Bülbül adına orta ixtisas musiqi məktəbinin

şagirdi V Muğam müsabiqəsinin qalibidir

 

Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin XI sinif şagirdi Nisbət Sədrayeva V Muğam televiziya müsabiqəsində I yerə layiq görülüb.

Qeyd edək ki, Muğam televiziya müsabiqəsi 2005-ci ildən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilir.

V Muğam televiziya müsabiqəsinə Bərdə, Şamaxı və Bakıda keçirilmiş seçimlərə qatılan 500-ə yaxın namizəd arasından 20 gənc ifaçı seçilib. Gənc ifaçıların çıxışları muğam sənətinin biliciləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Ramiz Quliyev, əməkdar incəsənət xadimləri Sərdar Fərəcov və Nadir Axundovun daxil olduğu münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Nisbət Sədrayeva məktəbdə təhsil aldığı müddətdə bir çox müsabiqə və festivallarda iştirak edib. 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş gənc ifaçıların II Respublika müsabiqəsində I yerə layiq görülüb, 2014-cü ildə milli musiqi alətləri ifaçıları və xanəndələrin II Respublika müsabiqəsinin laureatı olub. 

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.6.