Ali məktəblərdə
mühəndis
hazırlığı necə
aparılmalı?
Müxtəlif sənaye texnologiyaları üzrə kifayət qədər mühəndis hazırlansa da bir sıra sənaye müəssisələri, onların nəzdində olan elmi-tədqiqat və layihə qurumları mühəndis çatışmazlığından şikayətlənir. Təhlil göstərir ki, bu şikayətlər bir sıra hallarda bakalavrdan tam ali təhsilli mütəxəssis hazırlığının gözlənilməsi ilə əlaqədar olsa da, çox zaman bakalavr səviyyəsində mühəndis hazırlığının tədris plan və proqramlarında olan çatışmazlıqlarla izah oluna bilər.
Uzun illər təhsil sahəsində çalışan bir çox alim və müəllimlərin fikrincə, təhsil ən yüksək ətalətli fəaliyyət sahəsidir. Onun məzmun və tələblərini dəyişmək üçün müəyyən vaxt lazımdır. Son illər ölkəmizdə təhsilin səviyyəsinin yüksəlməsi üçün bir sıra tədbirlər görülmüşdür. Bu öz effektini verir. Lakin tədris planı bir tsikli başa çatmamış yeniləşir, mövcud proqramı tam mənimsəməyən tələbə yeni tədris planı üzrə tələblərə cavab vermək məcburiyyətində qalır.
Mühəndis hazırlığında olan bir sıra çatışmazlıqlara aşağıdakıları aid etmək olar:
* Bakalavr tədris proqramlarının daha çox nəzəriyyələşdirilməsi və praktiki biliklərə az yer verilməsi;
* istehsalat təcrübələrinin keçirilməsinə müəssisələrin laqeydliyi;
* tədris planlarının tərtibində bəzi ixtisas kafedraları tərəfindən mütəxəssis hazırlığı üçün zəruri olan fənlərdən çox öz kafedra maraqlarına üstünlük verilməsi;
* tədris plan və proqramlarının tərtibinə müvafiq sənaye müəssisələrinin cəlb edilməməsi;
* ayrı-ayrı qrup ixtisasları üzrə mühəndis hazırlığında vacib olan fənlərin mütəxəssisin gələcək fəaliyyət sahəsinin tələblərinə kifayət qədər cavab verməməsi və s.
Zənnimizcə, mühəndis hazırlığında hazırda mövcud olan çatışmazlıqları aradan qaldırmaq üçün aşağıdakılar həll olunmalıdır:
* Tələbənin
birinci kursdan başlayaraq ümummühəndis istehsalat təcrübələrinin keçməsi.
Belə təcrübələr tədris illərində
müxtəlif sənaye və ya ali təhsil müəssisələrində
yaradılan emalatxanalarda keçirilə
bilər (belə emalatxanalar həm də
elmi-tədqiqat işləri üçün
yardımçı rolu oynaya
bilər). Təcrübələrə praktiki təcrübəsi
olan ali təhsilli
mütəxəssislər rəhbərlik edə bilər. Ali məktəblərdə emalatxanaların
yaradılması və təcrübələrin
aparılması mühəndis hazırlığı üçün ayrılan vəsaitlərdə
əksini tapmalıdır.
* Tədris planlarını tərtib edərkən ayrı-ayrı qrup ixtisaslar üçün vacib fənlərin siyahısı və onlara ayrılan vaxtın müəyyən edilməsi. Bu məsələnin həllinə ali məktəblərin təcrübəli müəllimləri ilə yanaşı, müxtəlif istehsalat sahələrinin mütəxəssislərinin də cəlb edilməsi. Bunun üçün Təhsil Nazirliyində tədris plan və proqramları üzrə komissiyalar yaradılmalıdır.
* Sənaye texnologiyalarının sürətli inkişafini nəzərə almaqla ali məktəblərə yeni texnologiyaların tədrisi üzrə qərar qəbul etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmalıdır.
* Tədrisdə tam şəffaflıq təmin olunmalıdır.
Tədris proqramlarına qoyulan ümumi tələblər Təhsil Nazirliyi tərəfindən təsdiq edilməli, onun praktiki icrasının təmini isə (tədris növləri üzrə və ya mövzular üzrə saatların ayrılması və s.) aparıcı ali məktəblərə həvalə edilməlidir.
Ali məktəblərdə elmi fəaliyyətin genişləndirilməsində və elmi-pedaqoji kadrların hazırlanmasında böyük rol oynayan vaxtilə aparıcı ali məktəblərdə yaradılan problem laboratoriyaların fəaliyyəti üçün vəsait ayrılmadığından onların çoxunun fəaliyyəti dayanıb. Hesab edirik ki, ümumi büdcədə çox da böyük yer tutmayan vəsait nəzərdə tutulmalı və həmin laboratoriyaların bərpası təmin edilməlidir. Bu laboratoriyalar eyni zamanda magistr hazırlığının da yaxşılaşdırılmasında ciddi rol oynaya bilər.
Ali məktəblərimizdə mütəxəssis hazırlığı Bolonya prinsipinə uyğun aparılır. Lakin bir sıra fənlər üzrə laboratoriya avadanlığının köhnəlməsi və ya heç olmaması digər ölkələrlə tələbə mübadiləsi etməyə imkan vermir. Doğrudur, Azərbaycan dövləti mühəndis kadrları hazırlayan Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin maddi-texniki bazasının genişləndirilməsi və təkmilləşdirilməsi sahəsində xeyli tədbirlər həyata keçirmişdir. Lakin bu tədbirlərin davam etdirilməsi, xüsusən vaxtı ilə bir çox ölkələrdə brend kimi qəbul edilən Azərbaycan Dövlət Neft Akademiyasının qazanılmış brendinin qorunub, möhkəmləndirilməsi üçün məqsədyönlü tədbirlər görülməli, vəsait ayrılmalıdır.
Sənan
MUSTAFAYEV,
Azərbaycan
Dövlət Neft Akademiyasının
məsləhətçi professoru, əməkdar
elm xadimi
Azərbaycan müəllimi.-
2015.- 17 iyul.- S.5.