"Prezidentimizin ikinci görüşümü
şəxsən izləməsi
mənə güc, stimul verdi"
I Avropa Oyunlarının
bürünc mükafatçısı, Naxçıvan
Dövlət Universitetinin tələbəsi
Tayfur Əliyevlə söhbət
Artıq "Bakı - 2015" ilk Avropa Oyunları arxada qaldı, nəinki Azərbaycan, bütünlükdə Avropa üçün möhtəşəm bir tarixə çevrildi. Dünya idman hərəkatı tarixinə Avropa oyunlarının Azərbaycan standartları kimi daxil oldu. Azərbaycan bu oyunlara layiqli ev sahibliyi etməklə çox qısa zaman kəsiyində əsl möcüzə, əfsanə yaratdı. Ən müasir, gözoxşayan idman obyektləri tikildi, qitə olimpiadası əsl idman bayramı, idman festivalı səviyyəsində keçirildi. Azərbaycan öz siyasi iradəsini, iqtisadi qüdrətini, xalqla dövlət birliyini, əzmkarlığını, qonaqpərvərliyini, tolerantlılığını, yenilməzliyini, insan əzminin, fantaziyasının ecazkarlığını dünyaya sübut etdi. Çağdaş inteqrasiya, qloballaşma əsrində Azərbaycan Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində öz varlığını zəngin və qiymətli milli varidatı, qədim milli-mənəvi dəyərləri ilə dünyaya qəbul etdirməyi, sevdirməyi bacardı. Əslində hər 4 ildən bir təşkil olunacaq yarışların məşəlinin Bakıdan, Atəşgah məbədindən alovlandırılması Azərbaycanın qitəmiqyaslı oyunların təşkili ənənələri ilə də bir məbəd, məktəb rolu oynayacağı deməkdir. Nəhayət, ilk Avropa Oyunları Azərbaycan idman əzmini, şücaətini göstərdi. Medal sayına görə ölkələrin reytinq cədvəlində 21 qızıl medalla 2-ci yeri tutduq. 56 medal qazanan milli komandanın aktivinə eyni zamanda 15 gümüş və 20 bürünc medal da yazıldı.
Qalib idmançılarımızdan biri də bürünc medalçı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunan boksçu Tayfur Əliyevdir. Naxçıvan Boks Məktəbinin yetirməsi olan Tayfur Əliyev Avropa Oyunlarındakı qələbəsi ilə Azərbaycanda regional idmanın inkişafını da bir daha təsdiq etdi. Bu, həm də artıq bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edən Naxçıvan Muxtar Respublikasında idmana göstərilən diqqət və qayğının, yaradılan şəraitin real göstəricisidir. Tayfur Əliyev ali təhsil aldığı Naxçıvan Dövlət Universitetinin də fəxridir.
Əliyev Tayfur Nəriman oğlu 1997-ci il yanvarın 1-də Şərur rayonunun Aralıq kəndində anadan olub. İdmana 4 yaşında gəlib. Məktəbdə çox fəal olub məşqlərə həvəs göstərən Tayfur ilk dəfə yarışlara 11 yaşında, Naxçıvan üzrə regional turnirlərdə çıxıb. İdmana marağı onda boks məşqçisi olan atası yaradıb. Qardaşı Sərxan Əliyev də boksçudur, dəfələrlə Azərbaycan çempionu və medalçısı, son olaraq gənclər arasında Azərbaycan birinciliyinin qalibi olub.
I Avropa Oyunlarına qədər Tayfur Əliyev yetərincə nailiyyətlər, nəticələr qazanıb. 2009-cu ildə yeniyetmələr arasında Azərbaycan çempionatının ikincisı olub. Bir il sonra eyni yarışda istəyinə çataraq qızıl medal əldə edib. Bir il sonra yenidən ölkə çempionu olaraq Avropada döyüşmək şansı qazanıb və ilk cəhddən gümüş medala sahib çıxıb. Ümumiyyətlə, yeniyetmə və gənclər arasında 6 dəfə Azərbaycan çempionu olub. 2011-ci ildə Qroznıda keçirilən boks üzrə yeniyetmələr arasında Avropa çempionu olub. 2013-cü ildə isə gənclər arasında Anapada keçirilən Avropa birinciliyində gümüş medal qazanıb. 2012-ci ildə hər il keçirilən "Prezident Kuboku"nun qalibi olub, 2013-cü ildə turnirin ən yaxşı boksçusu üçün təsis edilən kubokun sahibi olub. Uzun müddətdir ki, kişilər arasında keçiriləcək ölkə çempionatında iştirak etmək üçün cidd hazırlaşan Tayfur ilk dəfə çıxış etdiyi turniri də qələbə ilə başa vurub. Dörd rəqibini məğlub edərək 60 kq çəki dərəcəsində çempion olan Tayfur Əliyev bununla Avropa Oyunlarına vəsiqə qazanıb.
Tayfurla söhbətimiz zamanı Avropanın ən güclü boksçularının iştirak edəcəyi yarışlara çox ciddi hazırlaşdığını, rəqiblərinin güclü olduğunu, yarışların gərgin mübarizə şəraitində keçdiyini söylədi: "Rəqiblərimdən ikisinə - Rumıniya boksçusu Nikolae Andreianaya və Danimarka idmançısı Frederik Yansenə qalib gələ bildim. Yarımfınalda Rusiya təmsilçisi Baxtovar Nazirova uduzdum. Rəqiblərimin hamısı güclü idi. Gərgin keçdi. Rəqiblər hamısı öz taktikasını qurmağa çalışırdı. Sonuncu döyüşdəki rəqibim - rusiyalı boksçu çox təcrübəli idi. Mənim döyüş stilimlə tanış idi, bilirdi ki, fəal hücuma keçməsə, uda bilməyəcək. Mən isə yaram olduğuna görə qorxurdum ki, zədəm daha da ağırlaşar, növbəti döyüşlərdə iştirak etməyimə mane olar. Ona görə də mümkün qədər özümü qorumağa çalışırdım. Rəqib də bundan istifadə etdi. Düzdur, bilirəm ki, mən ondan güclüyəm, amma uduzdum. Gələn yarışlarda da yəqin ki, həmin boksçu ilə qarşılaşacaq və daha yaxşı taktika işlədəcəyəm. Məşqlərimin nəticəsində bürünc medal qazandım. Gücümün təqribən 50-60 faizini ortaya qoya bildim. Gələn yarışlarda çalışacağam ki, bu, heç olmasa 80-90 faizə qalxsın. Ümumiyyətlə, yarışlardan böyük təcrübə qazandım. Bu təcrübə mənə gələn yarışlarda da kömək edəcək".
I Avropa Oyunları ilə bağlı bizimlə təəssüratlarını bölüşən Tayfur qeyd etdi ki, kişilər arasında ilk dəfə beynəlxalq turnirdə iştirak etdiyi üçün bu yarış təcrübə baxımından onun üçün çox önəmli olub: "İlk Avropa Oyunlarının doğma Vətəndə, özü də belə möhtəşəm, mütəşəkkil şəkildə keçirilməsi hər bir azərbaycanlı kimi, xüsusilə də bir idmançı olaraq məndə də çox böyük fəxr, qürur yaratmışdı. Məşqlərə görə bütün yarışları izləyə bilməsək də, hər qələbə xəbərini, millimizin medallarının sayının artması sevincini birgə bölüşürdük. Azərbaycanlı idmançılar vahid bir ailəyə çevrilmişdi. İnanın, hər dəfə rinqdə döyüşərkən məhz öz doğma torpağımda mübarizə aparmanın, öz xalqımın azarkeşlik etməsinin sevincini yaşayırdım. Hörmətli Prezidentimiz İlham Əliyev cənablarının danimarkalı idmançı Frederik Yansenlə keçirilən II görüşümü şəxsən izləməsi mənə güc, stimul verdi. Azərbaycan Respublikası Prezidentinin yarışlardan sonra qaliblərlə görüşməsi və bizi təltif etməsi idmançılarımıza göstərilən böyük qayğı və etimadın təzahürü idi. Bu bizi daha böyük qələbələrə səsləyir. 17 gün ərzində Avropanın ən məşhur idmançıları ilə bir yerdə olmaq özü elə böyük təcrübə idi, unudulmaz xatirələrlə ayrıldıq yarışlardan. Avropalı idmançıların Azərbaycan haqqında xoş, zəngin təəssüratlarının da şahidi olmaq sevindirici idi. I Avropa Oyunları mənim üçün indiyəqədərki gərgin məşqlərimin ilk bəhrəsi, gələcək uğurlarıma açılan bir qapı oldu".
Tayfur bu uğurunda zəhməti, payı olanları da minnətdarlıq hissi ilə xatırlayir: "Bu səviyyəyə çatmaq tək mənim bacaracağım bir iş deyidi. Təbii ki, ilk növbədə Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı, bu cür şərait olmasa idi, yəqin ki, nəticələrimiz də olmazdı. Biz bu qayğıdan ruhlanaraq mübarizə aparırdıq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin bölgədə idmanın bütün növlərinin inkişafı istiqamətində gördüyü işlər də bizdə inam yaratmış, üzərimizə böyük məsuliyyət qoymuşdu. Məşqçilərimdən, ali təhsil aldığım Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov başda olmaqla universitet kollektivindən hədsiz qayğı və tələbkarlıq görmüşəm. Bir boksçu kimi yetişməyimdə, uğurlarımda Naxçıvan Boks Federasiyasının, Naxçıvan Dövlət Universitetinin müəllimi, boks üzrə idman ustası Valeh Əlixanov, Naxçıvan MR-nın "Təhsil" Respublika İdman Mərkəzində boks üzrə məşqçi-müəllim Məmmədəli Eyvazov və Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin sədri Cavanşir Salayevin xüsusi rolu var".
Qazandığı uğur Tayfurda özünəarxayınlıq yaratmayıb. Gənc idmançımız oktyabr ayında Qətərdə keçiriləcək dünya birinciliyində qalib olmaq, Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq, oradan qızıl medalla qayıtmağı qarşısına məqsəd qoyub. Dünyanın ən seçmə idmançılarının iştirak edəcəyi bu olimpiya oyunlarında Tayfur Əliyev favorit hesab olunur. Boksu həyat tərzi seçən Tayfur Naxçıvan Dövlət Universitetində ali təhsilini, idman karyerasını uğurla davam etdirmək fikrindədir. Saf, çəkingən, hələ uşaqlıq məsumluğu simasından silinməyən bu gənc boksçu ağıllı, ciddi, qətiyyətli, prinsipial, iradəlidir. Ölkəmizin gələcəyi, sabahı olan belə gənclərimiz Azərbaycanın birinci xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təbirincə desək, şərəfli kapitanı olan Azərbaycan xalqının qələbə rəhnidir. Qoy, Tanrı Azərbaycanı, Azərbaycanın adını şərəflə ucaldan övladlarını hər zaman qorusun!
Mehriban SULTAN,
Azərbaycan Jurnalistlər Birliyinin
və
Naxçıvan Mətbuat Şurasının
İdarə Heyətinin
üzvü,
filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan müəllimi.- 2015.-
25 iyul.- S.8.