Tarix dərslərində interaktiv
texnologiyaların tətbiqi
Müəllimlərin
hazırladığı rəqəmsal interaktiv
tədris resurslarının
(RİTR) təhlili
Ötən
məqaləmizdə müasir dərsin və interaktiv
resursların vacib mərhələləri
olan motivasiya və tədqiqat sualının qoyulması
məsələləri şərh
olunmuşdu.
Bu yazımızda isə interaktiv tapşırıqların
hazırlanmasına və
dərsin digər
mərhələlərinə dair qeydlərimizi təqdim edirik.
Rəqəmsal interaktiv tədris resurslarında interaktivlik amili vacib rol
oynayır.
İnteraktiv tapşırıqları hazırlayarkən müəllim
unutmamalıdır ki,
bu tapşırıqlar
müasir təlimə
uyğun hazırlanmalı,
dərsin məqsədlərinə,
eyni zamanda dərsin
nəticəsinin alınmasına
xidmət etməlidir.
Bəzən müəllim tapşırıqları
köhnə ənənəvi
formatda qurur: interaktiv alətlərin
funksiyaları tətbiq
olunmur, tapşırıqlar
sadəcə sual-cavab
şəklində verilir,
tapşırıqların həlli
asan - şifahi üsul ilə nəzərdə tutulur, düzgün (gizli şəkildə)
cavabın verilməsi
unudulur. Şagirdə
verilən sual və ya tapşırıq
slaydda aydın
və dəqiq öz əksini tapmalıdır. Rəqəmsal
dərsin məzmununa tapşırığın
həlledilmə üsulları
və lazım olduqda həll üçün ayrılmış
sahə, ehtiyac varsa,
müəllimin qeydləri
(əlavə sahədə),
cavab variantı daxil edilməlidir. Beləliklə,
şagird və ya qrup tapşırığı
həll etdikdən sonra düzgün cavab dərhal yoxlanıla
bilir, bu da qiymətləndirmənin
şəffaf aparılmasına
imkan yaradır. Məsələn,
nümunə üçün
təqdim olunan slaydda düzgün və səhv cavablar qeyd olunub.
Təəssüf ki, müəllimlərimizin
bir qismi hələ də interaktiv rəqəmsal və təqdimat
dərs resursları arasında prinsipial fərqi aydın dərk etmir. İnteraktiv avadanlıq
və proqram təminatı təqdimat üçün deyil, interaktiv dərs tədrisi üçün
yaradılıb
və istifadə olunmalıdır. İnteraktiv
resurs hazırlayarkən,
müəllim vacib amili
daim nəzərə
almalıdır: ənənəvi
elektron resurslardan fərqli olaraq (məsələn,
PowerPoint proqramında hazırlanmış
təqdimat resurslarından)
interaktiv
resurs şagirdin lövhədə müstəqil
və sərbəst çalışması üçün
düşünülüb
hazırlanmalıdır. Bu amil interaktiv resursun və interaktiv dərsin təməl
prinsipidir.
İnteraktiv tapşırıqlar hazırlayarkən müasir
təlim üsullarından
- əqli hücüm,
Venn diaqramı, klaster, fərqli cədvəl və diaqram formalardan, "zaman xətti"
və s. geniş istifadə olunması məqsədəuyğundur.
Zaman xəttindən istifadəyə
nümunələr:
Venn diaqramından istifadəyə
nümunələr:
Bəzən çox acınacaqlı
hallara rast gəlinir: müəllim resursunda Venn diaqramı,
klaster və s. "qrafik organayzer" yardımçı vəsaitləri
- təlim üsullarının
bir növü
kimi deyil, sadəcə bir "yaraşıq" kimi, slayda dizayn vermək
üçün istifadə
edir.
Bu da ondan xəbər
verir ki, dünya pedaqogikasında artıq uzun zaman
istifadə edilən
təlim üsullarından
və onların istifadə qaydalarından müəllimin
heç xəbəri
belə yoxdur.
Məlumdur ki, tarix fənni
üzrə resurslarda xəritələrin yeri çox mühümdür. Dərs
resursunda yerləşdirilən
xəritənin (və
ümumiyyətlə hər
bir multimedia
materialının) keyfiyyəti
nəzərə alınmalıdır.
Dərsdə alınmış bilik,
bacarıq və vərdişlərin möhkəmləndirilməsi
üçün ən
geniş yayılmış
sərbəst iş forması - ev tapşırıqlarıdır. Onların daha çox
tədqiqat və yaradıcılıq elementləri
(müxtəlif yaradıcı
işlər, referatlar,
layihələr
və s.) ilə
zəngin olmasına diqqət yetirilməlidir. Məsələn, bu formada:
Təəssüf ki, bəzən
hazırlanmış tapşırıqlarda
bağışlanmaz kobud
elmi səhvlərə
yol verilir.
Fəndaxili və fənlərarası
inteqrasiya da formal qeyd olunmalarına rəğmən çox
vaxt dərsdə istifadə edilmir. Halbuki, bu mərhələdə
də müəllim yaradıcılıq
imkanlarını tətbiq
edərkən maraqlı
nümunələr nümayiş
etdirə bilər.
İnteraktiv resurslarda hazırlanmış
materiallarla yanaşı
müxtəlif mənbələrdən
əldə edilmiş
məlumat, görüntü
və s. də istifadə olunur. Lakin media və
internet resursları, digər əlavə materialların
istifadəsi əsaslandırılmış
və
dərsin məqsədinə
uyğun olmalıdır.
Əlavə materiallardan istifadə
zamanı müəlliflik
hüquqlarının qorunmasına
riayət edərək
istifadə olunan materiallar və istinad edilən mənbələr dərs
resursunun son slaydında
mütləq dəqiq
qeyd olunmalıdır.
Dərsliklərə gəlincə buradakı səhvlər müəllimlər üçün
bəzən ciddi problemlər
yaradır. Bir araşdırmanın
nəticəsini qeyd etmək istərdik. Tariximizdə baş
vermiş "Qızılqaya
xəyanəti"ndə iştirak
etmiş xanlıqlar dərslikdə düzgün
göstərilməmişdir. Belə
ki, IX sinif "Azərbaycan tarixi" dərsliklərində (2012-ci il
nəşri, §25, səh.
98, 2013-cü il nəşri, §25, səh.98) həmin
tarixi hadisənin
iştirakçıları sırasında
Xoy xanlığının
adına rast gəlinir.
Əslində bu tarixi hadisədə iştirakçı
olmayan Xoy xanlığının hansı
səbəbdən
dərslik mətninə
salınması bilinmir.
Başqa misal. VIII sinif "Azərbaycan tarixi" dərsliyində belə səhvə rast gəlirik.
Qaraqoyunlu
tayfa ittifaqının
yaranması mövzusunu
keçərkən artıq
mətndə
Qaraqoyunlu dövlətinin yaranmasının
qeyd olunduğuna rast gəlirik. (2012-ci il
nəşri, səh.
91, §25). 7-ci sinif "Azərbaycan tarixi" dərsliyində "Qaraqoyunlu
dövləti" mövzusunda
da kobud səhvə rast gəlirik: "Qaraqoyunlu dövlətini
paytaxt Van şəhəri
olmaqla Qara Məhəmməd" və
"Qaraqoyunlu dövlətini
paytaxt Təbriz olmaqla Qara Yusif
yaratmışdı" (2014-cü il nəşri, §20, səh.
100 və 102).
Təbii ki, dərs prosesində
şagird üçün
əsas istinad edilən mənbə dərslikdir. Bu
mənbədə bu cür uyğunsuzluq və ciddi elmi
səhvlər mövcud
olduğu halda
müəllim şagirdin
qarşısında aciz
qalır.
Belə
vəziyyətdə müəllim
öz elmliliyinə və peşəkarlıq
təcrübəsinə əsaslanaraq
vəziyyətdən çıxa
bilir. Lakin pedaqoji stajı az olan müəllim buna əhəmiyyət
vermədən dərslikdəki
səhvi təkrarlamış
olur.
Təhsil
portalında yerləşdirilən
dərs resursu kurikuluma uyğun olaraq
müəyyən dərs
mövzusunun üzərində
qurulmalı və onu tam əhatə etməlidir.
Mövzunun mənimsənilməsi və cavablandırılma
prosesi üçün
yığılmış
interaktiv resursun həcmi və hazırlanmış slaydların
sayı müəllimin
bölgü
saatına və dərsin vaxtına uyğun olmalıdır. Təbii ki, hər bir müəllim
dərs
zamanı öz istəyi və tələbinə görə
həmkarının hazırladığı
materialdan
yararlanaraq rəqəmsal
resursu tam və ya qismən istifadə edə bilər.
Müəllimlərin hazırladığı
resurslara mütəxəssislər
tərəfindən baxılır
və ehtiyac
varsa, onlara tövsiyələr verilir.
Artıq bu tövsiyələr nəticəsində
müəllim
tərəfindən işlənmiş
dərs saytda yerləşdirilir. Bəzən
(əslində çox
nadir
hallarda) müəllim hazırladığı dərsinə
rəy və tövsiyələr aldıqdan
sonra dərsin
üzərində işi davam etməkdən imtina edir və
bu təqdirdə dərs saytda
yerləşdirilmir.
Bu gün şagirdlərdən
məntiq, yaradıcı
fəaliyyət, sərbəst
düşüncə, mühakimə
yürütmək, müşahidə
aparmaq, başqalarının
fikrinə qarşı
öz rəyini bildirmək,
fikrini və ya mövqeyini aydın ifadə etmək və onu müdafiə etmək, qərar qəbul
etmək kimi bacarıqlar tələb olunur. Bu da cəmiyyətin
həyatında fəal
iştirak
edə bilən kamil vətəndaş yetişdirmək deməkdir.
"Şagirdə hazır
biliklər
vermək" anlayışı
qaldı keçmişdə,
XXI əsrdə daha çox şagirdlərdə
yüksək
səviyyəli düşünmə
qabiliyyətlərinin, təfəkkür
tərzinin informasiya əsrinin
tələblərinə uyğun
inkişaf etdirilməsinə
yönəltmək daha
üstündür. Yeni
texnologiyalar da bu məqsədlərə
çatmaq üçün
effektiv vasitə kimi mükəmməl
istifadə olunmalıdır.
Vətəndaş yetişdirmək
üçün bu günün müəllimi
müasir
tələblərə cavab verməlidir və bu istiqamətdə çalışmağı rəhbər
tutmalıdır.
P.S. Məqalədə
aşağıda adları
verilən müəllimlərin
hazırladığı resurslardan
istifadə olunub: Nuriyyə
İlyasova "Şəki
xanlığı"; Sevinc
Əliyeva "...Gülüstan
qalası, yoxsa Azərbaycan";
Leyla Bayramova "Azərbaycan - ən qədim
yaşayış məskəni"; Hamlet Əliyev "Ərəb xilafətinin yaranması və onun
tənəzzülü"; Elçin Atakişiyev
"İkinci Dünya
müharibəsi", Şəbnəm
İmamverdiyeva "İlk müstəqil
Azərbaycan xanlığı";
Ülviyyə İsmayılova
"Qədim
Misir"; Şirincan Məmmədova
"Finikiya"; İlhamə
Rəhimova "Tunc dövrü";
Təranə Bədəlova "Qirdimanskoe
qosudarstvo. Djavanşir";
Zümrüd
Həsənquliyeva "XV əsrdə Azərbaycanda
ictimai-iqtisadi həyat
və
mədəniyyət"; Elnarə Rüstəmova
"Azərbaycan xanlıqları";
Əzət Balayeva
"Səfəvilər
dövləti"; Leyla
Əhmədova "Quba
xanlığı"; Vüsalə
Şahmuradova
"Zaxvat azerbaydjanskix zemel"; Gülbəniz İbrahimova
"Yunan şəhər
-
dövlətlərinin tənəzzülü. Makedoniyalı İsgəndər";
Amənə Kərbəlayeva
-
"Qədim
Roma dövləti" (resurs
saytda yerləşdirilməyib).
Fəranə ƏLİYEVA,
Qərb Universiteti nəzdində
orta məktəbin
tarix fənn müəllimi,
edu.mimio.az
saytının tarix və coğrafiya fənləri üzrə eksperti
Ülviyyə ƏHMƏDOVA,
"Smart Technologies" şirkətinin direktoru
Azərbaycan müəllimi.-
2015.- 13 iyun.- S.11.