"Kembric
Universitetində
təhsil almaq istəyirəm"
Beynəlxalq olimpiadaların 11 yaşlı
qalibi danışır
Dünyadakı ən məsum
məşğuliyyət riyaziyyatdır
(M.K.Atatürk). Yazıma bu
sitatla başlamağımın
səbəbi var. 11 yaşlı
müsahibim Turqay Qaybalıyev Baku Oxford School-un VI sinif şagirdidir. Onu yaşıdlarının
bir çoxundan fərqli edən cəhət bu yaşında riyaziyyata olan sevgisi və
bir çox beynəlxalq olimpiadaların
qalibi olmasıdır.
Turqay redaksiyamıza anası ilə birlikdə gəlib. Üzündə
təbəssüm olan
utancaq oğlanın kubok və medalları
ilə tanış
oluram. Diqqətimi çəkir ki, Turqay nəinki riyaziyyat, hətta ingilis dilindən də beynəlxalq olimpiadada uğur qazanıb. "Görəsən,
bu oğlanın başqa hansı uğurları var", - deyərək onu danışdırıram:
- 26 dekabr 2003-cü ildə Bakı şəhərində
doğulmuşam. 2010-cu ildə 160 nömrəli klassik gimnaziyada I sinfə qəbul olmuşam. III sinfi bitirəndən sonra Baku Oxford School-da təhsilimi davam etdirirəm.
- Riyaziyyatı nədən bu qədər sevirsən?
- İngilis dilini
də sevirəm, amma mənim üçün birinci yerdə riyaziyyatdır. Çünki
riyaziyyat konkret elmdir və orada hər məsələnin bir cavabı var. Çətin
məsələnin cavabını
tapanda adam
qürur hissi keçirir.
- Necə hiss etdin ki, riyaziyyatı yaxşı bilirsən?
- I sinfdə oxuyanda riyaziyyatdan verilən tapşırıqları hamıdan tez qurtarırdım və beş alırdım. Onda başa düşdüm ki, riyaziyyat mənim fənnimdir. Həm də riyaziyyat məntiq tələb edir. Mən uşaqlıqdan pazl qurmağı sevirdim. Atam mənə pazl alanda onu tez bir zamanda və səliqə ilə qururdum. Müxtəlif konstruksiyalardan yeni fiqurlar yaratmağı xoşlayırdım. İndi də onların hamısı evimizdədir. Kürdəmirdə mənim Tammella nənəm (atamın anası) yaşayır. Nənəm özü təhsil ala bilməsə də övladlarına yaxşı təhsil verib. Bizim ailədə atam da, əmilərim də riyaziyyatı yaxşı bilir. Nənəm həmişə mənə deyir ki, oxu, ən əsası ağıllı ol. Elm və savad həmişə başucalığı gətirir.
- Olimpiadalara gedən yolda kimlər sənə kömək etdi?
- Məni olimpiadaya atam hazırlayır. Bir də müəllimlərim kömək edir. Atam mənim ən yaxın dostumdur. Atam mənə deyir ki, vətənə layiqli övlad ol, vətənpərvər ol. Azərbaycanın adını hər yerdə uca tut. Atam Xaqani Qaybalıyev də 1990-cı ildə respublika fənn olimpiadasında fizika üzrə I yeri tutub.
4 yaşımda anam
məni rus dili müəlliminin yanına apardı. O mənə
rus dilini öyrətdi. Artıq I sinifdə oxuyanda
məktəbdaxili olimpiadalarda
qalib olurdum. II sinifdə riyaziyyat üzrə sinif olimpiadasında II yeri tutaraq tərifnaməyə
layiq görüldüm.
İkinci siniflər arasında riyaziyyat üzrə keçirilən
olimpiadada da
fərqləndim (III yer) və tərifnamə aldım. III sinifdə oxuyanda
isə "Kosmos"
intellektual oyununda I yeri tutdum.
- Riyaziyyatdan ilk böyük
uğuru nə zaman qazandın?
-
2013-cü ildə IV sinifdə
oxuyanda, o vaxt Türkiyənin Antalya şəhərində
keçirilən V Beynəlxalq
Olimpiadada riyaziyyat fənni üzrə bütün rəqiblərimi
arxada qoyaraq qalib oldum.
- Sənin ingilis dilindən də qalibiyyətin var?
- Bəli, 2014-cü ilin noyabr ayında Antalyada keçirilən VI Beynəlxalq Olimpiadaya riyaziyyat və ingilis dili fənləri üzrə qatıldım və hər ikisindən II yerin medalını qazandım. Özümü başqa olimpiadalarda da sınamaq qərarına gəldim və Bolqarıstanda keçiriləcək II Beynəlxalq Sərhədsiz Riyaziyyat Turnirinin (Mathematics without Borders International Tournament) turlarına qatıldım. Qış turunda III yeri qazandım. Yaz turunda həm V, həm VI sinif üzrə II yeri tutdum (riyaziyyat fənnindən). Bu turların nəticələrinə görə finala düşdüm. İyul ayının 1 və 2-də Bolqarıstanın Nesebır şəhərində final olimpiadasında iştirak etdim. Həm V, həm də VI siniflərlə qatıldığım yarışda II yerin medalını və kubokunu qazandım.
- Riyaziyyatdan ən çox hansı bölməyə marağın var?
- Tənlik qurmaqla məsələ həllini sevirəm. Məchulu axtarmaq və tapmaq xoşuma gəlir. V sinfi bitirmişəm, amma artıq VI sinfin də proqramını bilirəm.
- Necə hiss keçirirsən
qalib olanda?
- Qürur hissi keçirirəm. İlk dəfə beynalxalq olimpiadada qalib olanda atamın qucağına qaçdım. Sevinc hissimi onunla bölüşdüm.
- Dərsdən əlavə nə ilə məşğul olmağı xoşlayırsan?
- Velosiped və skidboard sürməyi xoşlayıram. Boş vaxtlarımda televizora baxıram. Ən çox Discovery Channeli izləməyi sevirəm. Orada maşınlar haqqında hazırlanan verilişləri çox bəyənirəm. Mühəndislərin müxtəlif layihələrini göstərirlər, onları izləyirəm. Raketin, təyyarənin quruluşu mənə maraqlı gəlir.
- Evdə neçə uşaqsınız?
- Məndən böyük bir bacım var. Ali məktəbə hazırlaşır. Dərslərimi hazırlamağımda mənə çox kömək edir. Əgər məni olimpiadaya hazırlaşdıran müəllim tapşırıq veribsə, bacımı çağırıram mənə kömək edir.
- Turqayın gələcək planları nədir?
- Məni qarşıda beynəlxalq olimpiadalar gözləyir. İngilis dilindən də olimpiadalara qatılmaq istəyirəm. Onlardan qalibiyyətlə qayıtmalıyam. Kembric Universitetində təhsil almaq istəyirəm. Mühəndis olmaq ən böyük arzumdur. Fizika sahəsində Nobel almaq istəyirəm.
- Sonda bir olimpiada qalibi kimi yaşıdlarına nə demək istərdin?
- Demək istəyirəm ki, oxumaq çox yaxşı şeydir. Oxusaq, vətənimizi qoruya bilərik. Oxusaq, Azərbaycanın adını dünyada səsləndirə bilərik. Azərbaycanı irəli apara bilərik. Hər medal alanda, vətəndən kənarda adım səslənəndə çox xoşbəxt oluram.
Turqaya təşəkkür edirəm, bayaqdan övladı ilə söhbətimizi dinləyən anası deyir ki, onun riyaziyyata olan marağı uşaqlıqdan bəlli idi:
- Çoxlu müxtəlif oyuncağı var idi, amma 7 aylığında qələmlə, kağızla maraqlanırdı. Turqayın ibtidai sinif müəllimi Svetlana Proxorovna riyaziyyata olan marağını görüb onunla xüsusi məşğul olur, bu fənn üzrə yarışlara həvəsləndirdi. 2010-2011-ci tədris ilində təhsildəki uğurlarına görə gimnaziyanın rəhbərliyi tərəfindən təşəkkürnamə ilə mükafatlandırıldı.
2014-cü il mayın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Azərbaycanın gələcəyi" mükafatına layiq görüldü. Övladımızla fəxr edirik. Onun daha yaxşı uğurlara imza atması üçün əlimizdən gələni edirik. Bir də onun üzərində əməyi olan bütün müəllimlərinə təşəkkür edirik.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 17 iyul.- S.8.