"Almaniyada oxuyan azərbaycanlı
tələbələrə
köməyimi əsirgəmirəm"
Almaniyada yaşayan həmyerlimiz Pərviz
Əmiraslanov rubrikamızın qonağıdır
Ölkəmizin, o cümlədən
Təhsil Nazirliyinin sıx əməkdaşlıq etdiyi Alman
Akademik Mübadilə Xidməti (DAAD) bir çox həmvətənimizin
karyerasında mühüm rol oynayıb. Müsahibimiz Pərviz Əmiraslanovun da qismətinə bu
təşkilatın köməyindən pay düşüb.
Azərbaycan Texniki Universitetində çalışarkən
1998-ci ilin iyul ayında Alman Akademik Mübadilə Xidmətinin
elmi təqaüdünə layiq görülüb. Təqaüd
proqramına uyğun olaraq 10
aylıq Almaniyanın
Braunşvayq Texniki Universitetinə elmi araşdırma
üçün gedib. Tale elə gətirib ki,
elmi təqaüd müddəti başa çatdıqdan sonra
da Almaniyada qalıb. 1999-cu il avqust ayından 2000-ci il yanvar ayının sonuna kimi Alman
Akademik Mübadilə Xidmətinin və Almaniya Aşagı
Saksoniya əyalətinin dəstəyi
ilə Braunşvayq Texniki Universiteti üçün böyük
elmi layihədə iştirakçı və sonralar
layihə rəhbəri olub. Daha sonra isə Braunşvayq Texniki
Universiteti tərəfindən iş müqaviləsi təklifi
alıb. Həmin vaxtdan ailəsi ilə birlikdə Almaniyada
yaşayır və işləyir.
Tərcümeyi-haldan sətirlər
Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə gedib və 1988-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Sonra Qovlar qəsəbəsindəki 98 nömrəli Orta Texniki Peşə Məktəbinə daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. Oxuduğu müddətdə dəfələrlə fənn olimpiadalarında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. Tələbəlik illərində də biliyi ilə fərqlənib, dəfələrlə olimpiada qalibi olub. Tələbə ikən 2 elmi məqaləsi çap olunub. 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub. İşlədiyi müddətdə universitet və respublika konfranslarında iştirak edib, məqalələri çap olunub. "Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq "Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın (1998) müəllifidir.
1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində "Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.
Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçün "Siemens VDO Automotive AG" firmasının təklifi ilə 2005-ci ilin yanvarında firmada ali məktəblərlə elmi iş üzrə şöbənin rəisi vəzifəsinə işə götürülüb. Eyni zamanda Braunşvayq Texniki Universitetində mühazirə oxumaqda davam edib. 2007-ci ilin sentyabr ayından "DaimlerChrysler AG" (Mercedes) firmasında elmi tədqiqat və inkişaf departamentində qrup rəhbəri vəzifəsinə qəbul edilib. Burada üçillik əmək fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın digər avtomobil şirkəti olan "Volkswagen AG" şirkətinin elmi-tədqiqat və texniki inkişaf idarəsində mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktik sınaqdan keçirilir. Eyni zamanda Braunşvayq, Klausthal Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki Məktəbində saathesablı mühazirələr oxuyur və bu məktəblər üzrə işçi qupunun rəhbəridir.
70-dən çox elmi və metodik işi vardır, 5
patent alıb.
Almaniya avtomobil şirkətləri
təhsilə böyük investisiyalar qoyurlar
Almaniya avtomobil şirkətlərinin
"Stimulation" üzrə ixtisas komitəsinin üzvü
olan Pərviz Əmiraslanov
çalışdığı
şirkət haqqında məlumat verərək bildirdi
ki, "Volkswagen Group" avtomobil şirkəti Avropanın ən
böyük avtomobil şirkətidir. "Volkswagen"
şirkətlər qrupu 20 Avropa ölkəsində, Amerika,
Asiya və Afrikanın 11 ölkəsində 118 avtomobil zavoduna
malikdir. Şirkətin 592.586 işçisi
gün ərzində 41.000 avtomobil istehsal edir. İstehsal edilmiş avtomobillər 153 ölkəyə
satılır. Yeddi Avropa ölkəsində
olan 12 avtomobil markası məhz "Volkswagen" şirkətlər
qrupuna aiddir. Ölkə iqtisadiyyatının
inkişafında böyük rolu olan şirkət Almaniyada
texniki peşə məktəblərinə böyük
investisiyaların yatırılmasına, ali
məktəblərin maddi- texniki bazasının
yaxşılaşdırılmasında və digər sahələrdə
geniş və əhəmiyyətli bir mövqeyə
sahibdir. Şirkət
istehsal olunmuş avtomobillərin, xüsusilə də ən
yeni texnologiya ilə təchiz edilmiş avtomobillərin
dünya bazarlarında satılmasından əldə
olunmuş gəlirlər hesabına güclü elmi-texniki
bazaya malikdir.
"Volkswagen" şirkəti iki
ildə elmi-tədqiqat
işlərinə 13,4 milyard dollar xərcləyib
Son 2 il ərzində "Volkswagen"
avtomobil şirkəti texnologiya və elmi-tədqiqat işlərinin
aparılmasına 13,4 milyard dollar vəsait xərcləmişdir.
Şirkət bu göstəriciyə görə
dünya avtomobil şirkətləri arasında 1-ci yerdə
gedir.
Həmyerlimizin
dediyinə görə, Braunşvayq Texniki Universiteti,
Wolfenbüttel-Wolfsburg Ali Məktəbi Almaniyada böyük mövqeyə
malikdir. Hər iki ali məktəbin maddi
bazası qismən Aşağı Saksoniya əyaləti Təhsil
Nazirliyi tərəfindən qarşılanır. Ümumiyyətlə, Almaniyada dövlət
universitetlərinin əksəriyyətinin maliyyələşməsində
müxtəlif layihələr böyük rol oynayır.
Yəni, universitetlər maddi cəhətdən
özlərini təmin etməyə
çalışırlar. Amma, təbiidir
ki, həmişə dəstək göstərilərək
maaşlar dövlət tərəfindən ödənilir.
Özəl universitetlər isə maddi
bazalarını yalnız özləri həll edirlər,
onlara dövlət tərəfindən heç bir vəsait nəzərdə
tutulmur. Ancaq dövlətlə müqaviləsi
olarsa maddi baxımdan çətin duruma düşəndə
dövlətdən yardım ala bilər.
Tələbələr
semestrdə
500 avro
ödəyirlər
Müsahibimiz
Almaniyada ali
təhsil, işlədiyi universitetdə tədrisin təşkili,
təhsil haqqı, tələbə qrantları və s. kimi məsələlərlə
bağlı ünvanladığımız sualları belə
cavablandırdı:
- Almaniya
universitetlərində tədris çoxşaxəlidir. Ümumiyyətlə Almaniyada müxtəlif tipli
universitetlər var. Məsələn, tədqiqat
yönümlü universitetlər, praktik yönümlü
olanlar, tətbiqi elmlər universitetləri və s. Almaniyada əyalətlərdən
və universitetlərdən asılı olaraq tələbələr
semestr müddətinə təxminən 500 avro vəsait
ödəyirlər. Bu, ödənişsiz
universitetlərdə oxuyanlara şamil olunur. Universitetlərin çoxunu Almaniya dövləti
maliyyələşdirir. Tələbələrin
çoxu da dövlət universitetlərinə qəbul olur.
Özəl
universitetlərdə təhsil
haqqı həm universitetin, həm də ixtisasın beynəlxalq
göstəricisindən asılıdır. Son
illər özəl universitetlərin sayı durmadan
artmaqdadır. Belə ki, onların sayı
20-dən artaraq 120-yə çatmışdır. Bu universitetlərin əksəriyyəti tətbiqi
elmlər universitetidir. Hazırda statistik
göstəricilərə görə, Almaniyada ümumi tələbələrin
8%-ə qədəri özəl universitetlərdə oxuyur.
Bu universitetlərdə təhsil haqqı 45 min avroya qədər
ola bilər və hətta daha baha olan tibb
sahəsində özəl universitetlər də vardır.
Tələbələrin
daha az hissəsi təqaüd alır
Almaniyada,
adətən, çox az hallarda tələbələr
təhsil haqları üçün qrantlar alırlar. Söhbət Almaniyada yaşayan, alman vətəndaşı
olan tələbələrdən gedir. Amma
tələbələr üçün ayrılan kreditlər
tələbənin ailə vəziyyəti və maddi durumu əsas
götürülərək ödənilir. Digər Avropa ölkələrində, məsələn,
Danimarka, Malta, Finlandiyada tələbələrin, demək olar
ki, hamısı, Lüksemburqda, Niderlandda, İsveçdə,
Norveçdə isə tələbələrin əksər
hissəsi təqaüd qazanırlar.
Dövlətin təhsilə qayğısı
üçün Almaniyada geniş bir proqram vardır və tələbatdan
asılı olaraq mütəmadi dəyişikliklərə
ehtiyac duyulanda universitet rəhbərləri digər cavabdeh
şəxslərin iştirakı ilə forum keçirir, tədbirlər
görülür. Onu da qeyd edim ki, bu kimi vacib məsələlər
çox zaman interaktiv şəkildə aparılır.
Professorlar
minimum
4000 avro məvacib
alırlar
Xaricdə
işləyən həmvətənlərimizə
ünvanladığımız suallar arasında orada müəllimlərin
seçilməsi, fəaliyyətinin qiymətləndirilməsi,
əməkhaqqı, ixtisasının artırılması,
bunun onların əməkhaqqına təsiri və s. məsələlər
barədə suallarımız da yer alır. Pərviz
müəllim də bu suallarımızı
cavablandırdı. Qeyd etdi ki, Almaniyada ali təhsil
sistemində müəllim seçimi, onun işə
götürülməsi aldığı təhsildən, oxuduğu
ali təhsil ocağından asılı olur. Bəzi
hallarda kriteriyalar minimum hesab edilir və bununla xüsusi
komissiya məşğul olur. Müəllimlər
bir qayda olaraq fərdi qaydada vaxtaşırı təlim
görürlər. Qiymətləndirmə
isə birbaşa gördüyü işlərin keyfiyyəti,
tələbələrin verdiyi qiymətlə
ölçülür. Qiymətləndirmə
çox hallarda ekspertlər tərəfindən də
baxışdan keçirilir. Burada hər
bir müəssisənin strategiyasına uyğun olaraq
xüsusi şöbələr tərəfindən və ya kənardan
(yəni neytral) yoxlama aparılır ki, obyektivlik qorunub
saxlanılsın.
Dövlət
universitetlərində çalışan professor-müəllim
heyətinin minimum maaş həddi 4000 avrodur. Bu, minimum hesab edilir və
adətən junior - professorlara (dərs yükü az olan, gənc və elmdə çox da
tanınmayan) verilir. Amma bundan əlavə də il ərzində
bir aylıq maaş
həcmində (Almaniyada
ona 13-cü ayın maaşı deyilir) və bəzi əyalətlərdə
məzuniyyət pulu da əlavə edilir. Sənayedə uzun
müddət çalışmış və sonradan professor
kimi universitetlərə dəvət edilmiş, rəhbər
funksiyası olanların maaşı isə ayda 6000 və hətta
10.000 avro ola bilər. Özəl
universitetlərdə, fundamental, yüksək texniki elmi-tədqiqat
institutlarında və sənayedə isə maaşlar bir qayda olaraq, universitetlərdən
daha yüksək olur. Almaniyada sənayedə, məsələn,
avtomobil sektorunda mühəndislərə verilən aylıq maaş universitetdə çalışan
professorların maaşlarından çox və ya ona bərabər
ola bilər. Bütün bunlar müxtəlif faktorlardan, məsələn,
mühəndisin daşıdığı idari funksiya,
çalışdığı texniki sahə, iş təcrübəsi
və s.-dən asılıdır.
Müəllimlərin ixtisasının
artırılmasının əməkhaqqına avtomatik olaraq
təsiri yoxdur. Əsas meyar qabiliyyətdir. Yəni, birbaşa ixtisasını yüksək səviyyədə
bilən və bacarıqlı müəllimlər uyğun
olaraq əməkhaqqı ilə təmin olunurlar.
Almaniyada müəssisənin strategiyasından,
böyüklüyündən, iqtisadi durumundan və s.
faktorlardan asılı olaraq müxtəlif əməkhaqqı
dərəcələri vardır. Maaşlar əyalətlərə
görə də dəyişir. Bunlara
baxmayaraq təhsildə və elmdə işçilərə
verilən maaşlar demək olar ki, uyğun şəkildə
tətbiq edilir.
Almaniya
alimləri çox sərbəstdir
Pərviz
müəllimlə distant söhbətimizdə işlədiyi
universitetin timsalında Almaniyanın ali məktəbləri və elmi-tədqiqat
müəssisələrində elmi-tədqiqatların necə
aparılması ilə də maraqlandıq. O dedi ki, Almaniyada
istər elmi-tədqiqat müəssisələri, istərsə
də universitetlərdə olsun, elmi-tədqiqat işlərinin
yerinə yetirilməsi birbaşa tədqiqat sahəsindən
asılıdır. Elmi-tədqiqat işlərinin
nəticələrinin nəşr olunması da müxtəlif
yönlüdür. Məsələn,
İmpakt-faktoru kimi qiymətləndirmə mövcuddur ki, bu da
ümumiyyətlə müasir elm və texnikada ən optimal
qiymətləndirmə sistemi hesab olunur. Bu,
birbaşa elmi işin keyfiyyətini ifadə edir. Bundan
başqa, "Tomson-Röyters" Agentliyinin Elmi İnformasiya
İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış
sistemində H-indeksi 30-dan aşağı olan əməkdaşlar
elmi-tədqiqat müəssisələrində adətən
elmi işçi kimi davam edə bilmirlər. Bu
keyfiyyət göstəriciləri yüksək olan alimlər
isə ölkə elminin strategiyasını müəyyən
edirlər.
Alimlər, elmi işçilər Almaniyada çox sərbəstdirlər. Elmi-tədqiqat
müəssisələrindən asılı olaraq hər bir
elmi məqaləyə görə müəllifə
yaxşı qonorar verirlər. Məsələn,
impakt-faktoru 1.00 olan jurnalda məqalə nəşr edilərsə,
elmi müəssisə həmin müəllifi 1000 avro
(impakt-faktor 2.00 olduqda isə 2000 avro və s.) məbləğində
pul ilə mükafatlandırır. Bu həm də
müəssisənin iqtisadi durumu ilə bağlıdır və
əksər hallarda motivasiya olsun deyə həmişə
müəlliflərin dəyərləndirilməsinə ciddi
fikir verilir. Ona görə də alimlər
maraqları olduğu üçün bütün günü
tədqiqatla məşğul olurlar. Bu isə
həmin universitetin dünya universitetlərinin reytinq cədvəlindəki
yerinə təsir edir.
Söhbətimizin
sonunda Pərviz müəllimə ənənəvi
sualımızı verdik:
- Xaricdə
yaşayıb işləyən hər bir həmvətənimiz
üçün ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin
yaşadığı ölkə ictimaiyyətinə
çatdırılması mühüm şərəf
işi və mənəvi borcdur. Pərviz
müəllimin bu yöndə fəaliyyəti necədir?
-
Çox məşğul olduğumdan ictimai və sosial
yöndə fəaliyyətə demək olar ki, vaxtım
qalmır. Amma bir azərbaycanlı kimi hər an
Azərbaycanda gedən ictimai-siyasi prosesləri izləyir və
buna heç zaman biganə qala bilmirəm. Müxtəlif
məqamlarda Azərbaycanla bağlı həmişə
Almaniyanın elmi dairələri ilə diskussiyalar aparır və
ölkəmiz haqqında həqiqəti onlara
çatdırmağa çalışıram. Almaniyada oxuyan azərbaycanlı
tələbələrlə əlaqə saxlayır, onlara
yardım və köməyimi əsirgəmirəm. Əvvəllər Texniki Universitetin böyük
auditoriyasında, kitabxanasında, ayrı-ayrı institutlarda Azərbaycanla
bağlı görüşlər, tədbirlər,
diskussiyalar keçirmişəm. O zamanlar çox
çətin idi, diasporumuz indiki kimi fəal deyildi, Avropada Azərbaycanı
yaxşı tanımırdılar. Artıq
ölkəmiz haqqında almanların kifayət qədər təsəvvürü
var. Bir dəfə
Braunşvayq Texniki Universitetinin kansleri (prorektor) universitetin elmi
işçilər üçün qonaq evində Azərbaycan
axşamı keçirməyimə şərait yaratdı. Oraya Braunşvayq Texniki Universitetinin bütün
dekanlarını, prorektorlarını, rektoru dəvət
etmişdik. Rektor özü gəlməmişdi,
amma 40-a yaxın iştirakçı oldu. Bu
barədə Azərbaycanda bəzi mətbuat orqanlarında da
yazmışdılar. O zamanlar İnternet indiki kimi
güclü və sürətli deyildi.
Azərbaycanın son illərdəki iqtisadi
inkişafına çox sevinirəm, ailə olaraq Azərbaycan
diasporu üçün aktivliyimiz var və əlimizdən gələni
edirik. Xanımım, fəal diasporçu Şəfəq
Azər bir pedaqoq, yazar kimi çox aktivdir. İstər
özünün iş yerində, istərsə də
yaşadığımız bölgənin ictimai-siyasi həyatında
yaxından iştirak edir. Əksər şəhər
tədbirlərinə dəvət alır və Azərbaycanı
həmin tədbirdə təmsil edirik. Yaşadığımız
ərazinin mədəniyyət mərkəzində geniş
çıxışlarımız, tədbirlərimiz olub.
Hesab edirəm ki, vətənimizdən kənarda
yaşayan hər bir vətəndaş dilimizi, kimliyimizi
qorumalı və hər yerdə doğma Azərbaycanımızı
öz işi, öz bacarığı ilə layiqincə təmsil
etməlidir.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi",
Almaz HƏSRƏT,
TPİ-nin Beynəlxalq əməkdaşlıq
və informasiya şöbəsinin müdiri
Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.11.