Tofiq Bakıxanovun Qara
Qarayevlə bağlı xatirələri
Qəzetimizin yeni
layihəsi olan "Ömrün gizli səhifələri"ndə
həyatları, sənətləri, peşəkarlıqları
və insanlıqları ilə hər kəsə örnək
ola biləcək şəxslərdən
danışacağıq. Onları yaxşı tanıyan
insanlarla birlikdə yad edəcəyik. Layihəmizə dahi bəstəkar
Qara Qarayevlə bağlı tələbəsi, bəstəkar
Tofiq Bakıxanovun xatirələri ilə start veririk. Qara Qarayev 5 fevral
1918-ci ildə Bakı şəhərində
məşhur həkim-pediatr Əbülfəz və Sona
Qarayevlərin ailəsində anadan olub. 1935-ci ildən Azərbaycan
Dövlət Konservatoriyasında bəstəkarlıq, Azərbaycan
xalq musiqisinin əsasları üzrə Üzeyir Hacıbəylinin
sinfinin tələbəsi olub. 1937-ci ildə Azərbaycan Bəstəkarlar
İttifaqına üzv qəbul edilib. 1946-cı ildə Azərbaycan
Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində
müəllim kimi işə başlayıb. Elə
həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı "Vətən"
operasına görə SSRİ Dövlət mükafatı
laureatı olub, SSRİ Bəstəkarlar İttifaqı təşkilat
komitəsinin üzvü seçilib və "Əməkdə
igidliyinə görə" medalı ilə
mükafatlandırılıb. 1955-1976-cı illərdə IV-IX
çağırış SSRİ Ali Sovetinin deputatı
olub. 13 may 1982-ci ildə Moskva
şəhərində dünyasını dəyişən
bəstəkar Bakıda dəfn olunub. Necə maraqlıdır keçən
əsrin insanlarının iş otağı, divarlarda portretlər,
hər əsrdən olan kitablarla dolu şkaf və təbii ki,
piano. İş masasının arxasında
qarşılıqlı əyləşirik. Və Qara Qarayev
barədə söhbətə başlayırıq.
-
Tofiq müəllim, Qara Qarayevlə necə tanış
olmuşdunuz?
- Dünya şöhrətli bəstəkar, ictimai xadim və qayğıkeş müəllimim barədə danışmaq mənim üçün həm asan, həm də çətindir. Ona görə asandır ki, 1938-ci ildən bəri onun yaradıcılıq fəaliyyətinin şahidi olmuşam. Onun atası, mərhum həkim-pediatr Əbülfəz Qarayev atam, məşhur tarzən Əhməd Bakıxanovla dost idilər. Qara Qarayev Moskvada təhsil aldığı üçün Bakıda az-az olurdu. Nəhayət, 1947-ci ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə mən skripkaçı solist kimi iştirak edəndə Qara Qarayev və Tofiq Quliyevlə tanış oldum. 1949-cu ildə Filarmoniyada keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında skripkaçı-solist kimi iştirak etdim. Baxışda münsiflər heyətinin üzvlərindən biri də Qara Qarayev idi. Konservatoriyada təhsil aldığım müddətdə rektorumuz Qara Qarayev idi. 1950-ci ildə əsərlərimi Qara müəllimə göstərdim. O da mənə bəstəkarlıqla məşğul olmağı ciddi məsləhət gördü. Həm də 6 ay mənimlə təmənnasız məşğul oldu. Nəhayət, əla qiymətlərlə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, Qara müəllimin sinfinə daxil oldum. Onun dərsə gəldiyi zaman dediklərini heç vaxt unutmaram: "Bəstəkar fəhlə kimi öz üzərində daim işləməlidir". Onun o qədər işləri var idi, amma hər gün royalın arxasına keçib bəstəkarlıqla məşğul olurdu.
- Necə müəllim idi, auditoriyaya
necə daxil olurdu?
- O,
çox tələbkar müəllim idi. Bəzi
fikirləri indi də yadımdadır. Bizə
tövsiyə edirdi ki, bəstəkar gərək həmişə
axtarışlar aparsın. Deyirdi ki, bazara ət
almağa girəndə yaxşısını axtarırsan.
Ola bilsin ki, aldığın köhnə olsun.
Sənət də belədir. Daim yaxşısını axtarmalısan. Köhnəlikdən əl çəkməlisən.
Hazır olan heç bir şeyə icazə
vermirdi. Asan olan yoldan tələbələri
qaçındırırdı. İstəyirdi
ki, daim axtarışda olaq.
- Qara
müəllim dərsdən əlavə tələbələrinə
necə kömək edirdi?
- Hər
barədə kömək edirdi. O vaxtı Şəfiqə
Axundova getmişdi Leninqrada, istəyirdi orada oxusun. Eşidib ki, Qara müəllim Moskva ətrafında
istirahət etməyə gəlib. Gedib
yanına, deyib ki, Qara müəllim, bir məktub yazın mənə,
oxumağa icazə versinlər. Qara müəllimin
sözü ilə onu qəbul ediblər. Çox
adamlara yaxşılıq edib. Məsələn,
kimsə xəstə olanda ona kömək edirdi. Tələbə idik, amma onun sayəsində əsərlərimiz
Filarmoniyada ifa olunurdu. Qara müəllimdə
tələbələrinə qarşı atalıq hissi var
idi, baxmayaraq ki, aramızda yaş fərqi o qədər
çox deyildi. O zaman gənc bəstəkarların
çoxunun evi yox idi. Hüsü Hacıyev küçəsində
onlara ev tikilirdi. Bilirsən,
qızım, biz indiyədək Qara müəllimə
borcluyuq. Çünki o bizə düz yol
göstərib. Əsərlərimə həmişə
doğru istiqamət verib. Başqa müəllimlərimiz
də var idi, amma Qara müəllimin savadı, istedadı
müqayisəedilməz idi.
- Onun
sinfində neçə il təhsil
aldınız?
- Təhsil
5 il idi. Amma mən çox sürətlə
yazırdım deyə, 4-cü ili bitirəndə
Qara müəllim dedi ki, Tofiq, sənə kifayətdir. Diplom işlərin də hazırdır. İki diplom işi yazmışdım.
- İndi Qara Qarayev deyəndə gözünüzün
qabağına necə gəlir?
- Deyərdim ki, yüz ildə bir dəfə onun kimi insanlara rast gəlmək olar. Bilikli, hərtərəfli insan idi. Həm Azərbaycan, həm də dünya musiqisinə fikir verməyi tövsiyə edirdi. Ona görə ki, istəyirdi bu musiqilər arasında sintez yaransın. Çünki belə əsərlərlə dünya səhnəsinə çıxanda Azərbaycan mədəniyyətinin zənginliyini sübut etmək olur. O zaman belə qayda var idi ki, yaradıcı gənclər Moskvaya tez-tez gedirdi. Moskvanın ətrafında yaradıcılıq evləri var idi. Həmin evlərdə əsərlər yazırdıq. Ümumittifaq radiosunda səslənəndən sonra qəbul edib, ifa edirdilər. İkinci simfoniyamı orda yazdım. Mən, bir qayda olaraq, bütün əsərlərimi birinci Qara müəllimə, sonra isə Tofiq Quliyevə dinlədirdim. Onlara göstərməmiş əsərlərimi heç zaman ortalığa çıxartmırdım.
- Ondan əla qiymət alandan sonra əsərləriniz gün üzünə çıxırdı...
- Bəli. Əgər o bəyənmişdisə, deməli, hər şey yaxşı idi. Dinləyəndən sonra deyirdi ki, Tofiq, sənin musiqində baletin əlamətləri var. Mənə opera teatrı üçün balet yazmağı tövsiyə etdi. Onun məsləhətindən sonra neftçilərə həsr etdiyim "Xəzər balladası" baletini yazdım. 1968-ci ildə SSRİ-nin 14 respublikasını gəzdilər ki, Fransada keçiriləcək festivala əsər göndərsinlər. Tapılmadı. Gəlib tamaşama baxdıqdan sonra ayaq üstə əl çaldılar ki, bizə belə əsər lazımdır. Qara Qarayevin tələbəsi Rauf Hacıyev o zamanlar mədəniyyət naziri idi. Qara müəllimin oğlu Fərəc Qarayevə tapşırıq verdi ki, əsər yazsın. Fərəc müəllim "Qobustan kölgələri"ni yazdı. Mənim əsərim, Fərəc Qarayevin əsəri və Rauf Hacıyevin "Azərbaycan süitası" (Ləzginka) baleti 1969-cu ildə Parisdə keçiriləcək VII beynəlxalq rəqs festivalının proqramına daxil edildi. Qara Qarayevin də əsərləri proqrama daxil edilmişdi. O zaman 5 tamaşamız Parisdə göstərildi. Bu böyük müvəffəqiyyət idi. Burdan 18 nəfər getmişdik, Qara müəllim bizim rəhbərimiz idi. Tamaşamız gedəndən sonra fransız qəzetləri bu barədə yazmışdı. Qara müəllim mənə dedi ki, Tofiq xəbərin var, fransız qəzetləri bizim barəmizdə nə yazır? Dedim ki, yox. Dedi ki, sənin "Xəzər ballada"nı o qədər tərifləyiblər. Bu sözlərdən böyük mükafat yoxdu.
- Qara Qarayevin özünəməxsus, sizi qorxudan xüsusiyyətləri hansı idi?
- O,
prinsipial və obyektiv adam idi. Həmişə düz yolda olan insan idi. O tələbə
ki, zəif idi, dərsə gələndə verdiyi
tapşırıqları çatdırmayanda, onda çox
hirslənirdi. Deyirdi ki, ay bala, 4 dərsin ərzində
mənə cəmi bir səhifəlik əsər gətirmisən?
Çünki əsərləri nota
çevirib, dərsdə müzakirə edirdik. Günlərin bir günü gənclərin I
qurultayı keçirilirdi. Baxmayaraq ki, biz
onun sinfində IV kursda idik, amma əsərlərimizi ora daxil
etdi. Dedi ki, qoy Moskvadan gələn bəstəkarlar
bilsin ki, belə gənclər var. Əsərlərimiz
çox bəyənildi. O zaman da belə qayda var idi ki, plenum,
qurultay keçiriləndən sonra banket verirdilər. Restorana bizi də dəvət etmişdilər.
Gecə saat ikidə evə qayıdanda
hamımız Qara müəllimlə birlikdə idik, qar
yağırdı. Nədənsə Qara müəllim
dedi ki, istəyirəm gedim Əhməd Bakıxanovla söhbət
edim. Yoldaşlardan biri dedi ki, ay Qara müəllim axı
gecdir. Cavab verdi ki, bizə gec yoxdur, səhərə
qədər oturan adamlarıq. Gəldik bizə.
Dekabrın 7-si gecə
idi, mənim də anadan olan günüm dekabrın 8-də
idi. Anam rəhmətlik də hazırlıq
görmüşdü. Belə
alındı ki, 10-12 nəfər bizə gəldik. Vasif Adıgözəlov da bizə yaxın
yaşayırdı, atasına (Zülfü Adıgözəlova)
zəng etdi ki, ondan nigaran qalmasın. On dəqiqə keçdi Zülfü
Adıgözəlov da gəldi. Qara müəllim
başladı Azərbaycan muğamından, Şərq aləmində
onun yerindən danışmağa. Dedi ki, düzdür,
vaxtilə Üzeyir bəydən dərs almışam. Amma istəyirəm ki, oğlum da, mən də
muğamları mükəmməl öyrənək. Sonra Fərəc müəllim onun sözünə əməl
etdi. Əsərlərində muğamlara
da yer ayırdı. Bilirsiniz, harasa gedəndə
və "Qara Qarayevin tələbəsi olmuşam" deyəndə,
"xoşbəxt adamsan" cavabını eşidirsən.
- Qara Qarayevin əsas sözü nə idi?
- Həmişə
deyərdi, asan və yüngül yoldan əl çəkin. Həmişə axtarışda olun. Hətta mahnı yazanda bir neçə variant
yazardım. Söz və musiqi vəhdət
təşkil etməlidir. Bəzən bəstəkarlar
yazırlar, görürsən söz yarımçıq
qalır.
Bu an Tofiq müəllim bəstəkarlığın
sirlərini mənimlə bölüşür. Elə gözəl izah edir ki, Qara müəllimin
onlara verdiyi məsləhətləri təkrar edir. Barmaqları ilə sözləri hecalara
bölür. Sol əlində barmaqlarının
yaxşı işləmədiyini hiss edirəm.
- Sənətkarlar
əsərlərini ayırmır. Amma mən
yenə də soruşmaq istəyirəm. Qara
müəllimin sevimli əsəri hansı idi?
- Onun
şah əsəri "Yeddi gözəl" baletidir,
"Leyli və Məcnun" simfonik poeması və
"İldırımlı yollarla" baletidir.
Birdən dayanır və deyir ki, Qara müəllim mənə
simfoniyasını avtoqrafla verib. Ayağa qalxır.
Yavaş-yavaş kitab şkafına
yaxınlaşır. Və nota çevrilmiş əsəri
iş masasına gətirir.
- Bunu Qara
müəllim mənə
Lenin mükafatı alanda vermişdi. Getdim onu təbrik
etməyə. Simfoniyası Moskvada dərc
olunmuşdu. Mənə hədiyyə etdi.
Birlikdə avtoqrafı oxuyuruq, Qara Qarayevin imzasına
baxırıq.
Tofiq müəllim yenə mənə nəsə
göstərmək istəyir. Kitabı gətirir.
Tofiq Bakıxanova həsr olunmuş kitabdır.
Tək-tək vərəqləyir. Ona
yazılan məktubları, təltif olunduğu zaman çəkilmiş
şəkillərini
hamısını mənimlə də
bölüşür. Qara Qarayevin ona vurduğu
teleqramı axtarır. Böyük sevgi və
səbrlə. Teleqramı tapır və bərabər
oxuyuruq.
- 50 illik
yubileyimdə Moskvadan mənə teleqram vurmuşdu. Baxmayaraq ki, o zaman xəstə idi. Amma mənim yubileyimi yaddan
çıxarmamışdı. Xəstəliyinin
nə olduğunu dəqiq deyə bilməyəcəyəm.
Amma çox ağır xəstə idi. Buradan gedəndən bir müddət sonra xəstəliyi
bilindi. 3-4 il yaşadı Moskvada, elə
orda da vəfat etdi. Gətirdilər Bakıya.
- Onunla
sonuncu görüşünüz nə vaxt olmuşdu?
- Moskvaya
getməzdən əvvəl.
- Moskvada
olanda onunla danışırdınız?
- Onunla
danışmaq çətin idi. Həkimlər
icazə vermirdi. Çətinliklə
yaşayırdı.
-
Ölümündən necə xəbər tutdunuz?
-
Televiziya car çəkdi. Böyük həyəcan
keçirdim. Bəstəkarlar
İttifaqı təşkil elədi, getdik hava limanına.
Filarmoniyadan Fəxri xiyabana apardılar. Ümummilli lider Heydər Əliyev də dəfn mərasimində
iştirak edirdi. Küçələrdə
insanlar çıxıb onu yola salırdılar. Özü də vəfat etməzdən əvvəl
qəbir üstünün necə olmasını çəkmişdi.
Onun qəbrinin üstündə nə şəkli,
nə də heykəli var. Onun məzarında royal var.
Bu an başımı qaldıranda qarşımda,
divarda asılmış bir tablo diqqətimi çəkir. Təəccüblə:
- Tofiq
müəllim, Qara Qarayevlə ikinizin tablosudur?
- Hə,
qızım, 1969-cu ildə Parisdə olanda çəkilib bu
tablo. Müəllifi Hüseyn Hacıyevdir.
Daha sonra otaqda olan şəkillərlə
tanışlıq başlayır. Diqqət edirəm, bütün
şəkillərdə Qara müəllim var:
- Bax
qızım, bu vinetkanı Qara müəllimin 70 illik yubileyinə
mən düzəltdirmişəm. Orda onun tələbələridir.
Bax, Polad Bülbüloğlunu görürsən.
Onu Qara müəllim gətirdi professional musiqiyə.
1951-ci ildən ta 1980-ci ilə qədər.
Baxın, burda "Pust vseqda"nı bəstələyən
şəxsdir, bu tələbə isə Nicatdır, Türkiyədən
gəlmişdi. Bu şəkildə Firəngiz
Əlizadə məzun olurdu. O zaman dünyanın bir
çox ölkələrindən Qara Qarayevin sinfində təhsil
almaq üçün tələbələr gəlirdi.
- Onunla
hansı ölkələrdə olmusunuz?
- Moskvada
qurultaylarda olurduq. Fransadakı festivala bir yerdə
getmişdik. Onun yazısı da var idi, deyirdi ki, Tofiqin "Xəzər
balladası" qurtaranda səslənən alqışlar bir
daha onun nə qədər peşəkar olduğunu sübut
etdi.
- Yol xatirələrindən
nə yadınızda qalıb?
- Bir dəfə
bizi Fransada memorial lövhələrə baxmağa, məzarlığa
apardılar. O zaman bilmirdik ki, Andronik kimdir, nəçidir? Məzarda Andronikin at üstündə heykəli var
idi. Qara müəllim elə 1969-cu ildə,
o məzarın başında, ermənilərin bizə
yaşatdığı faciələrdən, onların necə
bir məxluq olduğundan danışdı. Dedi ki, bu cinayətkarlar Azərbaycana
düşməndirlər. Tarixi sübutlarla
fikrini əsaslandırdı.
- Qara
müəllimin ən yaxın dostları kimlər idi?
- İmran Qasımov, Tofiq Quliyev, Cəfər Cəfərov.
- Bəs
ona pislik etmək istəyənlər necə?
- Hə,
var idi. O qədər olub ki, onun ayağının
altını qazmaq istəyənlər, ona qarşı
çıxanlar. Təkcə burda yox, Moskvada da
ona qarşı birləşən adamlar tapılırdı.
Onun haqqında lazımsız sözlər
yaymışdılar. Guya onun
yazdığı əsərlər abstrakt əsərlərdir,
tələbələrinə abstrakt yol göstərir. O
zaman Mərkəzi Komitədə çıxış etdim
ki, ay yoldaşlar, əgər Qara Qarayev abstrakt əsərlər
yazırsa bu qədər mükafatı ona niyə verirlər?
Təsəvvür edin ki, Bolqarıstanın
prezidenti barədə çəkilən filmin musiqisini yazmaq
üçün Qara müəllimi dəvət etmişdilər.
O da getdi, üç ay qaldı Bolqarıstanda və musiqini
yazdı. "Uzaq sahillərdə" filminin
musiqisini də o yazıb.
- Möhtəşəmdir.
- Əlbəttə (ayağa qalxır və əsəri
mənə göstərmək üçün gətirir). Mən ondan
ruhlandım. "Uzaq sahillərdə"
poemasını yazdım. Onu da Mehdi
Hüseynzadəyə həsr etdim. Mehdigil
bizim qonşumuz olmuşdu. İki
bacısı var idi - Pikəxanım və Şura. Valideynləri erkən vəfat etmişdi.
Bacısı Şura gəlib atamdan tar dərsi alırdı. Mehdi də arada gəlirdi bizə. Qara müəllim də əsəri bəyəndi.
Bu yerdə
bir az da Qara müəllimin ailə həyatı
və maraqları ilə bağlı söhbət etmək istəyirəm.
- Qara
müəllimi ailə başçısı kimi necə
xatırlayırsınız?
-
Çox gözəl ailə başçısı idi. Bir qız, bir oğul atası idi. Uşaqlarının ikisi də Konservatoriyanı
bitirmişdi. Qızına nənəsinin
adını qoymuşdu - Züleyxa, oğluna da
babasının adını qoymuşdu- Fərəc.
Onların dərsləri ilə özü məşğul
olurdu. Tək övladları ilə yox, elə
tələbələri ilə də diqqətlə məşğul
olardı. Xəstə olub dərsə gedə
bilməyəndə, evə çağırırdı ki, dərsdən
geri qalmayaq. Dərs 45 dəqiqədir, amma
o 4 saat dərs keçərdi. Qızı Türkiyədə,
oğlu isə Moskvada
yaşayır. Moskva
Konservatoriyasının professorudur. Atası
öləndən sonra, demək olar ki, burda yaşamadı.
Bir dəfə Parisə getməmişdən
qabaq televiziyada mətbuat konfransı keçirdilər. Paris proqramına mənim əsərim
salındığı halda, nədənsə buradakı
proqrama daxil edilməmişdi. Amma Fərəcin
adı var idi. Gördüm Qara müəllimin
həyat yoldaşı Tatyana Nikolayevna zəng edir ki, Tofiq, Qara
müəllim səninlə danışmaq istəyir.
Dedi ki, səni mətbuat konfransına
çağırıblar? Biləndə ki, məni
çağırmayıblar, Qara müəllim oğlunu da mətbuat
konfransına getməyə qoymadı.
- Onun
sevimli bəstəkarları, yazarları kim
idi?
- Dmitriy
Şostakoviç, Sergey Prokofyev. Prokofyevin əsərlərini
həmişə bizə təhlil etdirirdi. Qara müəllimin çox gözəl
yaddaşı var idi. Dünya ədəbiyyatı
ilə çox məşğul olurdu. Vaxtı
olmayanda həyat yoldaşına deyirdi ki, sən oxu sonra məzmununu
mənə danış. Bir o, bir də
Tofiq Quliyev bütün sahələrdən məlumatlı idilər.
- Bəs öz əsərləri
barədə xatirələrini bölüşürdü?
- Məsələn , "Yeddi gözəl"i
Nizaminin 800 illiyinə görə yazmışdı. Bəstəkarlar İttifaqında müzakirə
üçün özü və vaxtilə onun ilk pianino
müəllimi olan Vladimir Kozlovla birlikdə iki royalda əsəri
başdan sona ifa etmişdilər. Onu da səhnələşdirən
İsmayıl Hidayətzadə olmuşdu. Sonra o vəfat
edəndə Qara müəllim dedi ki, bir atam, bir də
İsmayıl müəllim öləndə
ağlamışam. Onlar birlikdə Moskvada olub,
Hidayətzadə deyib ki, gedək baletə tamaşa edək.
Qara müəllimə, sən balet yazmalısan
deyib. Qara müəllim də deyib ki, balet yazmaq üçün məzmun
lazımdır. Hidayətzadə Bakıya
qayıdanda "Yeddi gözəl"i təqdim edib. Beləliklə, "Yeddi gözəl" baleti
yaranıb. Məsələn, "Alban rapsodiyası"nı gedib Albaniyada yazıb.
85 yaşlı Tofiq müəllimi çox yormaq da istəmirəm,
elə bu yerdə söhbətimizi yavaş-yavaş
yekunlaşdırmaq istəyirəm.
- Tofiq müəllim, sizə təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə ayırdınız. Sonda nə demək istəyirsiniz?
- Qara Qarayevin qoyduğu yolu davam etdirmək, onun adına layiq olmaq lazımdır.
Müsahibəmiz burda
yekunlaşır, amma Tofiq müəllimlə söhbətim
davam edir. İnsult keçirən Tofiq müəllim sol əlində
problem olsa da, sağ əli ilə pianoda mənim
üçün musiqi ifa edir. Şəkil albomlarını
birlikdə vərəqləyib, Paris Notrdam kilsəsinin
qarşısında əl-ələ görüşən
Qara Qarayev və Tofiq Bakıxanovu
görürəm. Üzlərində təbəssüm var.
Elə bu təbəssümlə də sevimli bəstəkarımızla
sağollaşıram.
Rüfanə
GÜNƏŞ, "Azərbaycan
müəllimi"
r.qurbanova@muallim.edu.az
Azərbaycan müəllimi.- 2015.-
21 fevral.- S.8.