700 BAL TOPLAYANLAR
Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 14-də ali
təhsil müəssisələrinə cari
ilin məzunları üçün
I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini
açıqlayıb. İmtahanda I ixtisas qrupu üzrə 7,
IV ixtisas qrupu
üzrə isə 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün
cavab verib və maksimum nəticə - 700 bal
toplayıb. Aşağıda onların adlarını təqdim
edirik.
Əli
ALLAHVERDİYEV
1998-ci ildə
Naxçıvan MR Şərur
rayonunun
Zeyvə kəndində anadan olub. 2015-ci ildə doğulduğu
kənddə orta məktəbi bitirib.
I qrup üzrə ali məktəbə
imtahan verib. Ən
böyük dəstəyi ailəsindən
gördüyünü deyən Əli bu nəticəni gözlədiyini bildirdi. Onu təbrik edənlər arasında
dostları, qohumları ilə yanaşı,
Naxçıvanın təhsil naziri, Şərur rayon
təhsil şöbəsinin işçiləri də olub.
Əli liseydə təhsil aldığı müddətdə bir sıra beynəlxalq fənn olimpiadalarında uğurlu çıxış edib. O, respublika üzrə riyaziyyat olimpiadasında gümüş, Nigeriyada fənn olimpiadasında qızıl, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.
Arzusu xaricdə təhsilini davam etdirməkdir.
Teymur İSMİXANOV
1998-ci ildə Bakı şəhərində anadan olub. Türkiyə Diyanət Vəqfi-Bakı Türk Liseyini bitirən Teymur İsmixanov orta məktəbdə oxuduğu müddətdə fizika fənnindən rayon olimpiadalarında iştirak etdiyini bildirdi. Sınaqlarda adətən 680 bal topladığından yüksək nəticə göstərəcəyinə əmin olduğunu söylədi. Dedi ki, I qrup üzrə ali məktəbə qəbul olmaq üçün müəllim yanına getməmişəm, ancaq oxuduğum məktəbdə hazırlaşmışam. Sənədlərimi də "ADA" Universitetinin kompüter elmləri ixtisasına verməyi planlaşdırmışam. Çalışacağam ki, ölkəmiz üçün layiqli mütəxəssis olum.
Firuz ABDUYEV
1998-ci ildə Bakı şəhərində anadan olub. I qrup üzrə 700 bal toplayan Firuz Abduyev bu il Türkiyə Diyanət Vəqfi-Bakı Türk Liseyini bitirib. 11 illiyi əla qiymətlərlə bitirən Firuz sınaqlarda 690 bal topladığını qeyd edib. "Atam fizika müəllimi olduğu üçün 9, 10 və 11-ci siniflərdə mənimlə məşğul olub. 11-ci sinifdən isə kompleks olaraq məktəb müəllimləri ilə hazırlaşmışam.
Bu gün belə bir uğur qazanmağımda müəllimlərimin zəhməti çox böyük olub. Onlara "Azərbaycan müəllimi" qəzeti vasitəsilə minnətdarlığımı bildirirəm".
Nərmin ƏLİYEVA
1998-ci ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Bakıdakı 153 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2008-ci ildə isə Türkiyə Diyanət Vəqfi - Bakı Türk liseyinin V sinfinə qəbul olub. Nərmin digər şagird yoldaşları ilə birlikdə bilik yarışlarında, fənn olimpiadalarında iştirak edərək I yerin sahibi olub. O, yaxşı oxumaqla bərabər I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamaq üçün öz üzərində səylə çalışıb. Nəhayət ki, istəyinə nail olub. Nərmin deyir ki, mən 700 bal toplayacağıma əmin idim. Çünki sınaq imtahanlarında yüksək nəticə əldə edirdim. Qəbul imtahanlarında bütün testləri düzgün cavablandırdım. Öz sahəm üzrə aparıcı mütəxəssislərdən biri olmaq arzusundayam.
Asya MAHMUDOVA
1996-cı ildə Zaqatala rayonunun Əliabad qəsəbəsində anadan olub. IV qrup üzrə 700 bal toplayan Asya Mahmudova 3 il Zaqataladakı "Modern" kurslarında bir neçə dəfə 700 bal toplayıb. O, orta məktəbi əla qiymətlərlə bitirib. Sənədlərini Tibb Universitetinin müalicə işi fakültəsinə vermək istəyir. Arzusu tanınmış həkim olmaqdır.
Asya onu da əlavə etdi ki, qazandığı nailiyyətlərə görə müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirir.
Arzu HƏSƏNLİ
1999-cu ildə Bərdə şəhərində anadan olub. 2004-cü ildə Bərdə şəhər akademik Zərifə Əliyeva adına məktəb-liseyin I sinfinə daxil olub. Məktəbdə keçirilən tədbirlərdə xüsusi fəallıq göstərib. Buraxılış imtahanlarından "5" qiymətlər alıb. Ən çox fizika və riyaziyyat fənlərinə maraq göstərdiyi üçün I ixtisas qrupunu seçib və 700 bal toplayıb. Sınaq imtahanlarında da yüksək nəticə göstərərək 670 bal toplayıb. O, yüksək nəticə əldə etdiyinə görə ona dəstək olan valideynlərinə və müəllimlərinə öz minnətdarlığıni bildirir. Ali təhsilini Bakı Ali Neft Məktəbində almaq və sonradan xaricdə davam etdirmək arzusundadır.
Nurlan MƏCİDOV
Bakı Türk Anadolu liseyinin məzunudur.
İlk təhsilini
Bakıdakı 132 nömrəli tam orta məktəbdə alıb. Dördüncü
sinifdə oxuyarkən Bakı
üzrə "İlin
şagirdi" seçilib. IV ixtisas qrupu üzrə "Zəka" kurslarında iki il hazırlaşıb. Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
təşkil etdiyi sınaq imtahanlarında 670-680 bal toplayıb. Yüksək bal toplayacağına inanıb. Nurlan imtahandan çıxanda yaxşı
yazdığını bilib. Evə gəldikdən sonra
düzgün cavabları
yoxlayanda çox sevinib. İlk sevincini də anasıyla, daha sonra sinif yoldaşları
və müəllimlərilə
bölüşüb. Nurlan sənədlərini Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə vermək
istəyir. Çünki bacısı
və qardaşı tibb
sahəsi üzrə təhsil alırlar. Onlar təhsillərini Türkiyədə
davam etdirirlər.
O da gələcəkdə
təhsilini xaricdə
davam etdirmək arzusundadır.
İsa MƏMMƏDLİ
1998-ci ildə Bakıda anadan
olub. 2015-ci ildə Bakıdakı
163 nömrəli
tam orta məktəbi
əla qiymətlərlə
bitirib. Məktəbdə
fəaliyyət göstərən
"Kiçik Akademiya"nın keçirdiyi bilik viktorinalarında daim fəal iştirak edib və kapitanı
olduğu komandada qalib olub. Məktəbin
"Şən və
hazırcavablar" klubunda ədəbi-bədii, vətənpərvərlik
proqramlarının təşkilatçısı və iştirakçılarından biri
olub. İsa Məmmədli 2013-cü ilin noyabrında "Qürur gənclərin vətənpərvərlik düşərgəsi"nin
fəal iştirakçılarından
olub və diplomla mükafatlandırılıb. I ixtisas qrupu üzrə imtahandan 700 bal toplayıb.
İsa Məmmədli gələcəkdə Bakı
Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsində,
sonrakı təhsilini
isə xaricdə davam etdirmək istəyir.
Nihad ABBASOV
1999-cu ildə Sumqayıtda
anadan olub. 2015-ci ildə Qubadlı rayonunun Aşağı Molu kənd tam orta məktəbini bitirib. Orta məktəbin IX sinfini isə fərqlənmə şəhadətnaməsi ilə qurtarıb. Bu il sınaq imtahanlarında 680-690 bal toplayıb.
I qrup üzrə qəbul imtahanında 700
bal topladığını öyrəndikdə isə
çox sevinib. Qazandığı nailiyyətlərə görə orta məktəb müəllimlərinə
minnətdarlıq edir. Sənədlərini Bakı Ali Neft
Məktəbinin Neft-qaz
mühəndisliyi fakültəsinə
vermək fikrindədir.
Onun arzusu tanınmış mütəxəssis olub, elinə-obasına xeyir verməkdir.
Hazırladılar:
Şakir CƏFƏROV,
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2015.- 25 iyul.- S.4.