Füzuli yaradıcılığında qitə

formasında yazılmış şeirlərin tədrisi

 

Qitə sözünün  mənası haqqında şagirdlərdə təsəvvür yaratmaq  məqsədilə beyin həmləsi  metodundan istifadə edib aşağıdakı şəkildə sual-cavab aparılır:         

1. Yer kürəsinin bölündüyü altı böyük quru hissəsi necə adlanır? (Qitə).                                                                                                                                  

2. Coğrafi termin kimi bu sözün ifadə etdiyi leksik məna ilə lirikanın qitə janrı arasında nə kimi məna yaxınlığı var? (Coğrafi qitə qurunun hissələri, parçaları olduğu kimi qitə janrında yazılmış şeirlər də lirikanın həcmcə kiçik hissələri, parçaları, tikələridir).

3. Sizcə, qitə sözü hansı anlama gəlir?  (Parça, hissə, tikə anlamına gəlir).

4. Hansı kiçik şeir parçası qitə adlanır?   (Qitə azı iki beytdən ibarət və birinci beyti sonrakılarla həmqafiyə olmayan kiçik şeirdir).

5. Qitə ilə qəzəlin ümumi oxşar və fərqli xüsusiyyətləri hansılardır?

Bu mərhələdə əyani vəsaitlərdən istifadə olunur. Yazı taxtasından üzərində iri hərflərlə yazılmış bir qəzəl və bir qitə olan iki iri plakat  asılır. Şagirdlər hər iki şeir üzərində müqayisəli şəkildə müşahidə aparmaqla asanlıqla cavab verərək deyirlər ki, qitənin qafiyələnməsi qəzəlinki kimidir (birinci beyt istisna olmaqla), qitə həcmcə kiçikdir, ən çox ictimai-siyasi mövzuda yazılır, sonda müəllifin təxəllüsü göstərilmir və s.

Müəllimin şərhi:  Müəllim şagirdlərin bilik və məlumatını daha da genişləndirmək üçün bildirir ki, M.Füzulinin "Divan"larında qəsidələrdən əlavə qitə janrında yazılmış şeirlər də mühüm yer alır. Dahi şair bu qitələrdə öz düşüncələrini daha aydın və açıq ifadə edir, geniş, uzun-uzadı ümumiləşmələrlə yox, konkret bir obyektə üz tutub müraciət etməklə konkretləşdirir, məsləhət və tövsiyələr verir. Bu baxımdan şairin müəllimə məsləhətlə başlayan qitəsi səciyyəvidir.

"Ey müəllim, aləti təzvirdir əşarə elm,

Qılma əhli-məkrə təlimi maarif, zinhar.

Hiylə üçün elm təlimin qılan müvsidlər,

Qətli-am üçün verir cəllada tiği abidar".           

Bu qitədə şair göstərir ki, məkr əhlinə elm öyrədən ona baş kəsmək üçün qılınc verir.

Başqa bir qitəsində şair cahillə kamal əhlinin aralarındakı ziddiyyəti, bir-birini inkar etməsini məntiqi dəlillərlə elə izah edir ki, əlavə şərhə ehtiyac qalmır:

Əhli kəmalə cahil əgər qədər qılmasa,

Məzurdur məlamətin bitmək rəva degil.

Cahil təbiətində məzaqi kamal yox,

Hər nəfsə irtidai- təbiət xəta degil.     

Ülfət həmişə fəri olur aşinalığın,

Cahil fəzilət əhli ilə aşina degil.

Göründüyü kimi, şair cahil mühitin kamal sahiblərinə qiymət verməməsinin səbəbini açıqlayır, zalım fələyi mərifət əhlini alçaldıb, cahilləri ucaldaraq hər arzusuna çatdırmasından şikayətlənir.

Füzuli qitələri sayca azdır, lakin onların içərisində məşhur "Padişahi-mülk..." qitəsi ədəbi-bədii dəyərinə görə xüsusi önəmə malikdir. Şeirdə sənət və sənətkar yüksək bədii zövqlə, bədii məntiqlə tərənnüm edildiyindən, sənəti və sənətkarı müdafiə meyli həddindən artıq güclü olduğundan bu qitə fəxriyyə xarakteri daşıyır.

Bu məlumatdan sonra müəllim "Padişahi-mülk..." qitəsinin məzmunu üzərində iş aparır. Bildirir ki, qitədə iki surət, iki şəxs qarşılaşdırılır: hökmdar və şair. Füzuli irsinin ən səciyyəvi və parlaq nümunələrindən biri olan bu kiçik şeir incisi üç hissədən ibarətdir. Birinci hissədə hökmdarın əməlləri, əldə etdikləri və aqibəti bütün kəskinliyi ilə təsvir edilir. İkinci hissədə isə şairdən, onun uğurlarından, qələbələrindən və hökmdarın aqibətindən fərqli olan uğurlu taleyindən bəhs edilir. Padşah-hökmdar qızıl, gümüş rüşvət verib qoşun toplayır və yüz fitnə-fəsadla bir ölkə alır. Aldığı ölkələrdə əmin-amanlıqdan, rahatlıqdan əsər-əlamət yoxdur. İşğal olunmuş ölkənin əhalisi soyğunçuluğa məruz qalıb talanır. Bir inqilab, çevriliş baş verdikdə, daha doğrusu göylərin çarxının geri fırlanması nəticəsində özü də məhv olur, ölkəsi də. Bu hissədə padşahların apardığı işğalçılıq müharibələri kəskin tənqid edilir. İkinci hissədə isə ölkənin hökmdarından tamamilə fərqlənən, onun büs-bütün əksi olan bir adamdan, şeir sultanı adlandırılan şairdən bəhs edilir. Bu şairin yazdığı əsərlər hökmdarın qızıl-gümüşlə topladığı qoşuna-əsgərlərə bənzədilir. Bu sözlər ilahi bir qüvvətlə hərəkət edib get-gedə, tədriclə bütün quru yerləri və dəryaları fəth edir. Lakin fəth etdiyi yerlərdə-ölkələrdə heç kəsə ziyan yetirmir, vergi, xərac istəmir, narahatlıq törətmir. Əksinə onlara zövq, təsəlli verir, onlarda ədalətsizliyə, eybəcərliyə qarşı nifrət oyadır. Şairlə hökmdarın qarşılaşdırılmasında məqsəd sənətin hökmranlığının əbədi olmasını bildirməkdir. Şeir-sənət sultanı olan şair yoxsuldur, amma özünü fitnə-fəsadla, talançılıqla sərvət toplayan padşahlardan varlı sayır, bilir ki, bir dəyişiklik baş verən kimi onların hər şeyi heçliyə varacaqdır. Ona görə də şair hökmdarın bəxşiş barədə təklifini qəbul etmir, hesab edir ki, əbədi olanların çörəkdən ötrü heç olanlara nökərçilik etməsi yaramaz:

Qılmasın dünyada sultanlar mənə təklifi cud,

Bəs durur başımda tövfiqi-qənaət əfsəri,

Hər cəhətdən fariğəm aləmdə haşa kim ola,

Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri.

Qitənin üçüncü, nəticə hissəsində qənaətdən tac qoyan şairin bu yenilməzliyindən danışılır.

"Padişahi-mülk..." qitəsinin məzmunu üzərində aparılan işin davamı kimi geniş təhlilini vermək, mükəmməl mənimsətmək məqsədilə şagirdlər tapşırıqlar üzərində müstəqil işlədilir. Bunun üçün sinif  üç qrupa bölünür və qruplar adlandırılır: padşah-hökmdar qrupu, şair-sultan qrupu, nəticə qrupu. Hər qrupa aşağıda göstərilmiş sual və tapşırıqlar yazılan vərəqlər- kartlar paylanır.

I qrup (padşah-hökmdar qrupu): 1."Padişahi-mülk..." qitəsi neçə hissədən ibarətdir?   2."Padişahi-mülk dinari dirhəm rüşvət verib, Fəthi kişvər qılmağa eylər mühəyya ləşkəri" beytini nəsrlə ifadə et.   3."Yüz fəsadi-fitnə təhrikilə bir kişvər alır, Ol dəxi asari-əmnü istiqamətdən bəri" beytini nəsrlə ifadə et.   4."Göstərən saətdə dövrani-fələk bir inqilab, Həm özü fani olur, həm ləşkəri, həm kişvəri" beytini nəsrlə ifadə et.   5.Bu hissədə padşahların nəyi qələmə alınıb kəskin bir dillə ifadə edilir?   

II qrup (şair-sultan qrupu):  1.Əsərin ikinci hissəsində kimdən danışılır?  2.Şairin yazdığı əsərlər nəyə bənzədilir?   3.Yoxsul şairin sözləri nə edir, haraları fəth edir?  4.Şairin söz ordusu tutduğu ölkələrdə nə iş görür, necə təsir bağışlayır?   5."Gör nə sultanam məni dərviş kimi feyzi-süxən, Eyləmiş iqbalımı əsari-nüsrət məzhəri" beytini nəsrlə ifadə et.  6.Şair özünü sultan adlandırmaqla nə demək istəyir?   7.Şairin padşahdan üstünlüyü hansı misralarda əks olunub?  8."Hər sözüm bir pəhləvandır, kim bulub təyiqi-həq, Əzm qıldıqca tutar tədricilə bəhrü bəri" beytini nəsrlə ifadə et.

III qrup (nəticə qrupu):   1."...Qılmasın dünyada sultanlar mənə təklifi-cud. Bəs durur başımda tövfiqi-qənaət əfsəri" beytini şərh et.    2.Qənaətdən tac qoyan şair əgər hökmdardan bəxşiş alıb ona nökərçilik etsə, bu, nə iş olar?   3.Qeyd edildiyi kimi bu qitə fəxriyyə xarakteri daşıyır, fəxriyyə nədir, lirikada nəyin ünsürüdür?   4."Padişahi-mülk" qitəsi Füzulinin məşhur "Şikayətnamə" məktubunu xatırladır, onunla eyni vaxtda yazılıb deyirlər. Nə üçün, nəyə görə?

Qitənin dilində müasir oxucu üçün çətin anlaşılan çoxlu ərəb və fars sözləri işlənmişdir. Əsərin oxusu və məzmununun mənimsədilməsi mərhələsində lüğət üzərində iş aparılır. Buna baxmayaraq qrupların təklif olunan sualları cavablandıra bilməsi üçün  ayrıca vərəqlərdə aşağıdakı sözlərin lüğəti də təqdim edilir: padişahi-mülk-ölkənin padşahı; dinaru-dirhəm-qızıl və gümüş pul; fəthi-kişvər-ölkə tutmaq; mühəyya-hazırlanmış; ləşkər-qoşun, ordu; fəsad-nifaq, qarışıqlıq; asari-əmn-asayiş əlaməti; feyzi-süxən-sözün faydası; məzhər-təzahür; təyidi-həq-Allahın köməyi; mərsumi-məvacib-vergi və maaş; şuri-şər-qalmaqal, ziyan; təklifi-cud-bəxşiş təklif etmə; tövfiqi-qənaət əfsəri-qənaət yardımının tacı; farığ-asudə, azad; rizq-azuqə; əhli-bəqa-əbədi olan; əhli-fəna-heç olan; çakər-nökər; istiqamət-mətinlik, səbat.

Müəllim şagird və digər öyrənənlərin ədəbiyyat nəzəriyyəsindən aldıqları biliklərini xatırlatmaq və genişləndirmək məqsədilə müsahibə aparır:

1. Şeirimizin hansı vəznlərini tanıyırsınız?  Cavab: heca, əruz, sərbəst.

2. Heca və əruz vəznlərini şərtləndirən əsas aparıcı xüsusiyyətlər hansılardır?  Cavab: heca vəznində şeirin bütün misralarında hecaların sayı eyni olur. Əruzda isə bu funksiya uzun hecalar və vurğu ilə tənzim olunur, hecaların sayı eyni olmaya da bilər.

"Padişahi-mülk..." qitəsinin əruzun rəməl bəhrində yazıldığını dedikdən sonra müəllim rəməl bəhri haqqında qısa şərh verir: "Rəməl" sözü ərəbcə dəvənin ləngərli yerişindən, ritm və ahəngindən götürülmüşdür. Rəməl bəhrində yazılan şeirlərdə bir əzəmət, bir vüqar özünü göstərir. Klassik şairlərimiz öz dövrlərinə qarşı narazılığını, qüssə və kədərini, daxili iztirablarını ifadə etmək üçün rəməl bəhrini seçmişlər. Füzulinin "Söz", "Heyrət ey büt..." qəzəlləri, Sabirin "Beynəlmiləl", "Nədamət və şikayət"  şeirləri, Vaqifin "Görmədim" müxəmməsi rəməl bəhrində yazılmışdır. Rəməl bəhri failatün, failatün, failatün, failün cüzlərinin təkrarı və dəyişməsi yolu ilə yaranır.

Rəməl bəhri haqqında biliklərini möhkəmləndirmək məqsədilə hər qrupa bəhrin cüzlərini əks etdirən diaqram sxem təqdim edilir və tapşırılır ki, hər qrup özünə aid beytləri sxem üzrə qəlibə vursun. Qitənin bir misrası nümunə üçün sxemdə qəlibə salınır ki, əruzda sözlərin hecalara bölünə bilməsi və sxemin bir bölümündən digər bölümünə (bir cüzdən başqasına) keçməsini əyani şəkildə görsünlər (bizim nümunədə "eylər" sözü). Çalışmanın sinifdə başlanan və vaxt çatışmazlığından tamamlanmayan hissəsi ev tapşırığı kimi verilir.

 

Məhəmməd HƏSƏNQULİYEV,

Laçın rayonu Qarakeçdi kənd 1 nömrəli tam

orta məktəbin müəllimi, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 17 iyul.- S.5.