir çox məktəblərdə) bizim riyaziyyat dərsliklərimizlə
yanaşı, sırf
akademik yanaşma ilə hazırlanmış Rusiya
dərsliklərindən də istifadə olunur. Təsəvvür
edin, Qeydmanın və Petersenin
II, III siniflərdə keçilən dərsliklərində
3, 4 suallı məsələlər var. Sual oluna bilər, necə
olur ki, real həyatdan uzaq akademik
tərzdə qoyulmuş məsələləri
Avropa Liseyinin şagirdləri həll edə bilirlər, amma
oyunlarla, manipulyativ məşğələlərlə dəstəklənən
məntiqi suallara cavab verməkdə
çətinlik çəkirlər? Təəssüf
ki, iradda konkret nümunə yoxdur. Yalnız
ümumiləşdirilmiş fikir var. Mən bir nümunə
deyim. Məsələn, biz dərslikdə
vurma əməlinə aid misallar verərkən yalnız
hesablama bacarıqlarını formalaşdırmağı məqsəd
qoymuruq, seçmə, qruplaşdırma, təxminetmə kimi
bacarıqları da əhatə edən fəaliyyətləri
əlavə edirik. Məsələn, bir
tapşırıqda deyilir ki, əvvəlcə hasilin 3000-dən
kiçik olduğu misalları seçib həll edin.
Bizim qoyduğumuz bu tip suallar yaradıcı düşüncəni
formalaşdırmağa yönəlib. Biz
uşaqları fərqli yollarla düşündürmək
istəyirik. Bir çox hallarda müəllimlər o
düşündürücü, məntiqi suallara metodiki yanaşmanı
düzgün tapmadıqlarından yəqin ki, bu cür suallar
yaranır. Təbii ki, mən müəllimlərin
hamısını nəzərdə tutmuram.
Dərslər arasında əlaqənin
olmadığı fikri haradan yaranır?
Bu da ənənəvi dərsliklərə
alışqanlıqdandır. Həmin dərsliklərdə
bir dərsdə bütün məzmun xətləri üzrə
tapşırıqlar verilirdi. Bu halda konkret
bacarıqların öyrədilməsindən və qiymətləndirməsindən
söhbət getmirdi. Təsəvvür
edin ki, 1-ci sinifdə biz 20 dairəsində
toplama-çıxma öyrədirik. Bu əməlləri
müxtəlif müstəvilərdə seçdiyimiz fəaliyyətlərlə
öyrədirik. Məsələn, bir dərsdə
toplamanı mərtəbə blokları ilə, 2-ci dərsdə
ədəd oxu üzərində, 3-cüdə irəliyə
sayma kimi öyrədirik, başqa bir dərsdə isə
şəkil çəkməklə. Bütün bu dərsləri
əlaqələndirən toplama əməlidir, hər bir şagirdin öyrənmə
müxtəlifliyi var. Fəaliyyətlərin müxtəlifliyi daha çox şagirdə öyrənmə
şəraiti yaratmaqla məntiqli düşüncə tərzi
formalaşdırmağa imkan verir.
Statistika
və ehtimal məzmun xətti üzrə mövzulara gəldikdə
isə bu bizim üçün yenidir, lakin inkişaf etmiş
ölkələrdə ibtidai siniflərdə uyğun standartların tədrisi
sahəsində əsaslı təcrübə
var, bizim dərsliklər də beynəlxalq təcrübə əsasında
işlənmişdir.
Akademik ruhda yazılmış ənənəvi dərsliklərdəki
tapşırıqları adi məktəblərdə sinifdə
4-5 şagird həll edir. Bunlar da anadangəlmə riyazi təfəkkürü
olanlardır. Biz isə deyirik bütün şagirdləri
müzakirəyə, fəaliyyətə cəlb edən
tapşırıqlar yerinə yetirilsin ki, zəif şagirdlərdə də riyazi təfəkkür
yaransın və inkişaf etsin.
Biz qoyduğumuz fəaliyyətyüklü
tapşırıqlar sayəsində daha çox sayda
şagirdin yaradıcı düşünmə qabiliyyətli
olmasına nail olmaq mümkündür. Bax,
problem də burdan yaranır. Müəllimlər
deyir şagirdin riyazi təfəkkürü yoxdursa, məntiqi
tapşırıqları necə etsin? Biz isə deyirik, siz şərait
yaradın, şagird müzakirədə, oyunda iştirak etsin
və riyazi təfəkkürü yaransın. Bunun üçün beynəlxalq
təcrübələrə söykənən lazımi
metodiki yanaşmaları müəllim üçün vəsaitdə
veririk.
132-134
nömrəli təhsil kompleksinin ibtidai sinif müəllimlərindən
biri dərsliklərimizin
dünyanın inkişaf etmiş ölkələrinin dərsliklərinə
uyğun hazırlanması ilə bağlı mənim söylədiyim fikirləri qeyd edir, bunu
alqışlamaqla yanaşı, dərsliklərimizdə Azərbaycan uşaqlarının
düşüncə tərzini, yaş xüsusiyyətlərinin
nəzərə alınmadığını bildirir. Mən buna xüsusi münasibət bildirmək istəyirəm.
Bu çox əhəmiyyətli məsələdir.
Burada məsələnin kökündə
uşaqların məktəbə nə dərəcədə
hazırlıqlı gəlməsi durur. Bildiyiniz kimi, uşaqların məktəbəhazırlıq
dövrü 4-6 yaşı əhatə edir. Artıq,
bildiyimə görə, Təhsil Nazirliyi tərəfindən
məktəbəhazırlıq təhsil proqramı
hazırlanmışdır. Bunun uğurla
reallaşdırılması çox mühümdür.
Bu məsələyə bütün dünyada xüsusi diqqət
yetirilir. Belə ki, indi dünyada "Bir nəfər
də məktəbəqədər təhsildən kənarda
qalmamalıdır" şüarı çox populyardır.
Bizdə də məktəbəqədər təhsillə əlaqədar bir
sıra müəssisələr açılır. Ancaq çox təəssüf ki, bunlarla
bağlı beynəlxalq təcrübə nəzərə
alınmır. Məktəbəhazırlıq
qruplarına gələn 5-6 yaşlı uşaqlara I sinif dərslikləri əsasında hesablamalar, oxumaq öyrədilir.
Ancaq bütün dünyada uşaqların həmin
hazırlıq dövrü təbiəti, özünü və
ətraf aləmi dərk etməkdən keçir. Məsələn,
bizim məktəbəhazırlıq dövründə olan və ya daha
kiçikyaşlı
uşaqlarımızın bir çoxu, demək olar ki,
saymağı bacarırlar, rəqəmləri
tanıyırlar. Ancaq onların qarşısına 7 limon qoyub, onu saymasını istəsək, səhv
sayacaqlar: 2-ci limona çatanda 3, 5-ci limona çatanda 10 deyəcəklər.
Çünki beyinlərində sürətlə sayır və
söylədikləri hər bir ədədin limona aid olduğunu müəyyən
edə bilmirlər. Məktəbəhazırlıq
dövrü üçün tədris resurslarının
düzgün müəyyənləşdirilməsi çox əhəmiyyətlidir.
Hər ilin mart ayında Bolonyada (İtaliyada) uşaq
kitabları sərgisi keçirilir. Həmin sərgidə nümayiş
etdirilən kitablar arasında bağçada istifadə olunan
tədris resursları
ilə yaxından
tanışlıq, düşünürəm ki, ümumi
işimiz üçün olduqca faydalı olardı.
Bir
sıra müəllimlərin yuvarlaqlaşdırma ilə
bağlı iradı var. Onlar yuvarlaqlaşdırmanın
yuxarı sinfə aid olduğunu söyləyirlər. Amma bu, təxminetmə kimi mühüm həyati
bacarıqlar üçün bir vasitədir. Bizim ibtidai
təhsil pilləsi üçün kurikulumda da bu
bacarığa geniş yer verilir və onun ibtidai siniflərdə
tədrisinə aid çoxillik beynəlxalq təcrübə
var. Vurma və bölmə, toplama və çıxma əməllərində
hasili, qisməti, cəmi, fərqi şagird təxmini olaraq
qiymətləndirməyi bacarmalıdır. Şagird 75-i 17-yə bölmək
üçün 80:20-dən
istifadə etməyi bacarmalı və qismətin təxminən
4 olduğunu başa düşməlidir. Bu,
şagirdə dəqiq qisməti tapmağa da kömək edir.
Daha sonra, bir çox müəllimlər vurma-bölmə
əməllərinə aid misalların azlıq təşkil
etdiyini bildirirlər. Əslində isə bu
tapşırıqlar kifayət qədərdir. Dərsliklərdə daha çox əməllərin
mahiyyəti üzərində qurulmuş məntiqi
düşüncə formalaşdıran tapşırıqlara
yer verilmişdir.
2-ci qrup
kimi ümumiləşdirdiyim müəllimlərin, demək olar ki,
hamısı IV sinif "Riyaziyyat" dərsliyinin və buradakı məntiqi
sualların şagirdlər üçün çətin olduğunu
bildirirlər. Mən müəllimlərin bu
fikri ilə razılaşıram. Bunun həm obyektiv, həm
də subyektiv səbəbləri var. Doğrudan da,
adıçəkilən dərsliyin səviyyəsi bir az yuxarıdır,
çünki oraya yeni yanaşmalar çox daxil edilib. Məsələn,
tənlik qurmaqla məsələ həlli
bacarıqlarını formalaşdırmaq üçün fərqli
üsul - "Tam hissə modeli" adlandırdığımız və dünyada qəbul edilən bir
modeli daxil etmişik. Burada artıq uşaq məsələnin mətnindən
ayrılmır, çünki məsələnin mətni ilə
riyazi gedişlər arasında birbaşa bağlılıq var.
Onu da qeyd edim ki, adıçəkilən model mütərəqqi
müəllimlər tərəfindən də çox dəstəklənir.
Bu il IV sinif "Riyaziyyat"
dərsliyi yenidən nəşr olunacaq və deyilənlərin
müəyyən hissəsini də nəzərə
alacağıq.
Digər bir müəllim
I sinifdə elektron saatların öyrədilməsi ilə
bağlı iradını bildirir. I sinifdə elektron saatların göstəricisini
oxuma bacarıqları yer alır. Lakin çətinlik
törədən bu deyil.
Əsas çətinlik, məsələn, 2-ci sinifdə şagirdin
saat 14:00-ın gündüz saat 2 olmasını müəyyənləşdirmə
bacarığıdır. Biz müəllim üçün vəsaitdə
bu bacarıqların ilboyu valideynlərin köməyilə
formalaşdırılmasını nəzərdə tuturuq və
bu bacarıqlara 3-cü, 4-cü siniflərdə də geniş
yer ayrılır. İndiyə qədər bizim dərsliklərdə
saat sistemli şəkildə öyrədilmirdi. O valideyn
ki, uşağına saatı öyrədirdi, həmin uşaq
saatı bilirdi. Biz isə bu gün şagirdə
saatı riyazi bacarıqlar müstəvisindən öyrədirik.
Müəllimlərin
riyaziyyat dərslikləri
ilə bağlı iradlarından biri də keçilən
mövzuların təkrarının olmamasıdır. Qeyd edilir ki, sinifdə olan şagirdlərin qabiliyyəti
eyni deyil. Bu irada cavab olaraq bildirim ki, təkrarların
olmamasının obyektiv səbəbləri var. Çünki
dərsliklə bağlı bizə verilən bəlli bir həcm
var. Məsələn, tutaq ki, 128 səhifəlik bir dərslik
hazırlamalı və burada kurikulum standartlarını
reallaşdırmalıyıq. Həmin həcmdə dərsliyə
ancaq hər
bir standart üzrə 1-2 saat ayırmaq olur. Bəlkə
də səhifələrin sayı çox olsaydı, biz deyilənləri
nəzərə alardıq. Dərsin izahına geniş yer verərdik,
nümunə üçün həll edilmiş misal və məsələlərin,
təkrar üçün tapşırıqların
sayını artırardıq. Şagirdin ev
tapşırığı olaraq və ya tətil zamanı təkrar
etmək imkanı olardı. Amma, dediyim kimi, biz müəyyən bir həcmə
bağlıyıq, o mənada təkrarları müəllimlərin istədikləri
səviyyədə verə bilmirik.
Mən çox sevinirəm ki, müəllimlərimizin
istər dərs prosesinə, istərsə də keçilən
mövzularla bağlı yanaşmaya münasibəti dəyişməkdədir. Onlar təlim prosesinə daha yaradıcı
yanaşırlar, uşaqlarla düzgün işləməyə
çalışırlar. Yeni kurikulumlar də məhz
müəllimlərdən fərqli metodiki yanaşmalar tələb
edir.
Müəllimlərin
arasında I, II, III sinif "Riyaziyyat" dərsliklərini bəyənənlər,
burada verilən tapşırıqların düşündürücü
və inkişafetdirici
olduğunu söyləyənlər də çoxdur. Mən
buna sevinirəm.
Dərsliklərdə tərcümə ilə
bağlı problemlərin, üslub səhvlərinin olması
faktları da mövcuddur. Təbii ki, bunlar tədricən
aradan qaldırılacaq.
Bu gün
müəllimləri xüsusilə narahat edən IV sinif
"Riyaziyyat" dərsliyi ilə bağlı sonda bir daha
onu vurğulamaq istərdim ki, biz dərsliyin üzərində
yenidən işləyirik, həm
Təhsil Nazirliyi tərəfindən aparılmış araşdırmaların, həm də TQDK tərəfindən
aparılmış monitorinqin nəticələrini, eləcə
də ayrı-ayrı müəllimlərin
qeydlərini nəzərə alacağıq.
Müəllimlərin irad və təklifləri
Gülzar
Ramazanova,
Bakı
Avropa Liseyinin fizika müəllimi:
- VI-VII
siniflər üçün yeni kurikulumlarla hazırlanan dərslikləri
bəyənirəm. Lakin düşünürəm
ki, dərsliklər dəyişəndə həmin fənnə
uyğun yeniliklər də əlavə olunmalıdır.
Dərsliklərdə bəzən riyaziyyatla
fizikanın tədrisində paralellik gözlənilmir. Məsələn, VIII sinifdə "kosmik sürət"
mövzusu var. Orda kökalmadan istifadə olunur. Ancaq
mövzunu keçərkən VIII sinif şagirdləri hələ
kökalmanın nə olduğunu bilmirlər. Bundan
başqa, ümumdünya cazibə qanununu keçərkən
Yer kütləsinin həcmini hesablamaq lazım gəlir, lakin məlum
olur ki, uşaqlar riyaziyyatda hələ bu hesablama üsulunu
keçməyiblər. Düsturlarda səhvlər,
təriflərdə uyğunsuzluqlar var.
Hikmət
Mehtiyev, 132-134 nömrəli təhsil kompleksinin fizika müəllimi:
- VI sinif
"Fizika" dərsliyi məni bir müəllim kimi qane
edir. Ancaq hər bir mövzudan sonra
uşağın verilən biliklərin daha yaxşı mənimsəməsi
üçün lazım olan keçilənlərin təkrarı
yoxdur. VII sinif
"Fizika" dərsliyində də öyrənilənlərin təkrarına
yer veilməyib. Məsələ həllinə çox az yer verilir. VIII sinif "Fizika" dərsliyi qaneedicidir. IX sinif "Fizika" dərsliyini ən yaxşı yazılan dərslik
hesab edirəm. Gələcəkdə bu kitab
yenidən işlənərsə burada keçilən
mövzu ilə bağlı şəkillərin
olmasını istərdim. X sinif "Fizika" dərsliyindən,
açığı deyim, şagird, ümumiyyətlə, heç nə
anlamır. O elə bil sırf müəllim üçün
yazılan bir kitabdır. XI sinif "Fizika" dərsliyində
mövzuların yeri dəyişikdir. Ardıcıllıq
gözlənilməyib. Məsələn, əvvəlcə
Kulon qanunu, sonra elektrik sahəsi, daha sonra Lorens qüvvəsini
keçməliyik. Burada tam tərsinədir.
Solmaz
Əskərova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb- liseyin
fizika müəllimi:
- VII sinif
"Fizika" dərsliyinin səviyyəsi məni qane edir. IX sinif "Fizika" dərsliyində
bəzi
mövzularla bağlı mətnlər daha
anlaşıqlı, əhatəli olsaydı,
düşünürəm ki, şagirdlər tərəfindən daha
asan qavranıla bilərdi.
X sinif "Fizika" dərsliyi sadələşdirilməlidir.
Zöhrə
Bədəlova, "Elitar" gimnaziyanın fizika müəllimi:
- VIII
sinif dərsliyində düsturlar, texniki səhvlər var. Təriflər
əvvəlki illərdəkindən fərqlidir. Şəkillər və qrafiklər üzrə
düsturlara da çox rast gəlinir. Riyaziyyat proqramı
fizikadan geri qalır. Bu baxımdan, məsələlərin
həllində çətinliklərlə üzləşirik.
Nina
Əhmədova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb- liseyin rus
bölməsinin fizika müəllimi:
- VII sinif
"Fizika" dərsliyi çox yaxşıdır. IX sinif "Fizika" dərsliyinin dili çox
çətindir. Bu dərslik elmi dildə
yazılıb. Tərcüməsində problemlər var.
Elə mövzular var ki, onlar ali məktəbdə
keçilməlidir. XI sinif "Fizika" dərsliyi
qaneedicidir. Ancaq burada keçilən
mövzuya uyğun nümunələr azlıq təşkil
edir.
Professor
Mirzəli Murğuzov,
"Fizika" dərsliklərinin
müəllifi
Kurikulumdan əvvəlki
ənənəvi dərslikləri yazmazdan qabaq fizikadan
müəlliflər qrupu bölgələrə gedərək
müəllimlərlə görüşüb, dərsliyin
proqramını ətraflı müzakirə etmişlər. Belə görüşlər həm də
paytaxtın bütün rayonlarında keçirilmişdir.
Bu görüşlərin çox böyük
faydası oldu, ümumi işimizin nəticəsinə müsbət
təsir göstərdi.
Məlumdur ki, fizika bir təbiət elmi kimi müasir təbiətşünaslığın
konsepsiyasını müəyyən edir. Dünyanın
fiziki və təbii elmi mənzərəsinin, digər təbiət
və humanitar elmlərin konsepsiyasının
hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.
XX əsrin sonlarında, ümumiyyətlə,
elmdə böyük dəyişikliklər baş
vermişdir. Müəlliflərin əsas
vəzifəsi bu yenilikləri ümumiləşdirib üzə
çıxarmaq, təhsilə yeni məzmunda "Fizika" dərsliklərinin
gətirilməsinə nail olmaq idi.
Fizikanın məktəblərdə tədrisi
üç üsulla həyata keçirilir. Nəzəri
və eksperimental məsələlərin öyrənilməsi
və həmçinin məsələ həlli. Əsas məqsəd sadə, şagirdlərin
başa düşəcəyi dildə yazmaq, daha çox həyati
məsələlərə yer vermək və uşaqlarda
fizikaya maraq oyatmaq idi. Bütün bunları edərkən
elmin müasir
nailiyyətlərindən bəhrələnmək əsas məqsəd
idi. Ənənəvi dərsliklərdən
kurikulum əsasında hazırlanan dərsliklərə
keçərkən təsvirdən çox uşaqların
hadisələrin iştirakçısına çevrilməsinə
diqqət yetirilmişdir. Bu məqsədlə
VI sinifdə daha sadə təcrübələr təklif
olunmuşdur. Beləliklə,
uşağın "Fizika" fənninə həvəs və
marağı ənənəvi dərsliyə nisbətən
artmışdır. Bütün bunlar fənn
müəllimləri ilə mütəmadi əlaqədə
olmaqla həyata keçirilmişdir. Dərsliklərin
yüksək səviyyədə olması üçün Təhsil
Nazirliyi, TQDK və fənn müəllimlərinin rəy və
təklifləri xüsusi rol oynamışdır. Müəlliflər
adından onlara öz təşəkkürümü bildirirəm.
"Azərbaycan müəllimi" qəzetinə
göndərilən bəzi iradlara münasibət bildirmək
istəyirəm.
Riyaziyyat və fizikanın tədrisində paralelliyin
gözlənilməsi ənənəvi dərsliklərdən
yeni dərsliklərə keçdikdə nəzərə
alınmışdır.
Böyütmək üçün
seçinX sinif
mövcud "Fizika" dərsliyinin çətinliyini
nəzərə alaraq bu sinif
üçün kurikulum əsasında yazılacaq yeni dərsliyin
xeyli sadələşdirilməsi
planlaşdırılır.
"Hər bir mövzudan sonra keçilənlərin təkrarı
yoxdur" iradına münasibət bildirmək istəyirəm. Nə ənənəvi
dərsliklərdə, nə də kurikuluma uyğun
hazırlanmış yeni dərsliklərdə haqlı olaraq təkrarçılığa
yol verilməyib. Müəllim dərsi
qurarkən biliyin möhkəmləndirilməsi məqsədi
ilə əvvəl keçilən mövzuların təkrarına
da xüsusi yer ayıra bilər.
"VII
sinif "Fizika" dərsliyində məsələ həllinə
çox az yer verilir" iradına cavab olaraq deyim ki, dərsliyin
həcminə
müəyyən məhdudiyyətlər
qoyulduğundan məsələ həllinə kifayət qədər
yer ayırmaq mümkün olmur. Müəllim əlavə
vəsaitlərdən istifadə etməklə bu problemi istəyinə
uyğun həll edə bilər.
"XI sinif dərsliyində mövzuların yeri dəyişikdir"
iradına cavab olaraq deyim ki, XI sinif dərsliyində
mövzuların yeri dəyişik deyildir. Belə ki, IX
sinifdə elektrik sahəsi, maqnit sahəsi və onların
xarakteristikaları çox ətraflı verildiyi
üçün XI sinifdə bu mövzu "Elektrik
yükü və ekektromaqnit sahəsi" adı altında
ümumiləşdirilmişdir.
Həmçinin "XI sinif dərsliyinin çox sadə
olması və proqramı tam əhatə etməməsi"
iradına cavab olaraq deyə bilərəm ki, XI sinif dərsliyi
həqiqətən çox sadədir və həcmi
kiçikdir.
Bu onunla əlaqədardır ki, dərslik
yazılarkən tədris planında fizika fənninin tədrisinə
həftədə bir saat yer verilmişdi. Dərslik
nəşr olunduqdan sonra isə fizika fənninin tədrisinə
həftədə 2 saat yer ayrıldı. Bu
problem yeni dərsliklər yazılarkən nəzərə
alınmalıdır.
"IX sinif "Fizika" dərsliyinin dili çox
çətindir" iradına gəldikdə deyə bilərəm
ki, bu dərsliyin dilində heç bir problem görmürəm. Digər müəllimlər
IX sinif "Fizika"
dərsliyi haqqında yüksək fikir söyləmişlər.
Belə müzakirələrin tez-tez keçirilməsinin
tərəfdarıyam. Müəllimlərlə dərslik müəllifləri
arasında körpü yaratdığı üçün
"Azərbaycan müəllimi" qəzetinin kollektivinə
təşəkkür edirəm. Bu
müzakirələrin ümumi işə müsbət təsir
edəcəyini düşünürəm.
Müəllimlərin irad və təklifləri
Gülnarə
Gülməmmədova,
Bakı
Avropa Liseyinin ibtidai sinif müəllimi:
- Azərbaycan
dilinin qrammatikasına çox az yer verilir.
Müəlliflər əsasən öz mətnlərini
dərsliklərə yerləşdirirlər. Dahi
şairlərimizin, yazıçıların
yaradıcılığına çox az
yer verilir. IV sinif "Azərbaycan dili" dərsliyi
ancaq mətnlərdən ibarətdir. Çalışmalar
yoxdur. Qrammatikaya, demək olar ki, yer
ayrılmayıb.
Nəsrəddin
Şəfiyev, 132-134 nömrəli təhsil kompleksinin Azərbaycan
dili və ədəbiyyat müəllimi:
- "Azərbaycan
dili" dərsliklərində mətnlərin sayı
çoxdur. Elə bil "Ədəbiyyat" dərslikləridir.
Dil qayda-qanunlarıı öyrətməkdən çox, ensiklopedik məlumat kitablarını
xatırladır.
Əminə
Səfərova, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi:
- Bütövlükdə
yeni kurikuluma uyğun
hazırlanmış "Azərbaycan dili" dərsliklərindən
razıyam. Lakin məni qane etməyən müəyyən məsələlər
də var. Məsələn, VII sinif
"Azərbaycan dili" dərsliyində mətnlərin
həcmi çox böyükdür. Dil
qaydalarının öyrədilməsində pərakəndəlik
var, ardıcıllıq gözlənilməyıb.
Çalışmalar isə, əksinə, çox azdır. VIII, IX, X, XI
siniflərin "Azərbaycan dili" dərslikləri həddindən
artıq qrammatik qaydalarla yüklənib.
Mənsurə
Ağakişiyeva, Bakıdakı Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi:
- V sinif
"Azərbaycan dili" dərsliyində elə mövzular
var ki, onlar səthi işlənilib, mətnlərin həcmi
böyükdür.
Nəsib
Musayev, "Elitar" gimnaziyanın Azərbaycan dili və ədəbiyyat
müəllimi:
- VI sinif
"Azərbaycan dili" dərsliyinə xüsusi iradım
var. Dərslikdə cəmi 4-5 tapşırıq var. O da
aşağı səviyyədə. Mövzular
hamısı nağıldı. Axı biz
dil keçirik. "İxtiralar və kəşflər"
bölməsini uşaqlar çox çətin qavrayır.
Bununla yanaşı şagirdləri
düşündürən tapşırıqlar da var.
Böyükxanım
Sadıqova, "Elitar" gimnaziyanın Azərbaycan dili və
ədəbiyyat müəllimi:
- V sinif
"Azərbaycan dili" dərsliyindəki mətnlər
çox mürəkkəbdir. İsimin
hallarına bir saat vaxt verilib. Bu çox
azdır. Ardıcıllıq gözlənilmir.
Belə ki, isimin halları qurtarır, sifətin
dərəcələri başlayır, sonradan yenə isimə
keçilir. Düzəltmə isimlər,
ümumiyyətlə, yoxdur.
Pərvanə
Xanməmmədova, Bakıdakı Tofiq İsmayılov adına
6 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat
müəllimi:
- VII sinif "Azərbaycan
dili" dərsliyində yazılı çalışmalara
yer az verilib. Azərbaycan
bölməsinin VIII və X sinif "Azərbaycan dili" dərslikləri
isə məni qane edir.
Aynur
Dadaşova, 132-134 nömrəli təhsil kompleksinin Azərbaycan
dili və ədəbiyyat müəllimi:
- VI sinif
"Azərbaycan dili" dərsliyində qramatikaya çox az yer verilir və verilənlər də bəsit
şəkildədir. Mətnlərə
olduqca geniş yer verilib, ancaq tapşırıqlar çox
azdır.
Rafiq İsmayılov,
"Azərbaycan dili" dərsliklərinin
müəllifi
Mən də, öz növbəmdə,
sizin ayrı-ayrı məktəblərdə müəllimlərlə
görüşərək onların dərsliklərlə
bağlı fikirlərini, təklif və rəylərini, müəyyən
iradlarını biz müəlliflərə
çatdırmağınızı təqdir edirəm.
Çalışacağam ki, hər bir fikir söyləyən müəllim mənim dediklərimdə
öz cavabını tapsın.
Əvvəla, onu qeyd edim ki,
son 1 il ərzində həm regionlarda, həm də Bakıda
müəllimlərlə çoxlu görüşlərimiz olub. Həmin görüşlərdə,
eləcə də Təhsil Nazirliyi və TQDK-nın xətti ilə aparılan
monitorinqlərdə bir sıra irad və təkliflər
göstərilib. Qeyd olunanlar arasında elmi,
texniki, dil- üslub və s. məsələlərlə
bağlı iradlar var ki, bunların da içərisində qəbul
etdiklərim çoxdur.
Söylənilənlərə münasibətimi bildirərkən
öncə onu qeyd edim ki, ayrı-ayrı faktlarla bağlı
iradlarla, əsasən, razılaşmalı oluruq. Ancaq konsepsiya ilə
bağlı fikir bildirən müəllimlərin bir əlində dərslik
olanda, bir əlində də kurikulumu tutmasını istəyərdim.
Yəni "müəllif niyə belə yazıb"
deyənlərdən xahiş etmək istərdim ki, özlərinə
"kurikulumda bununla bağlı nə yazılıb"
sualını da versinlər. Belə olsa, onlar
bir çox sualların cavabını tapacaqlar və bəzi
iradlar aradan qalxacaq.
Müəllimlərin
"Azərbaycan dili" dərslikləri ilə bağlı qeyd
etdikləri iradların
çoxu dil qaydalarının azlığı ilə
bağlıdır. Bəziləri isə mətnlərin
çoxluğundan şikayətlənir, bu mənada bizim dərsliklərin
daha çox ədəbiyyat dərsliklərinə
oxşadığını bildirirlər. Beləliklə,
bir çoxları istəyir ki, mətnlər azalsın, dil
qaydaları çoxalsın. Hətta bir
müəllim öz iradında bildirir ki, "biz dilçilik
keçirik, ədəbiyyat yox". Amma nəzərə
almaq lazımdır ki, bu gün dilin tədrisində dil
qaydaları son məqsəd deyil, nitq bacarıqlarına yiyələnmək
üçün vasitədir. Kurikulumun tələbinə
görə, dilçiliyi elə səviyyədə öyrətməliyik
ki, o, dinləmə, danışma, oxu və yazı
bacarıqlarının inkişafına kömək etsin.
Qaldı ki, mətnlərin çoxluğu və
böyüklüyü ilə bağlı iradlara, nədənsə
müəllimlərdə belə bir fikir formalaşıb ki,
"Azərbaycan dili" dərsliklərindəki mətnlərdə
öz əksini tapmış faktoloji materiallar sonradan qiymətləndirmə
obyekti olacaq. Tutaq ki, biz
dərsliyə Makedoniyalı İsgəndər haqqında mətn
salmışıq və orada tarixlər, faktlar var. Lakin həmin
tarixlər və faktlar yalnız tarix dərsliyində qiymətləndirmə
obyekti ola bilər. Azərbaycan dili fənnində
isə uşaqlardan verilmiş müəyyən vaxt çərçivəsində
həmin elmi-kütləvi mətni oxuyub qavramaq tələb
olunur. Bunun üçün çoxlu oxu
texnikası təklif edilir.
Məlum
olduğu kimi, bir çox ölkələrdə dil və riyaziyyat fənlərindən
buraxılış, bəzi hallarda isə qəbul
imtahanları keçirilir. Bu ona görədir
ki, dil fənnində uşağın yiyələndiyi
bacarıqlar bütün fənlərdə öz təsirini
göstərir. Bu bacarıqlara dərindən
yiyələnmiş insan, adətən, digər fənlərdə
də uğurlu olur. Dil fənni yalnız
dilçiliyi öyrətmir, həm də intellekti
artırır.
Müəllimlərin qeydlərində bəzən
ziddiyyətli fikirlərə də rast gəlmək olur. Məsələn, VI
sinif "Azərbaycan dili" dərsliyi
ilə bağlı fikir söyləyən müəllim bir tərəfdən
mövzuların hamısının
nağıl olduğunu, digər tərəfdən isə
həmin dərslikdə "İxtiralar və kəşflər"
bölməsini uşaqların çox çətin
qavradıqlarını deyir.
Müəllimlər dil qaydalarının verilməsində
pərakəndəliyin olduğunu qeyd edirlər. Bu cür
iradlar isə ənənəvi proqramdan irəli gələn
stereotiplərlə bağlıdır. Bəli,
ənənəvi proqramda V sinifdə fonetika və
leksikanı, VI sinifdə isim, sifət, sayı, VII sinifdə
feli, köməkçi nitq hissələrini və s.
keçib qurtarırdıq. İndi isə
belə deyil. Kurikulum qrammatik
kateqoriyaların təqdimatında yaş səviyyəsinin nəzərə
alınmasını tələb edir. Ona
görə də hər bir nitq hissəsinə aid sadə
kateqoriyaları aşağı siniflərdə, nisbətən
mürəkkəb kateqoriyaları isə yuxarı siniflərdə
tədris etmək lazım gəlir. Məsələn,
ismin halları haqqında ümumi məlumat V sinifdə,
qeyri-müəyyənlik bildirən yiyəlik və təsirlik
hal isə VI sinifdə təqdim olunur. Bu həm
də keçilmiş nitq hissələrinin növbəti
siniflərdə təkrarlanmasına xidmət edir. Müəllimlər isə bunu sistemsizlik kimi izah etməyə
çalışırlar.
V sinif "Azərbaycan dili" dərsliyi ilə əlaqədar
düzəltmə isimlər haqqında məlumat verilməməsinə
irad bildirilir.
Bu da uzun illər ərzində
formalaşmış stereotiplərdən biridir. Müəllimlər istəyirlər ki, bir dərslikdə
müəyyən nitq hissəsi haqqında bütün məsələlərə
nöqtə qoyulsun. Halbuki V sinifdə,
ümumiyyətlə, söz yaradıcılığı
haqqında, növbəti siniflərdə isə müxtəlif
nitq hissələrinin, o cümlədən ismin quruluşca
növləri haqqında məlumat verilir.
Müəllim
tərəfindən irad kimi səsləndirilən "Azərbaycan
dili dərsliklərində mətnlərin sayı çoxdur,
elə bil ədəbiyyat dərslikləridir" fikri də,
məncə, kurikulumun tələblərinin nəzərə
alınmamasından irəli gəlir. Təhsilini
kurikulum əsasında quran ölkələrin əksəriyyətində
"Ədəbiyyat" fənni IX sinifdən keçilir.
O vaxta qədər ədəbiyyat üzrə müəyyən
bacarıqlar, məsələn, janrlar, bədii ifadə vasitələri
və s. haqqında məlumatlar elə dil fənnində
öyrədilir. Bizdə isə ayrıca ədəbiyyat
fənni də var. Ona görə də biz dərslik yazarkən
ədəbiyyat dərsliklərinin də
yazıldığını diqqətdə saxlayırıq.
"Azərbaycan dili" dərsliklərində
dünya ədəbiyyatı nümunələrinin və elmi-kütləvi
mətnlərin daha çox yer alması da bu faktla
bağlıdır.
Mətnlər də, sadəcə, bilik və ya zövq
almaq üçün verilmir. Onlar şagirdlərdə
nitq bacarıqlarını inkişaf etdirməyə xidmət
edir. "Çiy" halda götürülmüş
çox az mətn var ki, bu
bacarıqları, standartları reallaşdırmağa imkan
versin. Ona görə
də çox zaman mövcud mətnləri yenidən işləməyə
və ya yeni mətn yazmağa məcburuq. Yalnız
bu halda şagirdlərin yaş, intellektual və maraq səviyyəsini
nəzərə almaq, pedaqoji prinsipləri gözləmək
mümkündür.
Bəzən mediada valideynlər, hətta müəllimlər
"filan dərslik bərbaddır" kimi ifadələr
işlədirlər. Ümumiyyətlə, yaxşı
olardı ki, dərsliklə bağlı fikir söyləyərkən
bu cür emosional sözlərdən uzaq olaq, daha çox
konstruktiv fikir söyləyək və onu arqumentlərlə əsaslandıraq.
Əslində, dərsliklərimizdə
şagirdlərə aşılamaq istədiyimiz əsas
bacarıqlardan biri də elə budur.
Biz dərslik müəllifləri
çalışırıq ki, dərslikdəki materiallar
uşaqlarda təfəkkürün inkişafına xidmət
etsin, onların beyinləri lazımsız biliklərlə
yüklənməsin. Bu, kurikulumun tələbidir. Bu tələblərə uyğunlaşmaq müəllimlərdən
gərgin əmək tələb edir. Onlar
unutmamalıdırlar ki, son məqsəd məzmun
standartlarıdır, dərslik bu standartları
reallaşdırmaq üçün bir vasitədir.
"Azərbaycan dili" dərsliklərimizi növbəti il üçün hazırlayarkən bəzi mətnlərin uşaqların yaş səviyyəsinə uyğun olaraq seçilməsi məsələsinə baxmağı, bir sıra mətnlərin ağırlığı ilə bağlı müəllimlərin fikirlərini nəzərə almağı düşünürük. Ancaq "dil qaydaları çoxalmalıdır, mətnlər azaldılmalıdır" fikri ilə qətiyyən razılaşmaq olmaz.
(Ardı gələn
sayımızda)
Hazırladılar: Yusif Əliyev,
Niyazi Rəhimov,
Samirə Kərimova
Azərbaycan
müəllimi.- 2015.- 21 fevral.- S.4-5.