Məktəblilərimiz Balkan
Riyaziyyat
Olimpiadasında 4 medal
qazanıb
Ölkəmizi müxtəlif beynəlxalq bilik yarışlarında,
olimpiadalarda təmsil edən məktəblilərimizin
son illər ayrı-ayrı
ölkələrdən olan həmyaşıdları arasında yüksək intellektual
bilik və bacarıq nümayiş etdirmələri, hər dəfə
vətənə medallarla qayıtmaları təhsil sistemimizin
inkişafının göstəricisidir. Bu
dəfə də yeniyetmə
şagirdlərimizin daha bir xoş
sorağını Serbiyadan aldıq. Azərbaycan
təhsilinin yetirmələri, Bakıdakı "İstək" liseyinin şagirdləri Serbiyada
keçirilən Junior Balkan Riyaziyyat
Olimpiadasında (JBMO 2015) uğurla
çıxış edərək bir gümüş, 3 bürünc
medal qazanıblar. Liseyin yetirmələri
Mirəli Əhmədli gümüş, Mehdi Ağakişiyev, Anar Hüseynov və Anar Abbaslı bürünc
medala layiq
görülüblər. Olimpiadada Serbiya,
Rumıniya, Turkiyə, Bosniya Herseqovina, Albaniya, Makedoniya, Moldova, Yunanıstan, Kipr,
Bolqarıstan, Monteneqro, Azərbaycan,
Qırğızıstan, Qazaxıstan, Fransa,
Tacikistan və s. kimi ölkələrin nümayəndələri
iştirak ediblər. Gəlin Serbiyada
Azərbaycana medallar qazandırmış
şagirdlərimizlə daha yaxından
tanış olaq.
Mirəli Əhmədli: 2000-ci il dekabrın 9-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə şəhər 4 nömrəli tam orta məktəbdə başlayıb. Sinifdə ən yaxşı oxuyan şagirdlərdən biri olub. İbtidai sinfi bitirdikdən sonra 27 nömrəli məktəbin xüsusi istedadlar sinfində (XİS) oxuyub.
- VII sinifdən Gəncə
Türk Liseyinə qəbul olundum və olimpiadaya seçim üçün
məntiq imtahanında iştirak etdim. İmtahandan yüksək nəticə ilə
keçdim
və riyaziyyat üzrə olimpiada
komandasına qəbul olundum. VIII sinifdə imtahan verərək təhsilimi, eləcə də olimpiadaya hazırlıq işlərimi Bakıdakı
"İstək" liseyində davam
etdirməyə başladım. İlin sonunda hər il 26-29 iyun tarixləri
arasında keçirilən JBMO
(Junior Balkan Mathematics Olimpiad) üçün
seçimlər oldu və
olimpiadaya
qatılmaq hüququ əldə etdim. Serbiyaya 6 nəfərlik komanda və liderimiz olaraq Elvin Məmmədovla birlikdə getdik.
Riyaziyyat olimpiadasında
4 fənn üzrə sual verilir (algebra, number
theory, geometry, combinatorics). Suallar nə
qədər mürəkkəb
olsa da, ciddi hazırlıq nəticəsində olimpiadada
gümüş medal əldə
edə bildim. Bu,
mənim olimpiadada
ilk medalım deyildi. Ötən il də
Makedoniyada keçirilən
Balkan Riyaziyyat Olimpidasında
bürünc medal qazanmışdım.
Anar Abbaslı: 2001-ci il
yanvarın 21-də Bakı
şəhərində anadan
olub. 2007-ci ildə Bakıdakı 70 nömrəli
tam orta məktəbin
I sinfinə gedib. 2013-cü ildə Dədə Qorqud Özəl Türk liseyinə qəbul olunub. Hazırda Bakı
"İstək" Liseyinin Xalqlar Dostluğu filialında təhsilini davam etdirir. 2015-ci ildə Serbiyada
keçirilən Junior Balkan Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülüb.
- VI sinfin sonunda Dədə
Qorqud Özəl Türk liseyinə qəbul olundum. Artıq 7-ci sinfin ortalarında məntiq imtahanı verərək olimpiadaya hazırlaşmağımın bünövrəsini qoydum.
İmtahan verərək təhsilimi
Bakıdakı "İstək"
liseyində davam etdirməyə başladım.
Elə bu zamandan etibarən komanda rəhbərimiz Elvin Məmmədov ilə olimpiada çalışmalarımızı
davam etdirməyə başladıq. Nəhayət, iyunun
24-də 6 nəfərlik komanda
və müəllimimiz
Elvin Məmmədovla birlikdə
Serbiyaya yola düşdük. Bütün
iştirakçılar kimi,
mən də həyəcanlı
idim. Beynəlxalq səviyyəli ilk olimpiadam olduğu üçün daha çox həyəcanlı
idim. Nəhayət,
olimpiada suallarına uğurla cavab verərək bürünc medala
layiq görüldüm.
Bu uğuruma görə
valideynlərimə, riyaziyyatı
yorulmadan biz
şagirdlərə öyrədən müəllimlərimiz Elvin Məmmədova,
Tural Bədəlova, olimpiada koordinatorumuz Anar Fərmanova və mənə daim dəstək olan Yusuf Durana təşəkkür
edirəm.
Mehdi Ağakişiyev:
1999-cu il dekabrın
29-da Göyçay
rayonunda anadan olub. 2006-cı ildə Bakıdakı 18 nömrəli tam
orta məktəbin
I sinfinə gedib. 2012-ci ildə
Bakı Özəl Türk Liseyinə qəbul olunub. Hazırda Bakıdakı "İstək" liseyində
təhsilini davam etdirir. 2015-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq
Jautikov Olimpiadasında
iştirak edib.
2015-ci ildə riyaziyyat
üzrə respublika
fənn olimpiadasında
gümüş medala
layiq görülüb. Mehdi müəllim
ailəsində böyüyüb.
Anası riyaziyyat müəllimidir.
Qardaşı Murad hazırda
Kanadada Toronto Universitetində
təhsil alır.
- 2012-ci ildə imtahanla Bakı Özəl Türk Liseyinə daxil oldum. Buradakı
təhsil dövründə
bir neçə imtahan verərək riyaziyyat
olimpiadasına seçildim.
Daha sonra riyaziyyat olimpiadasına hazırlıq
düşərgəsində olimpiada sinfinə seçildim. Cari ilin aprelində 26-29 iyun tarixlərində Serbiyada keçiriləcək
yeniyetmələr arasında
Balkan olimpiadası seçimlərinə
qatıldım və komandaya daxil oldum. İyun ayının 24-də 6 nəfərlik
komanda və müəllimimiz, həmçinin
komanda rəhbərimiz
Elvin Məmmədov ilə
birlikdə Serbiyaya yola
düşdük. Və nəhayət
iyunun 26-da keçirilən
imtahanda ailəmin və müəllimimin mənə olan inamını doğruldaraq
bürünc medal qazandım.
Əldə etdiyim uğura görə ailəmə
və müəllimimiz
Elvin Məmmədova borcluyam.
Anar Hüseynov: 2000-ci il
aprelin 23-də Tovuz rayonunun Qovlar kəndində anadan olub. İlk təhsilini Qovlar kənd tam orta məktəbində alıb. Daha sonra imtahan verərək Gəncə
Türk Liseyinə qəbul olunub. Anar hələ
uşaqlıqdan
dəqiq
elmlərə daha çox maraq göstərməyə başlayıb.
Riyaziyyat həmişə
onun üçün ən sevimli və maraqlı fənn olub. Anar da dərsləri ilə yanaşı çalışqanlığı, əməksevərliyi sayəsində
fənn olimpiadalarında
uğur qazana bilib.
- VII sinfin ortalarından başlayaraq riyaziyyat üzrə olimpiada hazırlıqlarına başladım.
VII sinfin sonunda əvvəlcə Qubada, daha sonra Bakıda
keçirilən olimpiada
komandasına seçim
imtahanında
fərqləndim. Artıq IX sinifdə oxuyarkən olimpiadaçıların Bakı seçmə imtahanında riyaziyyat üzrə Azərbaycan komandasına qəbul olundum və ölkəmizi beynəlxalq bilik yarışında təmsil etmək hüququ qazandım. İyunun 26-29-da Serbiyada keçirilən riyaziyyat olimpiadasına çox
ciddi hazırlaşmışdım.
Suallar çətin olsa da bürünc medal qazana bildim. Əlbəttə ki, olimpiadada
qazandığım uğurda valideynlərimin, müəllimlərimin
rolu böyükdür. Müəllimlərim yorulmadan
və böyük əmək sərf edərək bizə elmlərin sirlərini öyrədiblər.
Əsas istəyim
müxtəlif
beynəlxalq miqyaslı olimpiadalarda Azərbaycanın nailiyyətlərini
daha da artırmaqdır.
Komandanın rəhbəri, "İstək"
Liseyinin müəllimi Elvin Məmmədov
"Azərbaycan müəllimi"
qəzetinə verdiyi eksklüziv açıqlamasında
şagirdlərimizin nüfuzlu
Balkan Riyaziyyat Olimpiadasında
uğurlu çıxışları
barədə danışdı:
- Azərbaycanı builki Junior Balkan Riyaziyyat
Olimpiadasında
təmsil edən
şagirdlərimiz bu zamana qədər sözügedən
tədbirdə iştirak
etmiş komandalardan ən güclüsü idi. Hər bir
iştirakçımız beynəlxalq səviyyəli
olimpiada hazırlığını ən
yüksək səviyyədə
tamamlamışdır. Olimpiadanın sual
və tapşırıqlarının
bir az çətin
və şagirdlərimizin
bəzilərinin təcrübəsiz
olmasına baxmayaraq yetirmələrimiz bilik yarışmasında ölkəmizi layiqincə təmsil edərək 1 gümüş, 3 bürünc medal qazandılar. Şagirdlərimizdən
yaşları nisbətən
az olan Ağaəli Zeynallı və Anar Abbaslı olimpiada hazırlıqlarını daha
da təkmilləşdirərək
növbəti il keçiriləcək JBMO-da
uğurla iştirak etmək üçün təcrübə əldə
etdilər. Ümid edirəm ki, qarşıdan
gələn illərdə
də beynəlxalq səviyyəli olimpiadalarda şagirdlərimizin
qazandıqları medalların
sayı artmaqda davam edəcək.
Şagirdlərimizi, onların valideynlərini,
müəllimlərini təbrik
edir və uğurlarının davamını arzulayırıq.
Oruc Mustafayev
Azərbaycan müəllimi.- 2015.-
11 iyul.- S.4.