Bakı Modern Məktəbində
ədəbi-bədii
kompozisiya nümayiş
olunub
Böyütmək üçün seçinFevralın 17-də Bakı Modern Məktəbində 21 fevral Beynəlxalq Ana dili Gününə həsr edilmiş "Ana dilimizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiya məktəbin 3 A1 sinfinin şagirdləri tərəfindən hazırlanmışdı. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə kiçik yaşlarından nitq mədəniyyəti formalaşdırmaq, onlarda şifahi nitq bacarıqlarını inkişaf etdirmək, fikirlərini sərbəst ifadə etmək, səlis, düzgün danışmaq, dinləyərək anlama, danışıq zamanı fikirləri tamamlama kimi bilik, bacarıq, vərdiş aşılamaq idi.
Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq onun qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.
Kiçikyaşlılar sinif rəhbəri Sevinc Əliyevaya məxsus xüsusi hazırlanmış ssenari ilə çıxış etdilər. Canlandırılan səhnəciklər onların özlərini ifadə edə bilmə bacarığını yüksək dərəcədə göstərirdi.
Tədbirdə Milli Məclisin üzvü Nizami Cəfərov, Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Qiymətləndirmə və innovasiya şöbəsinin əməkdaşı Namiq Nağıyev, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bibixanım İbadova, filoloq Sevil Yusifova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumitəhsil sektorunun baş məsləhətçisi Tural Mirzəliyev, İctimai Televiziyanın əməkdaşı Orxan Cabbarlı iştirak edirdilər.
Tədbir yüksək səviyyədə hazırlanmışdı. İKT-dən, müasir avadanlıqlardan, Veb 2 və Veb 3 alətlərindən istifadə edilərək Azərbaycan dili standartları reallaşdırılmışdı. Qonaqarı valeh edən keçmişlə müasir dövrün sintezi, müasir yanaşmaların nümayişi, Azərbaycan dilinin rəngarəngliyi, gözəlliyinin xüsusi və yeni yazılmış səhnəciklər üzrə nümayiş etdirilməsi oldu. Videoreportajlar, İçərişəhər, Şirvanşahlar sarayında çəkilərək nümayiş etdirilən səhnəciklər zamanı şagirdlərin istedadlarının, 7-8 yaşlı kiçik məktəblilərin potensial imkanlarının hər vasitə ilə üzə çıxarıldığının şahidi olduq. Şagirdlərin "Azərbaycan dilimizi sevirik, onu hər yerdə, hər zaman yayacaq, inkişaf etdirəcəyik " demələri, bunu söyləyərkən qürur və iftixar hissi keçirmələri hamı tərəfindən bəyənildi. Bu səhnələri görmək çox qürurverici idi. Kiçik yaşlarından şagirdlərdə vətənpərvərlik, dövlətə, dilə, bayrağa olan sevginin yüksəkliyini, ifadə etdikləri hər fikirdə özünü büruzə verən mübarizlik nümunələri ilə fəxr etməmək mümkün deyildi.
Tədbirdə inteqrasiyanın hərtərəfli gözlənilməsi, əlaqələndirmələr qüsursuz idi. Şagirdlərin dünya alimlərinin, müdriklərin ana dili haqqında fikirlərini özlərinə məxsus bacarıqla ifadə etmələri dilimizin gözəlliyi, zənginliyindən istifadənin bariz nümunəsi idi.
Yeri gəlmişkən qeyd edək ki, BMM-nın müəllimi Sevinc Əliyevanın tədbirlərində, "açıq dərs"lərində hər zaman diqqət etdiyi bir xüsusiyyət var: yaradıcı olmaq, yeni ideyaları irəli sürmək, özünəməxsus ssenarilər yazmaq və onları qeyri-adi şəkildə ortaya çıxarmaq. Bu tədbirdə də məhz belə oldu. Tədbir zamanı kurikulum təlimlərində təcrübəsindən istifadə edilən, Azərbaycan dilini Kanadanın Toronto vilayətində yayan, bizi orada təmsil edən həmvətənimiz Yeganə Cəfərovanın təbrikləri də videogörüntü ilə qonaqlara və körpə balalarımıza çatdırıldı. Bundan başqa, bir neçə şəhərdə dilimizi yayan, xarici vətəndaşlara öyrədən həmkarlarımızın da təbrikləri eşidildi.
Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi, 2011-2012-ci tədris ili üzrə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi, Təhsil Nazirliyinin bir çox layihələrində öz təcrübəsini həmkarları ilə paylaşan, "Mədəd-Azərbaycan" təşkilatının xətti ilə mentorluq layihəsi üzrə fəaliyyətini həyata keçirən ilk mentorlardan biri olan Sevinc Vaqif qızı Əliyeva, Bibixanım İbadovanın söylədiyi kimi, yenə bir ilkə imza atdı. Təhsilimizin inkişaf etdiyini, müəllim istəyərsə, hər bir şeyin mümkünlüyünü nümayiş etdirdi.
Tədbirin sonunda şagirdlərə Bakı Modern Məktəbinin direktoru Gülarə Əfəndiyeva və qonaqlar tərəfindən fəal iştiraklarına görə diplomlar təqdim edildi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 21 fevral.- S.7.