Xocalı soyqırımının
canlı şahidləri
1992-ci il
fevralın 26-da Ermənistan silahlı qüvvələri
keçmiş SSRİ-nin Xankəndində yerləşən
366-cı motoalayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı
misli görünməmiş Xocalı
soyqırımını törətmişdir. Ermənilər
Xocalı şəhərinin əhalisinə divan tutmuş, həmin
hadisə zamanı yüzlərlə insan, o cümlədən
qocalar, qadınlar və uşaqlar xüsusi amansızlıqla
qətlə yetirilmiş, əsir və girov
götürülmüş, şəhər yerlə-yeksan
edilmişdir. Xocalı işğal olunarkən dinc əhaliyə
şəhərdən çıxmaq üçün dəhliz
qoymayan cinayətkarlar heç kimə aman verməmişdir. Hadisədən bir neçə gün sonra
telereportyorlar tərəfindən lentə alınan dəhşətli
kadrlar bütün dünyanı sarsıtdı. Əsas
etibarilə qocalar, qadınlar və uşaqlardan ibarət olan
onlarla meyitin alın dərisi soyulmuş, sifətləri
güllələrlə və avtomat qundaqları ilə
dağıdılmışdı. 613 nəfər
həmyerlimiz öldürülmüşdür ki, onlardan da 63
nəfəri uşaq və yeniyetmə, 106 nəfəri
qadın, 70 nəfəri isə ahıl yaşlı
adamlardır. 8 ailə tamamilə məhv edilmiş, 25 nəfər
uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə
valideynlərindən birini itirmişdir. 150 nəfərin taleyi
bu günə kimi məlum deyil. 487 nəfər əlil
olmuş, 1275 nəfər girov
götürülmüşdür. Bu kütləvi və
amansız qırğın aktı bəşər tarixində
misilsiz vəhşilik və qara ləkə kimi qalacaqdır.
Faciənin iyirmi üçüncü ildönümü ərəfəsində
jurnalist Əsli Xəlilqızının hadisə şahidlərinin
dilindən qələmə aldığı fikirləri təqdim
edirik.
"Atamı
gözlərimin qarşısında yandırdılar"
Xəzangül
Əmirova,
Xocalı sakini,
1983-cü il təvəllüdlü
"Fevralın
25-i gecə saat təxminən on birə qalmış evdən
çıxdıq. Hər yandan partlayış səsi gəlirdi. Gurultudan qulaq
tutulurdu. Qorxurdum. Anam
balaca qardaşım Vüqarı qucağına
almışdı. Atam bacım Nigarı.
Mən və dörd yaşlı bacım Yeganə
özümüz gedirdik. Xocalıdan
çıxanda ana nənəm Əntiqə gəlib bizi
tapdı.
O, anamdan
qardaşım Vüqarı aldı. Atam bizi
çaydan keçirdi. Meşəyə
girdik. Hər yan qar idi. Üşüyürdüm. Gecə
meşədə qaldıq. Səhər
açıldı. Ermənilər
camaatımızı qırdı. Hər tərəf
meyit idi. Atam ayağından yaralandı,
sonra da çiynindən. Atam meşədən
qırdığı yoğun ağac budağına söykənə-söykənə
gedirdi. Anam Nigarı atamdan
almışdı. Dərəyə
enmişdik. Oturmuşduq. Bizi ermənilər gülləyə tutdular. Anam başını əyib bacım Nigarı
qucaqladı ki, güllə ona dəyməsin. Güllə
anamın başından dəydi... Anam yerindəcə
keçindi. Nənəm haray çəkirdi,
qışqırırdı, ağlayırdı. Balaca bacılarım Yeganə, Nigar donuq-donuq
baxırdılar. Anamı qucaqlayıb
ağlayırdım. İstəmirdim anam
orada qalsın. Atam qolumdan tutub dartdı.
Anamın üstünü başına bağladığı
şalla örtdü... Biz gedirdik. Hey
dönüb anama baxırdım. İstəyirdim anam da gəlsin...
Bir az getmişdik ki, altı yaşlı
bacım Yeganəni vurdular, o da yerindəcə keçindi. O
da meşədə qaldı. Sonra bilmirəm, ermənilər
bizi tutdu. Bir kəndə gətirdilər.
Atamı tüfəngə tuşlayıb
öldürmək istəyirdilər. Erməni
yaraqlısının ayağını qucaqlayıb
yalvarırdım ki, anam ölüb, bacım ölüb,
atamı öldürməyin. Məni itələdilər.
Atamı güllə ilə vurmadılar. Sonra onu simlə ağaca sarıdılar. Dedilər:
"De ki, Qarabağ Ermənistan torpağıdır!". Atam demədi. Ayaqlarına benzin töküb yandırdılar.
Atamın ayaqları yananda mən də, nənəm
də qışqırırdıq. Bir də dedilər:
"De ki, Qarabağ Ermənistan torpağıdır! Buraxaq get, balalarını saxla". Atam
yenə demədi. Bu dəfə onun boğazından
aşağı benzin tökdülər. Yandırdılar
atamı...".
Qışqırırdım...
Atama kömək etmək istəyirdim. Hər qolumdan bir erməni saqqallısı
tutmuşdu. Onlar gülürdülər! "Türklərə
göz dağı olsunlar!" deyirdilər. Orada
çoxlu meyit vardı... Boyunlarına məftil
bağlayıb sürüyürdülər. İnsan əzabından
zövq alıb gülürdülər! Bilmirəm
biz oradan necə qurtardıq. Artıq heç nə hiss
etmirdim. Heç nə xatırlaya bilmirəm.
Nənəm deyir ki, Milli Ordunun əsgərləri
bizi qurtardı. Ağdama gəlmişdik".
"Üç oğlu güllələnən
qadının
naləsini hələ də unuda bilmirəm"
Teymur Musayev,
Xocalı sakini, 1982-ci il
təvəllüdlü
...Ağdamın
Abdalgülablı kəndinə sarı səmt
almışdıq. Yoxuşu təzəcə
qalxmağa başlamışdıq ki, gülləbarana
düşdük. İstiqaməti dəyişib
üzü dərəyə qaçdıq. Hər yan qar, bir də ağac gövdələri
idi. Sıx ağac gövdələri
çoxumuzun həyatını qurtarsa da, orada xeyli ölən
oldu. Pərən-pərən olmuş
camaat dərənin dibində bir yerə toplaşdı.
Adamlar azalmışdı... İnsanlar bir-birlərini
səsləyirdilər. Abdalgülablı zənn
etdiyimiz kəndə yaxınlaşırdıq. Kənd camaatı Azərbaycan dilində erməniləri
söyə-söyə bizi səsləyirdi. Və birdən yenə gülləbaran
başladı. Tələyə
düşmüşdük. Kolonnanın
arxasında olan camaat geri dönüb qaça bildi. Dayım da qaçmışdı. Biz qabaqda getdiyimizdən əsir düşdük.
Bu ermənilərin yaşadığı Dəhraz kəndi
idi... Bizi kəndin içərisindəki fermaya
gətirdilər. Zəhra adlı bir
qadını fermanın həyətindəcə güllələdilər.
Güllə onun ağzından girib boynunun
ardından çıxdı. Lap yanımda sakitcə
keçindi... Səsi də çıxmadı.
Unutmadığım səhnələrdən biri də Zəhra
xalanın səssizcə ölümüdür...
Bizi mal-qara tövləsinə doldurdular. Bir az
keçdi, iri bir ləyən gətirib dedilər ki, nəyiniz
var tökün. Üstünüzdə bir
şey qalsa, güllələnəcəksiniz. Kimin nəyi
vardısa -
qızıl, pul, sənəd həmin ləyənə
tökürdü. O ləyən üç dəfə dolub
boşaldı. Ora atılan qızıl əşyaların
taqqıltısı da qulağımdadır. Həmin
tövlədən oğlanları əlindən alınıb
öldürülən Matan xalanın naləsi də... Üç oğlu güllələnən
qadının naləsini hələ də unuda bilmirəm.
Matan xala nə qədər ağlayıb yalvardısa,
oğlullarından birini də ona vermədilər. Üçü
də Milli Ordu paltarında idi. Birinci
gün 10-11 nəfər Milli Ordu paltarında olan kişini
çölə çıxardılar. Çöldə
pulemyot biçini eşidildi...
Bizi bir-iki gün də Dəhraz kəndi
yaxınlığında fermada saxladılar. Sonra
seçdilər. Tövlədən
çıxanda qoca, qadın və uşaqları bir tərəfə,
əli silah tuta biləcək cavan və orta yaşlı
kişiləri digər tərəfə cərgələdilər.
Atam bizdən ayrı düşdü. Ata nənəm
məni və qardaşım Ramini öyrətdi ki, gedin
atanızın ayaqlarından yapışıb ağlayın və
yaraqlılara deyin ki, anamız meşədə ölüb,
heç olmasa, atamızı buraxın. Elə də
elədik. Yaraqlılardan biri - o, Yerevandan gələn
deyildi, yerli erməni idi - atamı tüfəngin
qundağı ilə qoca, qadın olan sıraya itələdi.
Bizim sıraya Ağdamın Abdalgülablı kəndinə
sarı hərəkət etmək tapşırıldı.
Bizi bir neçə erməni yaraqlısı
yarı yolacan yola saldı. Yolda bizə
deyirdilər, əgər siz tərəfdən atsalar,
hamınızı biçəcəyik. Gedirdim,
dönüb arxaya baxırdım. Elə bilirdim bizi
arxadan biçəcəklər... O biri cərgədən isə
xəbərim olmadı. Abdalgülablı kəndində
bizi Milli Ordunun əsgərləri qarşıladı. Oradan da Ağdama gətirdilər. Bizi
ölmüş bilmiş anam bir neçə gün Ağdam
məscidində meyitləri axtarıbmış... İnana
bilmirdim sağ qaldığıma... Don vurmuş
ayaqlarımı soyuq suya qoydular".
"Yaşamağıma hələ
də inana bilmirəm"
Füzuli Mehbalıyev,
Xocalı sakini, 1975-ci il
təvəllüdlü
"Xocalı sakini
İsrail İsmayılovla "Vaşim şestoy" postunda
durmuşduq. Səhərdən bir tikə
yemək yeməmişdik. Axşam saat on
radələrində evə yeməyə gəldik. Hər an atışma vardı. Ancaq
birdən atışma şiddətləndi. Milli Ordunun əsgəri İsrail məni posta
qayıtmağa qoymadı. Özü getdi.
Dəhşətli partlayış, gurultu səsləri
aləmi bürüdü. Biz üç mərtəbəli
binada yaşayırdıq. Bayıra
çıxmaq mümkün deyildi. Blok
gülləbaran edilirdi. Birinci mərtəbədə
olduğumuzdan blok sakinləri bizim evə
doldu. Blokun əks tərəfindəki nisbətən
güllə tutmayan otağın pəncərəsini
açdıq. Birinci mən endim. Sonra belimi dayaq verdim ki, evdə olan qız-gəlinlər,
qocalar pəncərədən düşə bilsin. Binanın kişilərinin hamısı
Xocalının müdafiəsinə qalxmışdı.
Gördük ki, Əlif Hacıyev və Tofiq
Hüseynov Milli Ordu əsgərlərini bizim köməyimizə
göndərib. Xocalı şəhəri
aşağıdan, yuxarıdan - aeroport və Əsgəran,
bir də Bozdağı tərəfdən hücuma məruz
qalmışdı. Alazan, snaryad, qranat yağış
kimi yağırdı. Təkcə
Çaylaq yolu tərəfdən hücum yox idi. Milli Ordu əsgərləri düşmənlə
atışa-atışa bu yolla bizi Ağdama keçirmək
istəyirdilər. Fin evlərinin yanından
daldalana-daldalana gedirdik. Getdikcə camaat
çoxalırdı. Qışqıran kim,
bağıran kim. Qarqar çayına
çatdıq. Qardaşım Nizami ilə
anamı çaydan keçirdik. Su buz kimi
soyuq idi. Çayı keçib Kətik
meşəsinə üz tutduq. Dəstə
o qədər böyümüşdü ki, artıq idarə
etmək çətin idi. Rəhmətlik
Əlif Hacıyev, Milli Ordunun əsgəri Füzuli və
başqaları təhlükəsiz istiqaməti müəyyənləşdirib
dəstəni istiqamətləndirirdilər. Anam, qardaşım, qonşumuz Mamed dayı, həyat
yoldaşı Rəhilə - biz lap yanaşı gedirdik. Tanıdığım insanların çoxunu
yadımda saxlaya bilmirdim. Soyuq, qorxu, vahimə,
islanmış ayaqlarımı da buz kəsmişdi.
Kətik meşəsində təpəni qalxdıq. Dönüb
Xocalıya baxdım. Xocalı od tutub
yanırdı. Xocalıdan xeyli uzaqlaşsaq da,
şəhərdə şiddətli atışma səsi gəlirdi.
Döyüşən Milli Ordunun əsgərləri
idi. Onlar ölümlə üz-üzə
qalmışdılar ki... Qalmışdılar
ki, dinc əhali mühasirədən çıxa bilsin.
Təpədən dərəyə endik. Rəhmətlik Əlif
Hacıyev dedi ki, buranı güllə tutmaz, bir az oturub dincələk. Qarın
üstündə oturdum. Ağzıma qar
qoydum. Camaat su əvəzinə qar yeyirdi.
Əlif Hacıyev qışqırırdı ki, qar az yeyin. Bir az dincəlmişdik
ki, o, durmaq əmri verdi. Qalxdıq. Bir xeyli gedib meşənin tala yerində
şumluğa düşdük. QarBöyütmək
üçün seçin basmış, şumlanmış
yerdə hərəkət lap zülm idi. Ayağının
birini atır, sanki o birini kimsə tutub saxlayırmış
kimi gəlirdi adama. Üstəlik də
çayı keçərkən islanmış ayaqlarım
zülm verirdi mənə. Yüngülləşmək
üçün əynimdəki gödəkçəni
çıxarıb atdım. O, məni lap gücdən
salırdı. Bir az getmişdim ki,
ayağım tələyə keçdi. Nə
qədər etdik tələni aça bilmədik. Ayaqqabının bağını açıb
ayaqqabıdan ayağımı sürüşdürüb
çıxardım. Ayaqqabımın bir
tayı tələdə qaldı. Gedirdik.
Səhərə yaxın idi. Kətik meşəsi ilə Əsgəranı birləşdirən
asfalt yolu keçsə idik, Şelli kəndinə
çatacaqdıq. Asfalta
çataçatda gülləbaran başladı. Başımızı qaldıra bilmirdik. Heç kimin heç kimdən xəbəri yox idi.
Bizi mühafizə edən Milli Ordu əsgərləri
cavab atəşi açırdılar. Orada
xeyli ölən, yaralanan oldu. Camaat
sürünə-sürünə gedirdi ki, gülləyə
tuş gəlməsin. Heç yadımdan
çıxmaz. Xocalıda fin evlərində yaşayan Rəşid
adlı oğlanın ovçarkası gülləbaran
başlayanda irəli cumdu. Sonra o da sanki hər
şeyi başa düşürmüş kimi sürünməyə
başladı. Şelliyə qədər
süründü. Şelliyə
çatmamış dərədə yenə də gülləbarana
düşdük. Orada atışma daha
şiddətli idi. Milli Ordunun əsgəri
İsrailin pulemyotunun maqazinini doldururdum. Maqazini
götürmək istəyəndə geri baxanda gördü
ki, mənəm. Üstümə
qışqırdı. "Rədd ol, get
burdan! Oradan bura sağ-salamat gəlmisən ki, burada
öləsən?". Böyür-başım
meyitlə dolu idi. Yıxılan kim,
zarıyan kim, imdad diləyən kim, inildəyən kim.
Heç kim heç kimi
tanımırdı. Güllə
yağışı altında bir saniyə belə dayanıb
kiməsə kömək etmək mümkün deyildi.
Hamı can hayında idi.
Həmin gülləbaranda sonralar Azərbaycanın Milli
Qəhrəmanı olmuş Əlif Hacıyevin mənə
bağışladığı papağı itirdim. Papaq
başımdan düşdü. Qayıdıb
götürməyə qorxdum. Şelliyə
sarı qaçırdım. Hələ Kətik
meşəsində Əlif Hacıyevin papağı kola
ilişib dərəyə yuvarlanmışdı. Gedib gətirmişdim. Papağı
başıma basıb demişdi: "Soyuqdu, qoy
başına"... Naxçıvanikdəki
donuz fermasının yanındakı gülləbarandan canını
qurtaran Şelli kəndinə çatdı. Mən də onlarla idim. Bizi bir evə
apardılar. Əvvəlcə su verdilər.
1992-ci il fevralın 27-də meyitləri yığmaq
üçün gülləbarana düşdüyümüz
yerə - Naxçıvanik yaxınlığına gəldik.
Ata-anasının meyitini tapmaq ümidilə Həsənbalanın
uşaqları da mənimlə idi. Başqa
xocalılar da vardı. Milli Ordunun əsgərlərindən
də. Meyit axtarırdıq. Bir hərbi vertolyot yerə endi. Bir
neçəsi də onu mühafizə edirdi. Çingiz Mustafayev kamera ilə bu törədilmiş
vəhşiliyi çəkirdi. Həm də
hönkürürdü. Sonralar Azərbaycanın
Milli Qəhrəmanı olmuş Çingiz Mustafayevin çəkdiyi
kadrlar dünyanı lərzəyə gətirdi. Həmin kadrlardan qat-qat dəhşətlilərini
gözlərimlə görmüşəm. Yandırılmış, başı, qulağı,
burnu kəsilmiş, dərisi soyulmuş meyitlər. Meyitləri yığmağa da qoymadılar. Yenə atışma başladı. Artıq şiddətlənirdi. Yerə
enmiş vertolyot 15-20 meyit götürdükdən sonra
qalxdı. Biz Şelliyə sarı
qaçdıq. Meyitləri götürə
bilmədik. Həsənbalanın
uşaqları nə anasının, nə də
atasının meyitini götürə bilmədilər. Həsənbalanın arvadı dərədə idi.
Boğazından yaralanmışdı. Kəndçimiz
Talehin meyiti bir az dikdə donmuşdu...
Ondan bir az aşağıda
tanımadığım iki uşaq meyiti vardı... Dərə dolu meyit idi. Qaxaca dönmüş
meyitlər... Fevralın 26-dakı gülləbaranda camaat dərəyə
doluşdu ki, başını güllədən gizləyə
bilsin... Elə dərədəcə hamısı
üst-üstə qalaqlanmışdı... Çoxusunu
tanımırdım. Xocalıda fermada
işləyən bir kişinin meyitini
yandırmışdılar. Doğmaları
onu ayaqqabısından tanıdı. Dilonun oğlunun
beyin hissəsi oyulmuşdu...
Gecələr yata bilmirəm. İnanmıram
sağam. Yaşamağıma hələ də
inana bilmirəm".
Azərbaycan
müəllimi.- 2015.- 21 fevral.- S.6.