Bilikləri möhkəmləndirən,
vətənpərvərlik hissləri
aşılayan yarışma
Bakı şəhər 22 nömrəli tam orta məktəbdə fevralın 15-də keçirilən bilik yarışını qısa şəkildə belə qiymətləndirmək olardı.
Məktəblərdə təşkil olunan bütün tədbirlər, konkret məqsədlərindən asılı olmayaraq, şagirdlərin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir. Sözügedən bilik yarışı bu baxımdan da çox faydalı oldu. Şagirdlər həm tarixdən böyük bir mövzunu necə öyrəndiklərini nümayiş etdirdilər, həm əyləndilər, həm də yaşıdlarının tədbir boyu təqdim etdikləri bədii proqramdan böyük zövq aldılar. Özü də təkcə onlar yox, müəllimləri və tədbirdə iştirak edən qonaqlar da. Onlar isə az deyildi. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən, Sabunçu Rayon İcra Hakimiyyətindən, qəsəbə bələdiyyəsindən, ətraf məktəblərdən nümayəndələr tədbirə qatılmışdı.
Sabunçu RİH və "Tarix" İctimai Birliyinin dəstəyi ilə tarix gecəsi çərçivəsində keçirilən bilik yarışması "Səfəvilər dövləti" mövzusuna həsr olunmuşdu. Mübarizə aparanlar VIII sinif şagirdləri idi. Onları hərəsində 6 şagird olan 6 komanda təmsil edirdi. Komandaların adları da mövzuya uyğun və cəlbedici idi: "Uğur". "Qarabağ", "Xətai", "Qızılbaşlar", "Zirvə", "Günəş".
Bilik yarışı Dövlət himninin ifası və məktəbin direktoru Cavad Səfərovun açılış sözü, qonaqları təqdim etməsi və salamlaması ilə başladı. Direktor bilik yarışlarının əhəmiyyətini xüsusi qeyd etdi, məktəbdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə, cəmiyyətə inteqrasiyasına kömək edən silsilə tədbirlərin mütəmadi təşkil olunduğunu diqqətə çatdırdı.
Şagirdlərdən birinin sazda ifa etdiyi "Nar ağacı" aşıq mahnısı elə başlanğıcdan tədbirin "quru" keçməyəcəyinin anonsunu verdi.
Sonra yarışmanın qaydaları izah olundu. Bu barədə məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının eksperti, 170 nömrəli tam orta məktəbin tarix müəllimi Niyaməddin Quliyev bildirdi ki, bilik yarışı 5 mərhələdən ibarətdir. Hər mərhələdə komandalara suallar veriləcək və onlar əvvəlcədən elan olunmuş vaxt ərzində bu sualları cavablandıracaqlar. Vaxt başa çatdıqdan sonra komandaların kapitanları cavabları münsiflər heyətinə təqdim edəcək. Hər düzgün cavab bir balla qiymətləndiriləcək.
Bütün mərhələlər başa çatdıqdan sonra hər mərhələ üzrə toplanmış balların cəmlənməsi yolu ilə yekun nəticələr müəyyənləşdiriləcək və hansı komandanın daha çox bal topladığı məlum olacaq.
Niyaməddin müəllim şagirdlərə bəzi tövsiyələrini də verib onlara uğur arzuladı. Yarış başladı.
Komandalar I mərhələdə 5 sualı 7 dəqiqə ərzində cavablandırdılar. İkinci mərhələdə də həmin vaxt ərzində 5 açıq suala şagirdlər tərəfindən cavab verildi. Üçüncü mərhələdə komandalar onlara təqdim olunan mətndə buraxılan səhvləri müəyyənləşdirdilər. 4-cü mərhələ komandaların bir-birinə ünvanladığı sualların cavablandırılması şəklində keçdi. Sonuncu - 5-ci mərhələdə isə aparıcı tərəfindən bütün komandalara 10 sual verildi və onlar qısa zaman ərzində (20 saniyədə) həmin sualları cavablandırdılar.
Hər mərhələdən sonra cavablar yarışın keçirilməsinə yaxından dəstək verən "Tarix" İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları, tarix üzrə fəlsəfə doktorları Səfər Aşurov, Əkbər Bədəlov, Bakı şəhər 72 nömrəli məktəb-liseyin tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Aydın Abdullayev və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Camal Bağırovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Şagirdləri bilik yarışına 22 nömrəli tam orta məktəbin tarix müəllimləri Yasəmən Ağamalıyeva, Ruslan Rüstəmov, Yeganə Əhmədova, Nailə Əliyeva, Tural Şirinov hazırlamışdılar.
Hər mərhələnin sonunda, cavablar münsiflər heyəti tərəfindən qiymətləndirildiyi müddətdə səhnəyə məktəbin istedadlı şagirdləri çıxır, bir-birindən maraqlı mahnı və rəqs nömrələri ifa edirdilər. Bununla onlar həm arada yaranan boşluğu doldurur, həm də məharətli ifaları ilə tədbirə xüsusi rəng qatırdılar. Eyni zamanda ekranda Səfəvilər dövlətinə, onun hərbi geyimlərinə, pul vahidlərinə və s. aid görüntülər nümayiş etdirilirdi.
Bilik yarışının təşkilində bəzi nüanslar maraq doğururdu. Belə ki, burada şagirdlər təkcə Niyaməddin müəllimin hazırladığı suallara deyil, həm də özləri tərəfindən digər qruplara verilmək üçün hazırlanan suallara cavab verməli olurdular. Yarışın belə təşkili şagirdlərdə həm də maraqlı suallar tərtib etmək qabiliyyətinin inkişafına səbəb olur.
Yarış başa çatdı. Münsiflər heyəti öz qərarını elan etdi. Məlum oldu ki, bütün mərhələlər üzrə daha çox bal toplamış "Xətai" komandası qalib gəlib. İkinci yerə "Uğur", üçüncü yerə isə "Qarabağ" komandaları çıxıblar. Sonrakı yerləri "Zirvə" (IV yer), "Qızılbaşlar" (V yer) və "Günəş" (VI yer) komandaları bölüşüblər. Komandalar Fəxri fərman və kitablarla mükafatlandırıldı.
Sonda məktəbin direktoru Cavad Səfərov şagirdləri təbrik edib, tədbirə qatılan qonaqlara, tarix gecəsi və yarışın təşkilində əməyi olanlara minnətdarlığını bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 21 fevral.- S.7.