Məktəblinin ilk fərdi sərgisi

 

Bakıdakı "Evrika" liseyinin təşəbbüsü ilə "Natəvan" qalereyasında VII sinif şagirdi Ləman Əfəndiyevanın ilk fərdi sərgisi keçirilib.  Paytaxt məktəblisinin "Lyamans World" adı altında təşkil  olunan sərgisində  100-dən artıq rəsm əsəri nümayiş olunub.  İstedadlı yeniyetmə  rəssamın müraciət etdiyi mövzular  rəngarəngliyinə görə hamını  heyran edib. Rəsmlər kətan üzərində yağlı, kağız üzərində isə sulu boya ilə işlənib.

Qeyd edək ki, Ləman Əfəndiyeva həm də dərs əlaçısıdır. Məktəbin ictimai işlərində daim fəal iştirak edir. İstedadı və bacarığı ilə seçilən  Ləman 2012-ci ildə Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Bayrağımız qürur mənbəyimizdir" adlı rəsm müsabiqəsinin, 2013-cü ildə isə Təhsil Nazirliyinin keçirdiyi "Sağlam yaşayaq, sağlam olaq" adlı olimpiadasının diplomantı olub. O, həmçinin 2014-cü ildə "Evrika" liseyində keçirilmiş "Bayraq mənliyimdir" rəsm müsabiqəsinin qalibi olub.

Bu il Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkil etdikləri "Sağlam, narkotiksiz həyat seç!" mövzusuna həsr olunan rəsm müsabiqəsində Ləman Əfəndiyeva yaxşı ideya müəllifi kimi fəxri fərman və qiymətli hədiyyə ilə  mükafatlandırılıb.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.14.