Tədrisyönümlü
krossvord
intellektual inkişaf vasitəsi kimi
Müasir dövrdə
"savadlı" insan
dedikdə onun həm də kompüter
savadına yiyələnməsi nəzərdə tutulur.
Kompüterlə işləmə
bacarıqları hər bir
şəxsin gələcək inkişafı üçün geniş
imkanlar açır. İnformatika fənninin
əsas
anlayışlarının
daha yaxşı mənimsənilməsi, şagirdlərin söz ehtiyatının, dərslərdə
fəallığının
artması, yaradıcı təfəkkürünün
inkişafı və s. üçün müxtəlif intellektual
oyunlardan, əyləncəli çalışmalardan istifadə
olunması daha yüksək nəticələrin əldə edilməsinə kömək edir. Əyləncəli
informatika vəsaitinin hazırlanması bu istiqamətdə görülən işlərə fayda verə
bilər. İntellektual
oyunlardan biri hesab
olunan krossvord (ing. crossword) sözlərin təyinatının
(mənasının) tapılması üzrə qurulmuş
oyundur. Daxil edilmiş sözlər kəsişərək
krossvord torunu əmələ gətirirlər. Krossvord xanalardan ibarətdir. Adətən bu
xanaların birində tələb edilən sözün ipucu,
digərlərində isə tələb olunan sözü təşkil edən hərflər
daxil edilir. Krossvord oyununda tələb olunan
söz, ipucu verilmiş xanada göstərilmiş istiqamət
üzrə daxil edilməlidir.
Krossvordda yaş məhdudiyyəti yoxdur. Yüz ilə
yaxındır ki, bu intellektual oyun bütün dünyada populyardır. Müxtəlif yaş
qrupuna daxil olan milyonlarla insan həvəslə krossvord həll
edir. Tədqiqatçıların fikrinə
görə, krossvord həll etmək insanın zehnini,
dünyagörüşünü, yaddaşını
inkişaf etdirir.
Bu oyun bəşəriyyətə qədim zamanlardan məlumdur. Tədqiqatçılar
b. e. ə. I-IV əsrlərə məxsus krossvorda bənzər
tapıntılara rast gəlmişlər. Ginnesin rekordlar
kitabında 1868-ci ildə Sayrensesterdə
(Böyük Britaniya) evin divarlarında yazılmış 25 hərfli Roma mənşəli nümunənin ilk krossvord
olduğu hesab edilsə də, son məlumatlara görə ilk krossvord
1875-ci ildə ABŞ-da "CV. Nikolas" jurnalında çap olunmuşdur. Krossvordun vətəni İngiltərə,
ABŞ, CAR hesab olunur.
İngilislər hesab
edir ki,
ilk krossvordların müəllifi XIX əsrin sonunda "Tayms" qəzetində onları çap etdirən Maykl
Devisdir. Amerikanlar təbii ki,
ingilislərin versiyası ilə
razılaşmayaraq hesab
edirlər ki, ilk krossvord
1913-cü ildə "Nyu
York Uorld" qəzetində nəşr olunmuşdur və onun
müəllifi jurnalist Artur
Uinndir. CAR-da
krossvordun tarixi ilə
bağlı
yaranmış fikirlərə
görə isə krossvordun müəllifi avtomobil qəzasına
görə həbsxanaya düşən və orada bu oyunu
yaradan Viktor Orvilldir.
1913-cü ildən
10 il sonra
ABŞ-da ilk krossvord
məcmuəsinin nəşr olunması
və bir neçə gün
ərzində 750 min tirajla
satılmasının bu oyunun
bütün dünyada yayılmasına böyük təsiri
oldu. Krossvordla məşğul olanların sayı
sürətlə
artmağa, digər "başsındıran" oyunlar yaradılmağa
başlandı. Hətta həkimlər oyunçuların oyuna
hədsiz dərəcədə aludəliklərinin sağlamlığa zərər verəcəyindən narahat
olurdular. Bir il sonra
"epidemiya" Avropanı bürüdü və
1924-cü il noyabrın 2-də
Londonda "Sandi Ekspress" qəzetində ilk
Avropa krossvordu nəşr olundu.
Onun müəllifi Edvard
Poyus Mazere hesab
olunur.
Leninqradda 18 avqust 1925-ci ildə
"Novaya
veçernyaya
qazeta"da krossvord nəşr edilmişdir. Elə
həmin il P.Melentyevin müəllifliyi ilə 20
krossvordun daxil olduğu
məcmuə nəşr
olundu. 2013-cü ildə artıq müxtəlif çətinlikdə
krossvordlar dərc edən 400-dən çox ixtisaslaşmış
nəşriyyat qeydə alınmışdı. Zaman keçdikcə krossvordlar İnternetə
köçürüldü və burada yeni həyat
qazandı.
Klassik
krossvorddan başqa 24 növ müxtəlif formalı krossvord vardır: skanvord,
amerikan krossvordu, eston
krossvordu, keyvord, fillvord
və s.
Hazırda Ümumdünya Krossvord İdmanı
Federasiyası mövcuddur. Krossvordların həll
olunması üzrə çempionatlar keçirilir.
Krossvordun həll edilməsi yaddaşı məşq etdirir,
möhkəmləndirir və dünyagörüşü genişləndirir. Artıq
neçə illərdir ki, tibb
elmi krossvorddan sakitləşdirici vasitə
kimi, müəllimlər isə biliklərin oyun
şəklində əldə olunması, təhsilalanların intellektual
inkişafının təmin edilməsi
və s. üçün
istifadə edirlər. Krossvordun
tətbiq dairəsi daim
genişlənir və ondan
professional keyfiyyətlərin yoxlanılması üçün istifadə olunur. Son zamanlar reklam
üçün də krossvorddan istifadə olunmağa
başlanmışdır.
Alimlər, həkimlər krossvord
həll etməyin sağlamlığa çox
böyük müsbət
təsiri olduğunu qeyd
edirlər. Amerikanın Viskonsin-Medison Universitetinin mütəxəssislərinin
fikirlərinə görə, yatmazdan
əvvəl krossvord həll
olunmasının
yaddaşı
yaxşılaşdırdığı artıq
isbat olunmuşdur. Çoxdan məlumdur ki,
beynin müxtəlif hissələri fərqli
formada yatır. Gün
ərzində fəaliyyət göstərən hissə
gün ərzində alınmış informasiyanı nizamlamaq və
yadda saxlamağa imkan
verən dərin yuxuya
gedir. Bəs yaddaşın
formalaşması
üçün aktiv iştirak
etməyən hissələrlə nə
etmək olar? Onlar da yatmalı,
dincəlməlidirlər. Onları dərin yuxuya
getməsi
üçün necə yormaq olar?
Bu məqamda krossvord
həlli köməyə çatır.
Təsdiq olunmuşdur ki,
krossvord həlli bütün orqanları optimal
rejimdə işləməyə
səfərbər edir. Krossvordu həll etdikdən
sonra duyduğumuz məmnunluq hissi
isə bizim
üçün xüsusilə qiymətlidir. Krossvord həllindən məmnun
qalma ən azı 5
dəqiqəlik ürəkdən gülüşün verdiyi faydaya, C vitamininə bərabər hesab
olunur.
Statistik məlumatlara və
elmi əsaslandırmalara görə, amerikalı alimlər
hesab edirlər ki,
dinamik, təlatümlü müasir
dövrdə stresləri neytrallaşdıran ən
sadə və təsiredici
vasitələrdən biri
krossvorddur. Avstraliyalı
alim Perri Barlet
təsdiq edir ki,
sistematik şəkildə
krossvord həlli, müəyyən məsafəyə qaçışlarla yaşla
bağlı bəzi problemləri aradan
qaldırmaq
mümkündür. Yuxarıda qeyd
olunan "məşğələlər" beyində
yeni hüceyrələrin
yaranmasına kömək edir. Professor Barletin
fikirlərinə görə, fiziki məşqlər və
intellektual oyunlarla məşğələlər yeni
neyronların yaranmasını, artmasını stimullaşdırır, bir çox xəstəliklərin, patoloji
halların
inkişafının
qarşısını
alır.
Bir çox
məşhurlar: teatr xadimi
K. Stanislavski,
kosmonavtikanın banisi K.Siolkovski,
məşhur ingilis aktrisası Vivyen Li və
b. bu
"söz oyunu"nu çox
sevirmişlər.
Sadə krossvord həllinin alqoritmi:
1. Diqqətlə krossvordu nəzərdən keçirin. Şərtlərə baxaraq
sizə tanış olan
sözləri, sonra isə
onunla kəsişənləri axtarın.
Torun üzərində digər
sözlərlə ən
çox kəsişən sözü tapın, belə
sözün ən uzun söz olması vacib deyil. Cavabı
bilirsinizsə,
uyğun xanaları doldurun,
bu sizə bəzi
ipucuları tapmaqda kömək edəcək.
2. Əvvəlcə
daha çox üfiqi
istiqamətdə
tapdığınız
sözləri
yazın, sonra fikrinizdə sözləri seçməklə cavabı
tapmağa
çalışın.
3.
Krossvordu həll edən zaman
"ilişmə"
baş verəndə yenidən diqqətlə krossvordun
torunu üfiqi və şaquli
istiqamətdə nəzərdən keçirin, krossvordun
şərtində
verilmiş, həll olunmuş
mövqeni göstərən nömrələri dairəyə alın. Sizdə
artıq heç bir
başqa həll variantı
yoxdursa bir qədər fasilə
verin, dincəlin. Yenə də
cavabları tapa bilmir, özünüzü məğlub olmuş
hiss edirsinizsə, ruhdan
düşməyin, hamı - hətta çempionlar belə
bu yolu keçmişlər.
4. Sizdə olan
lüğətləri,
krossvord lüğətini gözdən keçirin.
Ən əsası qəzetin növbəti
nömrəsini aldıqda hökmən krossvordun cavabları ilə
tanış olun, yazdığınız cavablarla
müəllifin yazdıqlarını
müqayisə edin,
qeyd dəftərinizə
tapmadığınız
sözləri sualları ilə birgə yazın. Bu deyilənlər
krossvord həll etmənin sadə yollarından
biridir. Bu işi
görmək üçün müxtəlif variantda alqoritmlər
vardır.
Bəzən sözün bir
neçə hərfi məlum
olur, amma söz
heç cür yada
düşmürsə, belə
metoddan istifadə etmək
olar: məsələn, ikinci
hərf a-dırsa, onda
bu hərfdən əvvəl əlifbada
olan hərfləri fikrinizdə yazaraq
(va, qa, ...) yoxlayın, lazımi
hərfdə elə bil
ki,
"aydınlıq"
olur.
Sadə krossvord yaratmanın qaydaları:
1.
Seçilmiş mövzuya, tədris
vahidinə uyğun kəsişən sözlər yazın (hər bir
söz digəri ilə
ən azı bir dəfə kəsişməlidir).
2. Hər bir sözü şaquli
və üfiqi istiqamətdə nömrələyin.
3. Hər bir sözü təyin
edən sualları nömrələrə uyğun
olaraq yazın.
4. Hər bir hərfi
xanaya alın və
hərfləri silin.
Krossvord tərtib
edərkən bəzi
qaydalara əməl etmək
lazımdır:
* Sözlər krossvord fiqurunun
bütünlükdə
müstəvisi üzərində kəsişməlidir.
* Qara xanalarla
əhatə olunmuş hissə
torun 1/6 hissəsindən
çox ola bilməz.
* Kəsişmə
olmayan hissə torun 1/10
hissəsindən
çox ola bilməz.
Krossvordun
hər ağ xanasına bir hərf
yazılır. Hər bir söz rəqəmlə
başlayır və qara xana
ilə, ya da
krossvord torunun sonu
ilə qurtarır. İstifadə olunan sözlər ismin adlıq halında olmalıdır (film, əsər
adları və s. istisna olmaqla).
Adətən
defislə
yazılan sözlərdən istifadə
etmək olmaz. Təsadüfi hallarda
belə sözü daxil
edirsinizsə şərtdə bu
haqda qeyd olmalıdır. Krossvord tərtib
edərkən
axtarılan
sözü tapmaq üçün şərti sual
şəklində, sinonim sözü verməklə və
ya sözü sadəcə təsvir etməklə
vermək olar. Krossvorda axtarılan sözlərə
aid şərtlər düşündürücü
olmalı, cavabı asanlıqla tapılmamalıdır. Şərtlərin tərifə
əsaslanmadan həyatla bağlı, əyləncəli şəkildə
verilməsi krossvordun daha maraqlı olmasına səbəb olur.
Bahar İSMAYILOVA,
AMİ-nin Zaqatala filialının Təbiət
fənlərinin
tədrisi metodikası
kafedrasının müəllimi, iki dəfə
"Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi, əməkdar müəllim
Azərbaycan müəllimi.- 2015.- 25 iyul.- S.5.