Azərbaycan Dövlət

Pedaqoji  Universiteti

 

 "Mənim universitetim" layihəsinin budəfəki hədəfi

Azərbaycan Dövlət Pedaqoji Universitetidir

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Ali Pedaqoji İnstitut adı ilə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun 1921-ci ildə imzaladığı "Azərbaycan Dövlət Pedaqoji İnstitutunun təşkili haqqında" dekret əsasında yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli qərarı ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna "universitet" statusu verilib. ADPU-da ali təhsilin bakalavriat səviyyəsində 23 ixtisas, magistratura səviyyəsində 52 ixtisaslaşma üzrə mütəxəssis hazırlığı aparılır.  Hazırda universitetin bakalavriat səviyyəsində təhsil alan tələbələrin ümumi sayı 8291 nəfərdir.  Əyani təhsil forması üzrə 6780 nəfər, qiyabi təhsil forması üzrə 1511 nəfər, magistratura səviyyəsində 886 nəfər, o cümlədən əyani təhsil forması üzrə 603 nəfər, qiyabi təhsil forması üzrə 283 nəfərdir. Ümumilikdə universitetin tələbə kontingenti 9272 nəfərdir. Onlardan 128 (125 bakalavr, 3 magistr) nəfər xarici ölkə vətəndaşıdır. Universitetin hazırlıq  şöbəsində 53 nəfər dinləyici təhsil alır.  Hazırda universitetin əməkdaşlarının  ümumi sayı  1432 nəfərdir. Onlardan   2 nəfəri   AMEA-nın  müxbir üzvü, 63  nəfər   elmlər doktoru, 63  nəfər  professor, 357 nəfər  fəlsəfə  doktoru,  264 nəfər  isə dosentdir. Ali təhsil müəssisəsinə 2006-cı ilin aprel ayından AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Yusif Əbülfət oğlu Məmmədov rəhbərlik edir.

 

Maddi-texniki baza

 

Universitet üç tədris binasından ibarətdir. Universitetin 1124 yerlik 4 yataqxana korpusu var. Universitetdə tədris prosesini həyata keçirmək üçün 224 auditoriyadan istifadə olunur ki, onlardan 57-si mühazirə otağı, 78-i məşğələ, 89-u isə laboratoriya və emalatxana otaqlarından ibarətdir. Universitetdə fakültələrin, kafedraların və əməkdaşların istifadəsində 621  kompüter, 156 ədəd printer və 16 ədəd proyektor vardır.  Bütün dekanlıqlar, kafedralar, laboratoriyalar, şöbə və bölmələr zəruri kompüter avadanlıqları ilə təmin edilib.

İctimai-mədəni tədbirlərin keçirilməsi üçün universitetdə akt zalı və konfrans zalı var. ADPU-da ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunu və zəngin siyasi fəaliyyətini dərindən öyrənmək məqsədilə "Heydər Əliyev məktəbinin lektoriyası" yaradılıb, müasir informasiya-kommunikasiya texnologiyaları, stend və şəkillərlə təmin edilib. Lektoriya  80 nəfərin iştirakı ilə keçirilən tədbirlər üçün nəzərdə tutulub. Universitetdə eyni zamanda nadir eksponatlarla təchiz edilmiş Heydər Əliyev Muzeyi fəaliyyət göstərir.

Əsas tədris binasında 120 yerlik kiçik zal, muzey, yeməkxana var. 2 və 3 saylı tədris binalarında da yeməkxanalar mövcuddur.

Universitetdə  85 laboratoriya və xüsusi təyinatlı ixtisaslaşdırılmış auditoriya (onlardan 11-i müasir tipli kompüterlə təchiz olunmuş kompüter sinfidir) var. Kimya fakültəsində 6 laboratoriya təmir edilərək müasir tələblər səviyyəsində təşkil edilib. Kimya və biologiya fakültələrinin laboratoriyaları tədrisin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə tələb olunan kimyəvi reaktivlər və müxtəlif şüşə kolbalarla təmin edilib.

Son vaxtlar Təhsil Nazirliyinin dəstəyi ilə tədris laboratoriyaları Almaniyanın "PHYWE" şirkətinin istehsal etdiyi avadanlıqlar və avtomatik işləmə sistemləri ilə təchiz olunub, yeni qurğular alınıb tələbələrin istifadəsinə verilib. Yeni alınan avadanlıqlar laboratoriya işlərində ölçmələrin, alınan nəticələrin emalı və təhlilinin xüsusi proqramlar vasitəsilə kompüterdə aparılmasına imkan verir.

Bundan başqa, universitetin 4 tədris emalatxanası var. Ali təhsil ocağının tədris-təcrübə mərkəzinin yaradılması məqsədilə Şamaxı rayonunda 7 hektar sahə uzunmüddətli icarəyə götürülüb.

Əsas tədris binasında və 2 saylı tədris binasında idman zalları mövcuddur. İdman zalları son illərdə təmir olunaraq müasir avadanlıqlarla təchiz edilib.

Universitetin 2 saylı tədris binasinda yerləşən Səbail rayon 29 saylı Tələbə Poliklinikası, eləcə də 1 və 3 saylı tədris binalarında poliklinikanın tibb məntəqələri tələbə və müəllim heyətinə xidmət edir.

Universitetdə mətbəə fəaliyyət göstərir. ADPU-da təbiət, humanitar və pedaqoji-psixoloji seriyalar üzrə "Xəbərlər" jurnalı və "Təhsildə İKT" jurnalı ildə 4 nömrə müntəzəm nəşr olunur.

1958-ci ildən bu günədək universitetdə çoxtirajlı "Gənc müəllim" qəzeti çap olunur.

Gün ərzində fasiləsiz işləyən İnternet xətti tələbələrə və professor-müəllim heyətinə dünya informasiya məkanında olan məlumatların alınmasını və operativ informasiya mübadiləsini təmin edir.

Universitetin www.adpu.edu.az adlı saytı fəaliyyət göstərir.

Yaxın zamanda ADPU üçün kampusun tikilməsi nəzərdə tutulur.

 

 İmtahan sessiyası

 

 İmtahanların keçirilmə müddəti tədris prosesinin qrafikinə uyğun aparılır. Sessiyalardakı imtahanların sayı tədris planlarına müvafiq olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində (əyani və qiyabi şöbədə) bəzi spesifik fənlər istisna olmaqla, bütün imtahanlar kompüter vasitəsilə test üsulu ilə, magistraturada isə imtahanlar yazılı şəkildə keçirilir.

Tədris prosesinin tərkib hissəsi kimi imtahan sessiyalarına mütəşəkkil hazırlıq işləri həyata keçirilir. Universitet üzrə bilavasitə imtahan sessiyasına hazırlıqla bağlı fakültə dekanlarının, kafedra müdirlərinin və digər aidiyyəti qurumların  həyata keçirəcəkləri vəzifələri müəyyən edən müvafiq əmrlər verilir. Əmrə uyğun olaraq  tədris yüklərinin yerinə yetirilməsi yaz semestrinin sonunda dekanlıqlar tərəfindən yoxlanılır. Tələbələrin imtahanqabağı balları hesablanır, tədris hissəsinə təhvil verilir və universitetin saytında yerləşdirilir. İmtahanlara nəzarət edəcək imtahan rəhbərləri və qeyri-ixtisas nəzarətçi müəllimlər seçilir, fakültələrin münaqişə komissiyalarının tərkibi müəyyənləşdirilir.

İmtahanlar Tədris-metodika şöbəsi tərəfindən tərtib edilmiş və təsdiq olunan cədvəl üzrə İKT-nin tətbiqi ilə aparılır. Son iki ildə İKT ilə aparılan imtahanlardan "qeyri-kafi", "qənaətbəxş," "kafi" qiymət alanların qiyməti saxlanılır, "yaxşı", "çox yaxşı", "əla" qiymət alan tələbələrə yazılı imtahan verməklə öz qiymətlərini doğrultmaq təklif olunur. Tələbə yazılı imtahandan "qeyri-kafi" qiymət aldıqda onun qiyməti İKT-nin tətbiqi ilə aparılan imtahandakı nəticə nəzərə alınmaqla müsbət qiymətləndirilir. Bəzi spesifık fənlərdən imtahanlar yazılı aparılır. İmtahan yazıları dərhal kodlaşdırılır və yoxlanmaq üçün fənn müəllimlərinə xüsusi ayrılmış otaqda təqdim edilir. Yazıların yoxlandığı auditoriyada kameralar vasitəsilə virtual nəzarət həyata keçirilir. İmtahanın nəticələri əsasən həmin gün tələbələrə elan edilir. İmtahan və kollokviumlar VTS-TEST şəbəkəsi vasitəsilə həyata keçirilir, şəbəkənin istismarı üçün 5 qrup yaradılıb.

Hər bir qrup özünə aid vəzifəni həyata keçirir. Heç kim imtahan prosesinə bütövlükdə nəzarəti həyata keçirmir.

Universitet üzrə imtahan qiymətindən narazı qalan tələbələr apelyasiya qrupuna müraciət edir. Bu qrup tələbənin cavabını fakültələrdən cəlb olunan mütəxəssislərin iştirakı ilə araşdırır. Bundan başqa, Şəbəkə qrupu (ŞQ), İşçi qrupu (İQ), Nəzarət qrupu (NQ), Test qrupu (TQ) fəaliyyət göstərir. Hər qrupun öz nəzarət etdiyi sahələr konkret müəyyənləşmişdir.

Hər semestrin imtahan sessiyasında "İmtahan qərargahı" yaradılır. İmtahan qərargahının fəaliyyət dairəsinə semestr dövründə imtahanların təşkili və keçirilməsinə nəzarət etmək, imtahanların təşkili və imtahan prosesi zamanı yarana biləcək mümkün mübahisəli vəziyyətlərlə bağlı daxil olmuş müraciətləri vaxtında araşdırıb müvafiq qərarlar qəbul etmək, akademik borcların ləğvində, həmçinin imtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək kimi mühüm məsələlər aiddir. Qərargahın normal fəaliyyəti üçün ayrılmış iş otağına telefon xətti çəkilmiş, növbətçilik cədvəli yaradılmışdır. Qərargah üzvləri mütəmadi şəkildə imtahan zallarında olur, onlara ünvanlanan  müraciət və təkliflərlə bağlı müvafiq qeydlər aparırlar. Bundan əlavə, universitetdə  valideynlərlə əlaqələrin yaradılmasına da xüsusi diqqət yetirilir ki, bu da onlarda imtahanların gedişi barədə dolğun təsəvvürün  formalaşdırılmasına xidmət edir. İmtahan sessiyası zamanı qərargaha daxil olan müraciətlər məzmununa görə rektorluğa və ya apelyasiya komissiyasına göndərilir. Problemlər və nöqsanlar operativ şəkildə aradan qaldırılır. "Qaynar xətt" elan olunur. Məlumatlar universitetin saytında yerləşdirilir.

Kafedralarda imtahan sessiyasında imtahana düşəcək fənlərin hər biri üzrə 300-500 (fənnin tədrisinə ayrılan saatlardan asılı olaraq) test tərtib edilir, testlərin ekspertizası üzrə komissiyaya təhvil verilir. Testlər ekspertizadan keçdikdən sonra Kompüter Mərkəzinə təhvil verilir və Kompüter Mərkəzində uyğun proqrama daxil edilir.

Testlər Kompüter Mərkəzində düz və səhv cavablar qarışdırıldıqdan sonra tələbələrə çatdırılır. Kafedralar imtahana düşən fənlərin proqramına uyğun sualları tərtib edərək imtahan sessiyasına bir ay qalmış tələbələrə elan edir.

Əyani və qiyabi şöbə tələbələrinin qeyri-müvəffəq qiymət aldığı fənlərdən kredit borclarının ləğvi üçün könüllülük prinsipi və ödənişli əsaslarla yay semestri təşkil olunur. Bu haqda müvafiq əmr verilir. Yay semestrinin mövcud qaydaların tələbləri gözlənilməklə təşkil edilməsi və onlara nəzarət edilməsi işinə müvafiq əmrlə universitetin əməkdaşları cəlb edilir.

 

 Kitabxana

 

 ADPU-nun Elmi kitabxanası 1921-ci ildən fəaliyyət göstərir. Kitabxananın pedaqoji, coğrafiya və çağırışaqədər hazırlıq fakültələrinə xidmət edən filialı var. Kitabxananın 8 şöbəsi, 11 bölməsi  və 3 oxu zalı mövcuddur. Universitetin əsas tədris binasında iki oxu zalı (biri 120, digəri 60 nəfər tutumlu) tələbə və müəllimlərə xidmət göstərir. Kitabxana fondunda 710930 nüsxə ədəbiyyat mövcuddur ki, onlardan 296158 nüsxəsi tədris, 115744 nüsxəsi elmi, 188510 nüsxəsi bədii, 73468 nüsxəsi ictimai-siyasi, 10709 nüsxəsi isə xarici nəşr ədəbiyyatı təşkil edir. Qalan ədəbiyyat - jurnallar 2214, dissertasiyalar 1097, avtoreferatlar 16908, magistr dissertasiyası 2836, referativ jurnallar (dəqiq elmlər) 1016, elmi-tədqiqat işləri 2270 nüsxədir. 2012-ci ildən universitetdə Elektron kitabxana yaradılıb. ADPU-nun Elektron kitabxanasına www.library.adpu.edu.az ünvanından daxil olmaq olar. Kitab fondunun əsas hissəsini Azərbaycan və rus dillərində olan kitablar təşkil edir. Eyni zamanda ingilis, fransız, alman, fars və ərəb dillərində olan kitablar da saxlanılır. 2014-cü ildə kitabxanaya 86 adda yeni kitabların elektron variantı daxil edilib. Elektron kataloqa 200 adda (83 dissertasiya, 46 avtoreferat, 71 kitab) elektron disklər də daxildir. WEB İRBİS-64 proqramı və internetə çıxış kitabxanada olan materiallardan geniş oxucu kütləsinin istifadəsinə imkan verir.

Kitabxanada 800-dən artıq nadir kitablar qorunub saxlanılır. O cümlədən "Molla Nəsrəddin" jurnalının nüsxələri nadir fonda daxil edilib. 2014-cü ildə kitabxanaya 3214 nüsxə 658 adda ədəbiyyat daxil olub.

Kitabxananın fondunda 134 adda Azərbaycan dilində, 190 adda isə rus dilində jurnal saxlanılır. Eyni zamanda dəqiq elmlərə dair 1016 nüsxə referativ jurnallar fonda daxildir. Hazırda kitabxananın fondunda 5 adda Azərbaycan dilində, 1 adda isə rus dilində qəzet var.

Kitabxananın əməkdaşları tərəfindən ADPU-nun professor-müəllim heyətinin 1921-2011-ci illərdə nəşr etdirdikləri dərslik, dərs vəsaiti, monoqrafiya, proqram, konfrans və simpozium materiallarının 5 cildlik biblioqrafiyası nəşr edilib.

 

 Müəllim təcrübəsi

 

 Universitetdə ixtisas üzrə tədris planlarına və tədris prosesinin qrafikinə uyğun olaraq tələbələrin pedaqoji təcrübəsi təşkil edilir.

Təcrübələr bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq Bakı şəhərinin tam orta və məktəbəqədər təhsil müəssisələrində, müxtəlif istehsalat müəssisələrində, elmi-tədqiqat institutlarında keçirilir.

Tələbələrin tədris və istehsalat təcrübələrinin müddəti, rəhbərləri və obyektləri rektorluğun müvafiq əmrləri ilə rəsmiləşdirilir.

Təcrübələrin nəticələri hesabatların tərtibi və müvafiq komissiya qarşısında müdafiəsi ilə yekunlaşır.

 

 Beynəlxalq əlaqələr

 

 ADPU ümumilikdə 10 ölkənin 22 universiteti ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

2014-cü ilin mart ayından Türkiyə Respublikasının Kastamonu Universiteti ilə "Mövlanə" Mübadilə Proqramı protokolu əsasında 2014-2015-ci tədris ili üçün tələbə və müəllim mübadiləsi həyata keçirilməyə başlanılıb. Proqram çərçivəsində ADPU-nun pedaqoji fakültəsinin iki tələbəsi bir semestr müddətinə Kastamonu Universitetinə göndərilmiş, 2015-ci ilin may ayında isə həmin fakültənin müəllimi  1 həftəlik Kastamonu Universitetinə ezam olunub.

2013-cü ildə Türkiyə Respublikasının Qafqaz Universiteti ilə imzalanmış "Mövlanə" Mübadilə Proqramı çərçivəsində Qafqaz Universitetinin Fənn Ədəbiyyat Fakültəsinin ingilis dili və ədəbiyyatı bölümünün müəllimi Turan Özgür Güngör ADPU-nun filologiya fakültəsinin ingilis dili və onun tədrisi metodikası bölümündə ingilis dilçiliyi sahəsində "XX əsr ingilis romanı" mövzusunda mühazirə aparıb.

2012-ci ildə E-NOTES (European Computer Driving License National Operator and Test Centers in Azerbaijan) layihəsinə qoşulmaq üçün  ADPU ilə Qafqaz Universiteti mandat imzalayıb. Layihənin sonunda 2014-cü ildə universitetdə ECDL milli test mərkəzi quraşdırılıb.

 

 Əlavə təhsil

 

Universitetdə yenidənhazırlanma, ixtisasartırma, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali təhsillə bağlı məsələlər Əlavə təhsil fakültəsində həyata keçirilir.

Hazırda Əlavə təhsil fakültəsində "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "Riyaziyyat və informatika müəllimliyi", "Təhsildə sosial-psixoloji xidmət", "Tarix və coğrafiya müəllimliyi", "Kimya və biologiya müəllimliyi", "İbtidai sinif müəllimliyi (Azərbaycan və rus bölməsi)" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə yenidənhazırlanma təhsili həyata keçirilir.

Tədris planlarında olan əksər fənlərin proqramları kafedralar tərəfindən mütəmadi olaraq yeniləşdirilir və müvafiq fakültələrin elmi şuralarında baxılaraq universitetin tədris-metodik şurasında razılaşdırıldıqdan sonra Təhsil Nazirliyinin qrifi əsasında təsdiq olunur.

 

 Laboratoriyalar

 

ADPU-da 85-ə yaxın tədris və 7 elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir. 7 ETL-də ("Yeni bioloji aktiv birləşmələr", "Koordinasion birləşmələr", "Nadir torpaq elementləri", "Dədə Qorqud", "Türk araşdırmaları", "Pedaqoji təhsilin problemləri", "Bioinformatika") aparılan elmi-tədqiqat  işləri fundamental və tətbiqi tədqiqatlara istiqamətlənib.

Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının laboratoriyaları respublikada pedaqoji kadr hazırlığında əsas yer tutur. Kafedrada ümumi, qeyri-üzvi və kimyanın tədrisi metodikası fənləri tədris olunur. Bu fənlər üzrə kafedrada 5 tədris-təcrübə laboratoriyası və bir elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriyalar ümumi və qeyri-üzvi kimya, kompleks birləşmələr kimyası, kimyanın tədrisi metodikası, fiziki-kimyəvi analiz və qeyri-üzvi sintez laboratoriyalarını əhatə edir. Bu tədris laboratoriyaları tədrisə aid cihaz və avadanlıqlar, reaktivlərlə təchiz olunub. Kafedrada elmi-tədqiqat işləri üçün bir laboratoriya yaradılıb. Bu tədqiqat laboratoriyasında  aparılan  tədqiqat  işlərinə  aid cihazlar: spektrofotometr   (SF-26),  fotoelektrokolorimetr  (FEK-56 M),  poteniometr  (pH-673), termoqravimetrik tədqiqat üçün Mufel sobaları (M1-Y- 42) müasir analitik tərəzilər, texniki tərəzi, qazların alınması və molekul kütləsinin təyininə aid qurğular, quruducu şkaflar, termostat, distillator və s.  ilə təchiz olunub. Kafedrada koordinasion birləşmələr kimyasına və kimyanın tədrisi metodikasına aid müəllimlər, aspirantlar, magistr və tələbələr tədqiqat işi aparırlar.

Patent almaq üçün üzvi kimya və kimya texnologiyası kafedrasının 4 əməkdaşının sənədləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndərilib, patent almaq üçün elektrik və optika kafedrasının 3 əməkdaşının  sənədləri həmin komitəyə göndərilmək üçün hazırlanır.

Fizika fakültəsinin "Elektrik və maqnetizm" laboratoriyasında elektrostatikaya, sabit cərəyan qanunlarına, maqnit hadisələrinə, elektromaqnit dalğalarına və rəqslərinə, dəyişən cərəyan dövrələrinə aid 25-dən artıq laboratoriya işləri icra olunur.  "Optika" laboratoriyasında fotometriyaya, həndəsi optikaya, dalğa optikasına, kvant optikasına  aid 25- dən artıq laboratoriya işi aparılır.

"Atom və nüvə fizikası"  kvant fizikasının elementlərinə, mütləq qara cismin şüalanması qanunlarına,  hidrogen atomunun spektrindəki qanunauyğunluqlara, enerji spektrinin diskretliyini təsdiq edən hadisələrə  aid 20-dən artıq laboratoriya işləri icra olunur.

"Yarımkeçiricilər fizikası və fiziki elektronika"  yarımkeçiricilərin elektrikkeçiriciliyinin, Xoll effektinin, termoelektrik hərəkət qüvvəsinin istilik keçiriciliyinin temperatur asılılığı ölçülür və müxtəlif xarakterli parametrlər təyin olunur. Müxtəlif elektron cihazların, diodların, tranzistorların, fotorezistorların xarakteristikaları öyrənilir.

"Koordinasion birləşmələr" elmi-tədqiqat laboratoriyası analitik kimyanın müasir problemləri istiqaməti və tərkibində kükürd və azot olan liqandlarla metalların müxtəlif-liqandlı kompleksləri və onların müxtəlif obyektlərin analizində tətbiqi problemi üzrə elmi-tədqiqat işləri apararaq analitik kimyanın müasir problemlərindən bəhs edən praktik məsələlərin həlli ilə məşğul olur.

2014-cü ildə laboratoriya əməkdaşları 21 tezis, 7 məqalə, 7 dərs vəsaiti çap etdiriblər.

"Dədə Qorqud"  Elmi-Tədqiqat Mərkəzində üç bölmə fəaliyyət göstərir.

"Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzində dünya mədəniyyətinin şah əsərlərindən sayılan "Kitabi-Dədə Qorqud" eposu bir neçə istiqamətdə  hərtərəfli araşdırılır və təbliğ edilir. Mərkəz müvafıq olaraq üç bölməyə ayrılır. Birinci bölmə "Onomastika-dialektologiya-etimologiya" adlanır. İkinci bölmə "Folklor-etnoqrafiya-mifologiya", üçüncü isə  "Pedaqoji-psixoloji-fəlsəfi araşdırmalar" adlanır. Son vaxtlar aparılan bütün elmi-tədqiqat işləri "Dədə Qorqud araşdırmaları - III"  jurnalında dərc olunub.

"Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzinin təşəbbüsü ilə 2001-ci ildə I Türkoloji qurultayın 75 illik yubileyi respublika səviyyəsində keçirilib. "Dədə Qorqud" Elmi-Tədqiqat Mərkəzinin dərgilərinin buraxılışlarında türk mədəniyyətinin tarixinə və ədəbi-nəzəri problemlərə həsr olunan apaşdırmalar toplanılıb.

Universitetdə türk ədəbiyyatı problemlərini araşdırmaq məqsədilə, həmçinin yeni bir elmi strukturun yaradılması zərurətinə görə ADPU Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyinin müvafiq əmri ilə ADPU-da "Türk araşdırmaları" elmi-tədqiqat laboratoriyası yaradılıb. Türk xalqları ədəbiyyatı problemlərinin öyrənilməsi laboratoriyanın əsas tədqiqat mövzusu kimi təsdiqlənib. 2008-ci il dekabrın 18-də ADPU-nun, Türkiyənin Azərbaycandakı səfirliyinin və TİKA-nın dəstəyi ilə "Türk araşdırmaları" elmi-tədqiqat laboratoriyası yeni avadanlıqlarla təchiz olunub.

"Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyası Azərbaycan hökuməti və Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış müqaviləyə uyğun olaraq həyata keçirilən təhsil islahatı layihəsinin əsas istiqamətlərindən biri olan "Müəllim hazırlığı" alt-komponenti çərçivəsində "İbtidai sinif müəllimi hazırlığı üzrə kurikulum"un pilot ali məktəb kimi ADPU-nun pedaqoji fakültəsində tətbiqi nəzərdə tutulub. Bu məqsədlə Təhsil Nazirliyinin əmri və ADPU-nun Elmi Şurasının qərarı ilə 2007-ci ildə pedaqoji fakültənin nəzdində "Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyası yaradılıb.

"Pedaqoji təhsilin problemləri" elmi-tədqiqat laboratoriyasının məqsədi pedaqoji təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir beynəlxalq təcrübə və milli ənənələr əsasında onun məzmununun və strukturunun yeniləşdirilməsi, pedaqoji təhsil sistemində yeni texnologiyaların, innovasiyaların həyata keçirilməsi ilə yanaşı, ali pedaqoji təhsillə bağlı aparılan elmi-tədqiqatların koordinasiya mərkəzi rolunu da oynaması məqsədəuyğun hesab edilib.

 

Elmi uğurlar

 

Universitetin yüksəkixtisaslı professor-müəllim heyəti ilə təmin edilməsi istiqamətində  müntəzəm işlər həyata keçirilir. Ötən il universitetin 3 əməkdaşı elmlər doktoru, 9 əməkdaşı isə fəlsəfə doktoru dissertasiyası müdafiə edib.

Universitetdə "İlin alimi", "İlin müəllimi" müsabiqələri keçirilir və qaliblər  mükafatlandırılır.

Universitetdə təlim prosesinin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsi üçün davamlı olaraq müxtəlif mövzularda elmi-metodik konfranslar təşkil edilir. 2006-cı ildə ADPU ilə Türkiyənin Hacəttəpə Universiteti arasında bağlanmış müqaviləyə əsasən hər il "Müəllim hazırlama siyasəti və problemləri" adlı beynəlxalq konfrans keçirilir.

Eyni zamanda hər il bakalavr və magistrantların elmi işlərinin yekunlarına həsr olunmuş konfranslar təşkil edilir. Konfranslarda fərqlənənlər müxtəlif mükafatlarla təltif edilir, qaliblər respublikanın digər ali təhsil müəssisələrində keçirilən elmi tədbirlərdə universiteti təmsil edirlər.

ADPU-nun əməkdaşları tərəfindən 2014-2015-ci tədris ilində 287-si xarici ölkənin mətbuatında (28-i impakt-faktorlu jurnalda) olmaqla 880 elmi məqalə, 246 tezis (onlardan xaricdə - 107), 76 dərs vəsaiti, 37 dərslik, 30 monoqrafiya, 342 tövsiyə nəşr olunub, 1 patent və 2 şəhadətnamə alınıb.

Hazırda universitetdə 11 fakültə, 52 ixtisas kafedrası, Magistratura və doktorantura şöbəsi fəaliyyət göstərir. ADPU-nun 708 nəfər professor-müəllimi təsdiq edilmiş mövzu planı əsasında 71 istiqamətdə, 78 problem üzrə 449 mövzuda elmi-tədqiqat işlərini davam etdirirlər. Son tədris ilinə tamamlanmış mövzuların sayı 264-dür.

Yerinə yetirilən işlər nəticəsində tətbiqi və innovasiya xarakterli ən əhəmiyyətli 52 iş tədris prosesinə tətbiq edilib.

ADPU-da Elmin İnkişafı Fondundan 2014-cü ildə ümumi məbləği 18,8 min manat olan 3 qrant layihəsi hesabına maliyyələşən elmi-tədqiqat işləri yerinə yetirilib. 2014-cü ildə ADPU-nun təşkilatçılığı ilə 3 beynəlxalq, 6 respublika, 5 universitet səviyyəli konfrans keçirilib.

 

ADPU son illərdə

 

Son illərdə ADPU-da bir sıra struktur dəyişiklikləri edilib.

Universitetdə  kafedraların sayının optimallaşdırılması işinə başlanıb,  dərs saatları kifayət qədər olmayan bəzi kafedralar ləğv edilib və ya birləşdirilib.  Əcnəbi tələbələrin işi üzrə dekanlıq ləğv edilərək müvafiq  şöbə yaradılıb.

Təhsil Nazirliyinin məlum əmrinə uyğun olaraq SABAH qrupları yaradılıb və onlara 3 auditoriya ayrılıb.

Universitetin Tədris-metodika şöbəsində "Tələbə-Məzun dövlət elektron məlumat sistemi" bölməsi fəaliyyət göstərir.

Universitetdə 2010-cu ildən "Müasir Təlim Texnologiyaları Təlim və Resurs Mərkəzi" yaradılıb.

Mərkəzin köməyilə ADPU-nun fakültə dekanları və kafedra müdirləri, fənlərin tədrisi metodikası kafedralarının əməkdaşları üçün müasir təlim texnologiyalarının tədrisə tətbiqi ilə bağlı treninqlər keçirilib.

"Fransız dili müəllimliyi" ixtisası üzrə təhsil alan tələbələrin dil  bacarıq və vərdişlərinin inkişaf etdirilməsi üçün əvvəlki illərdə olduğu kimi, 2014-2015-ci tədris ilində də Fransadan stajor-müəllimlər dəvət olunub.

Tədris planlarının orta ümumtəhsil kurikulumunun tələblərinə cavab verməsini təmin etmək və ayrı-ayrı ixtisaslar üzrə fənn kurikulumlarının hazırlanması məqsədilə Tədris-metodika şöbəsi nəzdində "Kurikulum, qeydiyyat və tyutor xidmətinə nəzarət" bölməsi yaradılıb.

Tədris prosesinə nəzarəti daha şəffaf təşkil etmək, informasiya texnologiyalarının tədris prosesinə tətbiqini daha da təkmilləşdirmək məqsədilə "İKT, monitorinq və qiymətləndirmə  Mərkəzi", elmi-tədqiqat işlərinin səmərəliliyini artırmaq məqsədilə "Elm və innovasiyalar şöbəsi" yaradılıb.

 

Tələbə Həmkarlar İttifaqı Komitəsi

 

 Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi öz tərkibində  11 fakültə və Magistratura və doktorantura şöbəsi üzrə 4216 tələbəni birləşdirir. THİK tələbə gənclərin sosial problemlərinin həlli, müalicə və istirahətlərinin təşkili istiqamətində tədbirlər həyata keçirir. Hər il tələbələrin sosial durumlarını yaxşılaşdırmaq üçün "əla" qiymətlərlə oxuyan 4 nəfər tələbəyə təqaüd verilir. THİK universitetdə təhsil alan imkansız tələbələrə hər gün pulsuz nahar yeməyinin verilməsini təşkil edir, 3 nəfər sosial durumu ağır olan tələbənin təhsil haqqının müəyyən hissəsini ödəyir.

Komitənin rəhbər orqanları beş ildə bir dəfə keçirilən hesabat-seçki konfransında seçilir. Konfranslararası dövrdə komitəyə Məclis və Rəyasət Heyəti rəhbərlik edir. Komitənin nəzdində müxtəlif komissiyalar fəaliyyət göstərir.

Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün THİK mədəni-kütləvi tədbirlər, idman yarışları təşkil edir, bədii özfəaliyyət kollektivləri ilə işləyir.

Universitetin xor kollektivi ali məktəb tələbələrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş bədii yaradıcılıq festivalında I yerə layiq görülüb. Həmçinin həmin festivalda filologiya fakültəsinin I kurs tələbəsi Məxfirət Hüseynova ifaçılıq üzrə, pedaqoji fakültənin II kurs tələbəsi Aygün Abbaszadə isə vokal ifa üzrə III yeri tutublar. Hər iki tələbə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif edilib.

 

 İdman

 

ADPU-nun tələbə-idmançıları keçən il də uğurlu nəticələr əldə ediblər. Ali məktəb tələbələrinin ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirdikləri cüdo üzrə respublika çempionatında coğrafiya və çağırışaqədər hazırlıq fakültəsinin III kurs tələbəsi Röyal Dünyamalıyev 60 kq çəki dərəcəsində I yeri tutub. Həmin çempionatda tarix fakültəsinin IV kurs tələbəsi Tural Tağıyev yunan-Roma güləşi üzrə 75 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Pedaqoji fakültənin III kurs tələbəsi Elnarə Əliəsgərova Gürcüstanda yüngül atletika üzrə keçirilən Avropa çempionatında V yeri tutub. O, həm də respublika çempionudur.

Fakültələr arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən futbol yarışlarında tarix fakültəsinin komandası I yeri, filologiya fakültəsinin komandası II yeri, əcnəbi tələbələr üzrə fakültənin komandası isə III yeri tutublar. 

 

Tələbə Elmi Cəmiyyəti

 

ADPU-da 11 fakültədə Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Hər fakültədə "yaxşı" və "əla" qiymətlərlə oxuyan tələbələr təcrübəli professor və dosentlərin rəhbərliyi altında elmi-tədqiqat işləri aparır. İldə bir dəfə bütün fakültələrdə universitet üzrə tələbələrin elmi konfransı keçirilir və onların elmi-tədqiqat işlərinin nəticələri ayrıca toplu şəklində çap olunur. TEC xəttilə elmi-tədqiqat işləri aparan tələbələrin ən yaxşı işləri ali məktəblərin gənc tədqiqatçılarının hər il keçirilən ənənəvi ümumrespublika konfransına təqdim edilir.

Universitetin gənc tədqiqatçıları tərəfindən 2014-2015-ci  tədris ilində doktorant-dissertant (102 məqalə, 66 tezis), magistr (386 məqalə, 179 tezis), bakalavr (12 məqalə, 391 tezis) elmi əsərləri çap olunub. 2014-cü ildə ADPU-nun təşkilatçılığı ilə 12 tələbə konfransı keçirilib.

ADPU-nun tərəfdaş olduğu "ENOTES-Azərbaycanda ECDL Milli Operator və Test Mərkəzləri" TEMPUS layihəsi çərçivəsində İsveçin Stokholm şəhərində yerləşən Kral Texnologiya İnstitutunda, Latviyanın Riqa şəhərində yerləşən İnformasiya Sistemləri İdarəetmə İnstitutunda və İspaniyanın Alikante şəhərində yerləşən Alikante Universitetində ADPU Avropaya tanıtdırılıb. 

 

Özfəaliyyət dərnəkləri

 

İntellektual klub. Universitetdə  "Gənc müəllim" adlı intellektual klub var. Klub həftənin 3-5-ci  günləri fəaliyyət göstərir. Klubda "Atropatena", "Pedaqoji", "Gənc müəllim", "Palitra", "Filoloq"  və s. komandalar respublika ali məktəbləri arasında keçirilən yarışlarda fəal iştirak edirlər.

Bədii özfəaliyyət dərnəyi. THİK-nın nəzdində bədii özfəaliyyət dərnəyi var. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və milli dəyərlərimizin gənclər arasında təbliği məqsədilə bu dərnək əhəmiyyətlidir. Dərnəkdə tələbələr xor, vokal musiqi, xalq çalğı alətləri ansamblı, rəqs, qiraətlə məşğul olurlar. Hər il ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir və bu festivalda universitetin bədii özfəaliyyət dərnəyi də iştirak edir.

Vətənpərvərlik klubu. THİK-nın nəzdində vətənpərvərlik klubu fəaliyyət göstərir. Bu klub "Vətən torpağı", "Tarixi şəxsiyyətlərimiz", "Milli-mənəvi dəyərlərimiz" və s. mövzularda tələbələr arasında müsabiqələr, "dəyirmi masa"lar təşkil edib.

Ölkəmizdə "Bakı-2015" Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Vətənpərvərlik klubu tələbələr arasında geniş təbliğat işi aparıb, onlarla dəfələrlə görüşlər təşkil edib.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.4-5.