Təhsil Nazirliyi cavab verir
HÜQUQİ
MƏSƏLƏLƏR
Sual: Ali təhsil pilləsinin hansı səviyyələri
var? Bakalavriat, magistratura və
doktorantura dedikdə nə başa düşülür?
Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun 17.1.5-ci maddəsinə
görə ali
təhsil pilləsinin
bakalavriat, magistratura və doktorantura səviyyələri mövcuddur.
Həmin
Qanuna əsasən bakalavriat təhsil səviyyəsində tam orta
təhsil və orta ixtisas təhsili
bazasında ayrı-ayrı
ixtisasların təhsil
proqramları üzrə
geniş profilli ali təhsilli
mütəxəssislər hazırlanır.
Bakalavriat təhsili başa çatmış
ali təhsildir.
Bakalavriatı bitirən
məzunlara "bakalavr"
ali peşə-ixtisas
dərəcəsi verilir.
Magistratura ali təhsilin ikinci səviyyəsi olmaqla,
ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün
daha dərindən öyrənilməsini nəzərdə
tutur və məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə
məşğul olmaq
hüququ verir. Bu səviyyədə bakalavr təhsili bazasından ayrı-ayrı
ixtisasların ixtisaslaşmaları
üzrə müvafiq
təhsil proqramları
əsasında mütəxəssislər
hazırlanır. Magistratura
səviyyəsini bitirən
şəxslərə "magistr" ali
elmi-ixtisas dərəcəsi
verilir. Bu təhsil
səviyyəsini bitirən
şəxslər təhsillərini
doktoranturada davam etdirə bilərlər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 12
may tarixli 88 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi"nin
3.10-cu bəndinə görə
ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa
vurmuş və yekun dövlət attestasiyasından keçmiş
tələbələrə ali təhsil müəssisəsini bitirməsi
barədə dövlət
nümunəli sənəd
(diplom) verilir.
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi
olmaqla elmi və elmi-pedaqoji kadrların hazırlanmasını,
ixtisas və elmi dərəcələrin
yüksəldilməsini təmin
edir. Doktorantura təhsili ali
təhsil müəssisələrində
və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi
təhsil müəssisələrində
adyunkturalarda) həyata
keçirilir və müvafiq elmi dərəcənin verilməsi
ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda
fəaliyyət göstərən
dissertasiya şuralarının
vəsatəti əsasında
qanunvericiliyə uyğun
olaraq verilir. Azərbaycan Respublikasında
aşağıdakı elmi
dərəcələr müəyyən
edilir:
Fəlsəfə doktoru - elm sahələri
göstərilməklə;
Elmlər doktoru - elm sahələri göstərilməklə.
Doktoranturada təhsilini başa
vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə
müəyyən edilmiş
qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət
nümunəli sənəd
- diplom verilir.
Bundan əlavə qeyd edirik ki, tibb
təhsili təhsil proqramlarına və dövlət təhsil standartlarına uyğun olaraq, əsas təhsilə və rezidenturaya ayrılır, məzunlara müvafiq olaraq həkim və həkim-mütəxəssis
ali peşə-ixtisas
dərəcələri verilir.
Sual: Təhsil müəssisələrinin
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilməsi üçün
hansı sənədlər
tələb olunur?
Cavab: Azərbaycan
Respublikasının Prezidentinin
02.09.2002-ci il tarixli,
782 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında bəzi
fəaliyyət növlərinə
xüsusi razılıq
(lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin "Fəaliyyət
növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb
olunan əlavə şərtlər barədə"
07.11.2002-ci il tarixli,
174 nömrəli qərarına
əsasən xüsusi
razılıq (lisenziya
verilməsi) üçün
aşağıdakı sənədlər
tələb olunur:
1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin
surəti;
2. Ərizəçinin vergi
orqanları tərəfindən
uçota alınması
haqqında müvafiq sənədin surəti;
3. Ərizədə qeyd olunan obyektlərdən hər
biri üçün
ərizəçinin istifadə hüququnu (mülkiyyət
hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti
Xidmətinin və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Rəyləri;
5. Təhsil müəssisəsinin
pedaqoji, elmi-pedaqoji işçiləri haqqında
məlumat;
6. Təhsil müəssisəsinin
maddi-texniki bazası (yerləşdiyi binanın
ümumi və tədris sahəsi, təhsil, təcrübə,
qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı,
həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və
s.) və təlim-tərbiyə
prosesinin təminatı
haqqında ətraflı
məlumat (texniki təminat vasitələri,
proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.);
7. Dini təhsil müəssisələri tərəfindən
müvafiq fəaliyyətin
həyata keçirilməsi
üçün Azərbaycan
Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi.
Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi
lisenziya verilməsinə
görə dövlət
rüsumunun ödənildiyini
təsdiq edən sənəd təqdim edir.
Sual: Lisenziyası olmayan təhsil müəssisəsini
bitirməyin nəticəsi
nədir?
Cavab: "Təhsil
haqqında" Azərbaycan
Respublikası Qanununun
16.5-ci maddəsinə əsasən
Azərbaycan Respublikasında
hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış,
fəaliyyətinə xüsusi
razılıq (lisenziya)
verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrinin
fəaliyyətinə hüquqi
təminat verilir.
Fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməmiş və akkreditasiya olunmamış təhsil müəssisələrinə məzunlarına
təqdim edilməsi üçün Təhsil
Nazirliyi tərəfindən
dövlət nümunəli
sənəd (diplom) verilmir və həmin təhsil müəssisəsi tərəfindən
məzunlara verilmiş
diplomlar xarici ölkələrdə tanınmır.
Sual: Məzuniyyət hüququ nə vaxt yaranır?
Cavab: Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən
işçilər vəzifəsindən
(peşəsindən), əmək
şəraitindən və
əmək müqaviləsinin
müddətindən asılı
olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş
məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Həmin
Məcəllənin 131-ci maddəsinin
1-ci hissəsinə görə
İşçinin birinci
iş ili
üçün əmək
məzuniyyətindən istifadə
etmək hüququ əmək müqaviləsinin
bağlandığı andan
etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
Sual: Əmək
məzuniyyətindən hissələrə
bölünməklə istifadə
oluna bilərmi?
Cavab: Əmək
Məcəlləsinin 137-ci maddəsinə əsasən
əmək məzuniyyəti
işçinin arzusu və işəgötürənin
razılığı ilə
hissələrə bölünərək
verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən
birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin
bir hissəsindən istifadə edildiyi hallarda onun qalan
hissəsi həmin məzuniyyətin verildiyi iş ili
bitənədək və
ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib
verilir.
Sual: Əmək müqaviləsinə
xitam verilməsi əsasları hansılardır
və əmək müqaviləsinə 2 və
daha artıq əsasla xitam verilə bilərmi?
Cavab: Əmək
müqaviləsinə xitam
verilməsinin əsasları
Əmək Məcəlləsinin
68-ci maddəsi ilə
tənzimlənir. Bu əsaslara
aşağıdakılar daxildir:
a) tərəflərdən birinin təşəbbüsü;
b) əmək müqaviləsinin
müddətinin qurtarması;
c) əmək şəraitinin
şərtlərinin dəyişdirilməsi;
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi
ilə əlaqədar;
d) tərəflərin iradəsindən asılı
olmayan hallar;
e) tərəflərin əmək müqaviləsində
müəyyən etdiyi
hallar.
Əmək Məcəlləsinin 76-cı maddəsinə
görə əmək
müqaviləsinə eyni
zamanda iki və daha artıq
əsasla, həmçinin
qanunvericilikdə nəzərdə
tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş
əmək müqaviləsinin
ləğv edilməsi
qaydalarına əməl
olunmadan xitam verilə bilməz.
Sual: Təhsil müəssisələrinin
akkreditasiyası nədir?
Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun 16.3-cü maddəsinə
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı
ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası
Qaydaları"na əsasən
təhsil müəssisəsinin
akkreditasiyası təhsil
prosesinin təşkilinin,
maddi-texniki bazasının,
təhsil proqramlarının,
kadr potensialının,
maliyyə resurslarının
və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ-hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən
edilməsi məqsədi
ilə aparılır
və təhsil müəssisəsinin statusunun
müəyyən edilməsi,
onun fəaliyyətinin
növbəti müddətə
(5 il müddətinə,
əcnəbilər və
ya vətəndaşlığı
olmayan şəxslər,
xarici hüquqi şəxslər tərəfindən
təsis edilmiş təhsil müəssisələrinə
3 il müddətinə)
uzadılması üçün
hüquqi təminat yaradır.
Təhsil müəssisəsinin akkreditasiyası
Azərbaycan Respublikasının
Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
Azərbaycan müəllimi.-
2015.- 4 iyul.- S.4.