53 yaşlı tələbə

 

Naxçıvan Dövlət Universitetinin I kurs tələbəsi Lətif Şahgərdiyevlə söhbət

 

Belə bir fikir var ki, oxumağın yaşı yoxdur. Bir neçə gün əvvəl Tacikistan vətəndaşı olan 70 yaşlı Qulamheydər İsgəndərovun yerli universitetlərdən birinin tacik filologiyası fakültəsində təhsil alacağı barədə oxuduğum xəbər də buna nümunə idi.

Bəs ölkəmizdə necə? "Oxumaq heç vaxt gec deyil" fikrini təsdiq edəcək şəxslər varmı? Əlbəttə, var. Sizi onlardan biri, bu tədris ilinin ən yaşlı tələbəsi ilə tanış etmək istəyirəm. Müsahibim Naxçıvan Dövlət Universitetinin riyaziyyat fakültəsinin 53 yaşlı tələbəsi Lətif Şahgərdiyevdir.

Müsahibimdən özü barədə məlumat verməyini xahiş edirəm:

- 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olmuşam. Kəndimizdə məktəb 8 illik olduğu üçün orta təhsilimi qonşuluqda yerləşən Qızılqışlar kənd tam orta məktəbində bitirmişəm. 1984-cü ildə Azərbaycan Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti) avtonəqliyyat fakültəsini bitirmişəm. 2001-ci ilə qədər nəqliyyat sahəsində çalışmışam. Sonra müəllim olmaq istədim. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma kurslarında riyaziyyat fakültəsi üzrə təhsilimi başa vurdum. 2006-2010-cu illərdə Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işlədim. Həmişə elmə həvəsim olub. Düşündüm ki, təhsilimi davam etdirmək üçün heç vaxt gec deyil. 2014-cü ildə yenidən sənədlərimi ali məktəbə verdim. Qəbul imtahanında 419 bal topladım. Fizikariyaziyyat fənlərindən daha çox test tapşırıqlarını cavablandırdım. Digərlərinə də yaxşı hazırlaşsaydım 500 baldan çox toplayardım. Övladlarımın üçüali təhsillidir. Biri Prezident təqaüdü ilə oxuyub. Qızım hazırda tibb sahəsi üzrə Almaniyada ali təhsilini davam etdirir.

- İmtahana getdiyiniz günü necə xatırlayırsınız?

- İnanırsınız, imtahana gedəndə o qədər həyəcanlı idim. Hətta kodlaşdırmada səhvlərim də oldu. Əvvəllər imtahandan qabaq uşaqları çox sıxırdım, yorurdum. İndi özümo həyəcanı yaşayandan sonra uşaqlara imtahanqabağı çox əziyyət vermirəm. İmtahanın hər yaşda öz həyəcanı var.

- Ali məktəbə qəbul olduğunuz xəbərini necə öyrəndiniz?

- Yazanda bilirdim ki, qəbul olacağam. Nəticələr açıqlananda evdə deyildim. Balımı uşaqlarım zəng vurub xəbər elədi. Qəbul olduğumu, zəhmətimin yerdə qalmadığını eşidəndə o qədər xoş hisslər yaşadım. Sizə necə izah edim bilmirəm, çünki sözlə ifadə etməyi bacarmıram.

- Bu yaşda ali məktəbə hazırlaşmağın hansı çətinlikləri var idi?

- Özüm uşaq hazırlaşdırırdım. Qızımı da ali məktəbə özüm hazırladım. O ali məktəbə qəbul olandan sonra mən   təhsilimi davam etdirmək həvəsinə düşdüm. Əvvəldə qeyd etdim ki, əsas iki fəndən yaxşı nəticəm var idi. Amma indi o birilərini oxumadığıma təəssüflənirəm. Çünki bu balın az olduğunu düşünürəm. Daha yaxşı nəticə göstərə bilərdim.

- Ətrafınızdakı insanların münasibəti necə idi, necə qarşıladılar?

- Münasibətlər birmənalı deyil. Yaxşı qarşılayanlar da var, qarşılamayanlar da. Qiyabi təhsil alıram. Dərsdə iştirak edəndə qəribə baxışlar görürəm. Uşaqlardan (qrup yoldaşlarını nəzərdə tutur) bəziləri normal qəbul etmir. Cəmiyyətdə belə fikirlərin olması üzücüdür. Çünki mən hər yaşda təhsil almağı normal qəbul edirəm. Cəmiyyəti belə hallara alışdırmaq lazımdır ki, hər yaşda təhsil almaq olar. Amerikanın Kaliforniya ştatında 80 yaşlı bir xanım təhsilini davam etdirir, hətta idman dərslərində iştirak edir. Bunu biləndən sonra qərarım daha da qətiləşdi.

- Universitetə dərsə getdiyiniz ilk gün yadınızda necə qalıb?

- Həyəcanlı, sıxıntılı, bir az narahat idim. Çünki ətrafımda "bu yaşlı kişidir" sözlərini eşidirdim. Amma özümü eşitməzliyə vururdum. Çünki düşünürdüm ki, alışacaqlar. Amma yenə belə sözləri eşitmək mənim üçün çətindir. Cəmiyyətimiz oxumağın heç vaxt gec olmadığı fikrini qəbul etməlidir.

- İlk semestr imtahanlarınız necə keçdi?

- 4 fəndən imtahan verdim. Hamısı yaxşı keçdi. Balları deyə bilməyəcəyəm, çünki hələ Bolonya sistemində olan ballar yaxşı yadımda qalmır. Həm indiyə qədər keçdiyimiz imtahanların yanında bunlar nədir ki?

- Hazırda hansı işlə məşğulsunuz?

- Repetitorluq edirəm. Amma arzum imtahan verib orta məktəbdə müəllim kimi işləməkdir. Allahın mənə verdiyi ömrün qalanını gənclərə elm öyrətməklə sərf edəcəm.

- Bəs təhsilinizi digər pillələrdə davam etdirmək istəyirsiniz?

- Əgər mümkün qismət olsa niyə yox? Mən elmə, biliyə bağlı insanam. Ətrafımdakı insanları da həmişə oxumağa həvəsləndirirəm.

Cəmiyyətdə sizin kimi insanlar çox olsun, - deyib, müsahibimdən sonda hansı tövsiyələri olduğunu soruşuram.

- Sonda onu demək istərdim ki, elm mütləq lazımdır. Mən övladlarıma da deyirəm. İstəyirsiniz fəhlə, istəyirsiniz usta olun, amma elm, təhsil, savad mütləq lazımdır. Yaşından asılı olmayaraq insanın mütləq geniş dünyagörüşü olmalıdır. Bir hər kəsə tövsiyəm odur ki, oxuyun, oxuyun yenə oxuyun. Çünki elmdən heç bir kəsə zərər gəlməz.

Səmimi söhbəti üçün təşəkkür edib sağollaşanda 53 yaşlı tələbənin dediyi fəhlə, usta olun, amma elm, təhsil, savad mütləq lazımdır fikri dahi şairimiz Nizami Gəncəvinin bir beytini yadıma saldı:

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

Rüfanə GÜNƏŞ,

"Azərbaycan müəllimi"

 

Azərbaycan müəllimi.- 2015.- 21 fevral.- S.7.