Pedaqoji ünsiyyəti ilə fərqlənən müəllim

 

Salyan rayonunun Borankənd kəndində Alimə müəllim daha çox bu keyfiyyəti - şagirdlərlə yüksək ünsiyyət qurmaq qabiliyyəti ilə tanınır.

Babayeva Alimə Əli qızı 1958-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. 1974-cü ildə həmin kənddəki orta məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1981-ci ildə oranı bitirib. Müəllimlik fəaliyyətinə 1978-ci ildə  Salyan rayonu Dayıkənd kənd məktəbində başlayıb. 1984-cü ildən A.Kərimov adına Borankənd kənd ümumi orta məktəbində  dil-ədəbiyyat müəllimi işləyir.

Alimə Babayeva  pedaqoji ünsiyyət zamanı şagird şəxsiyyətinin  formalaşmasına şərait yaradır. Ünsiyyət formasının hansı növündən istifadə etməsindən asılı olmayaraq, müəllim şagird kollektivi ilə səmimi münasibət yarada bilməsə pedaqoji fəaliyyətində müsbət nəticə əldə edə bilməz. Eyni zamanda bu vəhdətin nəticəsi dərsin daha maraqlı keçməsinə şərait yaradır.

Yeni mövzunu təkcə müəllim deyil, şagirdlər də araşdırır və birlikdə müzakirə edirlər.  Bu da əldə edilmiş yeni məlumatın daha da yaddaqalan olmasına, hər kəs tərəfindən mənimsənilməsinə gətirib çıxarır. Çünki şagirdin yaradıcı təfəkkürünü artıran əsas amil onun öz təcrübəsidir. Şagirdlər öz təcrübələrinin köməyi ilə məlumatı əldə etməklə yanaşı, onu sözlə ifadə edə bilmək, gördükləri işlər haqqında danışmaq, əldə etdikləri məlumatı təqdim etmək bacarığına yiyələnirlər.

Alimə Babayeva  dərslərində yeni texnologiyaların imkanlarından istifadə edir. Ədiblərin səs yazılarını dinlətməklə, onlara həsr olunmuş sənədli filmlərdən, əsərlərinə çəkilən kinofilmlərdən kiçik parçalar  göstərməklə dərsin daha maraqlı keçməsinə şərait yaradır.

Alimə Babayevanın  1987-ci ildə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunda keçirilən XXIII Respublika pedaqoji mühazirələrində elmi mövzuda oxuduğu mühazirə yüksək qiymətləndirilib. Şagirdləri vaxtaşırı rayonda keçirilən şeir müsabiqəsinin qalibi olub, müxtəlif inşa yazı müsabiqələrində mükafatlara layiq görülüb. Gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətinə görə A.Babayeva dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub.

 

İ. MƏMMƏDOVA,

Salyan RTŞ-ın metodisti

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.10.