Tarix dərslərində interaktiv
texnologiyaların tətbiqi
Müəllimlərin
hazırladığı rəqəmsal interaktiv tədris
resurslarının (RİTR) təhlili
Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi dəyişikliklər gedir: beynəlxalq təcrübənin son nailiyyətlərinə əsaslanan müasir milli təhsil sistemi yaradılır. Hər bir müəllim təhsilin millətin taleyində
oynadığı rolu və əhəmiyyətini dərk edərək üzərinə
düşən böyük məsuliyyəti hiss etməlidir.
Bu da müəllimdən işinə və icra etdiyi vəzifələrinə
daha böyük məsuliyyətlə yanaşmasını tələb
edir: peşəkarlıq səviyyəsi üzərində
daim çalışmalı, tədris etdiyi fənləri və
metodikanı mükəmməl bilməli, yenilikləri daim izləməli
və mənimsəməli, geniş erudisiyaya malik olmaqla
yanaşı tədris prosesini yüksək səviyyədə
təşkil etməyi bacarmalıdır.
İnformasiya-kommunikasiya
texnologiyalarının
tədrisin və ümumilikdə, gündəlik həyatımızın
ayrılmaz hissəsi olduğu indiki şəraitdə
açıq vahid informasiya təhsil məkanının
(İTM) yaradılması gündəmdə vacib məsələ
kimi durur. İTM-in əsas vəzifəsi
- məktəbəqədər təhsil pilləsindən başlayaraq,
şagird, tələbə, müəllim və yüksək ixtisaslı mütəxəssislərə
qədər - hər bir istifadəçini müvafiq tədris resurslarından
geniş və sərbəst yararlanmaq imkanı ilə təmin
etməkdir. Geniş çeşidli və keyfiyyətli tədris
kontentinin mövcudluğu, rəqəmsal interaktiv təhsil
resurlarının (RİTR) dərsdə istifadəsi təhsilin keyfiyyətini əks
etdirən, eyni zamanda tədrisin inkişafına bilavasitə öz təsirini göstərən
vacib və zəruri amillərdən biridir.
Son illər ərzində Azərbaycanın təhsil
ocaqlarının əksəriyyəti yeni nəsl interaktiv
avadanlaqlar (interaktiv, elektron, "ağıllı" lövhələr)
ilə təchiz olunmuşdur və olunmaqdadır. Bu gün müəllimlərimizdən
bu avadanlıqlarla sərbəst işləmək, eyni zamanda
avadanlığın xüsusi proqram təminatından istifadə
edərək RİTR hazırlamaq və dərslərində
aktiv tədbiq etmək bacarıqları tələb olunur.
2010-cu ildə edu.mimio.az saytı yaradılıb və
müəllimlərimizin istifadəsinə verilib. Bu təhsil
portalının əsas vəzifəsi ölkəmizin müxtəlif
bölgələrinin müəllimləri tərəfindən
hazırlanmış interaktiv rəqəmsal dərs
resurslarını paylaşaraq portalın sayəsində
onları müvafiq tələblərə cavab verən tədris
kontenti ilə təmin etməkdən ibarətdir. Bu sahədə əldə edilmiş təcrübəni
nəzərə alaraq tarix fənn üzrə interaktiv
resursları təhlil etmək istərdik.
Artıq 7-ci sinif daxil olmaqla fənn kurikulumları tətbiq
olunur. Təbii ki, hər bir yenilikdə olduğu kimi, bu
sistemin də uğurla həyata keçirilməsi çox
şərtlərə bağlıdır və bu şərtlərin
başında insan amili, yəni müəllimin şəxsiyyəti
durur. Etiraf etməliyik ki, bu prosesin təhsilimizdə
mükəmməl tətbiq olunması üçün müəllimin bəzən müəyyən məsələlərə
baxışlarının dəyişilməsi lazımdır.
Nə qədər çətin gəlsə də,
xüsusi ilə də orta yaşlı müəllimlərimiz
üçün, artıq dərsin quruluşunda ənənəvi
və ya formal yanaşma unudulmalı, yeni metod və üsullar
mənimsənərək gündəlik səriştələrə
və davamlı təcrübəyə çevrilməlidir.
İndiki dövrün müəllimi işinə,
ilk növbədə, yaradıcı yanaşaraq dərsini tədqiqatçılıq
zəminində həyata keçirməlidir. Hazırlanmış yüzlərlə interaktiv dərs
resursu göstərir ki, müəllimlərimiz böyük
yaradıcı potensiala malikdir, onlar yeniliklərə
qarşı açıq, yeni ideya və metodları mənimsəməyə
hazırdır. Eyni zamanda indiki mərhələdə hələ
də müəllimlərimizin yetərincə böyük qisminin zəif
nöqtələri, "zəif bəndləri" var ki,
onlara işlərində mane olur.
Tarix fənninin tədrisində müasir dərsin
imkanları çox genişdir. Bu imkanlardan mükəmməl
yararlanıb tətbiq etmək üçün müəllim
lazımı qədər fənnin tədris
metodikasına, dərsin quruluşuna, mərhələlərinin
tam və doğru əks olunmasına diqqət yetirməlidir. Təbii ki, eyni zamanda bu vacib məsələlər
müəllimin hazırladığı dərs resursunda da
öz əksini tapmalıdır.
Məlumdur ki, motivasiya müasir dərsin mühüm mərhələlərindən
biridir. Tarix fənninin tədrisində dərsin mərhələlərinin
pozulması daha çox motivasiya mərhələsində
müşahidə olunur.
Bir çox hallarda müəllim RİTR hazırlayarkən
motivasiya olaraq dərsin
mövzusu ilə bilavasitə əlaqəsi olmayan nümunələri
verir və bunu mövzunun Azərbaycan
tarixi fənninə aid olduğu
ilə əsaslandırır. Məsələn,
9-cu sinifdə "Quba xanlığı" mövzusunu
keçərkən bu cür motivasiyanın verilməsi nə
dərəcədə məqsədəuyğundur? Və
ya, məsələn, 9-cu sinifdə keçilən "Şəki
xanlığı" mövzusunda hazırlanmış dərsə
motivasiya olaraq Şəkiyə həsr olunmuş videoçarx
yerləşdirilir ki, burada Şəkinin indiki
görüntüləri, gəzməli yerləri, mətbəxi
və s. nümayiş olunur. Bu cür motivasiya,
məsələn, 5-ci sinifdə verilə bilər, amma 9-cu
sinif şagirdləri üçün çox bəsitdir.
Məlumdur ki,
motivasiyanın nə qədər maraqlı olmasından dərsin
gedişi və nəticəsi, effektiv alınması,
şagirdlərin fəallığı və mövzuya maraq
göstərməsi birbaşa asılıdır. Bu səbəbdən
təlim zamanı motivasiya mərhələsinin uğurlu
alınması üçün aşağıdakı şərtlərə
əməl olunması məqsədəuyğundur: 1. Motivasiya
sualı qeyri-adi, maraqlı, cəlbedici, hətta deyərdik
ki, sövqedici olmalıdır. Hazırlanan resursda istifadə
edilən video, audio, animasiya, foto, rəsm təsvirləri və
s. kimi multimedia materialları bu nöqteyi-nəzərdən
seçilməlidir. 2. Dərsin
məqsədinə yönəldilməli, bilavasitə məzmuna
və mövzuya uyğun qurulmalıdır. Dərsin
mövzusu ilə bağlı öncə mənimsənilmiş
biliklər nəzərə alınmalıdır. 3. Fərziyyələri
söyləmək, mövzunun adını, sonra da tədqiqat
sualını müəyyənləşdirmək
üçün şagirdlərə imkan verilməli və
bunun üçün müəyyən vaxt nəzərə
alınmalıdır. Sağdakı sütunda
verilmiş şəkillərdə motivasiya üçün 5
nümunə təqdim olunur.
Bəzən
müəllim hətta dərsin mövzusunu müəyyənləşdirmədən,
qeyd etməyərək
birbaşa tədqiqat sualına keçir. Bu halda tədqiqat sualının
qoyuluşu da düzgün olmur.
Mövzu açıqlanarkən tədqiqat sualını
verməyi müəllimlərimiz bəzən unudur və
birbaşa qruplara tapşırıq verirlər. Digər tez-tez rast gəlinən
səhv: müəllim tədqiqat sualını sadəcə formal olaraq
resursda qeyd edir, yəni metodiki tərəfdən düzgün
müəyyənləşdirib ifadə edə bilmir, sualı
dərsin növbəti mərhələləri
ilə, məsələn, nəticənin
çıxarılması ilə əlaqələndirmir. Tədqiqat
sualının düzgün qoyulması üçün şəkillər sütununda
verilmiş nümunələr müəllimləri istiqamətləndirə
bilər.
Maraqlı,
yaddaqalan, cəlbedici motivasiya və ya tədqiqat sualı formal
yanaşma ilə alınmaz, müəllim dərsin bu vacib mərhələsini
qurarkən yaradıcılığını, geniş
erudisiyasını, necə deyərlər, "işə
salmalı" və əlbəttə ki, vaxt sərf etməlidir.
Bəzən müəllimlərimiz tam orijinal iş
hazırlayaraq yüksək səviyyədə
yaradıcılıqlarını nümayiş etdirirlər
(Şəkillər sütunundakı "Müəllimlərin
yaradıcı işi üçün nümunələr"ə
bax).
Kobud səhvlərə təlimin forma və
üsulları seçilərkən də rast gəlinir. Belə ki,
müəllim təlimin formasını "qruplarla
iş" kimi qeyd edir, amma dərsin gedişində aydın
olur ki, heç qruplar üçün tapşırıqlar
hazırlanmayıb.
Bəzən "qrup işi" təlim formasını
seçən müəllim qruplara eyni sayda tapşırıq
vermir. Yaxud qruplar üçün nəzərdə
tutulan tapşırıqlar fərqli tipli və fərqli çətinlik
səviyyəli
tapşırıqlardan ibarət olur. Məsələn,
şəkillər sütunundakı sonuncu iki nümunə
kimi.
Məsələn,
müəllim dərsdə dörd qrupdan üçünə
Venn diaqramı və digər cədvəllərlə iş verir,
amma dördüncü qrupa - hekayə yazmağı
tapşırır, nəzərə almır ki, bu cür
tapşırıq (esse, inşa) müəyyən
qədər zaman və hazırlıq tələb etdiyinə
görə ümumiyyətlə dərsdə deyil, evə
verilsə daha məqsədəuyğun olar.
Qruplar üçün tapşırıq hazırlayarkən,
müəllim nəzərdə saxlamalıdır ki,
tapşırıqların həlli üçün qruplara
eyni vaxt verilir və qrup işləri eyni meyarlar əsasında
qiymətləndirilir. Deməli, tapşırıqların
sayı, onların növü, çətinlik səviyyəsi,
ayrılan vaxt eyni olmalıdır.
Dərsin mərhələlərinin pozulması,
düzgün qurulmaması dərsin nəticəsinə necə
gətirib çıxara bilər? Belə olduqda, dərs,
əlbəttə ki, alınmır və gözlənilən
nəticədən heç söhbət gedə bilməz.
Dərsin növbəti mərhələlərinin
qurulması və onların interaktiv resursda əks olunması
ilə bağlı məsələlər növbəti
yazımızda şərh ediləcəkdir.
P.S.
Məqalədə aşağıda adları verilən
müəllimlərin hazırladığı resurslardan
istifadə olunub: Nuriyyə İlyasova "Şəki
xanlığı"; Sevinc Əliyeva "...Gülüstan
qalası, yoxsa Azərbaycan"; Leyla Bayramova "Azərbaycan
- ən qədim yaşayış məskəni"; Hamlet
Əliyev "Ərəb xilafətinin yaranması və onun tənəzzülü";
Elçin Atakişiyev "İkinci Dünya müharibəsi",
Şəbnəm İmamverdiyeva "İlk müstəqil Azərbaycan
xanlığı"; Ülviyyə İsmayılova "Qədim
Misir"; Şirincan Məmmədova "Finikiya"; İlhamə
Rəhimova "Tunc dövrü"; Təranə Bədəlova
"Qirdimanskoe qosudarstvo. Djavanşir";
Zümrüd Həsənquliyeva "XV əsrdə Azərbaycanda
ictimai-iqtisadi həyat və mədəniyyət"; Elnarə
Rüstəmova "Azərbaycan xanlıqları"; Əzət
Balayeva "Səfəvilər dövləti"; Leyla Əhmədova
"Quba xanlığı"; Vüsalə Şahmuradova
"Zaxvat azerbaydjanskix zemel"; Gülbəniz İbrahimova
"Yunan şəhər - dövlətlərinin tənəzzülü.
Makedoniyalı İsgəndər"; Amənə
Kərbəlayeva - "Qədim Roma dövləti" (resurs
saytda yerləşdirilməyib).
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində orta
məktəbin tarix fənn müəllimi,
edu.mimio.az saytının tarix və coğrafiya fənləri
üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin
direktoru
Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.10.