Mirzə Ələkbər Sabirlə
bağlı
nəvəsi Sevda Tahirlinin xatirələri
Bu
dəfə "Ömrün gizli səhifələri"ndə
vəfatından əsrdən də çox zaman keçən
dahi bir insandan- görkəmli şair, əsərləri hər
dövr üçün müasir olan tanınmış satira
ustadı Mirzə Ələkbər Sabirdən bəhs olunacaq. Nəvəsi Sevda Tahirli ilə
görüşmək üçün vaxtı dəqiqləşdiririk,
Mirzə Ələkbər Sabir Fondunda
görüşürük. Qismətmi,
təsadüfmü bilmirəm, amma
görüşümüz
Sabirin doğum günü ərəfəsinə
düşür. Otağa daxil olanda qarşımda Sabirin
portreti canlandı. Ürəyimdə ustadı salamlayıram və
nəvəsi ilə söhbətə başlayıram.
- Sevda xanım, yəqin
ki, babanız haqqında daha çox atanızdan eşitmisiniz.
Dinlədiyiniz qədəri ilə xatirinizdə necə
qalıb?
- Sizə atamın babamla bağlı maraqlı xatirələrindən danışa bilərəm. Əslində atam da atasını, sonra isə anasını çox erkən yaşda itirib. Çox maraqlıdır ki, atam xatirələrini bölüşəndə onun içini titrədən ifadələrlə danışırdı. Atama həm atalığı, həm analığı onun ortancıl bacısı Məşədi Səriyyə Soltan edib. Sabir övladlarını valideyn məhəbbətindən də artıq sevən insan olub. Amma bu qızının yeri Sabirin həyatında fərqli olub. Çünki o həm də babamın sirdaşı olub. Fikirlərini, narahatlıqlarını daha çox Səriyyə Soltanla paylaşıb. Atama da atası haqqında bütün məlumatları bacısı Məşədi Səriyyə Soltan ötürüb. O qadın ailə həyatı qursa da övladı olmayıb, bəlkə də buna görə atama həm də öz övladı kimi baxıb. O xanımdakı uzaqgörənlik o qədər yüksək səviyyədə olub ki, kiçik qardaşının hafizəsində də olsa ailə bağlarını, dəyərlərini söylədiyi xatirələrlə qoruyub saxlamağa çalışıb. Çünki atam Sabirin ikisi oğlan, doqquzu qız olmaqla 11 övladından sonuncusu olub. Sabirin uşaqlarının əksəriyyəti çox erkən, hələ körpə ikən dünyalarını dəyişib. Onun cəmi üç övladı boya-başa çatıb. İki qızı və bir oğlu.
Atam da bir çox şeylər danışırdı, təbii ki, bacısının xatirələrindən. Mən sizə bir şey göstərəcəyəm (əli ilə küncdəki maketə işarə edir). Bu maketdə Sabirin əsl evi öz əksini tapıb. Atam özü sağlığında xatirələrinə söykənərək bu maketi bir rəssam tanışına sifariş etmişdi. Çünki Sabirin evi Şamaxı zəlzələsi vaxtı dağılmışdı.
Məsələn, o maketdə həyətin ortasında bir ağac var. Həmin ağac ora təsadüfən qoyulmayıb. Babam həmin ağacı atamın doğulması münasibətilə ilə evinin həyətində əkib. Sabir ailəcanlı, övladlarını sevən olub. Erkən yaşda onları itirməsi Sabirə pis təsir edirmiş. Atamın dünyaya sağ-salamat gəlməsi üçün o bir qurban da deyir. Atam doğulandan sonra babam gedir qurbanını kəsməyə. Səhər tezdən durur və yola düzəlir. Babam yolda görür ki, tarlada bir nəfər həvəslə işləyir. Sən demə onun tanınmış şeirinin qəhrəmanı olan bir cütçü yer şumlayırmış. Gedə-gedə elə orda da məşhur "Cütçü" şeirini yazır. (İkimiz də eyni anda şeiri deyirik).
Çıxdı günəş, doldu cəhan nur ilə,
Cütçü sürür tarlada cüt şur ilə.
Atlar,
öküzlər kotana güc verir,
Gah yürüyür, gah yıxılır, gah durur.
- Oxuduğum, bildiyim qədəri ilə
həyatı çox ağır keçib. Bəzi mənbələrdə
deyilir ki, sabun bişirib satıb. Bu nə dərəcədə
doğrudur?
- Sabir əsasən
sovet dövründə təbliğ olunmağa başladı.
Onu imkanlı şəxs kimi göstərmək
sovet ideologiyasına uyğun deyildi. Atam
sağlığında Sabirin çox ağır,
kasıblıq içində yaşayan biri kimi göstərilməsinə
etiraz edirdi. Doğrudan da, bu necə ola
bilərdi? Axı babam həm də ticarətçi
idi, onun dükanı var idi. Bişirdiyi
sabunları həm ehtiyacı olan yaxınlarına paylayar, həm
də qazanc üçün dükanda satarmış.
Əslində babam ticarətinə davam edə bilərdi,
onun evinin qarşısında sabun bişirən sexi də var
idi. Amma ticarətindən əl çəkməsinə
səbəb mütərəqqi fikirlərinə görə
sıxışdırılması olub. Babam
daha çox mənəvi sıxıntı çəkib.
Onu heç vaxt tam əl-qol açmağa
qoymayıblar. Ticarətlə məşğul
olduğu zaman din adamları, ruhanilər babama qarşı cəmiyyətdə
boykot elan ediblər. İnsanlara icazə
verməyiblər ki, ondan sabun alsınlar. Sabir
də məcbur qalıb dükanını satır. Həmin pulu öz şəxsi maraqlarına sərf
etmir. Yenə də millətinə
xidmət etmək üçün tez bir zamanda
"Ümid" məktəbini açır. İnsanları
maarifləndirmək istəyir. Bir müddətdən
sonra bu işdən də uzaqlaşmalı olur və o,
Bakıya gəlir. Burada fəaliyyət
göstərir.
Ancaq ömrünün son illərində babam doğrudan
da çətin vəziyyətə düşüb. Qaraciyərindən
əziyyət çəkib. Bəzi mənbələrdə
ağciyər yazırlar, amma bu, doğru deyil.
Arizi-qəmlər
əlindən ürəyim şişmiş idi,
Zənn
edərdim edəcəkdir ona çarə ciyərim;
Bəxti-mənhusimə
bax, mən bu təmənnadə ikən
Başladı şişməyə indi üzü qarə
ciyərim.
- Babanız sabun bişirməyi necə
öyrənmişdi?
- Bilikli adam idi, dünyada olan elmi nailiyyətlərdən, yeniliklərdən
xəbəri var idi. Bu, onun şeirlərindən
bəllidir.
Dindirir əsr
bizi, - dinməyiriz,
Açılan
toplara diksinməyiriz;
Əcnəbi
seyrə balonlarla çıxır,
Biz hələ
aftomobil minməyiriz;
Quş
kimi göydə uçar yerdəkilər,
Bizi
gömmüş yerə minbərdəkilər!
Sabun bişirməyin
kimyasını, indiki dillə desək, texnologiyasını da
bilməyi heç təəccüb doğurmur.
- Ailədə necə biri olub?
- Sərt
insan olmayıb, mülayim olub. Ailəsini də, övladlarını da sevib.
- Babanızın
bacısı-qardaşı olubmu?
- Bir
qardaşı olub.
- Nənənizin taleyi necə olub?
- Babam vəfat
edir, nənəm uşaqlarla tək qalır. Abbas Səhhətlə
babam yaxın dost olduqları üçün babamın ailəsini
himayəyə götürür. Sonra Abbas Səhhət
vəfat edir. Əsrin əvvəllərində
Şamaxıda baş verən məlum hadisələrlə
bağlı oranı tərk etməyə məcbur qalan ailə
geri gəldiyində uçulmuş və
yandırılmış evinin böyük bir ailənin yaşadığı məkanı deyil, daha çox
xarabalığı xatırladan görüntüsündən
çox üzülmüş,
xiffətdən və dərddən də tez bir zamanda dünyasını dəyişir.
- Bildiyim qədəri ilə həyat
yoldaşına, qızına da oxuyub-yazmaq öyrədirmiş...
- Bəli, bütün ailə
üzvlərinə öyrədirmiş. Onların
savadlı olduğunu görmək Sabirin arzusu imiş.
- Sabirin bu qədər fərqli
olmağında kimin rolu olub?
- Sabir həqiqətən
də fərqli düşüncəyə malik olan insan idi. Heç kimin görə bilmədiyi məqamları
görürdü. Doğrudur, Sabirin
atası onun tamam başqa bir sahədə fəaliyyətini
arzu edir, orda görmək istəyirdi. Amma
Sabir öz seçimlərinin üzərində
durmağı bacarıb. Nə qədər mülayim
insan olsa da
möhkəm iradəsinin sayəsində öz
yolundan dönməyib.
- Bakıya gəldikdən sonra
müxtəlif mətbu orqanlarda çalışır və
gizli imzayla yazır. Niyə açıq imza ilə
yazmırdı?
- Bu adam
gizli yazanda belə, təzyiqlərdən xilas ola bilmirdi. Bütün
ailə üzvləri bunun əziyyətini çəkirdi.
Yaşadığı mühitdən
başını götürüb hara gedəcəyini
bilmirdi. Axı bu insan ailəsini də
dolandırmalı idi.
- Babanız həm də müəllim
idi? Bununla bağlı bir xatirə varmı?
- Şamaxıdan başını götürüb
Bakıya gəlir və Balaxanı məktəbində dərs
deməyə başlayır. Belə məlum olur
ki, orada təhsil qənaətbəxş deyilmiş. Amma
Sabir elə fərqli ab-hava yaradır ki, uşaqlarını məktəbə
qoymayan valideynlər belə, onları Sabirin yanına oxumağa gətirirlər.
Onun fəaliyyəti o qədər gözəçarpan olub
ki, Sabirin məvacibini 20 manat artırıblar (maaş
nəzərə alınmasa belə, bu artım o dövr
üçün çox yüksək məbləğ idi).
- Digər bibinizin taleyi necə olub?
- Məşədi Səkinə Sabirin ən böyük
qızı olub. Ailə qurub. 3 övladı olub, amma
onlar da dünyadan
tez köçüblər.
- Ömrünün son günləri
və vəfat günü ilə bağlı hansı xatirələri
var idi atanızın?
-
Babamın hüzr mərasimində diqqətçəkən
bir hadisə baş verib.
Hüzr məclisinə mollabacı (qadın məclisini aparan molla) gəlir. Atamın
dediyinə görə, həmin qadın məqsədli şəkildə-
Sabirə aid əlyazmları ələ keçirmək
üçün oraya göndərilibmiş. Mollabacı
Sabirin hüzr məclisində şairin özü
yazdığı mərsiyələrini oxumaq istədiyini bildirib. Heç nədən şübhələnməyən
ailə Sabirin əsərləri olan bağlamanı gətirib
ortaya qoyur. Hər kəsin başı məclisə
qarışır. Məclis də bitir və yalnız bir
müddətdən sonra dərdli ailəyə məlum olur ki,
əlyazmaların olduğu
bağlama yoxdur. Beləliklə, həmin əsərlər
itir və o gündən həmin əsərlərdən xəbər
çıxmır.
- "Hophopnamə" bu
günümüzə necə gəlib çatıb?
- Məşədi Səriyyə Soltanın babamın
sirdaş qızı olmasını təsadüfi demədim. Sabirin
övladlarının üçü də eyni yerdə,
köhnə Yasamal qəbiristanlığında dəfn
olunublar. Səriyyə Soltanın məzarı üzərində
isə belə yazılıb: Şair Sabirin sirdaş
qızı, "Hophopnamə"nin
xilaskarı Tahirzadə Məşədi Səriyyə Soltan.
Bunu atam Səriyyə
Soltan 1938-ci ildə rəhmətə getdiyində yazdırıb.
Deməli, bibim bir dəfə ata evinə gəlir. Görür
ki, atası məyusdur. Soruşur nə
olub, nə məsələdir? Sabir ona
deyir ki, fikirləşirəm şeirlərimi çap etdirim,
amma vəsait yoxdur. Ölməzdən əvvəl kitabımın
çıxmasını istəyirəm. Bu söhbət burda da qalır. Növbəti
gün qızı təkrar atasıgilə gəlir.
Stolun üstünə boxça qoyur, deyir, bunu götür və kitabını
çap elə. Boxçada Səriyyə
Soltanın gəlinlik zinət əşyaları var imiş.
Sabir razılaşmır, qızı təkid edir ki,
götür, kitabın çıxandan sonra ondan gələn
vəsaitlə mən
yenə də zinət əşyalarımı
alıb yerinə qoyaram. Beləliklə,
babamı razı sala bilir. Şeirlərini
çap etdirməyə aparanda məlum olur ki, bu vəsait
bütün şeirlərin çap olunmasına kifayət etməyəcək.
Otururlar ata-bala məsləhətləşirlər
və qərara gəlirlər ki, vacib olanları seçib
çap etdirsinlər. Sonra ondan gələn
vəsaitlə digərlərini çap edərlər. Sabir öz əli ilə ilk növbədə
çap olunacaq şeirləri seçir. Lakin yenə də
hansısa səbəblərə
görə kitab çap olunmur.
Seçilmiş şeirlər qalır Səriyyə
Soltanda. Sabirin
əlyazmaları
oğurlandığından Səriyyə Soltan gizlətdiyi
boxçanı da oğurlamasınlar
deyə bu barədə kimsəyə söyləmir.
Sonradan "Hophopnamə"də çap olunan şeirlər Sabirin sağlığında seçdiyi və Səriyyə
Soltanın da qoruyub
saxladıqlarıdır.
Söhbətimiz burada yekunlaşır, Sevda xanıma
zaman ayırdığı üçün təşəkkür
edirəm.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 6 iyun.- S.9.