Təhsil Problemləri İnstitutunun əməkdaşları

Bakı-Moskva-Astana görüşündə

 

Beynəlxalq Mətbuat Mərkəzində RİA Novostinin akt zalında "Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda "vasitəçi dil" kimi" mövzusunda  Moskva-Bakı-Astana videokörpü keçirildi. Rusiyaya canlı olaraq yayınlanan "dəyirmi masa"da ölkəmizi  Azərbaycan Respublikasının Təhsil Problemləri  İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin  müdiri, əməkdar müəllim Almaz Həsrət ekspert kimi təmsil edirdi.  Videokörpüdə  Bakıdan həmçinin institutun  böyük elmi işçisi, rusdilli mütəxəssis  Aidə Qasımova, aliorta məktəbdə rus dilini tədris edən müəllimlər və mətbuat işçiləri iştirak edirdilər.

Videokörpü çərçivəsində rusdilli beynəlxalq təhsil və mədəniyyətlə bağlı layihələr təqdim olundu, onların reallaşdırılmasından söhbət açıldı. Tədbirin iştirakçıları MDB ölkələrində rus dilinin inteqrativ proseslərdə inkişafı potensialı ilə bağlı müzakirələr etdilər.   Bakı-Moskva-Astana  multimedialı videokörpü "Rus dili MDB ölkələrinin mədəniyyətlərarası dialoqunda "vasitəçi dil" kimi" mövzusunda keçirilən görüş Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib.

Moskvadan videokörpüyə qatılanlar S.Baişev adına Universitetin beynəlxalq laboratoriyasının rəhbəri Yekaterina Kudryavseva,  A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun elmi fəaliyyətin idarə olunmasının rəisi Tatyana Kudoyarova,  "Müasir təhsil texnologiyaları mərkəzi"nin baş direktoru  Sergey Bulanov, Moskva Dövlət Regional Universitetinin müasir rus dili kafedrasının müdiri Pavel Lekant,  NİU VŞE metodik mərkəzin rəhbəri Aleksandr Serov,   A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun professoru Nataliya Braqina, şair Dmitriy MakarovRusiyada olan azərbaycanlı diasporanın nümayəndələri, aliorta məktəbdə çalışan rus dili müəllimləri, mətbuat nümayəndələri idi.

Videokörpüyə Astanadan jurnalistlər və tələbələr də qoşuldular.

"Müasir təhsil texnologiyalarının mərkəzi"nin baş direktoru Sergey Bulanov, "dəyirmi masa"da çıxışında keçmiş Sovet İttifaqı ölkələrində rus dilinin rabitəli və  ən rahat vasitəçi dil olduğunu bildirdi.  O,  MDB-nin müəllimlərinin fəallığını daha çox təhsillə bağlı rusdilli web layihələrində gördüyü  üçün əminliklə rus dilinin asan vasitəçi dil olduğunu da xüsusi olaraq vurğuladı.  Qeyd etdi ki, dostluq artıq coğrafi deyil,  intellektual prinsiplərə əsaslanaraq yaranır.

"Dəyirmi masa"da Bakıdan canlı yayım təşkil edildi. TPİ-nin şöbə müdiri, əməkdar müəllim Almaz Həsrət öncə tədbirə qatılanların hamısına Odlar Yurdundan salamlarını çatdırdı. Sonra 2005-ci ildən başlayaraq internet məkandan istifadə edərək orta məktəbdə çalışdığı dövrlərdə qoşulduğu rusdilli layihələrdən danışdı. Öz təcrübəsindən danışan Almaz Həsrətin çıxışı iştirakçıların böyük marağına səbəb oldu.

Sonra TPİ-nin böyük elmi işçisi Aidə Qasımova institutun direktrou Qulu Novruzovun rəhbərliyi ilə institutda həyata keçirdikləri işlərdən danışdı. O, rus dili ilə bağlı standartların hazırlanmasından, rus dilinin tədrisi onun müasir metodikaları ilə bağlı geniş məlumat verdi. Videokörpü boyu  Moskva Bakı mütəxəssisləri arasında maraqlı müzakirələr aparıldı. Moskva-Bakı-Astana videokörpü  CBC TV kanalı internetdə canlı yayımlanırdı.

 

TPİ-nin Beynəlxalq əməkdaşlıq informasiya şöbəsi

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.7.