"Öz ölkəmi
təmsil etməkdən məmnunam"
"Bakı-2015"
birinci Avropa
Oyunlarının könüllüləri danışır
Onlar
fərqli geyimləri, müsbət enerjiləri və təbii
ki, "Bakı-2015" Avropa Oyunlarında 17 gün ərzində
gördükləri işlərlə hər kəsin diqqətini
çəkməyi bacardılar. Söhbət böyük hissəsini
tələbələrin təşkil etdiyi və sayı on
mindən çox olan
könüllülərdən gedir. Möhtəşəm
idman yarışında onlara bir çox vəzifənin
icrası etibar edildi. Sonda aldıqları təşəkkür
də onu göstərdi ki, işlərinin öhdəsindən
layiqincə gəliblər.
Ətrafımda
olan, bütün gününü bu yarışlara həsr edən
könüllülərin işlərində necə məsuliyyətli
olduğu diqqətimi çəkmişdi. Hələ bir dəfə
də onların işlərin çoxluğundan, ya da
yorğunluqdan şikayətləndiyini görməmişdim.
Elə buna görə də fəaliyyətləri və
oyunlarla bağlı təəssüratlarını oxuculara
çatdırmaq üçün könüllülərin
bir neçəsinə sual ünvanladım: "Artıq geridə
qalan "Bakı-2015" Avropa Oyunları sizə nə
qazandırdı?"
Turan Vəlizadə,
Bakı
Dövlət Universitetinin kimya fakültəsinin IV kurs tələbəsi
-
İlk Avropa Oyunlarında tədbir xidmətlərində
komanda üzvi idim. Fəaliyyətim Baku Christal Hallda
keçirilən voleybol yarışlarına qonaqların qəbul
edilməsi, yerləşdirilməsi, biletlərin
yoxlanılmasından ibarət idi. Qonaqların özlərini
rahat hiss etməsi üçün əlimizdən gələn
köməkliyi göstərirdik.
Birinci
onu qeyd etmək istəyirəm ki, belə möhtəşəm
oyunlarda iştirak etmək mənim üçün fəxrdir.
Avropa Oyunları mənə munis duyğular, gözəl
komanda, dostlar, maraqlı iş günləri, ünsiyyət
qazandırdı. Həmin günlərdən qalan foto və
videolar mənim üçün əvəzolunmaz, həm də
gözəl xatirədir. Günümüz o qədər
maraqlı keçirdi ki, hətta istirahət günlərimizdə
də əlavə olaraq işə gedirdik. Oyunların nə
vaxt bitəcəyini bilirdik və buna əvvəldən heyfsilənirdik.
Yarışlara
çoxlu turist gəlirdi. Söhbət əsnasında onlar Azərbaycan
barədə ağızdolusu danışırdılar.
İnsanların mehribanlığı, qonaqpərvərliyi,
gülərüzlülüyü onların diqqətini
çəkmişdi. Tarixi yerlər ilə
maraqlanırdılar və yarışlardan sonra o yerlərə
gedəcəklərini deyirdilər. "Bayraq meydanı"
onların diqqətini xüsusilə çəkmişdi. Bu
meydanın möhtəşəm olduğunu dəfələrlə
qeyd edirdilər. Bir də bizim formalarımızı çox
bəyənmişdilər. Azərbaycanla və Avropa
Oyunları ilə bağlı suvenirlər almaq istəyirdilər
və bizdən bunları hardan əldə edə biləcəklərini
soruşurdular. Xarici qonaqlarla əlaqələrimiz
indi də davam edir.
Sonda
bir şeyi də qeyd edim ki, təşkilatçılar biz
könüllülərə qarşı çox diqqətli
idi. Hər bir şey ilə vaxtlı-vaxtında təmin
olunurduq. Tək şikayətimiz oyunların tez bitməsi oldu.
Rəhim
Yusifov,
Azərbaycan
Dövlət İqtisad Universitetinin maliyyə ixtisası,
"SABAH" qrupunun III kurs tələbəsi
- Vəzifəm Bakı Su İdman Sarayı və Su Polosu arenalarında atletlərə idman yarışları və onların nəticələri barədə olan və digər məlumatları çatdırmaq idi. İşimiz əsasən idmançılara və onların məşqçi heyətlərinə xidmət göstərmək idi. Onlar da ən çox Azərbaycanın mədəniyyəti ilə maraqlanırdı. İctimai nəqliyyatda yaşlılara, xanımlara yer verilməsi onların çox xoşuna gəlirdi. Azərbaycanın milli yeməklərini də çox bəyənirdilər.
Oyunlar mənə yerli və xarici dostlar qazandırdı. Ən əsası öz ölkəmi təmsil etməkdən məmnunam. Bütün idmançılar və turistlər bizdən razı qaldılar, tezliklə görüşmək ümidi ilə ayrıldılar.
Mənim üçün könüllülüyün ən xoş tərəfi həm işləməyimiz, həm də maraqlı günlər keçirməyimiz oldu.
Könüllü olduğum üçün heç vaxt peşman olmayacağam və gələcəkdə də belə mötəbər yarışlar olsa hər zaman orada iştirak etməyə hazıram.
Ağabala Əliyev,
Azərbaycan Dövlət Neft Akademiyasının qaz-neft mədən fakültəsinin II kurs tələbəsi
- İşim Bakı İdman Zalında qonaqları qarşılamaq və yoxlanış yerinə yönəltmək idi. Xarici qonaqları başa düşəcək və onlara fikrimizi çatdıracaq qədər ingilis dilini bildiyim üçün rahatlıqla ünsiyyət qura bilirdim. Onlar Azərbaycanın gözəlliyindən danışırdılar və gəzməli-görməli yerlərlə maraqlanırdılar. Təbii ki, mən də böyük həvəslə suallarını cavablandırırdım.
Ən əsası əhatəm genişlənirdi, yeni dostlar qazanır, yeni insanlar tanıyırdım. Avropa Oyunlarında könüllü olduğum üçün fərəh hissi keçirirəm. Bağlanış mərasimində Azərbaycanın adını hər eşidəndə kövrəlirdim. Bu adı eşitmək insana böyük sevinc hissi yaşadır. Gələcəkdə belə yarışlar olsa yenə də iştirak edəcəyəm. Çünki Azərbaycan bu oyunlarla dünyaya nə qazandığını, hansı gücə, tərəqqiyə malik olduğunu sübut etdi. Və bu oyunlar gələcəkdəki uğurlarımızın bünövrəsi oldu.
Ülkər
Ələsgərova,
Bakı Slavyan Universitetinin radiotelejurnalistika ixtisası üzrə magistrantı
- Avropa Oyunları zamanı Atletlər kəndində Rəqəmsal mərkəzin qrup üzvü kimi fəaliyyət göstərdim. Atletlər üçün nəzərdə tutulmuş xüsusi sosial platforma olan "ivillage"-nin kontent təminatını həyata keçirirdik. İşim kənddə atletlərə "ivillage" barədə məlumat vermək, onların qeydiyyatdan keçməsinə kömək etmək, atletlərdən sorğular və müsahibələr götürməkdən ibarət idi. Kənddə baş verən tədbirlər, konsertlər haqqında videoroliklər hazırlayır, montaj edir, şəkillər çəkirdim.
Oyunlardan çox şey əldə etdim. Yeni dostlar qazandım, ingilis dilindən nitqim inkişaf etdi. Ünsiyyətdə olduğum xarici vətəndaşlar daha çox Azərbaycanın gəzməli yerləri və milli yeməkləri ilə maraqlanırdı.
İngilis dilində jurnalist kimi fəaliyyət göstərə bilməyi, müsahibələr almağı öyrəndim. Hər şey əla idi, gələcəkdə belə yarışlar olanda işçi kimi fəaliyyət göstərmək istəyirəm.
Mənim üçün ən yaddaqalan hadisə ad günümün iş dövrünə təsadüf etməsi və könüllü dostlarımın mənə xoş sürprizi oldu. Bundan başqa İsrail atletindən müsahibə aldım.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 4 iyul.- S.8.