"Azərbaycan müəllimi" qəzetinin
redaksiyasında dərsliklərin
müzakirəsi
"Tarix" dərslikləri
ilə bağlı müəllimlərin irad və təklifləri
Ədibə
Abbasova,
"Elitar"
gimnaziyanın tarix müəllimi:
- Kurikulum
üzrə hazırlanan dərsliklər yaxşıdır. VII sinif dərsliklərində isə mövzular
yarımçıqdır. Azərbaycan
tarixinə xüsusi diqqət verilməlidir. Ancaq Azərbaycan
tarixi sanki hərb
tarixidir. Müharibələrdən çox
söhbət gedir. Dövlətlərin sosial-iqtisadi inkişafına,
mədəniyyətinə az yer verilir.
X sinif "Azərbaycan tarixi" dərsliyində mədəniyyət
mövzusu 17 paraqrafdır. Bu, çox
yüklüdür.
VIII sinif "Azərbaycan
tarixi" dərsliyində Moğol İmperiyası kimi
böyük bir mövzu bir abzasla əhatə olunub.
IX sinif "Ümumi tarix" dərsliyində
"Fransa" mövzusu həddindən artıq ağır
dildə, qarışıq yazılıb.
XI sinif
"Azərbaycan tarixi"nin
informasiyaları həddindən artıq yüklüdür.
Səadət
Cahandarova,
Bakı
Avropa Liseyinin tarix müəllimi:
- V və
VI sinif dərslikləri yaxşıdır. Sadə
yazılıb. Mövzular əhatəlidir.
VII sinif "Azərbaycan tarixi" dərsliyində isə
bəzi çatışmazlıqlar var. Bir çox
mövzular bir paraqrafda cəmləşib. Məsələn,
monqolların Azərbaycana yürüşləri, Hülakilər
dövləti, Qızıl Orda dövlətinin
parçalanması bir mövzu kimi verilib. Bunlar
əhəmiyyətli mövzulardır. Albaniya
dövlətinin paytaxtı təkcə Bərdə göstərilir.
Qəbələ haqqında heç nə
deyilmir. Bundan başqa, mövzunun motivasiya
hissəsi daha effektiv olmalıdır. Yuxarı
sinif dərsliyində mövzular çox
qarışıqdır.
Pərvanə
Xəlilova,
132-134
nömrəli təhsil kompleksinin tarix müəllimi:
-Yeni kurikuluma uyğun
hazırlanmış dərsliklər standartlara tam cavab verir.
Lakin bu dərsliklərlə bağlı müəyyən
nüansları qeyd etmək istərdim:
V sinif "Tarix" dərsliyində bəzi mövzular o qədər
genişdir ki, bu, ibtidai sinifdən
gələn şagird üçün çətinlik
yaradır. Dərslik yazan müəlliflər
mövzular seçərkən mütləq şagirdin yaş
xüsusiyyətlərini nəzərə almalıdırlar.
IX, X, XI siniflərin tarix dərsliklərində
tarixi baxımdan materialların, tarixi faktların həddindən
artıq çox verilməsi şagirdlərin yaddaşında
bir növ statistik
məlumat kimi qalır. Nəticədə
bu, beyni yorur. Həmin dərsliklərdə
mövzuların həcminin böyüklüyü də
onların şagirdlər tərəfindən mənimsənilməsini
çətinləşdirən faktorlardan biridir.
Gələcəkdə
X, XI siniflər üçün yazılacaq tarix dərsliklərində Azərbaycan
Xalq Cümhuriyyəti, Azərbaycanın müstəqillik
qazandıqdan sonrakı dövrü ilə bağlı daha
geniş məlumatların verilməsini istərdik.
Elmin
İmanov,
Tofiq
İsmayılov adına 6 nömrəli məktəb-liseyin
tarix müəllimi:
- Kurikuluma uyğun
hazırlanmış dərsliklərin müəlliflərinin
işini yüksək qiymətləndirirəm, onlarda elə
bir nəzərəçarpacaq problem yoxdur.
VII sinif "Ümumi
tarix" dərsliyində müəyyən
çatışmazlıqlar var. Bəzi əhəmiyyətli
mövzulara daha çox yer verməli olduğu halda, onlar əksinə, olduqca qısadır. Məsələn,
Türk dünyasının tarixində Osmanlı
imperatorluğu Avropanın, bütün dünyanın hər zaman qəbul etdiyi
dövlətdir. Eyni zamanda Türk
dünyasının fəxri bir dövlətidir. Amma dərslikdə
6 əsr Avropada və dünyada söz sahibi olan bu dövlət haqqında məlumat çox
qısa verilib. Mövzunun sərlövhəsi də belə
qoyulub: "Konstantinopol necə İstanbul oldu?".
Adın belə qoyulmasını mən doğru
hesab etmirəm. Mövzu çox
yığcamlaşdırılıb. Ancaq bunun əksinə
olaraq bəzi mövzular var ki, heç bir əhəmiyyət
kəsb etməsə də onlara geniş yer verilib. Məsələn, Hindistanda "Qupta
imperatorluğu" haqqında məlumat şagirdin nəyinə
lazımdır?
Bəzi
mövzular həddindən artıq çox qısaldılıb və bunlarla bağlı məlumatları bir paraqrafa
yığıblar. Həmin mövzularla əlaqədar məlumatları
qısaltdıqca sanki mövzu öz əhəmiyyətini
itirib.
VIII sinif
"Azərbaycan tarixi" dərsliyində yer alan bəzi
mövzularda həddindən
artıq insan, şəhər, yer adları, illər var. Bir
mövzuda o qədər illər var ki, yadda saxlamaq
qeyri-mümkündür. O hissələr
çıxarılsa, yaxşı olar. Elə
mövzular var, onlar o qədər də tarixi əhəmiyyət
kəsb etmir, amma bu dərslikdə öz əksini tapıb.
Məsələn, "Çobanilər dövləti.
Hülakilər dövləti". Bu mövzularda verilən tarixi hadisələrdə
o qədər yorucu ifadələr var ki, şagird həmin hissəni
oxuduqda artıq
yorulur. Bu mövzu kitabdan çıxarılsa daha yaxşı olar. Həmin dərslikdə belə
tip mövzuların sayının azaldılması, məncə,
daha məqsədəuyğundur.
Təklif
edərdim ki, şagirdlərin daha çox yüklənməməsi
üçün dərsliklərdə mümkün olduğu
qədər insan, yer, şəhər adlarından az istifadə
olunsun.
VIII sinif "Orta əsrlər tarixi" dərsliyi
qaneedicidir.
IX sinif "Yeni tarix" dərsliyi yenidən işlənilməlidir.
Dərslikdə verilən mətnlər o qədər
ağırdır ki, şagird onları yalnız müəllimin
dönə-dönə izahından sonra başa
düşür. Dili çətin və həmin sinifdə oxuyan
şagirdin yaş xüsusiyyətləri nəzərə
alınmayan bu dərslik yenidən işlənilməlidir. Tamamilə dəyişilsə lap yaxşı olar.
X və
XI sinif tarix dərslikləri ilə bağlı heç bir
narazılığım yoxdur. Bu kitablar xeyli təkmilləşib.
Hafiz Cabbarov,
"Tarix" dərsliklərinin
müəllifi
Əvvəla, "Azərbaycan müəllimi" qəzetinin
kollektivinə belə bir vacib məsələni gündəmə
gətirdiyi, sağlam müzakirəyə şərait
yaratdığı üçün təşəkkür
edirəm. Mən
davamlı olaraq Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının dərsliklərin monitorinq qrupu ilə birgə
həm müəllif, həm də ekspert olaraq istər
Bakıda, istərsə də bölgələrdə təşkil
olunan müzakirələrdə iştirak edirəm. Bu
müzakirələr zamanı dərsliklərlə
bağlı bir sıra iradlar, rəylər və təkliflər
bildirilir. İradları çox normal şəkildə
qəbul edirəm. Bu müzakirələrin
ümumi işin xeyrinə olduğuna, gələcək
işlərimizə səmərəli fayda verəcəyinə
inanıram.
Sizin əməkdaşların
fikirlərini öyrəndiyiniz müəllimlərin irad və
təklifləri ilə də tanış
oldum. İradların obyektiv və subyektiv tərəfləri
var. Təbii ki, müəllimlərin fikirləri də
müxtəlifdir. Məsələn, 4
müəllimin 3-ü V sinif "Azərbaycan tarixi"dərsliyi
haqqında yüksək fikirdədir. Müəllimlərdən
birinin kiçik bir iradı var. Bildirir ki, bəzi
mövzuların həddən artıq geniş olması ibtidai
sinifdən gələn şagirdlər üçün
çətinlik yaradır. Yaxşı
olardı ki, müəllim konkret mövzunu göstərərdi.
Düzdür, mən istisna etmirəm, elə
mövzular var ki, həcmi böyükdür. Bu mövzular əsasən ulu öndər Heydər
Əliyevlə bağlı olan mövzulardır. Bu
baxımdan, şagirdlərin ümummilli lider haqqında daha dərin
biliklərə malik olması və onun irsinin öyrənilməsi müəlliflər tərəfindən
vacib hesab edilir.
VI-VII
siniflər üçün yeni kurikulumlar əsasında yazılan dərsliklərlə
bağlı müsbət fikirlərlə yanaşı müəyyən iradlar da
mövcuddur. Müəllimlər nəzərə
almalıdırlar ki, yeni dərsliklər kurikulumun tələblərinə
uyğun olaraq yazılır. Məlum olduğu kimi, tarixin tədrisində
çox böyük dəyişikliklər yaranıb. Əvvəllər tarix xətti prinsip əsasında
tədris olunurdusa və dərslik buna görə
yazılırdısa, indi artıq konsentrik prinsip əsasında
yazılır. Belə ki, IX sinfin sonunda
bütün tarix proqramı əhatə olunub bitməlidir.
Ona görə də zaman müddəti
qısaldığı üçün bəzi
mövzuların həcmi azaldılır. Bildirmək istərdim
ki, yeni kurikulumlarla əlaqədar X və XI siniflərdə
"Azərbaycan tarixi" və "Ümumi tarix" fənləri
ibtidai icma quruluşundan başlayaraq müasir dövrə qədər
yenidən tədris olunacaq. Bununla əlaqədar həmin siniflər
üçün yazılacaq dərsliklərdə
ayrı-ayrı tarixi hadisə, proses və təzahürlər, tarixi inkişaf
mərhələləri dərinləşmiş şəkildə
təqdim olunacaq.
Vaxtilə müəllimlər dərsliklərdə
mövzuların həcminin böyüklüyündən
şikayətlənirdilər. İndi isə
mövzuların azlığı ilə bağlı iradlar
bildirirlər. Bəzən bizim müəllimlər
belə düşünürlər ki, dərslikdəki
materialı şagirdlər bütünlüklə əzbərləmək
yolu ilə mənimsəməlidirlər. Müasir
pedaqoji yanaşmalara əsasən şagirdlərdə bir
çox informasiyalar içərisində lazım olan
informasiyanı seçmək qabiliyyəti
formalaşdırılmalıdır. Şagird
təhliletmə qabiliyyətinə malik olmalı, nəticələr
çıxarmalıdır. Burada isə
artıq bacarıqların formalaşdırılması əsas
rol oynayır. O bacarıq ki, bu gün müasir təhsilin
prioritet istiqamətlərindən birini təşkil edir.
Bildirmək istərdim ki, dərslik təkcə məlumat mənbəyi
deyil, həm də şagirdlərdə məlumatları təhlil etmək
bacarığı formalaşdırmalıdır. Mən hesab edirəm ki, tənqidlərin çoxu
bundan qaynaqlanır.
X sinif dərsliyində
mədəniyyət, elm, təhsil mövzusuna çox yer
ayrıldığı irad tutulur. Digər bir tərəfdən
isə hərb tarixinə geniş yer ayrıldığı
fikirləri səsləndirilir. Görürsünüzmü,
müəllimlərin fikirləri arasında da müxtəlifliklər
var. Amma unutmayaq ki, tarix keçmişi öyrənir,
keçmişdən gələcəyə ötürülən
ən başlıca miras isə maddi və mənəvi mədəniyyət
nümunələridir. Mütəfəkkirlərdən
biri demişdir: "Tarix yalnız mühüm hadisələrin
baş verdiyi, məşhur şəxsiyyətlərin
uğurlarının əks olunduğu səhnə deyil, cəmiyyətdə
baş vermiş hadisə və proseslərin
qanunauyğunluğudur". Biz
çalışırıq ki, yeni nəsil dərsliklərdə
mövzular üzrə balans gözlənilsin. Yəni, dərsliklərdə təkcə siyasi tarix
deyil, iqtisadiyyat və mədəniyyət tarixi də öz əksini
tapsın.
Digər bir məsələ, müəllimlər bir
sıra dövlətlərin tarixindən çox qısa
verildiyini və hətta bəziləri haqqında məlumat
olmadığını bildirirlər. Bizdə bir ənənə
formalaşıb ki, biz gərək bütün ölkələrin
tarixləri haqqında çox məlumatlı olaq. Bu nə dərəcədə düzdür? Düşünürəm ki, biz tarixdə əsas,
vacib, dünya tarixinə təsir edən məsələlərə
üstünlük verməliyik. Hər
hansı bir xırda dövlət haqqında məlumat verməklə
şagirdlərimizi yükləməməliyik. Məsələn, qısa bir nümunə gətirim.
Qonşu Rusiyada tarix dərsliklərində Azərbaycanın
Səfəvilər kimi böyük, qüdrətli dövləti
haqqında çox qısa məlumat verilib. Orda dərsliklər
belədir. Vacib məlumat, yəni bu mətnin mütləq
öyrənilməsi
məcburi olan və əlavə oxu. Əlavə
oxu da dərsliyin içərisində fərqli şriftlə
verilir. Təsəvvür edin, Səfəvilər
dövləti əlavə oxu kimi, həm də İran
dövləti adı ilə verilir. Yəni şagird istəsə
öyrənər, istəməsə öyrənməz. Yaxud, başqa bir məsələ.
Müəllimlərin fikirlərində VII sinif
"Azərbaycan tarixi" dərsliyində Albaniyanın
paytaxtının Bərdə olduğu, Qəbələnin
adının isə çəkilmədiyi qeyd edilir. Nəzərə çatdırım ki, V və VI
sinif dərsliklərində bu barədə məlumat verilib.
Lakin iradın haqlı tərəfi də var.
Əgər Albaniyanın paytaxtının Qəbələdən
Bərdəyə köçürülmə tarixi və səbəbləri
qeyd olunsa, dərsliyin məzmunca təkmilləşməsinə
xidmət edilmiş olardı. Eyni zamanda
qeyri-müəyyənlik aradan qalxardı.
Bundan başqa, IX, X, XI siniflərdə mövzuların həcminin
böyük olduğu deyilir. Qeyd edim ki, bu dərsliklərdə
informasiya yükü çox olsa da mövzuların həcmi
azaldılıb. X, XI sinif dərsliklərində
bəzi lüzumsuz informasiyaların olduğu fikri ilə də
razıyam. Bu kimi məsələlər gələcək
nəşrlərdə nəzərə alınacaq.
XI sinif dərsliyində Azərbaycan Xalq Cümhuriyyəti,
müstəqillik illərimizdən sonrakı tariximiz
haqqında daha geniş məlumatların verilməsi təklif
edilir. Qeyd edim ki, həmin siniflər üçün dərsliklərdə
mövzular kifayət qədər genişdir. Kurikulum üzrə yeni dərsliklər yazılarkən
bu mövzulara yenə də xüsusi önəm veriləcək.
Osmanlı
imperiyası ilə bağlı az məlumatın verilməsi
və mövzunun adı ilə bağlı iradla qismən razıyam. Lakin nəzərə almaq lazımdır ki,
Osmanlı dövləti ilə bağlı mövzular 8 və
9-cu siniflər üçün dərsliklərdə də
yazılacaq. Dəyərli həmkarımın
fikirlərinə hörmətlə yanaşsam da bir müqayisə
aparmaq istəyirəm. 7-ci siniflər üçün
"Ümumi tarix" dərsliyində Osmanlı dövləti
ilə bağlı 4 səhifəlik xüsusi mövzu var.
Qardaş Türkiyə dərsliyində isə Azərbaycan
xalqının fəxri olan Səfəvilər dövləti
ilə bağlı cəmi iki abzas məlumat verilmişdir. Bu məlumatlar isə Sultan Səlimin
Çaldıran döyüşündə qələbəsini
mədh etmək və Səfəvilər dövlətinin tənqidi
üzərində qurulmuşdur. Məsələn,
Türkiyənin 10-cu sinif "Tarix" dərsliyində
(səh.73) belə məlumat verilmişdir: "Sultan
Süleyman İran üzərinə 4 böyük səfər
təşkil edərək Bağdad, Qarabağ, İrəvan və
Naxçıvanı ələ keçirdi. İran
barış istəmək məcburiyyətində
qaldı".
Sual
yaranır: Qarabağ, İrəvan və Naxçıvan nə
vaxtdan İran ərazisi hesab olunur?
Qardaş Türkiyə müəllifləri Səfəviləri
niyə İran dövləti hesab edir? Səfəvilər
dövləti ilə bağlı bir neçə mənfi
cümlə, ermənilər ilə bağlı 1 səhifə
(səh.66-67) müsbət məlumat vermək hansı məntiqlə
izah oluna bilər?
Mövzunun ad seçimi, məzmunla bağlı mənim
də iradlarım olsa da Qupta imperiyasının geniş verilməsi
ilə bağlı fikirlə razılaşmıram. Çünki 7-ci siniflər
üçün "Ümumi tarix" dərsliyində bu dövlətlə
bağlı cəmi bir abzas məlumat verilmişdir. Dünyanın qədim sivilizasiya mərkəzlərindən
biri də Hindistandır. Ona görə də
bu ölkənin tarixi ilə bağlı məlumatların
olması təbiidir.
Yaxın
gələcəkdə IX sinif dərslikləri yeni kurikulumla
hazırlanacaq. Burada müxtəlif
nüanslara xüsusi diqqət yetiriləcək. Müəllimlərdən bəziləri bu dərsliklərin
tamamilə yenidən hazırlanmasını arzu edirlər.
Düşünürəm ki, köhnə dərsliklərin
üzərində təkmilləşdirmə aparmaq daha
uyğun variant olardı.
Biz müəlliflər öz
işimizə tənqidi yanaşmalıyıq. Belə olan təqdirdə uğur əldə etmək
olar. İradların obyektiv olanları,
işin səmərəliliyinə xidmət edənləri təbii
ki, nəzərə alınacaq. Əlbəttə ki,
ideal iş yoxdur. Hər bir işdə
qüsurlar olur. O qüsurları tamamilə aradan
qaldırmaq mümkün deyil. Necə ki,
dünyanın ən inkişaf etmiş ölkələrinin dərsliklərində
belə, müəyyən qüsurlar var. Baxmayaraq ki, həmin
ölkələrin dərsliklərlə bağlı təcrübəsi
uzun illərdir. Bizim ölkəmizin dərsliklərlə
bağlı təcrübəsi isə müstəqillik illərindən
başlayır.
Son olaraq dərsliklərlə bağlı bütün
irad və təkliflərə görə həmkarlarıma, həmçinin
bu müzakirənin təşkilinə görə "Azərbaycan
müəllimi" qəzetinin kollektivinə bir daha təşəkkürlərimi
bildirmək istəyirəm. Hesab edirəm ki,
bütün bu müzakirələr dərsliklərin təkmilləşməsinə
kömək edəcək.
Azərbaycan müəllimi.- 2015.- 28 fevral.- S.6.