Uşaqlar böyüyəndə
hansı
sahələrdə çalışmaq istəyir?
Uşaqların
Beynəlxalq Müdafiəsi Günü ərəfəsində
Bakıdakı
240 nömrəli körpələr evi-uşaq bağçasından
reportaj
"Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz". Jan Jak Russonun bu fikrini çox bəyənirəm.
Uşaqlar Tanrının bizlərə bəxş etdiyi ən gözəl hədiyyədir. Yəqin ki, onlar olmasa, dünya gözəl rənglərindən məhrum olar. Uşaqları qorumaq, onların hüquqlarını müdafiə etmək hər birimizin borcudur.
İyun ayının ilk günü tarixə Uşaqların Beynəlxalq Müdafiəsi Günü (International Children's Day) kimi düşüb.
Bu günün önəmini nəzərə alaraq uşaqlarla müxtəlif mövzular ətrafında söhbət aparmaq üçün Xətai rayonunda yerləşən 240 nömrəli körpələr evi-uşaq bağçasına yollanırıq. Tərbiyəçilərlə birlikdə məktəbəhazırlıq qrupuna daxil oluruq. Uşaqlar hamısı sırayla oturacaqlarından ayağa qalxır. Salamlaşıb, hal-əhval tuturam. Özümü təqdim edirəm. Deyirəm ki, uşaqlar, bu gün mən sizinlə bir oyun oynamaq istəyirəm. Sual-cavab oyunu. Onları ətrafıma yığıram və söhbətə başlayırıq. Birinci oturan, çox gözəl gözləri olan qızdan adını soruşuram:
- Afina Ağayeva.
- Necə gözəl adın var, Afina. Mənə bir az özün barədə danışa bilərsən?
- Adımı anam qoyub. 6 yaşım
var. 4 ildir bura gəlirəm.
- Nə öyrənmisən
burada?
- Hərfləri, rəqəmləri
öyrənmişəm. 40-a
qədər saya bilirəm.
- 1 İyun nə günüdür?
- Uşaqları müdafiə
günü. Bütün dünya qeyd
edir. Biz də keçirdik. Oxuduq, oynadıq, şeir dedik.
- Bəs bilirsən bu gün niyə
keçirilir?
Əvvəl bir az
həyəcanlanır, dərindən
nəfəs alır və sualımı cavablandırır:
- Uşaqlar tərbiyəli olsun, təzə şeyləri öyrənə
bilsinlər deyə. Uşaqlar məktəbə getməli,
yazmalı, oxumalıdır.
Uşaqların müdafiə gününü
ona görə keçirirlər ki, onların hamısı yaxşı olsun.
- Çox gözəl, qızım, bayaq tərbiyəçin dedi ki, liseyə qəbul olmusan. Nə soruşdular orada səndən?
- Toplamaq, çıxmaq soruşdular. Mən də hamısına
cavab verdim.
- Bəs məktəbə gedəndə nə öyrənəcəksən, bilirsən?
- Ana dilini öyrənəcəyəm.
Onu yaxşı bilsəm çoxlu nağıllar oxuyacağam.
- Sən böyüyəndə
nə olmaq istəyirsən?
- Həkim, cərrah olmaq istəyirəm.
- Niyə həkim, bilirsən həkimlər nə edir?
- Xəstələrə baxırlar,
insanları müalicə
edirlər. Cərrahlar insanları əməliyyat
edib həyatlarını
qurtarırlar. Cərrah olmaq
üçün instituta
getmək lazımdır,
orda da həkim
olmağı öyrənmək
lazımdır.
Afinaya təşəkkür
edirəm, onun yanında şipşirin bir qız oturub. Ona yaxınlaşıram:
- Adın nədir?
- Leyli Məmmədova. 6 yaşım var. 3 ildir bu bağçaya
gəlirəm.
Afinaya ünvanladığım
sualları Leyliyə də verirəm. Maraqlı
cavabları olur:
- Mən də rəqəmləri və hərfləri bilirəm (başlayır sait səsləri deməyə).
Bağça müəllimi olmaq
istəyirəm. Uşaqlara hərfləri,
rəqəmləri öyrədəcəyəm.
Uşaqlara deyəcəyəm ki, sakit durun.
Uşaqlar yıxılsa, ona
kömək edəcəm,
əlindən tutacağam.
Mən yıxılanda müəllimlər
də mənə kömək edir. Yara olanda sarıyırlar.
1 iyun Uşaqların
müdafiə günü
idi. Dünən biz şeir dedik,
rəqs etdik.
- Leyli, sən evdə ata-anandan hüquqlarını tələb
edirsən?
- Bəli edirəm, dəftər, kitab, qələm, qələm qabı, çanta, karandaş istəyirəm
onlardan. Hamısını alırlar mənim
üçün, bağçaya
göndərirlər.
İlk iki müsahibimdən sonra üçüncü müsahibim
Xədicə gəlib
qucağımda oturur.
Xədicə Məmmədli, 6 yaşı
var. Həkim olmaq istəyir. Gerisini də o danışsın:
- Yazmağı bilirəm, hərfləri tanıyıram,
29-a qədər saya bilirəm (və 29-a qədər sayır). Mən də liseyə qəbul olmuşam. Orda mənə şəkillər
göstərdilər, rəngləri
soruşdular. Mən
də adlarını dedim.
Göz həkimi
olmaq istəyirəm. Gözləri müayinə edəcəyəm.
Gözlər qızaranda dərman
tökəcəyəm. Mən bağçada da dostlarımla həkim oyunu oynayıram.
Dünən uşaqların müdafiə
günü idi. Pis adamlar
uşaqlara əl vurmasınlar deyə keçiririk bu günü.
Bu şirin qızı
öpürəm, sarışın
bir qız var sırada. Onu çağırıram,
qucağıma gəlir.
Aysu İmamverdiyeva,
6 yaşı var, o da liseyə qəbul olub. Amma Aysunun seçdiyi peşə bir az fərqlidir:
- Polis olmaq istəyirəm. Polislərdən xoşum gəlir.
Pis adamları tuturlar. İlk dəfə Multifilmdə görmüşəm polisləri.
Biz də uşaqların
müdafiə gününü
keçirdik, oynadıq.
Polis olanda uşaqları
incidənləri də
tutacağam.
İndi
də keçirəm
sıranın ilk oğlanına,
Zamiq Qurbanlı, 6 yaşı var, o da liseyə qəbul olub:
- Böyüyəndə təyyarəçi
olmaq istəyirəm. Təyyarəçilər həm təyyarəni
sürür, həm də uçurlar. Onlar insanları harasa aparır. Nənəm mənə nağıl
danışanda orada həmişə təyyarə
olur, ona görə də mən təyyarəçi
olmaq istəyirəm.
Bayaqdan mənə
göz vuran balaca dəcəl oğlana yaxınlaşıram,
gedib qarşısında
otururam. Şəmistan Paşayev, 5 yaşı
var.
- Bağçada hərfləri,
rəqəmləri öyrənmişəm.
Müəllimlər bizə gözəl
şeirlər, nağıllar
öyrədirlər. Qəşəng oyunlar oynayırıq.
Mən polis olmaq
istəyirəm. Çünki onlar oğruları
tuturlar. Uşaqlar itəndə
onları tapıb evlərinə gətirir, onları müdafiə edirlər.
Şəmistanın yanında sakitcə oturan, qulaq asan oğlandan
adını soruşuram:
- Fərhad Yarməmmədov,
6 yaşım var. Mən
böyüyəndə əsgər
olacağam. Əsgərlər vətənimizi qoruyur,
düşmənləri öldürürlər.
Bu arada müəllimlərlə
birlikdə uşaqları
sual-cavab edirik. Bəlli olur
ki, uşaqlar həm rus, həm də ingilis dilində şeirlər
bilirlər. Bizə də deyirlər.
Bu vaxt otağa eyni geyimdə olan uşaqlar gəlir. Soruşuram
ki, onlar hansı qrupun uşaqlarıdır. Deyirlər ki, böyük qrupun, 5 yaşları var.
Onları da "oyun"umuza daxil edirik.
Deyirəm hansınız yaxşı
danışa bilirsiniz? Bir qız
qaça-qaça gəlir ki, mən danışa bilirəm.
Mehri Orucova, 5 yaşı var. O da həkim olmaq istəyir,
fikrini də belə əsaslandırır:
- Həkimlər uşaqlar xəstələnəndə iynə vurur,
onlar da sağalır. Uşaqları müayinə
etmək istəyirəm. Mənim anam da
uşaq həkimidir.
- Mən xəstələnmişəm,
sən məni necə müalicə edəcəksən?
- Əvvəl qəlb
aparatımla (fonendoskopu nəzərdə
tutur) yoxlayacağam ki, necə nəfəs alırsan. Sonra da vəziyyətə
baxacağam da.
Bu arada tərbiyəçi
fonendoskopu gətirir.
Mehri uşaqları
və hətta məni
də müayinə edir. Necə nəfəs alıb-vermək
lazımdır onu göstərir. Məni
müayinə edəndən sonra deyirlər ki, gəl oyun
oynayaq. Mən də onların oyununa qoşuluram və
fürsətdən istifadə edib Mehridən 1 iyun barədə
soruşuram:
- Uşaqların bayram günü idi. Biz də burada
oynadıq, şəkil çəkdirdik, çoxlu şeirlər
dedik, əyləndik, kloun gətirdilər. Mən istəyirəm ki, bütün uşaqlar
bağçaya gəlsin. Kimsə gəlməyəndə
mən pis oluram.
Bu balaca qızı da öpürəm və görürəm ki,
tərbiyəçi uşaqları ətrafına
yığıb, stolun üzərinə şəkillər
düzüb sual verir:
- Uşaqlar, ən xeyirli ev heyvanı
hansıdır?
- İnək
- Niyə inək?
- Çünki o bizə süd verir.
Uşaqların "xor"u arasında diqqətim digər tərəfə yönəlir. Görürəm ki, Leyli ağlayır.
Niyə ağladığını
soruşuram:
- Mən günorta yatmaq istəmirəm , - deyir.
Hələ bir balaca oğlan
da qaça-qaça,
gözündə yaşla
gəlir ki, hansısa uşaq onun maşınını
alıb. Mənə şikayətlənən bu iki balacaya
baxanda üzümdə
təbəssüm yaranır.
Axı nə vaxtsa mən də uşaq olmuşam.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.-
6 iyun.- S.16.