I AVROPA OYUNLARINDA QIZIL
MEDAL QAZANMIŞ İDMANÇILARIMIZ
Abdulqədir ABDULLAYEV
1988-ci ildə anadan
olub. Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasını
bitirib. Boks
idman növü ilə məşğul olur. "Baku Fires" klubunda məşq edir. Məşqçisi
Maqomed Aripqadjievdir. 2004-cü ildən yarışlara qatılıb.
Dünya üzrə silsilə boks
yarışlarının iştirakçısıdır.
I Avropa Oyunlarının
boks yarışları
çərçivəsində 91 kq çəki dərəcəsində döyüşən
idmançı səkkizdəbir
finalda macarıstanlı
Adam Hamoriyə qalib gəlib. Növbəti dörddəbir finalda fransalı Paul Omba Biopqolayı mübarizədən
kənarlaşdırıb. Yarımfinalda rusiyalı Sadam Maqomedovla qarşılaşan Abdulqədir
onu da 3:0 hesabı ilə məğlub
edib. Finalda isə onun rəqibi
Ukraynanı təmsil
edən erməni boksçusu Gevorq Manukyan olub. Rəqibi zədələnməsinə görə
oyundan imtina etdiyindən qələbə
Abdulqədirə verilib
və o I Avropa Oyunlarının qızıl
medalına sahiblənib.
Pərviz BAĞIROV
1994-cü ildə anadan
olub. Boksda yarımorta çəki
dərəcəsində (69 kq) döyüşür.
"Neftçi" idman klubunun üzvüdür. Burada
məşqçi Vüqar
Ələkbərovun rəhbərliyi
altında məşq
edir. Yarışlarda iştirakı 2007-ci ildən başlayıb.
İndiyədək bir
sıra yüksək səviyyəli yarışlarda
iştirak edib. Ən yaddaqalan çıxışı
2011-ci ildə olub.
Həmin il
İrlandiyanın paytaxtı
Dublin şəhərində keçirilən gənclər
arasında Avropa çempionatında 1-ci yeri
tutub.
Pərviz I Avropa Oyunlarında da yarımorta çəki (69 kq) dərəcəsində mübarizə
aparıb. Rinqə ilk olaraq səkkizdəbir
finalda çıxıb.
Bu mərhələdəki döyüşündə moldovalı
Vasili Belousu məğlub edən idmançımız növbəti
- dörddəbir finalda
almaniyalı Abass Baraunu mübarizədən
kənarlaşdırıb. Yarımfinalda böyük britaniyalı
Coş Kellini məğlub edən Pərviz finalda Rusiya idmançısı
Aleksandr Besputinlə qarşılaşıb. Öz döyüş
taktikası ilə rəqibini tamamilə çıxılmaz vəziyyətə
salan idmançımız
yekunda qələbə
qazanıb və dövlətimizin himnini səsləndirib.
Albert
SƏLİMOV
1986-cı ildə anadan
olub. Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasını
bitirib. İdmanın
boks növü
ilə məşğul
olur. 1999-cu ildən
yarışlarda iştirak
edir. "Baku Fires" klubunun təmsilçisidir.
Məşqçisi Nuri paşa
Talıbovdur.
Mütaliə etməyi sevir. Ölkə
və beynəlxalq səviyyəli silsilə boks yarışlarının
iştirakçısıdır. Adətən 60 kq çəki dərəcəsində
rinqə çıxan
Albert Səlimov I Avropa
Oyunlarında da boks yarışlarına
bu çəki dərəcəsində qatılıb.
Mübarizəyə səkkizdəbir
final mərhələsindən başlayan Albert bu mərhələdə Gürcüstanı
təmsil edən Otar Eranosyanı
məğlub edib. Dörddəbir finalda Bolqarıstan idmançısı
Elian Dimitrovu 3:0 hesabı
ilə üstələyən
idmançımız yarımfinalda
irlandiyalı boksçu
Sin Makkombu mübarizədən
kənarlaşdırıb. Finalda rəqibi, fransalı idmançı
Sofian Qumulinə nisbətən olduqca cəld və taktikalı döyüş
nümayiş etdirən
Albert Səlimov çoxsaylı
zərbələri ilə
hər üç raundu üstün başa vurub və çempion olub. İlk Avropa Oyunlarının
qalibləri sırasına
düşən idmançımızın
şərəfinə Azərbaycanın
Dövlət himni ifa olunub.
İlham ZƏKİYEV
1980-ci ildə Sumqayıtda
anadan olub. Sumqayıt şəhər
5 nömrəli tam orta
məktəbin məzunudur.
15 yaşından idmanın cüdo növü ilə məşğuldur. 1998-ci ildən bir sıra yarışlarda iştirak edib. Gənclər arasında keçirilən Avropa
birinciliyinin qaliblərindən,
sambo üzrə yeniyetmələr arasında
respublika çempionu olub. 1999-cu ildə hərbi xidmətdə olarkən yaralanan İ.Zəkiyev ordudan tərxis olunduqdan sonra paralimpiyaçıların
sırasında cüdo
yarışlarında iştirak
edir. 2004 və
2008-ci illər Afina və Pekin Olimpiya
oyunlarında 100 kq-dan
yuxarı çəki
dərəcəsində çempion
olub və qızıl medal qazanıb.
2012-ci il
London Paralimpiya
Oyunlarında bürünc
medal alıb.
2003-cü
ildə Kvebekdə
(Kanada), 2006-cı ildə
Brommatda keçirilən
dünya çempionatında
bürünc, 2007 və
2010-cu illərdə San Paulada
və Antalyada təşkil olunmuş dünya çempionatlarında
gümüş medallar
qazanıb. 2005-ci ildən bəri 5 dəfə Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013) olub. Əməkdar idman ustasıdır.
"Şöhrət" ordeni və "Tərəqqi" medalı
ilə təltif olunub. Heydər Əliyev Fondunun
təsis etdiyi "Qızıl çinar"
mükafatının laureatıdır.
İlham Zəkiyev I Avropa Oyunlarında da paracüdoçular sırasında
90 kq-dan yuxarı çəki dərəcəsində
mübarizə aparıb. Yarışa
yarımfinal mərhələsindən
qoşulan Paralimpiya çempionu finala gedən yolda Yunanistan idmançısı
Klimis Papaçistosla üz-üzə
gəlib və ona 27 saniyə ərzində ipponla qalib gəlib. Həlledici mərhələdə rəqibi
ukraynalı Aleksandr Pominov olub. İlham bu döyüşü də inamla udaraq çempion olub.
Elvin MƏMİŞZADƏ
1991-ci ildə anadan
olub. Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və
İdman Akademiyasını
bitirib. İdmanın
boks növü
ilə məşğul
olur. Yarışlara 1999-cu ildən başlayıb.
"Gilan" klubunda məşqçi
Elbrus Rzayevin rəhbərliyi
altında məşq
edir. Sanballı idman uğurları
var. Belə ki, 2007-ci ildə yeniyetmələr arasında Avropa çempionatında I yeri tutub. 2009-cu il
Avropa çempionatında
da (gənclər) I olub. 2010-cu il
Avropa çempionatında
və Avropa Kubokunda 2-ci yeri tutub. 2013-cü il Avropa çempionatının
bürünc medalçısı, "Böyük İpək Yolu" turnirinin (Bakı) qalibidir.
Elvin I Avropa Oyunlarında
da ənənəvi olaraq çıxış
etdiyi yüngülvari
çəki (52 kq) dərəcəsində mübarizə
aparıb. Əvvəlki döyüşlərdə olduğu kimi I Avropa Oyunlarının çempionu adı uğrunda döyüşlərdə
də yüksək mübarizə əzmi göstərib. Səkkizdəbir
final mərhələsində irlandiyalı Mayls Kaseyi,
dörddəbir final mərhələsində bolqarıstanlı
Daniel Asenovu, yarımfinalda
isə almaniyalı Həmzə Tubanı mübarizədən kənarlaşdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvlərinin izlədikləri
final görüşündə Elvin İtaliya təmsilçisi
Vinçenzo Pikardi ilə qarşılaşıb.
Hər üç raundu üstün başa vuraraq 3:0 hesabı ilə qələbə qazanan idmançımız
çempion olub.
Lorenzo SOTOMAYOR
1985-ci ildə anadan
olub. Kubalıdır. 2013-cü ildən
Azərbaycan milli komandasının tərkibində
yarışlarda iştirak
edir. Azərbaycan
boksçusu kimi debütü 2013-cü il dekabrın 19-da Rusiyanın Xantı-Mansiysk
şəhərində Sibirdə
ilk dəfə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş boks üzrə Neft Ölkələrinin Dünya Kuboku turnirində olub.
Sotomayor "Qəbələ" idman
klubunda çalışan
kubalı məşqçi
Lazaro Jimenez Martinezin yetirməsidir.
Birinci yarımorta (64 kq) çəki dərəcəsində
mübarizə aparan
Lorenzo Sotomayor bir sıra beynəlxalq səviyyəli boks
yarışlarında uğurla
iştirak edib.
I Avropa Oyunlarına da yarışlardan biri öncəsi dediyi kimi "Qızıldan başqa medal məni maraqlandırmır" qətiyyəti
ilə qatılan Sotomayor bu oyunlarda
yüksək ustalıq
və əzmkarlıq
nümayiş etdirib. Yarışlara onaltıdabir finaldan
başlayan idmançımız
bu mərhələdə
sloveniyalı Edin Sejdinoviçi məğlub
edib. Səkkizdəbir finalda moldovalı
Dmitri Qalaqotu da mübarizədən kənarlaşdıran
Sotomayor dörddəbir
finalda rumıniyalı
Daniel Nikulesku ilə qarşılaşıb və
qələbə qazanıb.
Yarımfinalda Ukrayna boksçusu
Viktor Petrovu da udan milli yığmamızın
kubaəsilli üzvünün
finalda rəqibi daha güclü olub. Buna baxmayaraq o, London Olimpiya Oyunlarının bürünc mükafatçısı
olan italiyalı Vinçenzo Mangiakapzeyə
heç bir şans verməyib və beş
ardıcıl qələbə
nəticəsində ilk Avropa
Oyunlarının qalibi
olub.
Teymur MƏMMƏDOV
1993-cü ildə Bakıda
anadan olub. Azərbaycan Dövlət
Bədən Tərbiyəsi
və İdman Akademiyasının məzunudur.
"Rabitə" idman klubunda məşqçi İlham
Əlimzanovun rəhbərliyi
altında məşq
edir. 2003-cü ildən beynəlxalq yarışlarda iştirak
edir.
2011-ci ildə Bakıda keçirilən dünya çempionatında II, Ankarada keçirilən Avropa çempionatında I yerləri tutub. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 2013-cü ildə Almatı şəhərində keçirilən dünya çempionatında 3-cü yerə, Avropa çempionatında isə II yerə çıxıb. I Avropa Oyunlarında boks yarışlarında 81 kq çəki dərəcəsində iştirak edən Teymur Məmmədov 1/16 final mərhələsində böyük britaniyalı Coşuna Buatsini, 1/8 final mərhələsində polşalı Jordan Kalınskini, dörddəbir final mərhələsində danimarkalı Peter Müllekberqi, yarımfinalda isə rusiyalı Pavel Silyaqini mübarizədən kənarlaşdırıb. Finalda da italiyalı Valentino Manfredoniaya qarşı inamla və əzmlə döyüşərək ona 3:0 hesabı ilə qalib gəlib və I Avropa Oyunlarının çempionu olub. Beləliklə o, Azərbaycana 15-ci qızıl medalı qazandırıb. T.Məmmədova və digər mükafatçılara medalları Prezident İlham Əliyev təqdim edib.
Azərbaycan müəllimi.- 2015.-
4 iyul.- S.8.