Fəal dərsin mərhələləri
üzrə planlaşdırma nümunəsi
Son illər ənənəvi dərslərə nisbətən öz yüksək səmərəliliyi ilə fərqlənən fəal dərslərdən istifadə xeyli çoxalmış, müəllimlərin təlim fəaliyyətlərinin planlaşdırılmasına aid olduqca maraqlı, faydalı nümunələr meydana gəlmişdir. Bu sahədə uğurlar qazanmış digər həmkarlarım kimi mən də tədris etdiyim informatika fənni üzrə dərslərimi fəal təlimlə, yeni təlim texnologiyalarından, İKT vasitələrindən yaradıcı istifadə əsasında qurmağa çalışıram.
Ümumiyyətlə, məktəblərdə ayrı-ayrı fənn müəllimlərinin "açıq dərs"lərinin dinlənilməsi və müzakirəsi, müxtəlif tədbirlərin keçirilməsi şagirdlərin fəallığını artırır, müəllimləri isə yeni nailiyyətlər uğrunda daha əzmlə çalışmağa həvəsləndirir.
Məktəbimiz kənd məktəbi olsa da öz şagird tutumuna, müəllimlərin pedaqoji hazırlığına, İKT texnologiyaları ilə təchizinə və s. parametrlərinə görə heç də rayon məktəblərindən geri qalmır. Ümumilikdə götürsək müəllimlərimizə müasir təlim metodu və İKT avadanlıqlarının imkanlarından istifadə edərək mütəmadi "açıq dərs"lərin qurulmasına tam şərait yaradılmışdır. Mən də əyani vəsaitlərdən və multimedia avadanlıqlarından istifadə edərək fəal təlim üsullarına əsaslanan nümunəvi "açıq dərs" keçdim. Fəal dərsə bir neçə əlavələr edərək tədris prosesini daha da maraqlı etməyə çalışdım. Bu yaxınlarda Təhsil Nazirliyinin veb səhifəsində yerləşdirilmiş "Uşaqların sağlam inkişafı naminə" Rusiya Federasiyası tərəfindən istehsal olunan təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunan videomaterialı izlədikdən sonra belə qənaətə gəldim ki, artıq şagirdlərin sağlam həyat tərzi mövzusu tədris prosesinin əsas məsələlərindən birinə çevrilmişdir. Buna görə də məktəblilərin sağlam şəxsiyyət kimi formalaşmasında ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Artıq mətbuatda və internet səhifələrində həmkarlarımın çoxlu sayda "açıq dərs" numunələri nümayiş olunur. Amma mən bu dərs icmallarının çoxunda şagirdlərin fiziki hərəkətləri yerinə yetirmələri üçün vaxt ayırdığına təsadüf etməmişəm. Mənim fikrimcə, dərs zamanı tədqiqatın aparılması və tətbiqetmə mərhələlərindən əvvəl 1-2 dəqiqə şagirdlərin idman hərəkətlərinə vaxt ayırmaq, eləcə də şagirdlər qrup şəklində tapşırıq yerinə yetirən zaman multimedia vasitələrindən istifadə edərək musiqi (uşaq bəstəkar mahnıları) səsləndirilməsi məqsədəuyğun olardı. Bu musiqi şagirdlərin yorğunluğunu alır və onları daha fəal işləməyə ruhlandırır.
Bu məqsədlə də IV sinifdə informatika fənnindən "açıq dərs"imin icmalını oxucularımıza təqdim etmək istəyirəm.
Mövzu:
Qrafik redaktorun alətləri.
Standart: 3.2. Tətbiqi proqramlarla işləmək
bacarıqları nümayiş etdirir.
3.2.2 Kompüterdə müvafiq
əməliyyatları icra edir.
3.2.6 Müvafiq mərhələdə
iş zamanı texniki təhlükəsizlik
qaydalarına riayət edir.
Dərsin
məqsədi:
* qrafik redaktorun
təyinatını izah etmək;
* alətlərin təyinatını göstərmək;
* şəkil çəkmək üçün
lazım olan aləti seçmək;
* sadə şəkillər
çəkmək.
Əsas
anlayışlar:
Qrafik redaktor, əyri
xətt aləti, rəng seçimi aləti, hava
fırçası aləti.
Dərsin
tipi: Deduktiv.
İstifadə olunan iş formalari: qruplarla iş,
cütlərlə iş.
İstifadə olunan üsullar:
Təqdimat, kompüterdə iş.
Fənlərarası inteqrasiya:
Həyat bilgisi -
4.2.1, 4.2.2, Təsviri incəsənət -
2.2.4, Texnologiya - 4.1.2,
Resurs: Kompüter, proyektor, iş vərəqləri,
Proqram təminatı:
Paint qrafik redaktoru, PowerPoint
proqramı.
Motivasiya və problemin qoyulması. Motivasiyanın uğurlu
alınması üçün aşağıdakı şərtlərə
əməl olunması tövsiyə edilir;
* motivasiya üçün
seçilən material maraqlı
olmalı;
* fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və
yaradıcılıq üçün imkan verilməli;
* müəllim şagirdlərə yönəldici
suallar verməli, fərziyyələri irəli sürərkən
onları həvəsləndirməli;
* tədqiqat sualı
təlim standartlarına əsasən
müəyyənləşdirilməli və dərsin məqsədinə
yönəldilməlidir.
Sinfin təşkilindən sonra müəllim sinfə müraciət edir: Qrafik redaktor nədir? Qrafik redaktorun
hansı alətlərini tanıyırsınız?
Proyektordan istifadə edərək
müəllim şagirdlərin diqqətini
iki siçan şəklinə yönəldir və sual verir:
Siçan şəkillərindən hansı daha səliqəli
çəkilib?
- Hər bir şəklin
çəkilməsində hansı alətlərdən istifadə
olunub?
Şagirdlərin fikirləri dinlənilir
və lövhədə tədqiqat
sualı yazılır:
Qrafik redaktorda
şəkli səliqə
ilə necə çəkmək olar?
Tədqiqatın aparılması. Tədqiqat müxtəlif
formalarda: bütün siniflə birgə, kiçik qruplarda,
cütlər şəklində və fərdi şəkildə
aparıla bilər. Tədqiqatın nəticələri
aşağıdakı təqdimat formasında ümumiləşdirilməlidir.
* esselər, sxemlər,
cədvəllər, qrafiklər;
* illüstrasiyalar, xəritə və kontur xəritələr;
* maketlər, modellər,
rəmzlər;
* layihələr, referatlar, krossvordlar və
s.
Müəllim proyektordan istifadə edərək əyri xətt alətinin
seçilməsi, onun vasitəsilə əyri xəttin çəkilməsi
haqqında məlumatları təqdim edir. Eyni zamanda şagirdlərlə
kompüterdə iş və təhlükəsizlik
texnikası qaydalarını təkrar edir. Müəllimin
iştirakı ilə şagirdlər 4 qrupa bölünür
və qruplara iş vərəqləri paylanılır.
İş vərəqi ¹1.
"Karandaş" qrupu: Paint proqramının alətlərindən
istifadə etməklə şəkli çəkin və
kompüterin yaddaşında
"Gəmi" adı ilə saxlayın.
İş vərəqi ¹2.
"Fırça" qrupu: Paint proqramının alətlərindən
istifadə etməklə şəkli çəkin və
kompüterin yaddaşında "Saat" adı ilə
saxlayın.
İş vərəqi ¹3.
"Pozan" qrupu: Paint proqramının alətlərindən
istifadə etməklə şəkli
çəkin və kompüterin yaddaşında "Ev"
adı ilə saxlayın.
İş vərəqi ¹4.
"Boya" qrupu: Paint proqramının alətlərindən
istifadə etməklə şəkli çəkin və
kompüterin yaddaşında "Smaylik" adı ilə
saxlayın.
Məlumatın mübadiləsi. Bu mərhələdə şagirdlər
tədqiqatın gedişində əldə etdikləri
informasiyaların mübadiləsini aparırlar. Qoyulmuş
suallara cavab tapmaq zərurəti tədqiqatın bütün
iştiirakçılarını biri-birinin təqdimatını
diqqətlə dinləməyə sövq edir. Məhz bu mərhələdə
yeni bir tələbat - yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək,
müəyyən bir nəticəyə gəlmək
üçün tədqiqat sualına cavab tapmaq zərurəti
yaranır.
Hər qrupun nümayəndəsi qrup
işini təqdim edir. Müəllim suallarla müraciət edir. Bu zaman digər
qrup iştirakçıları da suallar verə bilər. Qrupların
kompüterdə çəkdikləri şəkillər
müzakirə edilir. Müəllim Paint proqramında alətlərin
harada yerləşdiklərini, iş sahəsini, şəkillərin
ölçüləri barədə müxtəlif suallar verə
bilər.
Ümumiləşdirmə və nəticə. Beləliklə, yeni biliyin kəşfi
yolunda son addımı atmaq, konkret nəticəyə gəlmək
və ümumiləşdirməni aparmaq işi qalır. Bunun
üçün şagird əldə olunan bilgiləri
ümumiləşdirməli, həm də gəldiyi nəticəni
tədqiqat sualı ilə irəli sürülmüş fərziyyələrlə
müstəqil olaraq tutuşdurmalıdır. Bu çox
mühüm məqamdır. Dərsin kulminasiyasını isə
bilgiləri özləri kəşf etdikləri
üçün şagirdlərin duyduqları bənzərsiz
sevinc və məmnuniyyət hissi təşkil edir.
Müəllim: - Nə üçün
Paint qrafik redaktorunda çoxlu alət var? Əyri xətt və hava
fırçası alətindən nə vaxt istifadə etmək
olar?
Müəllim şagirdlərin cavablarını
ümumiləşdirib, onlarla birlikdə nəticə
çıxarır:
* Rəssam şəkil çəkərkən müxtəlif alətlərdən
istifadə etdiyi kimi, Paint proqramında da müvafiq rəsm alətləri
nəzərdə tutulmuşdur. Tez bir zamanda keyfiyyətli
şəkil hazırlamaq üçün bəzən həmin
alətlər kifayət etmir. Məsələn,
istədiyiniz xətti karandaş və fırça aləti
ilə çəkmək o qədər də asan deyil.
* Qrafik redaktorda əyri xətləri daha səliqəli
çəkmək üçün xüsusi alətdən -
Əyri xətt alətindən istifadə olunur.
* Hava fırçası adlanan alətin düyməsi vasitəsilə
seçilir. Karandaş və fırça kimi, hava
fırçasının da qoyduğu izin
qalınlığını dəyişmək olur. Bu alətdən
istifadə etməklə maraqlı çəkillər çəkmək
olar.
* Bəzən rəngi palitradan deyil, rəsmin özündən
seçmək daha əlverişli olur.
Müəllim dərsin əvvəlində
irəli sürülən fərziyyələri
xatırladır və onları şagirdlərin fəal
iştirakı ilə qazanılmış biliklərlə
müqayisə edir. Şagirdlər tapşırığı yerinə
yetirməzdən əvvəl ayağa qalxır, 1-2 dəqiqə
müəllimin verdiyi komandaları (fiziki hərəkətləri)
yerinə yetirirlər.
Yaradıcı tətbiqetmə və
ya ev
tapşırığı. Biliyin mənimsənilməsinin
başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir.
Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir,
onun praktiki əhəmiyyətini şagirdə açıb
göstərir. Buna görə müəllim imkan daxilində
şagirdlərə təklif edə bilər ki, onlar müəyyən
məsələlərin həlli, yaxud hansısa yeni suala cavab
tapmaq üçün qazanılmış bilikləri tətbiq
etməyə çalışsınlar. Son nəticədə
yaxşı olar ki, şagirdlərə, onların kəşf
etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə
dair çalışmalar versin ki, həmin bilgilər həmişəlik
onların şüuruna həkk olunsun. Bu mərhələ
vaxt etibarı ilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya
da bilər, onun həyata keçirilməsi sonrakı dərslərdə
də mümkündür.
Dərsin
bu mərhələsində
müəllim cütlərlə iş
formasından istifadə edərək rənglənməmiş müxtəlif cizgi filmləri
personajlarının rəsmlərini paylayır. Digər
iş vərəqində isə həmin rəsmlərin hissələrə
bölünmüş variantı verilir. Şagirdlərə rəsmin
9 bərabər hissələrə bölünmüş
variantı isə zərfdə verilir. Verilmiş vaxt ərzində
cütlərdən biri rəsmi rəngləməli, digəri
isə hissələrə bölünmüş rəsmi
verilmiş vərəqdə xüsusi damalara yerləşdirməlidir.
Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə istənilən
fəaliyyətin təkmilləşdirilməsini təmin edən
bir prosesdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə
və refleksiya prosesləri onların öz
qüsurlarını və nailiyyətlərini aşkar etməyə,
uğur qazanmalarına nələrin mane olduğunu və nələrin
kömək etdiyini müəyyənləşdirməyə
xidmət etməlidir. Buna görə dərs başa
çatdıqdan sonra yerinə yetirilmiş prosedurlardan biri
kimi qiymətləndirmə və refleksiyanı həyata
keçirmək məqsədəuyğun olardı. Bəzən
qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif
mərhələlərinə daxil etmək də olar, bunun
özü də təlim prosesinin daha uğurla keçməsinə
kömək edər.
Müəllim müşahidəyə əsasən
xüsusi cədvəl, yaxud
özünün tərtib etdiyi digər meyarlar cədvəlinə
uyğun hər bir qrupun (cütlük) təlim məqsədlərinə
nə qədər nail olduğunu qiymətləndirə bilər.
Müşviq MƏMMƏDOV,
İsmayıllı
rayon Mollaisaqlı
kənd tam orta məktəbinin
informatika müəllimi
Azərbaycan müəllimi.- 2015.-
11 iyul.- S.5.