İstedadlı şair,
filoloq alim
Bəxtiyar Vahabzadə - 90
Azərbaycanın xalq şairi,
tanınmış dramaturq, ədəbiyyatşünas və
ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının
Dövlət mükafatları laureatı, Azərbaycan Milli
Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar
Vahabzadənin anadan olmasının 90 illiyi bu ilin avqustunda tamam
olur. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev bu
il yanvarın 14-də ünlü
şairimizin 90 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan ədəbiyyatı
tarixinin xüsusi
mövqeyə malik
görkəmli simalarından biri kimi dəyərləndirilən
Bəxtiyar Vahabzadənin insanı daim mənəvi
ucalığa səsləyən
poetik-fəlsəfi məzmunlu
yaradıcılığının milli
poeziyamızda vətəndaşlıq ruhunun
qüvvətlənməsində, ədəbi ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində
böyük rol
oynadığı qeyd olunub
və müvafiq qurumlara
şairin yubileyinə həsr olunmuş tədbirlər planı
hazırlayıb həyata keçirmək
tapşırılıb. Milli ədəbi fikrimizin
inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairinin yubileyi ilə əlaqədar
qəzetimizdə də vaxtaşırı yazılar dərc olunur. Qəzetimizin builki
14 mart tarixli 10-cu
sayında tanınmış jurnalist və
tədqiqatçı Şirməmməd Hüseynovun
Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini
oxucularımızın diqqətinə
çatdırmışıq. Bu
sayımızda isə pedaqoq-alimlər Şəmistan
Mikayılov və Asya Bəkirovanın Bəxtiyar
Vahabzadənin yaradıcılığından bəhs edən
yazısını təqdim edirik.
Bizdə şeir də var, sənət də vardır,
Şairə, sənətə hörmət də vardır.
Səməd Vurğun
Bəxtiyar Vahabzadə elə şəxsiyyətlərdən idi ki, yoxluğuna inanmaq olmur. Yaşasaydı 90 illik yubileyini özü ilə birlikdə qeyd edəcəkdik. Lakin indi əziz xatirəsini anmalı oluruq. Yaradan - Allah Azərbaycan xalqına, bəlkə də bütövlükdə türk dünyasına yeni bir istedad bəxş etdi, 84 il yaşatdı, sonra haqqın dərgahına qovuşdurdu, indi isə ikinci dünyasını yaşayır. Lakin unudulmaz şairimiz - Bəxtiyar Vahabzadə doğma Vətəninə, xalqına, dilinə olan münasibəti ilə, əməlləri ilə insanların qəlbində yaşayır və yaşayacaqdır. Qədirbilən xalqımız onun xatirəsini əziz tutur və əməyini yüksək qiymətləndirir. Hörmətli Prezidentimiz İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında bu ilin yanvarında imzaladığı sərəncam da Bəxtiyar Vahabzadəyə dövlətimizin verdiyi böyük qiymət, ümumxalq məhəbbətinin ifadəsidir.
Biz Bəxtiyar Vahabzadə ilə həməsr olmuşuq, onun ədəbi, elmi, ictimai fəaliyyəti ilə yaxşı tanışıq, müxtəlif məzmunlu elmi yığıncaqlarda fikir mübadiləsi aparmışıq.
Bəxtiyar Vahabzadənin fəaliyyəti
çoxcəhətli idi. Lakin o, hər
şeydən əvvəl, böyük istedada malik şair idi. O eyni zamanda bir alim,
filologiya elmləri doktoru, professor kimi də yaxşı tanınırdı. B.Vahabzadənin,
bir-birindən fərqli
olan bu sahələrin hər birində tutduğu mövqe, əldə etdiyi uğur haqqında ətraflı fikir söyləmək üçün
geniş tədqiqat aparmaq tələb olunur. Bunlarla yanaşı, Bəxtiyar
Vahabzadə Azərbaycan
xalqının milli qeyrətini çəkən
təəssübkeş ictimai
xadim kimi hörmət qazanmışdı.
Bəxtiyar Vahabzadə ictimai
hadisələri, elmi-texniki
yenilikləri böyük
həssaslıqla duyan
və əsərlərində
poetik dillə ifadə edən şair idi. Onun lirik şeirləri, irihəcmli əsərləri
oxucular tərəfindən maraqla qarşılanırdı. Məsələn, şair ötən
əsrin 60-cı illərində Y.Qaqarinin kosmosa iki saatlıq uçuşunu "İki
saat" adlı şeirində gözəl bir şəkildə
tərənnüm etmişdir. O, bu uçuşu bəşəriyyətin
milyon illər arzusunda olduğu hadisə kimi dəyərləndirir.
Yaxud, yenə
də keçən əsrin
ikinci yarısında ilk dəfə Amerikada ürəyin
köçürülməsi tibb elmi sahəsində diqqəti
çəkən yenilik sayılırdı. Hamını heyrətdə
qoyan bu elmi
yenilik Bəxtiyar Vahabzadənin də təəccüblə
qarşıladığı hadisə idi. Şair bu elmi tərəqqini
"Baş" adlı şeirində poetik bir dillə belə
ifadə etmişdir:
Qəribə aləmdir, zəmanəmizdə,
İdrak
təbiətlə yarışa
girmiş...
Böyrək də, ürək
də, qulaq da, göz də
Bədəndən bədənə köçürülərmiş...
Qüdrətli şair bəşər tarixində yeni, həm də insanı heyrətə
gətirən bu elmi nailiyyəti kiçikhəcmli şeirində
həssaslıqla ifadə edir. "Baş" şeiri çox
qısa olmasına baxmayaraq, insanı
düşündürən dərin fəlsəfi mənaya
malikdir. Şeirdə oxucu cavabı hələlik məlum olmayan sual
qarşısında qalır:
"...Böyrəyi, ürəyi
dəyişmək asan.
Bəs başı?"
Bəxtiyar Vahabzadə "İdrak təbiətlə yarışa girmiş"
misrası ilə poetik şəkildə insan zəkasının
çox şeyə qadir olduğunu bildirir. Şair demək
istəyir ki, elmi-texniki inkişafla idrakın imkanları
uyğun gəldikdə yeniliklər meydana çıxır.
Şair Bəxtiyar Vahabzadə çağdaş ədəbiyyatımızda
ən çox oxunan, sevilən, həm də təkcə Azərbaycanda
deyil, bütövlükdə türk dünyasında
tanınan sənətkardır. Bunu müxtəlif zamanlarda ayrı-ayrı türkdilli
ölkələrdə elmi ezamiyyətdə olduğum müddətdə, eləcə də həmin ölkələrdən
gələn ziyalılarla
söhbətlərdə hiss etmişik. Onu oxucularına sevdirən əsərlərində
poetik ifadəsini tapan, həyata, vətəninə,
xalqına, dilinə olan münasibət və əsərlərindəki
fəlsəfi tutumdur. Ümumiyyətlə götürdükdə,
şairin bədii yaradıcılığı elmi məlumat
baxımından fərqlənir, nədən yazırsa
yazsın, oxucu orada kiçik də olsa, elmi-texniki yenilik, xalqın
tarixi, adət-ənənəsi
və s. haqqında məlumat alır. Fikrimizcə,
bu cəhət Bəxtiyar Vahabzadənin, eyni zamanda elmi
yaradıcılıqla da məşğul olmasından irəli
gəlirdi.
Bəxtiyar Vahabzadə milli şairdir. Vətənimiz, xalqımız,
dilimiz, musiqimiz, ədəbiyyatımız və s. onun
üçün ən ülvi anlayışlardır. Şairin fikrincə, vətənimizlə,
xalqımızla bağlı hər nə varsa, qoruyub
saxlamalı və gələcək nəsillərə
ötürməliyik. Fikrimizi sübut üçün
"Ana dili" şeirindən bir parçaya nəzər
salaq:
Bu dil - bizim ruhumuz,
eşqimiz, canımızdır,
Bu dil - bir-birimizə
əhd-peymanımızdır.
Bu dil - tanıtmış bizə
bu dünyada hər şeyi,
Bu dil -
əcdadımızın bizə
miras verdiyi
Qiymətli xəzinədir, onu
gözlərimiztək
Qoruyub nəsillərə
biz də hədiyyə verək.
Bütövlükdə Bəxtiyar Vahabzadə yaradıcılığında
milli-mənəvi dəyərlərə münasibət, onun
qədir-qiymətinin bilinməsi, qorunub saxlanılaraq gələcək
nəsillərə ötürülməsinə qayğı göstərmək
mühüm yer tutur. Bu baxımdan
yanaşdıqda, şairin "Muğam" poemasını
xüsusi qeyd etmək lazım gəlir.
Bu poemada müəllifin
"Muğam" növlərini səciyyələndirməsi
bizə Nizami Gəncəvinin
"Xosrov və Şirin" əsərində öz
dövründə sevilə-sevilə dinlənilən musiqi
havalarının ("Gənci-badavərd",
"Gənci-gav", "Şəbdiz",
"Baği-Şirin", "Kini-Səyavuş",
"Kini-İrəc" və s.) hər birinin məzmunu
haqqında məlumat verdiyi kimi, Bəxtiyar Vahabzadə də
Muğamın hər növünün məzmunu - ahəngi
haqqında poetik açıqlama verir ki, (bənzətmə
bizimdir) bu açıqlama ifaçı üçün də,
dinləyici üçün də olduqca faydalıdır. "Muğam"
poemasından bir parçanı
nəzərdən keçirək:
Dağlarda göynəyən Məcnundur
Segah,
Rast - onun atası... Nəsihət eylər.
Məcnun
səhralara gətirər
pənah,
Ata bu sevdanı məzəmmət eylər.
Rast - müdrik bir ağıl, dərin
düşüncə,
Danışır təmkinlə, aramla
tək-tək,
Segah - bir istəyin, eşqin
dalınca
Mələyə-mələyə qaçan
bir ürkək...
Oxucu anlayır ki, hər bir muğamın ahəngində müəyyən
bir əhval ifadə olunur: -
"Segah"da daxili həyəcan, "Çahargah"da
mübarizəyə çağırış,
"Rast"da müdriklik, təmkinlilik, səbirlilik.
Şair
muğamın insan qəlbinə təsirini çox güclü
bir bənzətmə ilə ifadə edərək oxucunu heyrətə
gətirir:
"...Nə güman eyləmisən ondakı
tilsimləri sən,
"Kürü ahıyla
qurutdu", "Salı
yandırdı" muğam."
Bəxtiyar Vahabzadəni bir
şair olaraq daha çox düşündürən
məsələ Azərbaycan, onun ikiyə bölünməsi,
bu tarixi ədalətsizliyin nə zaman aradan qaldırılaraq bütöv Azərbaycan
görmək arzusu olmuşdur. Şair bu ədalətsizliyə
- bir xalqın
ikiyə bölünməsinə münasibətini hələ
kommunist ideologiyasının tüğyan etdiyi bir dövrdə
- 1959-cu ildə "Gülüstan" poemasını yazmaqla
bildirmişdir. Əslində şair
"Gülüstan" poemasında rus imperiyasından
narazılığını ifadə edir. Bəxtiyar
Vahabzadə bu poemeda senzuradan yayınmaq üçün
M.F.Axundzadənin dediyi bir üslubdan - tənqid hədəfi kimi
götürdüyü hadisənin zamanını dəyişmək,
yüz il dala ataraq sözünü demək
üslubundan istifadə etmişdir. Başqa
sözlə, şairin əsas ideyası sovet imperiyasından
narazılığını bildirmək və ondan azad olmaq
arzusunu ifadə etmək idi.
Bəxtiyar Vahabzadə 40 ildən
sonra "Gülüstan" poemasının ikinci hissəsini
yazır (1999), şair bu hissəni
"İstiqlal" adlandırır. Həmin hissənin belə
adlandırılması təsadüfi olmayıb. Azərbaycanın
bir hissəsinin - Şimali Azərbaycanın Sovet
imperiyasının tərkibindən azad olub, müstəqillik
qazanmasının ifadəsidir. Vətənpərvər
şair Azərbaycanın müstəqillik əldə etməsindən
yaranan sevincini oxucuya belə bildirir:
Ölmədi, o günü
gördü Bəxtiyar
Dedi: - Haqq önündə zor bərbad
olsun.
Dedi: - Mən o günü gördüm, Şəhriyar,
Qabaqda işıq
var, ruhun şad olsun.
Şair
qabaqda işıq var
deməklə Azərbaycanın bütövlüyünü
görmək arzusunu ifadə etmişdir. Poemanın son
misralarında oxuyuruq:
Salaq yadımıza bu gün, cahanın
Rəngləri dəyişən beş qitəsini.
Biz də görəcəyik Azərbaycanın
Güneyli-quzeyli xəritəsini.
Gətirilən nümunələrin təhlilindən
aydın olur ki, Bəxtiyar Vahabzadənin
yaradıcılığı Azərbaycan xalqının
tarixi, mədəniyyəti, real həyatı ilə sıx
bağlı olmuşdur. Xalqımızın yaxın
keçmişinə nəzər saldıqda, bu cəhəti
daha aydın görmək olur. Şairin belə əsərlərindən
biri "Şəhidlər"
poemasıdır. Bu poemanı müəllif keçən əsrin
sonlarında Azərbaycan xalqının azadlığı
uğrunda mübarizədə canlarını vətən yolunda qurban verərək
şəhidlik zirvəsinə yüksəlmiş insanların
faciəli, faciəli olduğu qədər də şərəfli
ölümlərinə həsr etmişdir.
Şair
bu əsərində
1990-cı il yanvarın 19-20-də imperiya
ordusunun Azərbaycana ağır texnika ilə ordu yeritməsini,
silahsız, dinc insanlara qarşı silah işlətməsini,
xalqın azadlığı uğrunda mübarizə əzəmətini
qırmaq təşəbbüsünü ittiham edir. Bu
poemanı biz 90-cı il hadisələrinin
real təsvirini verən bir əsər kimi qiymətləndiririk.
Bəxtiyar Vahabzadə bu mübarizənin ön
sıralarında gedən vətənpərvər şəxslərdən
biri kimi diqqəti çəkirdi. Poemada
"Nə istəyir bu millət", "Təzadlar
içində" ...kimi başlıqlar altında mübarizənin
mahiyyəti; sovet ictimai quruluşunun təzadlı mahiyyəti,
xalqın həyat tərzinə dözə bilməməsi,
azad yaşamaq arzusu poetik dillə real ifadə olunur.
Poemada şəhid məzarları
dilə gətirilir: "Axı, biz neyləmişdik?"
kimi ritorik suallar qoyulur, Azərbaycanda törədilən faciə üçün
heç bir əsas olmadığı, səbəbsiz olaraq
xalqa edilən qəsd adlandırılır.
Əsərdə aydın bir fikir də ifadə olunur: Azərbaycana edilən
bu qəsd ağır faciədir, lakin nə qədər
ağır olsa da, Azərbaycan xalqının əzmini
qıra bilmədi, müstəqilliyin əsasını qoydu.
Poemada oxuyuruq:
Gəlin
ölçə bilək
xeyri, ziyanı,
Bəzən əvəzidir on qış,
bir yazın,
Bizim şəhidlərin müqəddəs
qanı,
Bəlkə də behidir sabahımızın.
Azərbaycan xalqı, eləcə
də bir sıra başqa xalqlar Bəxtiyar
Vahabzadənin timsalında iki Bəxtiyar tanıyır:
şair Bəxtiyar və alim Bəxtiyar. O, istedadlı
şair olmaqla yanaşı, eyni zamanda tanınmış
filoloq alim - filologiya elmlər doktoru, professor idi. Uzun müddət Bakı
Dövlət Universitetində çalışaraq filoloq
kadrlarının hazırlanması sahəsində
böyük əmək sərf etmişdir.
Bəxtiyar Vahabzadənin şəxsində
bədii təfəkkürlə elmi təfəkkür
vəhdətdə idi. Bəxtiyar Vahabzadə
yaradıcılığında şairlik istedadı ilə
elmi təhlil süzgəci qoşa qanad təşkil edir. Bunun nəticəsidir ki, onun
ictimai-siyasi mövzuda yazılmış, vətənin gözəlliklərini
vəsf edən sayagəlməz sənət nümunələrini əhatə
edən bədii yaradıcılığı ilə
yanaşı, tədqiqat işlərinin nəticəsi kimi
meydana çıxan filoloji yaradıcılığı da
diqqəti cəlb edir. Bəxtiyar Vahabzadə Azərbaycanın
iki böyük söz sənətkarının - Məhəmməd
Füzuli və Səməd Vurğunun yaradıcılıq
yolunu tədqiq edib "Şəbi-hicran" poemasını
(1958), "Səməd Vurğun" monoqrafiyasını
(1968) yazmışdır.
Əlbəttə, bir məqalədə şairin bütün
yaradıcılığını əhatə etmək
mümkün deyil. Lakin verdiyimiz bu qısa təhlildən də
aydın olur ki, Bəxtiyar Vahabzadənin
yaradıcılığı vətənlə,
xalqımızın həyat tərzi, mədəniyyəti,
tarixi ilə sıx bağlı olmuşdur. Vətənə, Azərbaycan dilinə, onun
saflığının qorunmasına, mədəniyyətinə,
dövlətçiliyinə sevgi onun
yaradıcılığının ruhunu təşkil edir.
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə indi ikinci dünyasında
- haqq dünyasındadır. Lakin onun
xatirəsi qədirbilən
xalqımızın qəlbində
həmişə yaşayır
və yaşayacaqdır.
Şəmistan MİKAYILOV,
pedaqogika elmləri doktoru,
professor,
Asya BƏKİROVA,
pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan müəllimi.-
2015.- 6 iyun.- S.12.