Azərbaycan Dillər Universiteti
"Mənim universitetim" layihəsinin
budəfəki
hədəfi Azərbaycan Dillər Universitetidir
Azərbaycan SSR Xalq Komissarları
Soveti 1937-ci il oktyabr ayının 9-da
"Azərbaycan Pedaqoji İnstitutunda xarici dillər fakültəsinin
təşkil edilməsi haqqında" qərar qəbul edib.
Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan
SSR-in ali və orta məktəblərində alman, fransız və
ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar
əsasında V.İ.Lenin adına APİ-nin xarici dillər
fakültəsi 1941/1942-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna
çevrilib.
1959-cu
ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər
Soveti "Azərbaycan SSR-də ali məktəblər
şəbəkəsini nizama salmaq" barədə qərar
qəbul edib. Respublika Maarif Nazirliyinin həmin qərarların
icrası ilə əlaqədar olaraq 14 may 1959-cu il tarixli əmrilə Azərbaycan Pedaqoji Xarici
Dillər İnstitutu M.F.Axundov adına Rus dili və Ədəbiyyatı
İnstitutu ilə birləşdirilib. Ümummilli lider Heydər
Əliyevin 13 iyun 2000-ci il tarixli Fərmanı
ilə Azərbaycan Dövlət Dillər İnstitutu fəaliyyəti
genişləndirilməklə Azərbaycan Dillər
Universitetinə çevrilib. Hazırda ali
təhsil ocağında təhsilin bütün pillələri
üzrə tədris aparılır. Universitetdə 5 fakültə
üzrə 3479 ödənişli, 2509 nəfər isə
dövlət sifarişi ilə təhsil alır. 2014-cü ildə məzunların sayı 1107 nəfər
olub. 2014-2015-ci tədris ilində universitetə
qəbul olan tələbələrin sayı 1630 nəfərdir.
Onlardan 150 nəfəri magistratura pilləsində
təhsil alır. 2014-cü ildə
universitetin məzunlarından magistr adını qazananların
sayı isə 45 nəfərdir. 92 nəfər 600-dən
yuxarı bal toplayıb, 2 nəfər
Prezident təqaüdü alır. Universitetdə 53 nəfərə
"Gələcəyin müəllimi" təqaüdü
verilir ki, onlardan 15 nəfəri filologiya və jurnalistika, 38 nəfəri
isə pedaqoji fakültənin payına düşür. Universitetdə 739 nəfər müəllim-professor
heyəti çalışır. Onlardan 32 nəfəri
elmlər doktoru, 178 nəfəri fəlsəfə doktoru, 26 nəfəri
professor, 100 nəfəri dosentdir. Ötən il
universitet əməkdaşlarının xarici jurnallarda 56 məqaləsi
dərc olunub. Ali təhsil ocağına 2000-ci
ildən professor Səməd Seyidov rəhbərlik edir.
Maddi-texniki baza və İKT
Azərbaycan Dillər Universiteti üç tədris
binası və iki yataqxanadan ibarətdir. Ötən il ali təhsil
ocağının 15-ə yaxın auditoriyası proyektorlarla, tərcümə
otaqları bütün lazımi avadanlıqlarla təmin
edilib. Yeni kompüter avadanlıqları
alınıb. Korpuslar arasında Fibel optik
xətt ilə intranet şəbəkəsi mövcuddur.
Daxili infrastrukturun idarə olunması serverlər vasitəsilə
həyata
keçirilir. Müasir
avadanlıqlarla (kompüter, proyektor) təchiz olunmuş
auditoriyalar və konfrans zalları tələbə və
müəllimlərin ixtiyarına verilib. ADU-nun
akt zalında yerləşən, eyni zamanda 6 dilə tərcümə
edə bilən "Bosch" simsiz sinxron tərcümə
sistemi mövcuddur. Bundan başqa, ali təhsil
ocağında birbaşa videokonfransların, onlayn tədbirlərin,
məsafədən təhsilin keçirilməsi
üçün 3 ədəd DVC (Digital Video Conference system)
avadanlıqları (1 ədəd Tandberg, 2 ədəd Polycom)
var. Bu tədris ilinin əvvəlində universitetdə TV
studiya yaradılıb. Burada əsasən
jurnalistika fakültəsinin tələbələri
ixtisaslarının praktik tərəflərini öyrənəcəklər.
İnformasiya Resurs Kompleksində yerləşən və TVADU adı ilə
fəaliyyət göstərən studiyada müxtəlif
verilişlər, müsahibələr və tədbirlər
hazırlanır və onlar http://tvadu.az portalı ilə
bütün dünyaya yayımlanır. Yaxın zamanda TV
studiyadan təkcə əsas korpusda yox, həm də digər
korpuslarda olan tələbələr də yararlanacaq. Həmçinin TV studiya vasitəsilə distant təhsil
həyata keçiriləcək.
2015-ci ildə ADU-da "Elektron universitet"
yaradılması nəzərdə tutulur.
Bütün universitetin daxili idarəetməsi və tədris
prosesi "Elektron universitet" vəsitəsilə həyata
keçiriləcək (tələbələrin qiymətləri,
təhsil haqlarının onlayn ödənişi,
arayışlar, mühasibatlıq, HR və s.)
Hazırda yataqxanada qalan tələbələr
üçün internet xətti çəkiləcək.
İmtahan sessiyası
ADU-da imtahan prosesi bütün fakültələrdə
yazılı aparılır. Bütün bu prosesləri
kurikulum və keyfiyyətə nəzarət departamenti həyata
keçirir. Bu ildən şəffaflığı
daha yaxşı təmin etmək üçün
bütün yoxlama zallarına kamera qoyulub. İmtahanların nəticəsi tələbənin
növbəti imtahan gününə qədər elan olunur.
Nəticələrindən narazı qalan hər
bir tələbənin haqqı var ki, apelyasiyaya müraciət
etsin. "Bakı-2015" birinci Avropa
Oyunları ilə əlaqədar olaraq imtahan
sessiyalarının vaxtı azaldılıb. Buna görə ADU-da
qış semestrinin əvvəlindən başlayaraq artıq
yaz imtahan sessiyasına da hazırlıq gedir. Qeyd
edək ki, universitetin 1200-ə yaxın tələbəsi
artıq bu oyunların təşkilində könüllü
olaraq iştirak etməyə cəlb olunub.
ASAN kart
2014-cü ilin fevral ayında ADU və ASAN xidmət
arasında memorandum imzalanıb. ASAN xidmətlə əməkdaşlıq
nəticəsində tələbə biletləri və ADU-nun
əməkdaşlarının iş vəsiqələri
hazırlanır. Bu tədris ilindən başlayaraq həmin
proses həyata keçirilir. Artıq I kursda təhsil alan 1700-dən çox bakalavr və magistr tələbəyə,
həmçinin 1000-ə yaxın işçiyə ASAN xidmət
vasitəsi ilə kartlar verilib. Universitet
korpuslarının girişində xüsusi aparatlar
quraşdırılıb. Tələbələr
və işçilər universitetə gələndə və
gedəndə kartı yaxınlaşdırıb giriş və
çıxışlarını göstərəcəklər.
Sistem yaxın zamanda işə salınacaq.
Bu kartın üstünlüyü ondadır ki,
onun daxilində xüsusi çip var. Yaxın gələcəkdə
bu kartla yeraltı və yerüstü nəqliyyatdan istifadə
edilməsi planlaşdırılır. Əgər
razılıq əldə edilərsə tələbələr
təqaüdlərini də bu kart vasitəsilə alacaqlar.
Təqaüd almayan tələbələr karta
pul ödəmələri edə biləcəklər. Tələbə yeməkxanasında ödənişləri
nəğd yox, kartlar vasitəsilə həyata keçirilməsi
də planlara daxildir. Eyni zamanda kart vasitəsi
ilə universitet kitabxanalarına
giriş-çıxış mümkün olacaq. Hətta
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
ilə danışıqlar gedir ki, onların kartı əvəzinə
tələbələr bu kart vasitəsilə kitabxananın
xidmətlərindən istifadə etsinlər.
Kitabxana
Kitabxana 1948-ci ildə APİ-nin kitabxanasından
köçürülən 7000-ə qədər kitab və
4 işçi ilə fəaliyyətə başlayıb. Hazırda
kitabxanada 518715 nüsxə kitab var. Kitabxananın modernləşdirilməsində
2006-ci ildə EKSON Mobil Əməliyyat Şirkəti tərəfindən
keçirilən müsabiqənin qalibi kimi ayrılan 14 min
ABŞ dolları müəyyən rol oynayıb. Həmin
vəsait hesabına Azərbaycanın bir çox ali məktəb kitabxanalarında tətbiq
olunan AİY (avtomatlaşdırılmış işçi
yeri) İRBİS-64 sistemi alınıb. Kitabxanadakı
kataloqların elektron variantını hazırlamaq prosesi üzərində
ciddi iş aparılır və 2006-cı ilin ikinci
yarısından kitabxanaya alınan kitabların hamısı,
fonddakı retro kitablar isə tədricən İRBİS-64
sistemi əsasında işlənməyə başlanıb.
Bununla yanaşı universitet müəllimlərinin elmi əsərlərindən
ibarət tam mətnli məlumat bazaları yaradılması
sahəsində də iş aparılır. İRBİS-64
sisteminin tətbiqini daha da sürətləndirmək
məqsədilə kitabxananın bütün şöbələrində
avtomatlaşdırılmış işçi yerləri
(AİY) təşkil, onların hamısı kompüterlərlə
təmin edilib.
Kitabxana oxuculara hərtərəfli xidmət etmək məqsədilə
elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildən başlayaraq
xaricdə və ölkəmizdə nəşr olunmuş əsərlərin
"Biblioqrafiya"sı hər il kitab
şəklində çap edilir. Bundan əlavə,
1948-ci ildən 2010-cu ilə qədər Azərbaycan Dillər
Universitetində işləmiş bütün əməkdaşların
nəşr olunmuş əsərlərinin biblioqrafiyası Azərbaycan
və rus dillərində 2 cilddən ibarət
hazırlanıb nəşriyyata təqdim edilib.
Kitabxana İnformasiya Mərkəzi
(KİM)
KİM kitabxananın nəzdində fəaliyyət
göstərir. Onun məqsədi maariflənməni dəstəkləmək,
təlim və tədqiqatda üstün olmaqdır. Universitetin informasiya ehtiyaclarını
qarşılamaq, tələbələrin, tədqiqatçıların
informasiya və axtarışlarına kömək etmək
üçün müasir informasiya texnologiyaları sahəsində
liderliyini saxlamaqdır. Təhsil və tədqiqat,
eyni zamanda sosial-intellektual əlaqələr üçün
münasib görüş yeri kimi kitabxana imkanlarını
genişləndirməkdir. Kitabxana
İnformasiya Mərkəzi bir çox beynəlxalaq konfrans və
sərgilərdə iştirak edib. Bunlara 2012-ci ildə
Azərbaycan fondunun elektron kataloqa köçürülməsinin
başa çatdırılması, 2013-ci ildə Kitabxana
İnformasiya Mərkəzinin yeni strukturda fəaliyyəti,
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
edilmiş III Bakı Beynəlxalq kitab sərgi yarmarkasında,
2014-ci ildə "ADA" Universitetində kitabxana-informasiya
sahəsində əldə edilmiş nəzəri və təcrübi
nailiyyətlərin tətbiqi mövzusunda I beynəlxalq elmi
konfransda və keçirilən IV Bakı Beynəlxalq Humanitar
Forumda iştirakını nümunə göstərmək
olar.
KİM oxucularına bir çox xidmətlər də
göstərir. Belə ki, onların müxtəlif sorğularını
tez və dolğun ödəməyə
çalışır, çap əsərlərindən səmərəli
istifadə etməyə kömək edir, fondun
qorunmasının qayğısına qalır. Oxucuların
kitabxanaya yazılışını təşkil edir, oxucu
qrupları üzrə xidməti həyata keçirir. Fondların komplektləşdirilməsində
iştirak edir və bu ədəbiyyata dair oxucu
sorğularını yerinə yetirir. Şöbədə
işin bütün mərhələləri 2006-cı ildən
İRBİS-64 sistemi əsasında aparılır. Kitabxana fondunu Azərbaycan və xarici dillərdə
zəruri çap məhsulları ilə təmin edir. Bölmədə oxucu sorğusu əsasında ən
çox istifadə olunan kitabların, dövri mətbuatın,
dissertasiyaların elektron versiyaları yaradılır və
surəti çıxarılır.
Kitabxananın bir neçə
zalı var.
Dövriyyə zalında ensiklopediyalar, lüğətlər,
məlumat sorğu kitabları, dərsliklər və s. ədəbiyyat
növləri açıq rəf üsulu ilə yerləşdirilib.
Eyni zamanda yeni alınan ədəbiyyat, eləcə də əlamətdar
və tarixi günlərə dair kitab və dövri mətbuat
sərgiləri təşkil edilir .
Kompüter zalında elektron resurslardan, lokal şəbəkədən
istifadə təşkil olunur. Onun yaradılması nəticəsində
istifadəçinin kitabxananın lokal şəbəkəsində
elektron resurslardan istifadə imkanları artıb. Burada
EBSCO, BİONE, JSTOR, EMERALD, ELSEVİER kimi məlumat
bazalarından istifadə olunur.
Bundan başqa, 2015-ci ildə kitabxanda bir çox işlərin
görülməsi nəzərdə tutulub. Kitabxanalarda
ümummilli lider Heydər Əliyev irsinin elektron resursların
köməyi ilə təbliği, kitabxanaya qeydiyyat işinin
təşkili və yeni gələn oxuculara kitabxana,
soraq-biblioqrafiya aparatından istifadə qaydaları haqqında
tövsiyələrin verilməsi, kitabxanalarda elektron
mühitin yaradılması və elektron resurslardan istifadə,
kitabxanaların avtomatlaşdırılması əsas
inkişaf istiqamətlərdir.
Dil Xidmətləri Mərkəzi
Azərbaycan
Dillər Universitetinin nəzdində Dil Xidmətləri Mərkəzi
ötən il yaradılıb. Azərbaycanda
ilk dəfə olaraq 20 əcnəbi dilin tədrisi, bütün növ
şifahi və yazılı tərcümə, xaricdə təhsil
və səyahət xidmətlər sırasındadır. Universitetdə çalışan, uzun illər
ölkədə və bir çox xarici ölkələrdə
təcrübə qazanmış professor-müəllim heyəti
ən son innovativ tədris üsullarından istifadə edərək
tədris prosesini təşkil edir. Kursları
uğurla bitirənlər sertifikatla təltif olunurlar.
Mərkəzdə
tədris olunan dillər bunlardır: yerli və xarici vətəndaşlar
üçün Azərbaycan dili, ümumi ingilis dili, biznes
yönümlü ingilis dili, IELTS, TOEFL, ingilis dilində
akademik yazı və oxu dərsləri, rus dili, alman dili,
fransız dili, italyan dili, ispan dili, Norveç dili, yapon dili,
Çin dili, Koreya dili, hind dili, ərəb dili, ivrit dili,
İndoneziya dili, Qafqaz dili.
Həmçinin mərkəzdə nüfuzlu universitet və
kolleclərdə bakalavriat və magistratura pillələrinə
qəbul və sənədləşmə işi ilə
bağlı konsultasiyalar keçirilir, hər şənbə
IELTS sınaq imtahanları və əcnəbi müəllimlərlə
danışıq klubları təşkil olunur.
ADU-nun təhsil və nəşr sahəsində
dünyaca məşhur Pearson şirkəti ilə əməkdaşlığının
nəticəsi olaraq yalnız bu mərkəzdə EDI Cert TEFL
- "İngilis dili müəllimləri üçün beynəlxalq
sertifikat" layihəsinə start verilib. Təlimlərin
sonunda müəllimlər 100-dən çox ölkədə
tanınan və həmin ölkələrdə asanlıqla
yüksək səviyyəli işlərlə təmin oluna
biləcəkləri beynəlxalq dərəcəli sertifikat əldə
edəcəklər.
Dil Xidmətləri Mərkəzi müxtəlif Avropa
ölkələrində fəaliyyət göstərən yay
və qış məktəblərinə tələbə və
əməkdaşların göndərilməsini təşkil
edir. Buraya ötən yay Londonda və Avstriyanın Vyana
şəhərində təşkil olunan dil kursları (alman,
ingilis və fransız dilləri üzrə) da daxildir.
Mərkəzdə həmçinin viza dəstəyi,
aviabiletlərin təşkili və yaşayış yeri ilə
təmin olunma üzrə fəaliyyət göstərən
turizm bölməsi də var.
Dil Xidmətləri Mərkəzində ADU-da dərs deyən
müəllimlər qeydiyyatdan keçiblər. Sifariş
olarsa bank sistemindən istifadə edilərək həmin
müəllimlər mərkəzə işçi kimi dəvət
olunur. Əməkhaqqı da müqavilə
ilə tənzimlənir.
SABAH qrupları
Hazırda ADU-nun SABAH qruplarında 55 tələbə təhsil
alır. Bu qruplar
üçün ayrılan 5 auditoriyanın hamısı ən
son texnologiyalarla təmin olunub.
Tələbələr üçün mütəmadi
olaraq müxtəlif seminarlar, tədbirlər, rəsmi şəxslərlə
görüşlər təşkil olunur. Bölgələrdən
gələn və maddi imkanı zəif olan tələbələr
SABAHın yataqxanasında yerləşdiriliblər.
Tələbələrə stimul olaraq əlavə
"SABAH təqaüdü" də verilir. Qeyd edək ki, həm ödənişsiz, həm də
ödənişli əsaslarla təhsil alan tələbələrin
təqaüd almaq hüququ var.
Hazırda SABAH qruplarında 13 müəllim fəaliyyət
göstərir. Onların əksəriyyəti ADU-nun
müxtəlif kafedralarının əməkdaşlarıdır.
SABAH qruplarında dərslər yeni metodlarla təşkil
olunur.
Elmi tədqiqat işləri
ADU-da 14 müxtəlif istiqamətdə elmi tədqiqat
işi aparılır. Bu işlərə həm müəllimlər,
həm də tələbələr cəlb olunur.
Ayrı-ayrı kafedralarda araşdırılan elmi tədqiqat
işlərinin nəticələri respublikamızın
müvafiq ali məktəblərində və
fakültələrində tədris prosesinə tətbiq
olunur, eyni zamanda universitetin müvafiq fakültələrində
həm bakalavriat, həm də magistratura pillələrində
geniş işlədilməklə, müxtəlif istiqamətli
dissertasiya işlərinin yazılmasına zəmin yaradır.
ADU-nun Böyük Elmi Şurası yeganə
qurumdur ki, ona 4 indeks (ixtisas) verilib. Dissertasiya
Şurasında 18 tədqiqatçı işini müdafiə
edib ki, onlardan da 2-si elmlər doktoru proqramı üzrə tədqiqat
işini yerinə yetirəndir.
Tələbələr Tələbə Elmi Cəmiyyətinin
xətti ilə elmi tədqiqat işləri götürürlər. Universitetdə təhsil alan 850 nəfərdən çox tələbə
TEC-ə üzvdür. Hər il elmi tədqiqat
işi aparan tələbələrin 150-dən çoxuna fəxri
fərman verilir. Elmi tədqiqat işlərində
tələbələr 24 müxtəlif bölmə üzrə
çalışırlar. Hər bölmə
üzrə bir super tələbə seçilir. Bunda məqsəd universitetdən beynəlxalq
konfranslara tələbə göndərməkdir. Aprel ayında TEC-in böyük konfransı
keçiriləcək.
2014-cü
ilin oktyabr ayında Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Postmodern dövründə təməl
dəyər kimi" adlı bölməsinin təşkili, xarici qonaqların dəvət
olunması, forumun həyata keçirilməsi məsələləri
universitet kollektivinin iştirakı ilə baş tutub. Bundan
başqa, "Xarici
dillərin tədrisinin aktual problemləri", "XXI əsr
mədəni paradiqması multimədəni aspektdə"
respublika elmi-praktik konfransları keçirilib. Universitetin
16 tələbəsi dünyanın müxtəlif ölkələrində
keçirilən tələbə elmi cəmiyyətlərinin
konfranslarında (Rusiyada, İspaniyada, Gürcüstanda,
Makedoniyada) müxtəlif səpgili elmi tədqiqat işləri
ilə çıxış edib.
2015-ci ildə
universitetdə struktur dəyişiklikləri davam etdirilərək "Magistratura
və Doktorantura Departamenti"nin təşkil edilməsi nəzərdə
tutulur. Magistratura və doktoranturanın bir departamentdə fəaliyyət
göstərməsi onların tədris prosesinin
yaxşılaşdırılması, nəzarətin
asanlaşmasına, keyfiyyətin yüksəlməsinə və
mobilliyin həyata
keçirilməsinə əsaslı imkan yaradacaq. Həmçinin gələcəkdə
planlaşdırılır ki, bütün kafedralardan xarici
jurnallarda elmi məqalələr dərc olunsun.
Beynəlxalq əlaqələr
Hazırda ADU-da fəaliyyət göstərən 20-yə
yaxın mərkəz universitetin müxtəlif ölkələrlə
əlaqələrinin qurulmasında Beynəlxalq Əlaqələr
Ofisinə kömək edir. Universitet dünyanın 15-dən
çox ölkəsinin 23 müxtəlif ali
məktəbi ilə ikitərəfli əlaqələr qurub. 2010-cu ildə ADU Azərbaycanda ilk dəfə olaraq
TEMPUS layihəsinin koordinatoru olub. Bu layihə
başa çatdıqdan sonra daha bir TEMPUS layihəsinin (FLEPP)
koordinatoru seçilib. Bu layihələrin
nəticələrindən SABAH qruplarının tədris
proqramlarından istifadə olunur. Bundan
başqa, ABŞ-ın Dövlət Departamenti və Amerika Təhsil
Şurası ilə əməkdaşlıq da Azərbaycan
dilinin əcnəbilərə öyrədilməsində yeni
təcrübənin əsasını qoyub. Bu proqram çərçivəsində yay semestri ərzində
ABŞ-dan gələn vətəndaşlar Azərbaycan dilini
və mədəniyyətini intensiv şəkildə öyrənirlər.
ADU bakalavr səviyyəsində Avropa universitetləri ilə
ikili diplom layihəsinin əsasını qoyub. Böyük Britaniyanın
Esseks Universiteti ilə həyata keçirilən ikili diplom
(2+2) layihəsi ikinci kursu razılaşdırılmış
kriteriyalara cavab verərək bitirən tələbələrə
bu ali təhsil ocağında təhsillərini
birbaşa davam etdirmək imkanı açıb.
Bu təcrübə magistr pilləsi üzrə də həyata
keçirilir. ADU koordinatoru
olduğu TEMPUS (RITSA) layihəsi çərçivəsində
Strasburq Universitetinin Tərcümə və Beynəlxalq
Əlaqələr İnstitutunun sinxron tərcümə sahəsində
magistr diplomunun delokalizasiyası proqramını həyata
keçirməyə başlayıb. Bu layihənin nəticəsində
tələbələr magistr pilləsinin iki ilini ADU-da
tamamlayaraq İTİRİ-nin diplomuna sahib olurlar. Daha uğurlu nəticə göstərən tələbələr
isə təhsillərinin ikinci ilini İTİRİ-də
davam etdirərək magistr dərəcəsini əldə etmək
imkanı qazanırlar.
Bundan
başqa, İtaliyanın Perucia Universiteti və Azərbaycandakı
səfirliyi ilə əməkdaşlıq çərçivəsində
2007-ci ildən bu günə qədər ADU-nun 3 müəllimi
və 31 tələbəsi italyan dili, peşə
hazırlığı və s. kurslarda iştirak ediblər.
Koreya Hankuk Universiteti (HUFS) ilə bağlanan ikitərəfli
əməkdaşlıq müqaviləsi nəticəsində
2007-ci ildən bu günə qədər HUFS-dan ADU-ya 5, ADU-dan
HUFS-a 15 tələbə təhsil almağa göndərilib.
Universitetdə 2013-cü ildən fəaliyyət göstərən
Çin mərkəzi Çinin Azərbaycandakı səfirliyi
ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq
çərçivəsində 2014-2015-ci tədris ilində
universitetin 3 əməkdaşı staj keçmək
üçün Çinə göndərilib.
ADU, həmçinin, Norveçin Oslo və Aqder
universitetləri ilə mütəxəssis
hazırlığı, bu ölkədə təşkil edilən
yay məktəblərində müəllimlərin
ixtisasartırma və tələbələrin yay
kurslarında iştirakı məqsədi ilə sazişlər
imzalayıb. Bu sazişlər çərçivəsində
universitetin 4 tələbəsi Norveçdə təhsil alaraq
Norveç dili və Norveçşünaslıq
ixtisasları üzrə məzun olub. Hazırda
isə 6 tələbə Oslo və Aqder universitetlərində
magistr pilləsi üzrə təhsillərini davam etdirir.
Bundan başqa, ADU-nun doktorantları da elmi staj
keçmək üçün Norveçə səfər
edirlər. 2008-ci ildən bu günədək
64 tələbə və 19 müəllim yay məktəbi
kurslarında iştirak edib.
ADU-nun tələbələri
Polşa, Böyük Britaniya, Hindistan, İndoneziya, Malayziya,
İsrail və s. kimi dövlətlərin universitetlərində
də təhsillərini davam etdirirlər.
Universitet həm də beynəlxalq proqramlarda mobilliyi ilə
seçilir. Hazırda universitet ERASMUS-un 4 layihəsinin-ALRAKİS
II, BACKİS, EMBER və HERMES-in
iştirakçısıdır.
2013-2014-cü
tədris ilində ALARKİS II proqramı çərçivəsində
9 bakalavr tələbə Avstriya, Almaniya, İtaliya,
Çexiya, Hollandiya, 1 magistr, 1 doktorant tələbə isə
Belçikaya göndərilib.
BACKİS
proqramı çərçivəsində 2013-2014-cü tədris
ilində 4 bakalavr, 1 magistr tələbə və 1 universitet əməkdaşı
Belçika, Hollandiya, Çexiya və Estoniyaya göndərilib.
2014-2015-ci tədris ilində 8 bakalavr və 3 magistr tələbə
Polşa, Estoniya və İspaniya universitetlərinə daxil
olub. Həmçinin
7 bakalavr, 2 magistr və 1 doktorant tələbə Almaniya,
İsveç, Estoniya və İspaniyaya, 2 bakalavr tələbə
isə Bolqarıstan və Yunanıstana göndərilib.
Bundan başqa, ECDL (European Computer Driving Licence - Beynəlxalq
Kompüter Səviyyə ölçmə sertifikatı)
sertifikatlarını almaq üçün ADU-da ECDL
kurslarından qeydiyyatdan keçib, təlimlərdə
iştirak edib və imtahan vermək lazımdır.
Qeyd edək ki, ECDL Sertifikatları
bütün Avropada tanınır.
İKT Mərkəzi COMOLTE (Consortiumfor Modern LanguageTeacherEducation)
layihəsində bir çox Avropa universitetləri ilə bir
yerdə işləyir və onlara texniki dəstək göstərir. TEMPUS-un proqramlarından olan
COMOLTE məsafədən
təhsil üçün nəzərdə tutulan layihədir.
Tələbə Gənclər Təşkilatı
ADU-nun Tələbə
Gənclər Təşkilatı 2005-ci ildən fəaliyyət
göstərir. Onun tərkibində "Diplomat",
"Debat", "İncəsənət", "Vətənpərvərlər",
"Kitab" klubları var. Bu yaxınlarda bir tələbənin
təklifi ilə "Şahmat" klubu yaradılması
istiqamətində işlərə başlanılıb. TGT-nin təxminən 2000-dən çox üzvü
var. Yeni tədris ilində "Debat" klubu Bakı Debat
Forumunun rus bölməsi üzrə qalibi olub. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi
ilə keçirilən "Mənim təhsilim, mənim gələcəyim"
kampaniyasında ADU-nun Tələbə Gənclər Təşkilatı
təhsildə göstərdiyi aktiv fəaliyyətə
görə "Təhsil açarı" mükafatına
layiq görülüb. TGT sosial layihələrdən
də geri qalmır. Belə ki, təşkilatın
üzvləri daim uşaqlar və qocalar evinə qonaq gedirlər.
Hazırda TGT-nin əsas işi
"Bakı-2015" birinci Avropa Oyunları üçün tələbələrin
maarifləndirilməsi yönündə fəaliyyət
göstərməkdir.
İnformasiya Resurs Kompleksi
İnformasiya Resurs Kompleksi (İRK) Azərbaycan
Respublikası Prezidentinin maliyyə dəstəyi ilə 2008-ci
ildə yaradılıb. Kompleks on aktiv mərkəz və digər
müxtəlif fəaliyyət növlərindən ibarətdir.
Məqsəd Azərbaycanın ali təhsil
müəssisələrinin dünya ali təhsil məkanına
inteqrasiyasına yardımçı olmaq, İRK vasitəsilə
Azərbaycan təhsil sisteminin dünya standartlarına
uyğun inkişafına xidmət etməkdir. Strategiyası
milli səviyyədə qlobal informasiya cəmiyyəti
quruculuğuna yardımçı olmaq elm və mədəniyyətin
informasiyalaşdırılması proseslərini himayə etmək
və bu sahədə maarifləndirici fəaliyyət göstərməkdir.
Universitetin gələcəkdə şəhərciyinin
salınması planlaşdırılır. Həmin şəhərcikdə kompleksin daha da
genişlənməsi nəzərdə tutulub. Kompleksin
5000-ə yaxın daimi istifadəçisi, 15 minə yaxın
kitabı var. Keçən il kompleksdə
yenidənqurma və təmir-bərpa işləri
aparılıb. TV studiya və Amerika Uşaq Mərkəzi
yaradılıb. Kompleksdə bütün
xidmətlər ödənişsizdir.
Bakı Amerika Mərkəzi İnformasiya Resurs Kompleksi
yaranan gündən fəaliyyət göstərir. Dünyanın
145 ölkəsində fəaliyyət göstərən
Amerika mərkəzlərindən biridir. Mərkəz
ABŞ səfirliyi tərəfindən dəstəklənir və
maliyyələşdirilir. Burada əsasən
ABŞ səfirliyinin layihələri, seminarlar və təqdimatlar
keçirilir. Mərkəzdə həmçinin
könüllü kimi də fəaliyyət göstərmək
olar. Amma bunun üçün müsahibədən
keçmək lazımdır.
Mərkəz
8 nazirlik, 9 məktəb, 21 universitet, 35 yerli və xarici kompaniya ilə
əməkdaşlıq edir. Partnyor məktəblər
bəzən gəlib dərslərini burada keçirlər.
Mərkəzdə təxminən 5000-dən
çox kitab toplanıb. Müxtəlif
mövzularda olan bu kitabların əksəriyyəti ingilis
dilindədir. Kitablar 20 gün müddətində
evə verilir, amma bunun üçün istifadəçi
kartı olmalıdır. Lakin bir nüsxəli
kitablar evə verilmir. O kitablardan yalnız mərkəzdə
istifadə etmək və surətini çıxarmaq olar. Həmçinin
mərkəzdə ingilis dili bacarıqlarını yoxlayan
imtahanlara hazırlıq üçün test materialları var.
Mərkəzdə kompüter zalı da mövcuddur. Mərkəz həftənin 2-6-cı günləri fəaliyyət
göstərir. Müəllimlərin bir
çoxu dərslərini burada keçir. Hər gün
mərkəzdə CNN kanalı vasitəsilə kim
istəsə dünya xəbərlərini izləyə bilər.
Bundan əlavə, mərkəz bütün
yaş kateqoriyaları üzrə danışıq
klubları təşkil edir. Müəllimlər
həm yerli, həm də xaricidir. Danışıq
klublarına qeydiyyat ildə bir dəfə, əsasən
payız aylarında aparılır. ABŞ səfirliyi
bir ay əvvəl "Fifty stars" (50 ulduz) layihəsinə
start verib. Mərkəzdə ayda iki dəfə
psixoloq tərəfindən cəmiyyəti narahat edən
mövzular müzakirə olunur. Təlim hər
kəs üçün açıqdır. Mərkəzdə
həmçinin ingilis dili müəllimləri və ingilis
dili müəllimi olmağa hazırlaşan tələbələr üçün vebinarlar təşkil
olunur. ABŞ səfirliyi hər il "Getting
to now to USA" adlı təhsil proqramı təşkil edir. Hər kəs üçün açıq olan bu
layihədə ABŞ-a dair mövzular müzakirə olunur.
Mərkəzdə həmçinin Azərbaycan
və Amerika bayramları keçirilir.
Mərkəzin üstünlüklərindən biri isə
dünyanın bir çox bahalı elmi bazalarına abunə
olmasıdır. Belə ki, mərkəzə daxil olub
bütün elmi bazalardan pulsuz istifadə etmək
mümkündür. Mərkəzdə həmçinin
Amerikanın elmə aid ən məşhur qəzet və
jurnalları da var ki, bunları da evə götürüb
oxumaq olar. ABŞ-da təhsil, təqaüd
proqramları ilə də bağlı istənilən
informasiyanı mərkəzin əməkdaşlarından
öyrənmək mümkündür.
Uşaq
Amerika Mərkəzi keçən il
yaradılıb. Burada məktəbəqədər
yaşlı uşaqlar üçün danışıq
klubları təşkil olunur və müxtəlif bayramlar
keçirilir. Mərkəzdə ingilis
dilində uşaqlar üçün ədəbiyyatlar
toplanıb. Valideynlər istifadəçi
kartı əldə edib uşaqları üçün
kitablar götürə bilərlər.
Britaniya Mərkəzində isə 27 dildə kitab tapmaq
mümkündür. Bu mərkəzin də öz
kitabxanası var və kompüterlərlə təmin olunub.
Kompleksdə ümumi 15 min kitab varsa onun, təxminən,
10 mini Britaniya mərkəzinin payına düşür.
British Council-in mərkəzlə əməkdaşlığı
çərçivəsində onların kitabları
ayrıca bir bölmədə toplanılıb. Həmçinin
BP-nin mərkəzə hədiyyə etdiyi neft, qaz və enerji
sahəsinə dair kitablardan texniki sahədə təhsil alan tələbələr də istifadə
edir. Bu mərkəzdə
ingilis və rus dillərində DVD-lərdən də istifadə
etmək olar. Həm də xaricdə təhsil
proqramları ilə bağlı broşürlər də var.
Türk Xalqlarının Folklor Mərkəzinin əsas
missiyası türk xalqlarının folklorunu
tanıtmaqdır. Bununla bağlı istənilən məlumatı
bu mərkəzdən əldə etmək olar. Bundan əlavə, türk xalqlarının mədəni
irsini qorumaq üçün müxtəlif tədbirlər, sərgilər
və festivallar da keçirilir.
Əcnəbi Xalqların Folklor Mərkəzində Avropa
və Amerika xalqlarının folkloru toplanıb. Burada toplanan əşyalar
təmsil olunduqları ölkənin nümayəndələri
və səfirliklər tərəfindən mərkəzə
hədiyyə edilib. Mart ayında mərkəzdə
"Əl işləri" sərgisi keçiriləcək.
Bu sərgiyə 5 təhsil müəssisəsi
cəlb olunub.
İnnovasiyalar Mərkəzi dünya təhsil sistemində
aparılan innovativ tədbirlərin öyrənilməsi, Azərbaycanda
tətbiqi və təbliği ilə məşğul olur. Burada əsasən
informatika dərsləri keçilir. Elmi
bazalardan maraqlı məqalələr seçilir, dərc
olunur və mərkəzdə olan lövhələrə
vurulur ki, tələbələr informatika dərsləri ilə
yanaşı yeni məlumatlar da əldə etsinlər.
Elektron
Resurs Mərkəzi üç bölmədən ibarətdir:
elektron kataloqlaşdırma, elektron komplektləşdirmə və
elektron kitabxana. ADU-nun və digər təhsil
müəssisələrinin (Universitet, kollec, məktəb,
lisey və s.) fəaliyyət istiqamətləri, elmi tədqiqat
işlərinin mövzularına müvafiq informasiya təminatı
həyata keçirilir. ADU-nun elmi nəşrlərinin tam mətnli məlumat
bazalarının hazırlanması və dünya informasiya məkanına
çatdırılması bu mərkəzin işidir. Kompleksdə olan
bütün resurslar elektron kataloqda öz əksini tapır,
ondan sonra birbaşa mərkəzlərdə yerləşdirilir.
Mərkəz həmçinin elektron
kitabxananı da tərtib edir. Təxminən
17 mindən çox elektron kataloqda baza yerləşdirilib.
Elektron kitabxanaya daxil edilən kitabların
müəllifləri ilə ikitərəfli müqavilə
imzalanır.
TV studiya
keçən il açılıb. Jurnalist tələbələr burada təcrübə
keçirlər. Dünyanın müxtəlif
yerləri ilə canlı əlaqə saxlayıb, müzakirələr
aparmaq mümkündür. Həmçinin
müxtəlif qısametrajl filmlərin çəkilişinə
də icazə verilir.
Məlumat - Sorğu Mərkəzində dünya
standartlarına uyğun müasir məlumat - biblioqrafiya xidmətinin
göstərilməsi həyata keçirilir (müxtəlif
etibarlı elektron və ənənəvi mənbələrdən
istifadə).
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 28 fevral.- S.4-5.