Ədəbiyyatın aktual
məsələlərinə
həsr olunmuş dərs
vəsaiti
İstedadlı filoloq alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Pərixanım Soltanqızının bu günlərdə yeni kitabı çapdan çıxıb. "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə çapdan buraxılmış kitab "Klassik və müasir ədəbiyyatın aktual məsələləri" adlanır. Təhsil Nazirliyinin müvafiq əmri ilə dərs vəsaiti kimi təsdiq olunmuş kitabda, adından da göründüyü kimi, klassik və müasir ədəbiyyatımızın bəzi aktual məsələləri tədqiq olunub.
Yusif Vəzir Çəmənzəminlinin hekayələrinin sirli məqamlarını araşdırmaqla ədəbiyyatşünaslıqda imzasını təsdiqlədən, duyğusal şeirləri, əxlaqi-tərbiyəvi hekayələri, kəskin publisistikası ilə tanınan Pərixanım Soltanqızı son illərdə türk xalqları ədəbiyyatının korifeylərinin yaradıcılığını, xüsusilə B.Vahabzadənin bədii irsini Azərbaycan ədəbi mühitinin işığında tədqiqata cəlb edir. Monoqrafiya, dərs proqramı, eləcə də onlarla elmi-publisistik məqalənin müəllifinin "Klassik və müasir ədəbiyyatın aktual məsələləri" adlı dərs vəsaitində Azərbaycan ədəbiyyatının müasir aktual məsələləri tarixi aspektdə təhlil süzgəcindən keçirilir. Daha dəqiq desək, klassiklərimizin və çağdaş yazarlarımızın əsərləri ümumtürk ədəbiyyatı kontekstində hərtərəfli təhlil edilir.
Azərbaycan ədəbiyyatı meydana gəldiyi vaxtdan bəşəri ideyaları özündə əks etdirmiş, zaman-zaman inkişaf etdikcə həmişə humanizmin, haqqın, ədalətin, düzlüyün və xeyirin mövqeyində dayanmış, qanunsuzluğun, yalanın və şərin yer üzündən silinməsini təbliğ etmişdir. Sözün qüdrətinə inanan müdrik xalqın mənəvi sərvətinin dünya mədəniyyəti içərisində mövqeyini düzgün müəyyənləşdirmək üçün qələm sahiblərinin əsərlərinin başqa ölkələrin yaradıcı insanlarının qoyduğu bədii irslə müqayisədə araşdırılması vacib məsələlərdən biridir. Bu mənada Pərixanım Soltanqızının yeni dərs vəsaitinin ayrı-ayrı fəsillərində elə problemlərə toxunulur ki, onlar vasitəsilə Azərbaycan türkünün mənəvi bütövlüyü, əxlaqi keyfiyyətləri, məişəti, yaşayış tərzi, tarixi dönəmlərdəki olaylara münasibəti barədə oxucuda aydın təsəvvür yaranır.
"Folklor düşüncəsi və klassik ədəbiyyat" adlanan birinci fəsildə əsasən poetik şifahi xalq yaradıcılığı ənənələrinin yazılı ədəbiyyata transformasiyası diqqətə çəkilir. İlk silsilədə möhtəşəm oğuz eposu "Kitabi-Dədə Qorqud"da və bədii ədəbiyyatda at obrazı"nda eposun klassik və müasir Azərbaycan ədəbiyyatının lirik-epik janrları ilə bağlılığı təhlil süzgəcindən keçirilir. Sonra "Dədə Qorqud" alman tədqiqatında" adlı monoqrafiya əsasında yazılı abidənin alman ədəbiyyatşünaslığında buraxdığı izlərdən danışılır. Burada həmçinin təriqət poeziyasının xalq qaynaqları (Yunus Əmrənin yaradıcılığına istinadən), Məhəmməd Füzuli yaradıcılığı, eləcə də şairin qəzəlləri əsasında gözəlin hüsnü müqabilində aşiqin eşqi, yaşadığı kədər maraqlı təhlillərlə diqqətə çatdırılır.
"Türk xalqları ədəbiyyatı" adlanan ikinci fəsildə ədəbi əlaqələr probleminə güzgü tutulur. Müəllif Azərbaycan-Qazax ədəbiyyatı əlaqələrindən danışanda oxşar süjet və motivləri ön plana çəkir. Epik poeziyada hökmdar və xalq probleminə Abayın "İsgəndər" poeması, hiyləgərlik motivinin bədii ədəbiyyatda əksinə isə Abayın "Əzim haqqında nağıl"ı əsasında aydınlıq gətirir.
Dərs vəsaitində araşdırılan məsələlərdən biri də Xıdır (Xızır) obrazının xalq yaradıcılığında və bədii ədəbiyyatda işlənmə məqamlarıdır.
Dərs vəsaitinin üçüncü fəsli 20-ci əsr Azərbaycan realist hekayəsinə həsr olunur. Burada tədqiqatçı yeni tipli Azərbaycan hekayələrinin yaradıcısı, görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin kiçikhəcmli bədii əsərləri əsasında mühit və şəxsiyyət probleminə, tarixilik məsələsinə toxunur. "Şaqqulunun xeyir işi" hekayəsində ailə-məişət məsələlərini, ədibin digər hekayələrində isə cəhalət və mənəvi geriliyin tənqidinə mühit və bədii məkan prizmasından yanaşıldığını üzə çıxarır.
Müasir türk poeziyasının böyük ustadı Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunan IV bölmədə ("Müasir ədəbiyyatın aktual problemləri") milliliyin bədii təcəssümü məsələsi ön plana çəkilir. Bu mənada dərs vəsaitində "Atılmışlar"da milli-əxlaq məsələlərindən, "Gülüstan", "Şəhidlər" poemalarında gerçəkliyin bədii inikasından, həmçinin İsmayıl Şıxlının "Dəli Kür" romanının məşhur obrazı Cahandar ağanın xarakterik xüsusiyyətlərindən, romana həsr olunan monoqrafiyanın məziyyətlərindən danışılır. Tədqiqatçının yaradıcılıq diapazonu o qədər genişdir ki, araşdırılan problemlərin də mündəricəsi və məzmunu müxtəlifdir. Onun "Uşaq folklorunun janr sistemi və poetikası" kitabına yeni müstəvidə yanaşması obyektivliyi ilə diqqəti cəlb edir.
Konstantin Simonovun "Gözlə məni" şeirinin təhlili və tərcüməsi ilə tamamlanan dərs vəsaitinin bu son akkordunu rəmzi anlamda götürsək, oxucuların müəllifdən daha sanballı əsərlər gözləməyə haqqının çatdığı qənaətindəyik.
Sonda onu da diqqətə çatdıraq ki, dərs vəsaiti ali məktəblərin filologiya fakültəsində təhsil alan bakalavrlar, magistrlər, doktorantlar üçün nəzərdə tutulsa da ondan ədəbiyyatşünaslar, eləcə də ədəbiyyat müəllimləri də faydalana bilərlər.
Ramazan QAFARLI,
filologiya üzrə elmlər
doktoru, professor
Yusif ƏLİYEV,
əməkdar jurnalist
Azərbaycan müəllimi.- 2015.-
13 iyun.- S.14.