2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulunun

elektron sistem vasitəsilə həyata keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Vətəndaş müraciətlərinə qanunauyğun və operativ baxılmasında, təhsil müəssisələrinin fəaliyyətində şəffaflığın təmin olunmasında və şagird kontingentinin planlaşdırılmasında elektron xidmətlərin sayının genişləndirilməsi və səviyyəsinin yüksəldilməsi, habelə onlardan istifadə imkanlarının sadələşdirilməsi mühüm əhəmiyyətə malikdir.

"Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 7.4-cü və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Bakı şəhərinin ümumtəhsil məktəblərində, eləcə də Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki lisey və gimnaziyalarda 2015/2016-cı dərs ili üçün I sinfə şagird qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçirilsin.

2. Bakı Şəhəri üzrə Təhsil İdarəsi elektron ərizə qəbulunun forma və proseduru barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etsin. 

3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

4. İqtisadiyyat şöbəsi (R.Orucov) I sinfə şagirdlərin elektron qəbulunun həyata keçirilməsi ilə əlaqədar maliyyə məsələlərinin həll olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

27 fevral 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 28 fevral.- S.3.