Daha bir məktəblimiz
beynəlxalq
olimpiadada bürünc medal qazanıb
Azərbaycanlı şagirdlər beynəlxalq səviyyəli daha bir bilik yarışmasında uğura imza atıblar. Bakıdakı "İstək" liseyinin X sinif
şagirdi Məmməd
Əliyev iyulun 12-dən
19-dək Danimarkada keçirilən XXVI Beynəlxalq Biologiya Olimpiadasında
(International Biology Olympiad 2015) ölkəmizi uğurla təmsil edərək tam
4 illik fasilədən
sonra ilk dəfə ölkəmizə bürünc
medal qazandırıb.
Danimarkanın Təhsil Nazirliyi, Aarhus Universiteti və Danimarka Texnik Universitetinin təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən olimpiadada ölkəmizi layiqincə təmsil etmiş Məmməd Əliyev 1999-cu il sentyabrın 19-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə 4 nömrəli tam orta məktəbdə başlayıb. VII sinifdə Gəncə Özəl Türk Liseyinə qəbul olunub. Liseydə oxuduğu müddətdə biologiya fənninə olan marağı nəticəsində müəllimlərinin dəstəyi ilə beynəlxalq biologiya olimpiadasına hazırlaşmağa qərar verib. VIII sinifdə liseylərarası biologiya olimpiadasında birinci yeri tutub və qızıl medalla təltif olunub. Nəticədə Bakıdakı "İstək" liseyində oxumaq hüququ qazanıb. Beləliklə də Bakıda təcrübəli müəllimlərin köməyi ilə biliklərini daha da genişləndirmək şansı əldə edib. 2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi beynəlxalq biologiya olimpiadası üzrə seçmə imtahanında II yeri tutaraq komandanın 4 üzvündən biri olub. Nəticədə ötən il İndoneziyada keçirilmiş beynəlxalq biologiya olimpiadasında Azərbaycanı təmsil edib.
Məmməd bizimlə söhbətində olimpiada təəssüratlarını belə bölüşdü:
- Danimarkanın Aarhus şəhərində keçirilən 26-cı Beynəlxalq Biologiya Olimpiadasında ABŞ, Çin, Böyük Britaniya, İspaniya, Rusiya, Almaniya, Argentina, Belçika, Avstraliya, Kanada, Danimarka, Finlandiya, Belarus, Türkiyə, Sinqapur, İsveç, İran, İtaliya, Yaponiya, Meksika, İndoneziya olmaqla ümumilikdə 62 ölkə iştirak edirdi. İmtahanlar nəzəri və praktik hissələrdən ibarət idi. Hər tur 4 saatdan 6 saata kimi davam edirdi. Qeyd edim ki, Azərbaycan komandası bu olimpiadada sonuncu dəfə 2010-cu ildə medal qazanmışdı. Üçrəngli bayrağımızı Danimarkada dalğalandırmaq mənə qismət olduğu üçün çox xoşbəxtəm. Vətənimi layiqincə təmsil etməyə nail olduğum üçün sevinirəm. Medaldan başqa bütün dünyadan olan çoxlu dost tapmağa da imkanımız oldu. Komanda rəhbərimiz Rəşad Səlimov və fənn müəllimim Anar Məcidov, "İstək" liseyində olimpiada koordinatorumuz Anar Fərmanov olimpiada ərzində bizə hərtərəfli dəstək oldular.
Qeyd edək ki, bu olimpiadada öz ölkələrində keçirilmiş milli biologiya olimpiadalarının qalibi olan yaşı 15-dən artıq məktəblilər iştirak edə bilərlər. Hər bir ölkə olimpiadaya 4 iştirakçı və komandanın rəhbərlərini göndərir. Olimpiada 1990-cı ildən başlayaraq hər il uyul ayında keçirilir. Yarışmanın rəsmi dili ingilis dilidir. Olimpiadada biologiyanın hüceyrə biologiyası, molekulyar biologiya, bitkilərin anatomiya və fiziologiyası, heyvanların anatomiyası və fiziologiyası, etologiya, genetika və təkamül, ekologiya kimi əsas mövzularına toxunulur. Olimpiadanın keçirilməsində məqsəd istedadlı şagirdləri bir araya gətirmək, onların biologiya elmini öyrənmək səylərini stimullaşdırmaq, gələcəkdə uğurlu elmi karyera qurmalarına kömək göstərməkdir. Bundan başqa, olimpiada müxtəlif ölkələrin tədris planlarını və təhsil tendensiyalarını müqayisə etməyə imkan verir. Bu isə milli səviyyədə biologiya təhsilinin keyfiyyətinin yaxşılaşdırılması üçün çox faydalıdır.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.-
2015.- 25 iyul.- S.4.