"Məqsədim təhsilimizin
inkişafına töhfə verməkdir"
Böyük Britaniyanın Şeffild
Universitetinin tələbəsi Leyla Cabbarzadə ilə söhbət
Leyla Cabbarzadə 1994-cü il yanvarın
7-də Bakıda anadan
olub. Bakıdakı 73
nömrəli tam orta məktəbdə
təhsil alıb. 2010-cu ildə Azərbaycan Dillər Universitetinin tərcümə
fakültəsinə daxil
olub. Universitetdə təhsil aldığı
müddət ərzində
bir sıra beynəlxalq layihələrdə
(FIFA Women's World Cup,
Eurovision Song Contest Baku-2012, İnternet
Governance Forum 2012 Baku) könüllü fəaliyyət
göstərib və sertifikatlarla təltif olunub.
2014-cü ildə bakalavr
təhsilini uğurla bitirib. Hazırda "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Böyük Britaniyanın
Şeffild Universitetində
"Təhsil" ixtisası üzrə magistr təhsili alır.
Qarşımda iki hədəf
var idi...
Orta məktəbdə ən çox maraq göstərdiyim ingilis dili və riyaziyyat fənləri idi. Lakin biliyimi artırmaq məqsədilə
digər
fənlərə də maraqla yanaşmışam.
Orta məktəbdə
ingilis dili üzrə bilik yarışmasında 1-ci yerə
layiq görülmüşəm. Xaricdə təhsil almaq arzum da orta məktəb illərində
yarandı. Məktəbi bitirəndə qarşımda
iki hədəf var idi: birincisi, Azərbaycan Dillər Universitetinin tərcümə
fakültəsinə daxil
olmaq, ikincisi isə magistr təhsilini Böyük Britaniyada almaq. Ailəmin seçimimə
münasibəti gözlədiyim
kimi müsbət oldu və məni
hər zaman dəstəkləyirlər. Bakalavr təhsilimi başa vurduqdan sonra xarici ölkədə təhsil almaq arzumu reallaşdırmaq üçün Dövlət
Proqramına müraciət
etdim. Savadlı, yüksək ixtisaslı kadrların yetişməsində Dövlət
Proqramının rolunun
əvəzsiz olduğunu
qeyd etmək vacibdir. Bir tələbə
kimi deyə bilərəm ki, Azərbaycanda savadlı müəllim və tələbələrimiz kifayət
qədərdir.
Seminar və elmi konfranslarda iştirak edirəm
Təhsil
aldığım universitet
İngiltərənin Şeffild
şəhərində yerləşir. Bir neçə digər ali məktəblər də fəaliyyət
göstərdiyi üçün bura Şeffild tələbə şəhəri
adlandırılır. Burada
"Təhsil" üzrə magistr təhsili alıram. Bizə təhsillə yanaşı, elmi-tədqiqat
işlərinin aparılması
metodları da tədris edilir.
Tələbə həyatımın böyük
bir hissəsini kitabxanada keçirirəm.
Vaxtımı düzgün
planlaşdırdığım üçün boş vaxtlarım da olur. Boş vaxtlarımı
qrup yoldaşlarımla
yaşadığım ölkənin
tarixi məkanlarına
gedərək dəyərləndirirəm.
Bundan başqa, universitetdə təşkil
olunan seminar və elmi konfranslarda iştirak edirəm.
Mənim
təhsil aldığım
ixtisasın magistr dərəcəsində semestr
imtahanları
olmur.
Biz hər semestr sonu verilən mövzuya aid esse yazırıq. Nəzərə alsaq ki, bizim təhsil
sistemimizdə
belə bir təcrübə yoxdur, bu, mənim üçün bir qədər yenilik idi. Tez bir zamanda buna
uyğunlaşa bildim.
Müəllim-tələbə münasibətlərində diqqətimi
çəkən səmimilik
və müəllimlərin
tələbələr tərəfindən
dərslə bağlı
verilən hər bir suala və
edilən tənqidə
açıq olmalarıdır. Tələbələrin
tədqiqat aparması
üçün elmi rəhbər təyin edilir və əgər ehtiyac duyularsa, tələbənin
məktəb və digər təhsil müəssisələrində müşahidə aparması
üçün şərait
yaradılır.
Mənim
üçün
Böyük Britaniyanın təhsil sistemində xarakterik yenilik tələbələrdə analitik
düşüncə tərzinin formalaşdırılması
oldu. Yazdığımız
hər bir essedə tənqidi fikir bildirməyimiz tələb olunur. Bu isə bizə daha çox mütaliə ilə məşğul olmağımıza
və mövzu ilə əlaqədar ətraflı məlumata
sahib olmağımıza kömək edir. Xaricdə təhsilin ən böyük üstünlüyü universitet
mühiti, zəngin kitabxana və interaktiv keçən dərslərdir. Xaricdə
təhsil mənim ixtisasıma olan marağımı daha da artırdı və məndə təhsil sahəsində həyata keçirilə biləcək layihələr haqqında fikirlər yaratdı. Düşünürəm
ki, müxtəlif sahələrdə peşəkarlara ehtiyac var və bu səbəbdən, hər
kəsə sevdikləri və gələcəkdə
peşəkar kimi töhfə verəcəklərinə
inandıqları ixtisasları
seçməyi məsləhət
görürəm. Bu mənada
gənclərimizin xaricdə
təhsil almaq səylərinə, təbii
ki, müsbət baxıram. Xaricdə təhsil bizə sadəcə təhsilimizi
deyil, eyni zamanda şəxsi keyfiyyətlərimizi da inkişaf etdirməyə kömək edir.
Qloballaşmanın təhsilə təsiri
Müsahimiz rubrikamızın əvvəlki
qonaqlarından fərqli
olaraq bütün dünyada qlobal əhəmiyyət daşıyan
təhsil məsələlərini
öyrənir.
Leylanın
Britaniyanın təhsil
sistemi, ixtisas üzrə keçilən dərslər, bu sahədə yeniliklər və digər maraqlı məqamlara münasibətini
öyrənməyə çalışırıq.
Böyük Britaniyanın təhsil
sistemi çox fərqlidir. Belə ki, hər
bir fənnin tədrisində istifadə
olunan metodlar tələbənin həm
akademik, həm də fərdi bacarıqlarını
inkişaf etdirir və bu, savadlı kadrların formalaşmasında xüsusi
əhəmiyyətə malikdir. Bu, tələbələrin
həm təhsil, həm də gələcək karyeralarında mühüm əhəmiyyət kəsb edir. Universitetdə aldığım ixtisas kursunda qloballaşmanın
təhsilə təsiri,
dilin təhsildə rolu və elmi tədqiqat üsul və metodları tədris olunur. Mühazirələrimizin
mövzusu ali təhsilin beynəlmiləlləşdirilməsi,
tələbə mobilliyi,
təhsil işçilərinin
qloballaşmada vəzifələri
və "Hamı üçün təhsil" proqramı və elmi tədqiqat metodları ilə bağlıdır.
Böyük Britaniyada universitet-biznes
əlaqələri də sıxdır. Universitetimzdə karyera mərkəzimiz
var və orada müxtəlif vakansiyalarla bağlı elanlar olur. Bununla belə, universtitetin tələbələri
işlə təmin etməsi kimi bir fəaliyyəti yoxdur.
Britaniyada
təhsil dövlət
tərəfindən maliyyələşdirilmədiyi
üçün tələbələr
adətən bakalavr təhsilini bitirdikdən sonra ixtisasları üzrə işləməyə
maraq göstərirlər. Lakin bakalavrdan sonra birbaşa magistraturaya müraciət edən tələbələr də
vardır.
Hazırda dünyanın milli
təhsil sistemləri
arasında çox güclü rəqabət
gedir. Bir sıra ölkələrdə
təhsil sisteminin rəqabət qabiliyyətliliyinin gücləndirilməsi üçün
qaçılmaz tədbirlər
görülür. Bu mərhələdə,
ilk növbədə, tədris
metodlarının inkişafına
ciddi ehtiyac duyulur. Bundan başqa, universitetlərin elektron kitabxana ilə təmin olunması və tələbələrin
beynəlxalq elmi jurnallarda dərc edilən məqalələrə
girişinin təmin olunması mühüm əhəmiyyət kəsb
edir. Bizim universitetin 24 saat fəaliyyət göstərən
zəngin kitabxanası
var.
"Təhsil sahəsində çalışmaq istəyirəm"
Universitetdə azərbaycanlı tələbələri
bir araya toplayan Şeffild Azərbaycan Cəmiyyəti fəaliyyət
göstərir.
Universitetimizdə Azərbaycanın
adət-ənənələrini, tarixi və musiqisini özündə əks etdirən Novruz Festivalı keçirmişik.
Festivalda Azərbaycan
mahnıları və
rəqsləri ilə
bərabər mətbəximiz,
milli geyimlərimiz, Azərbaycan haqqında ümumi biliklər və ölkəmizdə həyata keçirilən
yeniliklər əcnəbi
tələbələrə təqdim olunub. "Xocalıya
ədalət" kampaniyası
da hər il keçirilən əhəmiyyətli tədbirlərdən
biridir. Əcnəbilərə
Xocalıda baş verənlər haqqında ətraflı məlumat çatdırılır. Bununla
bərabər, daha geniş kütləyə
təqdim etmək üçün videoçarx
hazırlanır. Önəmli
tədbirlərdən biri
də Şeffild Tələbələr Birliyinin
həyata keçirdiyi
"Dünya Həftəsi"dir.
"Dünya Həftəsi"ndə
yerli və əcnəbi tələbələrə
Azərbaycan dili haqqında, eyni zamanda Azərbaycan haqqında maraqlı faktlar, ölkəmizin zəngin mədəniyyəti
və tarixinə aid, iqtisadi, siyasi, elmi, idman və
digər sahələrdə
əldə olunan nailiyyətlər barədə
məlumatlar
çatdırılır.
Planlarıma gəldikdə isə, magistr təhsilimi bitirdikdən sonra ölkəmizdə bir müddət təhsil sahəsində çalışmaq istəyirəm. Daha sonra doktorantura dərəcəsi
üzrə təhsilimi
yenidən İngiltərədə
davam etdirmək niyyətindəyəm. Məqsədim təhsilimizin inkişafına
töhfə verməkdir
və buna nail olacağıma inanıram.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.8.