Lütfi Zadənin azərbaycanlı tələbəsi
ABŞ-ın
Kaliforniya Berkli Universitetinin tələbəsi Səbinə Şahbazzadə ilə söhbət
Səbinə Şahbazzadə
1986-cı il yanvarın 22-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Respublika İncəsənət Gimnaziyasını bitirərək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olunub. Universiteti
fərqlənmə diplomu ilə
bitirdikdən sonra təhsilini davam etdirmək qərarına gəlib. Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramının marketinq ixtisası üzrə magistr pilləsinə qəbul olunub. 2014-cü ildən "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın
Kaliforniya
ştatının Berkli Universitetində (University of California, Berkeley) elektrik mühəndisliyi və kompüter elmləri (Electrical Engineering and Computer Science) fakültəsində təhsil alır. Eyni zamanda
Berkli Universitetində tədqiqat proqramı
üzrə professor Lütfi Zadənin rəhbərliyi altında elmi tədqiqatlarını davam etdirir. Beləliklə də rubrikamızın budəfəki qonağı dünyanın ən yüksək reytinqli universitetlərindən olan Kaliforniya Berkli Universitetinin tələbəsi Səbinə
Şahbazzadədir.
"İxtisas seçimində ən
çox anamın dəstəyi olub"
Orta məktəb illərində
riyaziyyat fənn olimpiadalarında iştirak etmişəm. Daha çox
riyaziyyat, fizika, kimya və ingilis dili fənlərinə
marağım var idi. İxtisas seçimimdə ən çox anamın dəstəyi
olmuşdır. Mənim anam Şahnaz Şahbazova Azərbaycan
Texniki Universitetinin dosentidir. O, 30 ildən çoxdur ki, kompüter elmləri
sahəsində dərs deyir. Mən də onun ixtisasını davam etdirirəm. Xaricdə təhsil
almaq marağım ailəmdən irəli gəlib. Belə
ki, anamın dünyanın müxtəlif universitetlərində,
konfranslarda
mühazirələrlə çıxış etməsi,
eləcə də həmin ali məktəblərdə təhsilin
inkişaf etməsi, kompüter elmləri sahəsində yeni
texnologiyaların və ideyaların yaranması məni xaricdə
təhsil almağa həvəsləndirdi. Digər tərəfdən, 2012-ci
ildə məndən öncə bacımın Berkli Universitetinin hüquq fakültəsinə qəbul
olunması da mənim xaricdə
təhsil almaq qərarımı daha da möhkəmləndirdi.
Anam
Hindistan, Almaniya, ABŞ, Macarıstan və s. ölkələrdə
elmi tədqiqat işlərini yerinə yetirmişdir. ABŞ-ın Kaliforniya ştatının Berkli
Universitetində təhsil almağım bir valideyn kimi
anamın arzusu idi.
"Təqaüdə layiq
görüldüyümə
görə olduqca xoşbəxtəm"
Xaricdə təhsil almaq qərarımı
reallaşdırmaq üçün Dövlət Proqramına
müraciət etdim. Tələbələrin seçimi çox gözəl
təşkil olunmuşdu. Seçim prosesi
doğru və şəffaf yolla keçirildi. Müsahibə
zamanı mənə verilən suallar məhz təhsil
alacağım universitetlə bağlı idi və
bütün proses 15 dəqiqədən artıq olmadı. Çox həyəcanlı idim. Təqaüdə
layiq görüldüyümə görə olduqca xoşbəxtəm.
Sevinirəm ki, xaricdə təhsil almaq arzum
reallığa çevrilib.
Ümid edirəm ki, Təhsil Nazirliyinin son islahatları
Azərbaycan təhsil sisteminə çox böyük uğur
gətirəcək. İstedadlı tələbələrin dünyanın ən
qabaqcıl universitetlərində təhsil almaları ölkəmizin
gələcək inkişafı üçün möhkəm zəmin
yaradır. Bu həm də müstəqil Azərbaycanın bütün sahələrinin
etibarlı əllərdə olmasına əyani sübutdur. Gənclər
xaricdə təhsil almaqla dünyanın ən son yeniliklərini
vətənimizə
gətirir və onun tətbiqinə
çalışırlar. Dünyanın modern ənənələrinin,
qabaqcıl təcrübələrinin Azərbaycana gətirilməsi
yalnız xaricdə təhsil almaqla mümkündür. Bu da ki, ölkə rəhbərliyinin diqqət mərkəzində
olan vacib məsələlərdən biridir. Məhz Azərbaycan dövlətinin diqqət və
qayğısı sayəsində bu gün minlərlə azərbaycanlı
gənc dünyanın müxtəlif ölkələrində
təhsil alır.
Kaliforniyada tələbə həyatı
Yaşadığım Berkli şəhəri
Amerikanın digər şəhərlərindən çox fərqlidir.
Berkli şəhəri əsasən universitet kampusundan ibarətdir. Olduqca liberal və deyərdim ki, azad şəhərdir. Bu şəhərdə adaptasiya mənim
üçün əvvəlcə çətin oldu, o mənada
ki, Bakı ilə Berkli şəhəri
arasında 12 saat fərq var. Əlbəttə ki, Bakı üçün
darıxıram, Bakı mənim üçün çox əzizdir.
Ancaq bir şeyi bilirəm ki, təhsilimi tamamlamalıyam,
çünki məqsədim savadlı, elmli mütəxəssis
olmaqdır. Təhsil həyatım olduqca maraqlı keçir, universitet
həyatı, tələbəlik, dərslərin intensivliyi, fərqli
bir mühit mənim üçün maraqlı və
yenidir. Asudə vaxtlarımı fəal tərzdə
keçirməyə çalışıram. Digər şəhərlərin
gözəl, məşhur və görməli yerlərini
gəzməyi və tarixi ilə maraqlanmağı çox
sevirəm. Bundan əlavə, burada yerləşən Azərbaycan
cəmiyyətinin təşkil etdiyi tədbirlərdə də aktiv iştirak edirəm.
Kaliforniyada
olan Azərbaycan cəmiyyəti
və konsulluğumuzla yaxın əlaqələrim var.
Onların keçirdiyi, demək olar ki, bütün tədbirlərdə
çox aktiv iştirak edirəm.
"Tələbələr daha
çox praktiki
fəaliyyətə cəlb olunurlar"
Berkli Universitetində təhsilin üstünlüyü
ondan ibarətdir ki, tələbələr fənləri
özləri seçə bilirlər. Elmin və texnologiyanın
inkişafı dərs prosesinə öz təsirini göstərir
və dərslər
əsasən yeni texnologiyaların tətbiqi ilə keçilir. Tələbələr
daha çox praktiki fəaliyyətə cəlb olunurlar.
Onlar qrup şəklində müxtəlif proyektlər üzərində
çalışırlar, məhz proyektlər əsasında da işlə təmin
oluna bilirlər.
Kaliforniya
Berkli Universiteti kompüter elmləri üzrə dünyanın top universitetlərindən
biridir və statistikaya uyğun olaraq Amerikanın bir nömrəli dövlət ali məktəbidir. Bildiyiniz kimi, XXI əsr informasiya
texnologiyaları əsridir və hər
bir sahədə
texnologiyanın yüksək tətbiqinin şahidiyik.
Yeni texnologiyaların yaranması və sürətli inkişafı mənim
kompüter elminə marağımı daha da
artırdı.
Professor Lütfi Zadənin yanında
Kaliforniya
Berkli Universitetinin adı
çəkiləndə azərbaycanlı professor Lütfi Zadə yada
düşür. Buna görə də söhbətin bu yerində məşhur
azərbaycanlı alim barədə danışmamaq olmaz.
Əlbəttə
ki, Lütfi
Zadənin Kaliforniya Berkli Universitetində işləməsi mənim Amerikada
təhsil almağımın əsas
səbəblərindən biri olmuşdur. Onunla şəxsi tanışlığımız 2008-ci ildə keçirilən "BakuTel" sərgisinə təsadüf
etmişdir. Berkli Universitetinin
kompüter elmləri fakültəsində təhsil
almağımda professor Lütfi Zadənin mənə
yazdığı tövsiyə və onun ABŞ-da
oxuyacağım müddətdə mənim elmi rəhbərim
olmağa razılıq məktubları böyük rol oynamışdır. Bildiyiniz kimi, Berkli Universitetinin
kompüter elmləri fakültəsinə dünyanın müxtəlif
ölkələrindən çoxsaylı müraciətlər daxil olur,
lakin bu ali məktəbə qəbul olunan tələbələrin
sayı məhduddur. 2012- ci ildən, yəni
Amerikaya oxumağa gəldiyimdən professorla sıx münasibətdəyəm,
mənim elmi rəhbərimdir. Hazırda onun rəhbərliyi
altında tələbə tədqiqatçı kimi fəaliyyət
göstərirəm.
Professor Lütfi Zadə ilə demək olar ki, hər həftə
görüşürük. Hesab edirəm ki, şanslı tələbələrdənəm
ki, mənim elmi rəhbərim dünya şöhrətli azərbaycanlı
alim, professor Lütfi Zadədir. Professor Lütfi Zadənin tələbəsi
olmaq, onunla sıx işləmək, "dəyirmi
masa"larında, onun və
xarici professorların seminarlarında iştirak etmək,
dünyada digər məşhur professorlarla ünsiyyətdə
olmaq, onlardan dərs almaq, digər
çox savadlı tələbələrlə birlikdə
müxtəlif elmi proyektlərdə işləmək gənc tələbə kimi mənim
üçün olduqca fərəhləndiricidir.
Onu da əlavə etmək istəyirəm
ki, mənim anam 2007-2008-ci illərdə "Fulbrayt" proqramını qazanaraq bir il müddətində professor
Lütfi Zadənin dəvəti ilə onun laboratoriyasında
elmi tədqiqat işi yerinə yetirmişdir.
"Müəllimlər tələbələrə
qayğı ilə yanaşırlar"
Berkli Universitetində
professor və tələbə
heyəti arasında olduqca gözəl münasibətlər var. Müəllimlər tələbəyə hər
zaman yardımçı olurlar, tələbələrin
bütün suallarına ətraflı və böyük məmnuniyyətlə
cavab verirlər. Hansı
bir professora
elektron poçtla
müraciət edəndə onlar dərhal cavab verirlər. Müəllimlər tələbələrə
çox qayğı ilə yanaşırlar.
Burada tələbələr öz biliklərinə
güvənib imtahana girirlər. Müəllimlər tələbələrin
özlərini imtahan zamanı rahat və sərbəst hiss etməsi
üçün onlara şirniyyat gətirirlər. Bir dəfə imtahan verirdim, müəllimim
imtahanın başlanmasını elan edəndə "hip-hop"
mahnısını oxudu. Tələbələr
həyəcan və streslərini atıb
güldülər və rahat
ab- havada imtahanın suallarına cavab verdilər. İmtahan
çox şəffaf yolla keçirilir. İmtahan prosesi fəndən və
professordan asılı olaraq müxtəlif formatda olur. Bəziləri
sırf proyektlər əsasında, bəziləri isə
yazı (esse və testlər) əsasında keçirilir.
İmtahan sessiyasında nəzərəçilər olur,
lakin onların funksiyası tələbələri imtahan
prosesi ilə tanış etmək və
prosesə riayət etməkdən ibarətdir. Tələbələr
imtahanda sırf öz biliklərini nümayiş etdirirlər.
Oxuduğum
universitetdə hamı
əcnəbidir. Bütün ölkələrdən
tələbələr var.
Bütün tələbələrə
münasibət eynidir.
Gələcək arzu və planlar
Çox
xoşbəxtəm ki, Kaliforniya Berkli
kimi nüfuzlu universitetdə təhsilimi davam etdirirəm.
Bu, çox qürurverici hissdir. Arzu edərdim ki, gənclərimizin xaricdə təhsil
almaq səyləri yüksəlsin və təhsil alan tələbələrimizin sayı
daha da çoxalsın. Vətəndən uzaqda olarkən azərbaycanlı tələbələri görmək və hər birinin uğurlarına
şahid olmaq olduqca sevindiricidir.
Bir daha özlüyümdə bu qənaətə gəlirəm
ki, təhsildə uğur əldə etmək, yeni biliklərə
yiyələnmək üçün həvəs göstərmək
və bu yolda əzmkarlıqla
çalışmaq lazımdır.
Hazırda
gələcək planlarım - Berkli Universitetinin kompüter
elmləri fakültəsində magistr pilləsində təhsilimi davam etdirmək və bir tələbə tədqiqatçı
kimi əldə etdiyim elmi nəticələrin
professor Lütfi Zadənin birgə müəllifliyi ilə
nüfuzlu elmi jurnallarda elmi məqalə kimi dərc
olunmasına nail olmaqdır.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 21 fevral.- S.10.