Novator müəllim və alim

 

Adətən valideynlər uşaqları üçün məktəb müəyyən edərkən, ilk növbədə, müəllimlərin elmi-metodiki hazırlığı ilə maraqlanırlar. Çünki müəllim, sözün əsl mənasında, şagirdin beynini işıqlandırmalıdır. Müəllim şagirdə biliyin verilməsinin ən səmərəli yolunu öyrətməlidir. Müəllim  şagird üçün ikinci valideyn olmağı bacarmalıdır.

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyən ulu öndərimiz Heydər Əliyev həmişə müəllimlik peşəsini, müəllimi yüksək qiymətləndirmiş, ömrünü bu peşəyə həsr edənləri ən şərəfli insanlar adlandırmışdır.

Bəli, əsl müəllimlər öz şagirdlərini, tələbələrini zəruri bilik, bacarıq və vərdişlərlə silahlandırmaqla yanaşı, həm də onların sevimlisinə çevrilirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Riyaziyyatonun ibtidai kursunun tədrisi metodikası" kafedrasının dosenti, riyaziyyatın tədrisi metodikası üzrə fəlsəfə doktoru Bəyməmməd Saday oğlu Cəbrayılov məhz belə müəllimlərdəndir. Hələ məktəb illərində riyaziyyata, müəllimlik peşəsinə həvəsi və marağı onu indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika - riyaziyyat fakültəsinə gətirib və 1977-ci ildə həmin fakültəni bitirdikdən sonra orta məktəbdə riyaziyyat müəllimi işləyib.

1977-ci ildən 1989-cu ilə qədər Azərbaycan Dəmiryolu Tədris Müəssisələri şöbəsinin Ələt-körpü 25 nömrəli dəmiryol orta məktəbində çalışıb. "Mən belə bir nəticəyə gəlmişdim ki, şagirdi öyrətmək üçün ilk növbədə onun öyrənməyə marağı olmalıdır. Şagirdə heç nəyi hazır şəkildə vermək lazım deyil. Situasiyanı elə yaratmaq lazımdır ki, proqramda nəzərdə tutulan nəticəyə şagirdlərin özləri gələ bilsinlər". Bu sözləri mənə o zaman yanıma məsləhətə gəlmiş, indi haqqında yazmağa qərar verdiyim Bəyməmməd müəllim "Nə üçün dissertasiya işinin mövzusunu "Riyaziyyatın tədrisi prosesində məsələ həlli vasitəsi ilə şagirdlərin evristik fəaliyyətinin formalaşdırılması" seçməsini soruşduğum zaman demişdi. "Orta məktəbdə işlədiyim dövrdə eksperiment kimi, 1979-cu ildə I sinifdən nəzarətə götürdüyüm sinfə IV - X siniflərdə riyaziyyat dərslərini demiş və həmin 26 şagirddən 20 nəfəri ali məktəblərin I ixtisas qrupuna, 3 nəfəri texnikuma qəbul olmuş, 3 nəfər isə ailə həyatı qurmağa qərar verdiyindən ali məktəbə sənəd verməmişdi". Bu cümlələr onun dissertasiya işinin giriş hissəsində də öz əksini tapmışdır.

Orta məktəbdə dərs deyərkən B.Cəbrayılov belə nəticəyə gəlir ki, tək ənənəvi metodlarla təlimdə yüksək nəticələr əldə etmək olmaz. O, sinfi dibçəkdə əkilmiş bəzək ağacı ilə iki hissəyə ayırmışdı. Bir hissəsində kitab şkafı və 4 nəfərin eyni zamanda otura biləcəyi iki parta qoyulmuş, digər böyük hissəsində isə dərs keçmək üçün lazım olan partalar, stol, stul, lövhə yerləşdirilmişdir. Şagirdlər dərsdən kənar vaxtlarda riyaziyyatdan məşğul olmaq üçün sinif otağının ayrılmış hissəsindən və şkafdakı kitablardan istifadə edə bilərdilər.

Dərslər elə qurulurdu ki, şagirdlər qoyulmuş məsələni həll etməklə aldığı nəticələr (tədqiqat sualına cavab) proqramla nəzərdə tutulmuş material olur. Beləliklə, elmə məlum, lakin şagirdlərə məlum olmayan faktları şagirdlər dərs prosesində kəşf edirlər. Məsələnin həlli (tədqiqatın nəticəsi) əsasən bu cümlələrlə yekunlaşır. "Beləliklə biz aşağıdakı teoremi isbat etdik" və s.

B.Cəbrayılov 1990-1997-ci illər ərzində Bakı Yerli Sənaye Texnoloji Texnikumunda, ADPU-nun Şamaxı filialında müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildə ADPU-nun Riyaziyyatonun ibtidai kursunun tədrisi metodikası kafedrasına baş müəllim vəzifəsinə köçürülüb. 2000-ci ildən kafedranın dosentidir.

Bəyməmməd müəllimin elmi-metodiki hazırlığı və müəllimə xas olan mənəvi keyfiyyətlərə malik olması onu tələbə kollektivinə sevdirmişdir. Müəllimin tələbəyə qayğısı - həm onun rəftarında, həm də bilikləri öyrətmə metodikasında özünü göstərir. O, mühazirələrinin mətnini disklərə yazmaqla yanaşı, əlavə materialların da üzlərini çıxarıb tələbələrə paylayır, onlara internetdən istifadə yollarını göstərir.

Bəyməmməd müəllimin ali məktəb fəaliyyətinin uğurlu olmasında onun universiteti bitirdikdən sonra orta məktəbdə müəllim işləməsinin  böyük rolu vardır. Bəyməmməd müəllimin elmi-metodik fəaliyyəti hələ tələbəlik illərində başlasa da, öz inkişafını ali məktəb fəaliyyətində daha qabarıq göstərmişdir.

O, pedaqoji mətbuatda müntəzəm çıxış etməklə yanaşı tələbələr üçün zəruri olan dərslik, dərs vəsaiti və metodik vəsaitlərin hazırlanıb çap olunmasında da xeyli görüb. Belə ki, kafedrada işlədiyi vaxtlarda (1997-ci ildən bəri) "Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları" fənni ilə əlaqədar buraxılmış dərslik və dərs vəsaitlərinin ya müəllifi,  ya rəyçisi, ya da redaktorudur. O, üçü ali məktəblərin pedaqoji fakültə tələbələri üçün dərs vəsaiti, biri orta məktəb müəllimləri üçün metodik tövsiyə olmaqla dörd kitabın və 40-a yaxın elmi-metodik məqalənin, tədris proqramlarının müəllifidir.

B.Cəbrayılov ADPU-nun elmi şurasının qərarı ilə 2007-2008-ci tədris ilində tədrisin keyfiyyətinin yaxşılaşdırılması, tələbələrin tədris prosesinə cəlb edilməsi, dərslik və dərs vəsaitləri ilə təminatı, yeni təlim texnologiyalarının tətbiqi sahəsində qazandığı nailiyyətlərinə görə "İlin müəllimi" müsabiqəsinin qalibi olub. Ona elmi-pedaqoji və təhsil quruculuğu işlərində uğurlu fəaliyyətə görə universitet tərəfindən təşəkkür elan edilmişdir (2010).  Təhsil Nazirliyinin kollegiyasının 2012-ci il  26 aprel tarixli T-418 nömrəli qərarı ilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub.

Bir gün kabinetimdən dəhlizə çıxarkən mühazirə deyən müəllimin səsi, həvəslə izahat verməsi və auditoriyanın tam səssizliyi məni cəlb etdi. Özümdən asılı olmayaraq auditoriyanın açıq qapısı ağzında dayanmışdım. Müəllim dərsə o qədər aludə olmuşdu ki, məni görmürdü. Məni isə xəyalım gənclik illərinə aparmışdı. Sanki özüm dərs deyirdim. Eyni həvəslə, eyni enerji ilə. Qəflətən zəngin səsi məni xəyallardan ayırdı. Mühazirə deyən Bəyməmməd müəllim idi. Tələbələrin gözlərində sanki bir işıq yanırdı.

Bəyməmməd Cəbrayılov novator müəllim və alimdir. O, elmi-tədris fəaliyyətində həmişə axtarışdadır. Aldığı nəticələri, rast gəldiyi yenilikləri müəllim yoldaşları ilə müzakirə etməyi xoşlayır. Hər hansı formalaşmış fikirya təklif haqqında həmişə öz məxsusi rəyini irəli sürür, obyektiv tənqidi müsbət qarşılayır.

ADPU-nun Riyaziyyatonun ibtidai kursunun tədrisi metodikası kafedrası əməkdaşları Bəyməmməd Saday oğlu Cəbrayılovu 60 illiyi münasibətilə təbrik edir, ona pedaqoji fəaliyyətində və şəxsi həyatında cansağlığı və yeni-yeni uğurlar arzulayırlar.

 

Seyidağa HƏMİDOV,

ADPU-nun Riyaziyyatonun ibtidai kursunun

tədrisi metodikası kafedrasının müdiri,  professor

 

Azərbaycan müəllimi.- 2015.- 6 iyun.- S.15.